Sevgi, həsrət və gözəllik bir də MÜƏLLİM…

0

                     

Taleh Cavadlı 1995-ci ilin iyul ayında  İmişli rayonunun Xəlfəli kəndində təvəllüdlənib. Uşaqlıq illəri kənd həyatının romantik dünyasında boy atıb. Yaşadığı ərazidən sehrlənərək keçən Kür-Araz çayları, Mil-Muğan   qovşağının ecazkar gözəllikləri, Aranın bioloji mənzərəsi qəlbinə, ruhuna, peşəseçiminə hakim olub.  İçində boy atan ədəbi dünya Sumqayıt Dövlət Universtetinin biologiya  fakultəsində (2009-2012) tələbəlik illərində misra-misra ucalıb. Vətən sevgisi, Qarabağ həsrəti, təbiət gözəllikləri, ilahi məhəbbət, dağ-aran yollarının şirinliyi bu ucalıqda öz əksini tapıb…

Taleh Cavadlı İmişli rayonunun Əliqulular kənd tam orta məktəbində biologiya müəllimidir. Pedaqoji ictimaiyyət onu yaxşı müəllim kimi, ədəbi mühüt isə istedadlı şair kimi tanıyır. Hər misrasında sevgi, həsrət, gözəllik və ilahi məhəbbət tərənnüm olunan şairin bir neçə şerini sizə təqdim edirik.

 

 Yollar

Bəzən istəyirəm getdiyim yollar

Uzansın,uzansın

Sonu olmasın.

Məni hərdən

Düşüncələrdən

O ayırmasın..

Gedirəm elə şirin xəyalla

Gəzirəm dərin fikirli halla

Unuduram özümü

Bəzən olur sözümü

Pıçıldaram dilimdə

Özümdən xəbərsiz.

Baxıram adamlara

Gedən də var,gələn də var

Danışan da,gülən də var.

Həm əl-ələ tutan da var

Görəsən mənim kimi

Özünü unudan da var?

Düşünürəm…Düşüncəmlə

Yaşayıram

Özümlə min bir istək

Daşıyıram.

Ancaq bir qorxu qalxır

Öz içimdə

Sanki çatıb dayanmışam

Öz küçəmdə

Yollar bitib,sona çatıb

Beyin yatıb,ürək yatıb

Qorxuram,hətta belə düşünürəm

Göydə Günəş,hava isti,üşünürəm

Düşündükcə, öz-özümlə

Danışıram,mən dinirəm

Tək Günəşlə deyil ki,mən

Düşüncəmlə isinirəm.

 

Nə olar insaf edin

Yollar

Biraz uzanıb gedin

Yollar.

Çatdırmayın məni mənzil başına

Qorxuram ki,xəyallarım daşına

Yaşanmaqdan,yaşanmaqdan

Mənimlə bir daşınmaqdan

Gələcəyə

Qorxuram.

Mən bir anlıq

Durxuram.

Öz-özümlə dalaşıram

Düşüncəmi dolaşıram

Bu dünya mənə evə çatmağa

Bir uzanan yol verib

Hər yol özündən sonra

Neçə qanad,qol verib.

Axı hər yol doğma deyil

Elə yol var sanki mənə

Öz içimə sığma deyir.

Uzaqlaşıram,uzaqlaşıram

Öz bildiyim,dolaşdığım

Yollarıma

Düşünməkçün yaraşdığım

Yollarıma.

Heç vaxt məndən inciməyən

Yollarıma

Söyüd əyən,incil əyən

Yollarıma…

 

Yoxa çıxır düşüncəmlə

Olan davam

Hələ yolum qurtarmayıb

Edir davam.

Öz yollarım,öz yollarım

Sizdə başlar söz yollarım

Hələ tezdir mənzil üçün

Tələsməyin

Düşüncəmi yarı yolda

Siz kəsməyin

Yollar,yollar,yollar…

Özünüzlə gələcəyə aparın məni

Bacarsanız bu dünyadan qoparın məni

Yollar,yollar,yollar…

Qadın

                                                 Min qadının ürəyini

Bu dünyada qırmaq asan

Bir qadının ürəyində

Yaşanmağı bacarasan.

Güldürəsən çöhrəsini

Gözlərinə qəm qonanda

Əridəsən ürəyində

Fikirləri buz donanda.

Qadın gərək bu həyatda

Qayğı görə,diqqət görə

Elə etmə bir otaqda

Gizlin-gizlin köks ötürə

Qadın güldür ehmal ol ki,

Ləçəkləri tökülməsin

Qapısını asta bağla

Qoy qəlb evi sökülməsin.

Qadın ki var bu həyatda

Sadiq bilə bir kişini

Ev-eşikdə elə görər

Sevə-sevə hər işini

Yaxşı demiş Hüseyn Cavid

“Qadın gülsə şu işsız

Mühitimiz güləcək

Sürüklənən bəşəriyyət

Qadınla yüksələcək”.

Qadın evin bərəkəti

Qadın evin işığıdır

Gözəlliyi,bər-bəzəyi

O bir yaraşığıdır.

Bilsin bunu dünya aləm

Sözüm bütün cahanadır

Qadınları incitməyin

O cəfakeş bir anadır.

 

 Yaman düşündürür suallar məni

Bilmirəm nə üçün bağlandım sənə,

Qəlbimdə sevginlə yaşadım necə?

Özüm ağırlıqda dərd verdin mənə,

Dərdimlə boğuldum hər ötən gecə.

 

Gecələr rahatlıq tapmadım inan,

Onda xəyalınla üz-üzə qaldım.

Mən oldum həsrətdən alışan,yanan,

Səadət  eşqiylə xəyala daldım.

 

Qorxurdum qəlbimin döyüntüləri,

Bir gün axırıma çıxacaq mənim.

Sevgimi məhv edən üzüntüləri,

Deyirdim ümidim yıxacaq mənim.

 

Ancaq ümidim də yıxa bilmədi,

Sənli xatirələr qaldı önümdə.

Ömrümdən adını qəlbim silmədi,

Ömrüm yaşanırdı ötən günümdə.

 

Sənsiz darıxırdım,hər gecə yaman,

Bir tək isidərdi  xəyallar məni.

Niyə unutmadım səni heç zaman ?

Yaman düşündürür suallar məni?..

 Nə vaxtki səninlə göz-gözə gəldim

Yox oldu qəlbimdən qüssə,kədər,qəm

Nə vaxtki səninlə göz-gözə gəldim

Zülmət gecələrim gündüzə döndü

Nə vaxtki səninlə göz-gözə gəldim

 

Ömrüm xoşbətliyi qucmaq istədi

Tənhalıq əlindən qaçmaq istədi

Qəlbim qanadlanıb uçmaq istədi

Nə vaxtki səninlə göz-gözə gəldim

Gözlərim narahat gəzdi, dolaşdı

Səni gördüyündə çox rahatlaşdı

Hisslərim dalğatək kükrədi,daşdı

Nə vaxtki səninlə göz-gözə gəldim

Eşqim Günəş kimi şəfəqlər saçdı

Önündən buludlar yox oldu,qaçdı

Ruhum cavanlaşdı,gül-çiçək açdı

Nə vaxtki səninlə göz-gözə gəldim

 

Ömür təzələndi,gün təzələndi

Qəlbimə məhəbbət nuru ələndi

Gözündən gözümə eşq səpələndi

Nə vaxtki səninlə göz-gözə gəldim..

 Səxavət Tağlar

AYB-nin Aran bölməsi üzrə məsul katib, yazıçı

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

3 × three =