Sevinc Fətəliyeva: Prezident İlham Əliyev Paşinyana tarix dərsi keçdi

0

“Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrin keçirilməsi münaqişə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın prinsipial mövqeyini, eləcə də, tarixi faktlar və reallıqları qətiyyətlə bəyan etdi”.

Millixəbər.az xəbər verir ki, bu fikirləri YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, panel müzakirələrində Prezident İlham Əliyev Paşinyana tarix dərsi keçdi. Onun sözlərinə görə, dövlətimizin başçısı Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etdiyini, işğal olunmuş torpaqlarda mülki azərbaycanlılara qarşı etnik təmizləmə apardığını, o cümlədən Xocalı soyqırımını törətdiyini, ermənilərin onların işğal altındakı torpaqlarda mədəni irsimizi məhv etdiklərini, Dağlıq Qarabağda Ermənistanın heç bir tarixi irsi olmadığını bir daha səsləndirdi.

“Münaqişənin tənzimlənməsinin beynəlxalq hüquqi aspektlərinə toxunan Prezident İlham Əliyev vurğuladı ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələrin tələbləri hələ də yerinə yetirilməyib. Ona görə də sülh danışıqları nəticəsində əldə ediləcək istənilən həll yolu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün saxlanılmasını təmin etməlidir”-deyən, S.Fətəliyevanın sözlərinə görə, Azərbaycanın xarici siyasət kursunun ən mühüm strateji prioriteti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllidir.

O deyib ki, Azərbaycanın qəti və birmənalı mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında öz həllini tapmalıdır. Çünki Dağlıq Qarabağ həm tarixi, həm də məhz hüquqi baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Nəticə etibarilə, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Ermənistanın məqsədli şəkildə ərazi bütövlüyünün toxunulmazlığı məsələsini gözardı edərək “xalqların öz müqəddəratını təyin etməsi” prinsipini irəli sürməsi isə manipulyasiyadan başqa bir şey deyil.

“Prezident İlham Əliyevin  qeyd etdiyi kimi, erməni xalqı öz müqəddəratını artıq təyin edib. N.Paşinyan isə Prezident İlham Əliyev tərəfindən səsləndirilən tarixi həqiqətlər və təqdim edilən faktlar qarşısında aciz durumda qaldı. Prezident İlham Əliyevin Dağlıq Qarabağın Azərbaycana məxsus olması və münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna biləcəyinə dair təqdim etdiyi hüquqi bazanın qarşısında Paşinyan tutarlı heç bir arqument nümayiş etdirə bilmədi, o, hüquqi cəhətdən əsaslandırılmış fakt ortaya qoymadı. Beləliklə, Dağlıq Qarabağın hüquqi cəhətdən Azərbaycana məxsus olması reallığı bütün dünyaya bir daha nümayiş etdirildi. Ermənistanın baş nazirinin növbəti uğursuz cəhdi BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin mahiyyətini təhrif etməyə çalışmaq oldu. Amma bu cür səylər, şübhəsiz ki, iflasa məhkumdur və əsassız iddialardan ibarət olduğu üçün heç bir nəticə verə bilməz. Digər tərəfdən, beynəlxalq birlik Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Paşinyan dəfələrlə özü özünü təkzib etdi, bir tərəfdən Dağlıq Qarabağın münaqişə tərəfi olduğunu, özünün silahlı qüvvələrə malik olduğunu deyən Ermənistanın baş naziri digər tərəfdən də öz oğlu da daxil olmaqla Ermənistan vətəndaşlarının Dağlıq Qarabağda hərbi xidmət keçdiyini etiraf etdi. Nəticə etibarilə, Prezident İlham Əliyev Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu həm tarixi, həm beynəlxalq hüquq, həm də beynəlxalq birliyin mövqeyi kontekstində dünya ictimaiyyətinə çatdırdı, Ermənistanın baş naziri bu reallığa qarşı heç bir əks-arqument ortaya qoya bilmədi. Bir sözlə, Prezident İlham Əliyev faktlarla, məntiqlə Paşinyanın bütün iddialarını darmadağın etdi”-deyə, S.Fətəliyeva vurğulayıb.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

4 + 9 =