Sevinc Fətəliyeva:”Heydər Əliyevin nəzəri irsi Azərbaycan dövlətçiliyinin yaranması, qorunması və inkişaf etdirilməsinin əsasıdır”

0
Ulu öndərin müəyyən etdiyi xarici siyasət hər şeydən əvvəl dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu surətdə faydalı əlaqələr qurmaq və inkişaf etdirmək məqsədini daşıyırdı, Azərbaycan Prezidenti cənab İlham Əliyev Ulu öndərin siyasi-ideoloji kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin etməklə, Heydər Əliyevin ideyalarını yaşadır, inkişaf etdirir bu fikirləri İctimai-siyasi xadim, Azərbaycan Respublikası Milli Məclisinin IV və V çağırış deputatı, Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədr müavini və Yeni Azərbaycan Partiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Azərbaycan Respublikası Milli Məclisində Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri Sevinc Fətəliyeva
Millixəbər.az sayıtının Ulu Öndər Heydər Əliyevin 96-ci ildönümü ilə bağlı “Heydər Əliyev qəlbimizdə, yaddaşımızda”mövzusunda etdiyi müsahibədə deyib.
– Ulu Öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin Beynəlxalq müstəvidə inkişaf etməsinin xalqımız üçün nə kimi əhəmiyyəti olmuşdur? 
Heydər Əliyev XX yüzilliyin son dərəcə mürəkkəb və ziddiyyətli tarixi şəraitində fəaliyyət göstərmiş dahi şəxsiyyətdir. Azərbaycan tarixinin yarım əsrdən çox bir dövrü Heydər Əliyev şəxsiyyəti ilə, onun mübarizə yolu ilə, böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Heydər Əliyev müasir dövlətçiliyimizin banisi və qurucusu, böyük öndəri kimi yüksək bir zirvəyə ucalmışdır. Onun təkcə Vətən və xalq qarşısında deyil, həm də bəşəriyyət qarşısında xidmətləri unudulmazdır. Ulu öndərimizin xatirəsinin təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində dərin ehtiramla yad edilməsi bunun sübutudur. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev Öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin siyasi kursu nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamış və ölkəmizi dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevirmişdir. Ulu öndərin siyasi kimliyi xalqımızın uzun minillikləri əhatə edən dövlətçilik tarixində iz qoymuş görkəmli şəxsiyyətlərin ən müsbət cəhətlərinin ümumiləşmiş obrazıdır. O, Azərbaycanın müasir tarixini əhatə edən, zaman baxımından bir qərinəlik, mahiyyətcə isə əhəmiyyəti əsrlərlə ölçülən mərhələsində həm dünya şöhrətli uzaqgörən siyasi və dövlət xadimi, həm mahir strateq və yenilməz sərkərdə, həm iqtisadi-mədəni intibahın memarı və milli-mənəvi mədəniyyətin böyük hamisi, həm yorulmaz vətənpərvər və polad əqidəli vətəndaş, həm də görkəmli mütəfəkkir və milli ziyalılığın öndəri kimi titanik fəaliyyət göstərmişdir. Ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə ölkədə hakimiyyətə qayıdışından sonra Azərbaycanın hüquqi-siyasi və sosial-iqtisadi inkişafı, vətəndaş cəmiyyəti quruculuğu, cəmiyyət həyatının müxtəlif sahələrinin tərəqqisi istiqamətində aparılan islahatlar, bu islahatlar nəticəsində yalnız ölkəmizdə deyil, hətta regionumuzda baş verən dəyişikliklər, mütərəqqi yeniliklər ən yaxın tariximizin siyasi reallığıdır. Müstəqil dövlət quruculuğundan danışarkən ölkənin xarici siyasət kursuna nəzər salmamaq mümkün deyildir. Heydər Əliyev mürəkkəb qlobal və regional vəziyyətin mövcudluğu, ölkə daxilində destruktiv qüvvələrin fəallaşdığı bir şəraitdə əsaslandırılmış xarici siyasət kursu müəyyənləşdirdi. Bu, Azərbaycan dövlətçiliyi üçün tarixi töhfə idi. Ulu öndər ölkənin xarici siyasətinin bütün əsas istiqamətlərini müəyyənləşdirdi. Həmin istiqamətlər üzrə siyasi-diplomatik fəaliyyətin məzmun və məqsədini dəqiqləşdirdi. Onun konkret tövsiyyələri və tapşırıqları əsasında xarici siyasətdə bir-birinin ardınca uğurlar əldə edildi. Ulu öndərin müəyyən etdiyi xarici siyasət hər şeydən əvvəl dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu surətdə faydalı əlaqələr qurmaq və inkişaf etdirmək məqsədini daşıyırdı.
Ümummilli lider son dərəcə təcrübəli dövlət başçısı və yetkin siyasi xadim kimi bu çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə və böyük ustalıqla gəlmək bacarığı nümayiş etdirdi. Ölkəmizin sistemli şəkildə dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli və çoxtərəfli siyasi münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edirdi. Heydər Əliyevin siyasi-diplomatik peşəkarlığı ilə böyük rəhbər və insan kimi güclü iradəsi həlledici rol oynadı. Ölkə beynəlxalq aləmdən suverenliyinə və müstəqilliyinə təminat ala bildi, iki istiqamətdə strateji dividend əldə etdi. Tarixin axarını dəyişən ideya və prinsiplərin daşıyıcısı olan Heydər Əliyevin milli mənafelərin təmininə hesablanmış məqsədyönlü siyasəti coğrafi baxımdan kiçik Azərbaycanın dünyanın siyasi xəritəsində ən güclü dövlətlərlə müqayisəsinə şərait yaratdı.
– Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan diplomatiyası tarixində gördüyü işlər xalqımız üçün hansı prespektivlərə yol açıb? 
Ulu öndər deyirdi: “Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın dövlət müstəqilliyi tarixi hadisədir, Azərbaycan xalqının tarixi nailiyyətidir. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim borcumuz dövlət müstəqilliyini, əldə etdiyimiz milli azadlığı daim qoruyub saxlamaqdır. Bizim borcumuz bu müstəqilliyi möhkəmləndirməkdən və gələcək nəsillərə müstəqil, qüdrətli Azərbaycan dövləti çatdırmaqdan ibarətdir”. Demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra üzləşdiyi sosial iqtisadi və siyasi problemlərin müvəffəqiyyətlə həll olunması ölkəmizin beynəlxalq aləmdəki mövqeyi və ayrı-ayrı ölkələrlə milli dövlət maraqlarına cavab verən qarşılıqlı faydalı əlaqələri və dünya birliyinə inteqrasiyası prosesinin intensivliyi ilə sıx bağlı idi. Bu mənada Azərbaycanın beynəlxalq münasibətlər sistemində layiqli yer tutması üçün dünya siyasətinin formalaşmasında aparıcı rol oynayan dövlətlərlə və beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərin tənzimlənməsi və inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edirdi. Məhz buna görə də dünya birliyinə bərabərhüquqlu üzv kimi daxil olmağa çalışan və müstəqilliyinin ilk addımlarını atan, eləcə də Ermənistanın hərbi təcavüzü nəticəsində ərazi bütövlüyü pozulmuş Azərbaycan Respublikasının xarici siyasətində dünya birliyinə inteqrasiyası, ikitərəfli və çoxtərəfli münasibətlər, o cümlədən beynəlxalq və regional təşkilatlarla əlaqələrin yaradılması və inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin fəaliyyətinin başlıca istiqamətlərindən birini təşkil etmişdir. Bu baxımdan Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verdi. “Əsrin müqaviləsi” və sonrakı illərdə imzalanmış çoxsaylı neft müqavilələri Azərbaycanın dünya birliyinə inteqrasiyasını sürətləndirdi. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafeyini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən, bütün siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında atəşkəs əldə edildi. Atəşkəsin əhəmiyyəti onda idi ki, məhz bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan beynəlxalq müqavilələr, razılaşmalar və s. əldə edildi. Ölkə daxilində yaranmış nisbi sabitlikdən, həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı – Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilmişdir. Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir.Azərbaycanın inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir. İlk növbədə siyasi sahədə qazanılan nailiyyətlər Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər dünyanın diqqətini respublikamıza yönəldə bilib. Bunun ən böyük təsdiqi 2011-ci ildə Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi olub. Bu, onun göstəricisidir ki, Azərbaycan dünya miqyasında böyük hörmətə malik dövlətdir. Ölkəmiz beynəlxalq birliyin müstəqil üzvü kimi öz mənafelərini qarşılıqlı hörmət prinsipi çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, öz gücünə inamını, eləcə də ölkəmizə olan etimadı artırır. Onu da əlavə edək ki, Azərbaycan təkcə siyasi, iqtisadi məsələlərdə deyil, humanitar, mədəni sahələrdə də yeni qlobal mərkəz rolunu oynayır. Aparılmış fəal siyasət sayəsində ölkəmizin dünya dövlətləri ilə əlaqələri gündən-günə genişlənməkdədir. Azərbaycanın xarici ölkələrdə və beynəlxalq təşkilatlar yanında 80-dən artıq diplomatik nümayəndəliyi öz fəaliyyətini uğurla davam etdirir və bu da ölkəmizin beynəlxalq nüfuzunun artmasına əlverişli şərait yaradır. Regionun lider dövləti olan Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarla hərtərəfli münasibətlərin inkişaf etdirilməsinə də xüsusi önəm verir. 28 il ərzində müstəqil Azərbaycan özünün prinsiplərinə əsaslanaraq, qonşu dövlətlərlə dostluq münasibətlərini qoruyur. 2018-ci il aprelin 5-də Qoşulmama Hərəkatının nazirlər konfransındakı çıxışında Prezident İlham Əliyev qeyd etdi ki, ölkələr, iştirakçı təşkilatlar, eyni – oxşar çağırışlarla və problemlərlə üzləşərlərsə, o vaxt onların gücü birgə məsuliyyət daşımalarından asılı olacaq. Biz bu hərəkatın üzvü olaraq öz ölkəmizdə sərbəst, müstəqil həyat sürmək istəyirik, kənardan bizə yol göstərənlərlə yaşamaq istəmirik. 2019-2022-ci illərdə Azərbaycan 120 ölkəni öz ətrafında birləşdirən bu təşkilata sədrlik edəcəkdir. Bir sıra ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə Bakı şəhərində Qoşulmama Hərəkatının Zirvə Görüşü keçiriləcəkdir. Bu, Azərbaycanın növbəti diplomatik uğuru kimi qiymətləndirilməlidir. Demokratik cəmiyyət quruculuğu, dünya birliyinə inteqrasiya sahəsində ciddi nailiyyətlərə imza atan Azərbaycan dünya ölkələri ilə münasibətlərini suverenliyə və ərazi bütövlüyünə hörmət, sərhədlərin toxunulmazlığı və daxili işlərə qarışmamaq kimi beynəlxalq norma və prinsiplər əsasında qurmaqla beynəlxalq birliyin etimadını qazanıb. Azərbaycanın dünyadakı nüfuzu, bir çox beynəlxalq layihələrin reallaşması bu münasibətlərin daha da dərinləşməsinə səbəb olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan balanslaşdırılmış siyasət həyata keçirir və ölkənin Xəzər hövzəsi və Cənubi Qafqaz regionunda mənafeyini müdafiə etməklə yanaşı, ən önəmli mövqeyə malik olmasına nail olur, eyni zamanda, xarici siyasətə əməl etməklə mövqeyini təsdiqləyir və Azərbaycan xalqının təhlükəsiz və xoşbəxt gələcəyini təmin edir.
Ulu öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda Onun layiqli davamçısı – Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilmişdir. Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davamını aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və Prezidentin ətrafında daha da sıx birləşməklə, Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri sırasında layiqli yerini tutmasına nail olmağı Ulu öndərin ruhu qarşısında mənəvi borcu sayır. Azərbaycan Prezidenti cənab İlham Əliyev Ulu öndərin siyasi-ideoloji kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin etməklə, Heydər Əliyevin ideyalarını yaşadır, inkişaf etdirir, ölkəmizi aydın sabahlara aparır.
– Heydər Əliyev siyasi məktəbindən bəhrələnmək üçün gənclərimizin nəyi bilmələri önəmlidir?
Ulu öndərin mənalı və şərəfli ömür yolunun hər bir parlaq səhifəsi xalqımızın yaxın tarixi keçmişi ilə ayrılmaz vəhdət təşkil edir. Azərbaycanın son 40 ilə yaxın tarixinin elə bir mərhələsi yoxdur ki, orada bu fenomenal şəxsiyyətin nəhəng işləri olmasın. Heydər Əliyevin nəzəri irsi Azərbaycan dövlətçiliyinin yaranması, qorunması və inkişaf etdirilməsinin əsasıdır. Bu əsərlər siyasi tarixi, azərbaycançılıq, vətəndaşlıq, dövlət quruculuğu, vətən sevgisi, vətənə məhəbbət dərsliyidir. Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində Vətənə, xalqa, torpağa sonsuz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli ideallara bağlı olmuşdur. Bu dahi şəxsiyyət zəngin və mənalı həyatı boyu daim xalqını, Vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən, çətinliklərdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmiş, təbiətin bəxş etdiyi fitri keyfiyyətləri sayəsində tarixi hadisələrin inkişaf məcrasını qabaqcadan müəyyən edə bilmişdir. Gənclik bu məktəbdən önək götürməli, Vətəni sevməyi böyük şəxsiyyətdən öyrənməli, bu siyasi məktəbdən bəhrələnməlidir. Tariximizi mükəmməl bilməli, müstəqilliyimiz yolunda üzləşdiyimiz çətinliklərdən dərs çıxarmalı, onlara ərmağan olan güclü Azərbaycanı, daha da inkişaf etdirmək üçün yaxşı təhsil almalıdırlar.  Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərmiş, onların bir fərd kimi yetişməsinə xüsusi önəm vermişdir.  Ulu öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür. Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir cox fərman və sərəncamlar imzalayan ulu öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm vermişdir. ”Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik”. Ümumilli liderin gənclərə xitabən söylədiyi  bu sözlər hər bir gəncin  həyat amalına dönüşdürməli, bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, vətənin inkişafı üçün səylə çalışmalıdırlar.
Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş gənclər siyasəti bu gün uğurla davam etdirilir. Gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi gənclər üçün yaradılmış şəraitin bariz nümunəsidir. İndi əsas vəzifə gənclərin bu imkanlardan layiqincə yararlanıb, həm öz inkişafını təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmaq üçün ciddi iradə ilə çalışmalıdır. Hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir. Ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutmalı, Azərbaycan gəncliyinin lideri olan möhtərəm prezidentimiz İlham Əliyevin  rəhbərliyi  altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmalıdır.
Zamin Zeynal,
Nicat Abbas

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

16 − one =