Sərvaz Hüseynoğlu: “Matəmin ertəsi günü televiziya kanalı Manaf Ağayevin ad gününü yayımlayır”.

0

Baxmayaraq ki, sonu ayrılıq, hicran, ölüm-itim, nisgillə bitən filmlərin, cild-cild kitablardan oxuduqlarımın həm də bir yaradıcılıq işi, nağıl olduğunun fərqindəyəm, ancaq ömrün bu çağında da bütün yaranmışların iztirabdan qurtulduğu anları əks etdirən səhnələri izlədikcə nə qədər özümü zorlasam da belə, göz yaşlarımı tuta bilmirəm. Ağlayıram. Hər hansı bir məmləkətin, xalqın, ya elə adi bir dovşan balasının azadlıq duyğusunun qalib gəldiyini görüb-izlədikcə də elə… Tuta bilmirəm göz yaşlarımı. Belə məqamlarda doğmalarımın nədən kövrəldiyimi bilib-duymamaları üçün gözlərimi gizlədə bilmək cəhdimin əlində qalan əsirliyim təsvirə, bəyana gəlməz…

Olaydan olaya, yaşamdan yaşama təkrarlanan haldı bu… Deyim ki, 20 Yanvarın olmuşlarını yenidən göz önünə gətirincə, xatırladıqca xalqımla birgə o məşum gecənin acılarını yenidən yaşayıram. Xalqın azadlıq duyğusunun haracan olmasını qürurla bəlləyən bir tarix səhifəsidi. Ancaq yenə də, hər nə olur-olsun, göz yaşım izləyir bu kadrları. Qəlbimin qan ağladığını görürəm. Nəmli gözlərimi gizlətməmək istəyirəm doğmalarımdan. Oğrun-oğrun ağlayıram…

Matəmin ertəsi gün, lap o başdan televiziya kanalı Manaf Ağayevin ad gününü yayımlayır. Matəmin lap ertəsi günü alqırmızı geyimli Mikayıl sazəndələr dəstəsini rəqsə dəvət edir. Aşıq Telli ədalarını geyim-keciminə qaynaq edir, Tacir ötüb-keçən şöhrətinin kölgəsində oynayır. Adlarını bilmədiklərim nə çox… Tellinin, Tacirin oyunu özgə… Mikayılın «Gəlin ey, gəlin» çağırışı sümüyünə düşür hər kəsin. Yanlış gördüyümə inandırmaq istəyirəm özümü. Lap uşaqcasına… özümü inandırmaq istəyirəm ki, yer haqqı, göy haqqı, lap elə o məşum gecənin əbədi ağrısı Manaf Ağayevin, Tellinin, Mikayılın çal-çağırını efirə verən əmi 20 Yanvar gecəsində yerinə qor dolubmuş kimi səhərəcən yuxusuz qaldığından, yata bilmədiyindən, kiprikləri nəmli olduğundan səhər o başdan, ala-qaranlıqda lentləri dəyişik salıb, hansı kadrların düyməsini basdığının fərqində olmayıb. Üzgün, çox üzgün olduğu səbəbdən bilmədən Manafın ad gününün düyməsini basıb. Lentfırlayanın o çaşqın, üzgün, şaşqın halı kövrəldir məni. Yenə də göz yaşlarımı tuta bilmirəm. Onun bu pərişan halı ağladır məni. Toparlanıb kanalı dəyişirəm. Efirdə möhtəşəm bir izdiham… Minlər, milyonlar dərin bir sayğıyla öz şəhid övladlarını yad etməkdədi… Qəbir daşlarından vüqarlı baxışlar «Vətən sağ olsun» təsəllisi verməyindədi; həmişə olduğu kimi… göz yaşlarımı tuta bilmirəm!

Millixəbər.az

 

 

 

 

 

 

 

 

 

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

eight + eight =