
Vətənə seyirci münasibət, onun gözəlliklərindən, sərvətindən passiv surətdə zövq almaq, doğma torpağını sevmək, onun yolunda qurban olmaq istəyini ancaq sözlə ifadə etmək vətənpərvərlik hissinə yaddır.
İnsanlarda vətənpərvərlik hissi Vətənə məhəbbətdən, onu daxili və xarici düşmənlərdən qorumaqdan başlayır.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin fikrincə, vətənpərvər olmaq üçün üç şərt vacibdir: «Birincisi budur ki, vətənpərəst olmaq istəyən şəxs gərək öz vətəninin tarixini, ədəbiyyatını, coğrafiyasını yaxşıca bilsin, ikincisi budur ki, gərək o şəxsin bir peşəsi olsun ki, əməlləri ilə vətənə bir xeyir verə bilsin, üçüncüsü budur ki, gərək vətənini xeyir-şərindən vacib hesab etsin, özünü vətənə fəda etməkdən qorxmasın. O şəxsiyyətdə ki, bu üç şərt yoxdur, onda Vətən barəsində danışmağa dəyməz».
Bəşər tarixində ümumi xalqın bir arzusu olub: Azadlıq arzusu. Xalq üçün azadlıqdan şirin, azadlıqdan müqəddəs başqa bir arzu olmayıb. Xüsusilə də, bütöv bir xalqın, millətin azadlıq arzusu… Elə bir arzu ki, bu, əsrlərin ülvi həsrətindən doğmuş ola…
Əsrlər boyu özünün dövlətçiliyi, müstəqilliyi olan xalqımızın son iki əsrdə iki arzusu olmuşdur. Bu arzulardan biri müstəqil dövlətçilik, digəri isə müstəmləkəçilər tərəfindən iki yerə parçalanmış vətənimizin birləşdirilməsi olmuşdur.
XX əsrdə tale iki dəfə xalqımıza öz müstəqilliyini bərpa etmək imkanı vermişdir. XX əsr müstəmləkə əsarətinin əsasını dadmış digər xalqlar kimi, Azərbaycan xalqının da azadlıq arzusunun çin olduğu, çiçək açdığı bir dövrə təsadüf edir. XX əsr məhz Azərbaycanın milli dövlətçiliyinin yenidən bərpa olunması dövrü kimi tarixin yaddaşında qalacaqdır. Çünki XX əsrdə xalqımız iki dəfə öz dövlətçiliyini bərpa etməyə və qurmağa nail olmuşdur. Birinci dəfə əsrin birinci rübündə «xalqlar həbsxanası» olan çar Rusiyasının bir əsrlik zülmündən azad olmuş və 1918-1920-ci illərdə öz dövlətçiliyini bərpa etmiş, Azərbaycan Demokratik Respublikasını yaratmışdır. Bu respublika, az bir müddətdə bir sıra beynəlxalq təşkilatlar və dövlətlər tərəfindən tanındı. Müstəqil daxili və xarici siyasət yeridən Azərbaycan Demokratik Respublikası istər siyasi, iqtisadi və istərsə də mədəniyyət sahəsində böyük işlər görməyə nail olmuşdur. Lakin xalqımızın bu azad və müstəqil həyatı uzun sürmədi.
Oxucuların nəzərinə çatdırmaq istərdim ki, həmin dövrdə (1918-1920-ci illər ərzində) Abbasqulu bəyin başçılığı altında döyüşən taborun mübarizəsi erməni inqilabçıları və gizli şəraitdə işləyən bolşeviklər tərəfindən müdafiə olunurdu. Lakin Vedinin müdafiəsi güclənən hücumlara davam gətirə bilməyib, 1920-ci ilin iyul ayının ortalarında pozulur. Azərbaycanda bərqərar olan Sovet hakimiyyətindən qorxuya düşən daşnak hökuməti bütün hərbi qüvvəni Vedi-Naxçıvan istiqamətinə toplayır. Vedibasar, Zəngibasar, Şərur,Dərələyəz əhalisi yurd-yuvasını tərk edib, Qarabağa, Cənubi Azərbaycana qaçmağa məcbur olur. Bu zaman Abbasqulu bəy başda olmaqla onun fədakar taboru və Vedibasar əhalisi Maku torpağına keçir. Çox çəkmədən ağqvardiyaçıların, denikinçilərin havadarlıq və rəhbərlik etdiyidaşnak qoşunları sürətlə irəliləyərək, naxçıvanlıların Qarabağlar – Xok – Şahtaxtı cəbhəsini yarır, Naxçıvana yeriyir. Bu vaxt XI Qızıl Ordu hissələrinin Naxçıvana daxil olub, İnqilab Komitəsi yaratdığından xəbər tutan daşnak komandalığı hücumu dayandırmağa məcbur olur.
Xalqımızın bir müdrik kəlamında deyildiyi kimi, «Su gələn arxdan bir də gələcək». Nəhayət, 70 il sonra XX əsrin son onilliyində azadlıq xalqımızın üzünə yenidən güldü. 18 oktyabr 1991-ci ildə Sovet imperiyası dağıldı.
XX əsrin 90-cı illərində SSRİ-nin dağılması nəticəsində yaranmış şəraitdən istifadə edən Ermənistan hakimiyyət dairələri Azərbaycana, o cümlədən, Naxçıvana qarşı öz ərazi iddialarını artıq müharibə yolu ilə gercəkləşdirmək qərarına gəldilər. Naxçıvan çətin sınaqlar qarşısında qaldı. 20 Yanvar faciəsi yalnız Bakıda törədilmədi. O müdhiş gecədə naxçıvanlıların da yuxusu ərşə çəkilmişdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya hücumundan 8 saat əvvəl sovet qoşun birləşmələri və erməni silahlı dəstələri Naxçıvan Muxtar Respublikasına hücum etmiş, qan tökülmüş və erməni quldur dəstələri Naxçıvan Muxtar Respublikasının Kərki kəndini işğal etmişdir.
Muxtar respublikanın Ermənistanla sərhəddə yerləşən kəndləri basqınlara məruz qaldı. Sədərəkdə isə əsl müharibə başlamışdı. Hələ 1989-cu il dekabrın 14-də Sədərək, Günnüt və Havuş kəndləri ermənilər tərəfindən güclü atəşə tutulmuşdu. 1990-cı ilin 18-19 yanvarında Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Kərki kəndi SSRİ Müdafiə Nazirliyi 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən işğal olunmuşdu. Kərki və Sədərəyin müdafiəsi uğrunda gedən döyüşlərdə ilk şəhidləri də Naxçvan vermişdi. Yanvarın 18, 19 və 20-də Sədərək kəndi aramsız atəşə tutuldu. Məhərrəm Seyidov, Mirhəşim Seyidov, Etibar Əhmədov, Məhəmməd Məmmədov, Abbasəli Nəzərəliyev, İdris Məmmədov kimi igidlər ağır döyüşlərdə qəhrəmancasına həlak oldular. Bütün bunlara baxmayaraq, ermənilər Sədərəyin müdafiə xəttini keçə bilmədilər. Naxçıvan elliklə Sədərəyin müdafiəsində iştirak etdi və ermənilər gözləmədikləri müqavimətə rast gəldilər.
SSRİ rəhbərliyinin ermənilərin təcavüzkarlığına göz yumması əhalini hiddətləndirmişdi. Yanvarın 19-da «Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında» Naxçıvan MSSR Ali Sovetinin qərarı ilə muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə qarşısında qaldığından, Qars müqaviləsinin şərtləri kobud surətdə pozulduğundan Naxçıvan MSSR SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan etmişdi. Moskvanın biganə münasibətinə qarşı seyirci mövqedə duran Azərbaycan Kommunist Partiyası Naxçıvana qarşı erməni təcavüzünə də biganə qaldı. Ermənilərə qarşı tədbir görmək əvəzinə Azərbaycan SSRİ Ali Soveti «Naxçıvan MSSR-də ictimai-siyasi vəziyyət haqqında» Naxçıvan MSSR Ali Sovetinin 1990-cı il 19 yanvar tarixli qərarının Azərbaycan SSRİ Konstitusiyasına uyğun olunması barəsində fərman verdi (Qayıdış, 1990-1993). 1990-cı ilin fevral, mart, aprel, may aylarında Naxçıvanda olduqca gərgin vəziyyət yaranırdı. Şahbuz rayonunun Biçənək, Şəda, Babək rayonunun Gərməçataq, Şərur rayonunun Sədərək, Havuş kəndləri erməni hücumlarına məruz qalırdı. Lakin heç kəs Naxçıvanı tərk etmək haqqında düşünmürdü. Hamı torpağı qorumaq, düşmənə daha ciddi müqavimət yollarını düşünürdü. Bir tərəfdən erməni hücumları, digər tərəfdən isə blokada muxtar respublikada ərzaq qıtlığı yaratmışdı. Sovet İttifaqının mərkəzi hökuməti ilə ermənilərin planı artıq işə salınmışdı. Bu planın məqsədi ondan ibarət idi ki, Naxçıvanda həm siyasi, həm də iqtisadi vəziyyət gərginləşsin, blokadadan, ərzaq qıtlığından və təhlükə altında yaşamaqdan bezən xalq muxtar respublikanı tərk etsin və Naxçıvan ermənilərə verilsin.
Azərbaycanın özündə də vəziyyət heç də ürəkaçan deyildi. Xalqın problemlərini bir tərəfə qoyan hakimiyyət sahiblərinin əsas məqsədləri Heydər Əliyevlə xalqın birləşməsinin qarşısını almaq idi. Bu kimi cılız işlərlə məşğul olan hakimiyyət sahibləri dayaqlarının çürüdüyünü belə görə bilmədilər. M.Qorbaçovla açıq qarşıdurmadan çəkinməyən Heydər Əliyev bu ağır günlərdə xalqı ilə bir yerdə olmaq üçün Azərbaycana qayıtdı. Lakin onun Bakıda yaşamasına imkan vermədilər.
Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində, vaxtilə Ümummittifaq şəbəkəsinə daxil olan, Azərbaycanı Naxçıvanla bağlayan dəmir yol xətləri və avtomobil yolları kəsilmiş, Naxçıvana Azərbaycandan təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşamaq taleyi qismət olmuşdur.
Azadlıq sədaları yenidən eşidildi. Vətənimizdə Azərbaycan Respublikası adlı müstəqil dövlətçiliyimiz yenidən bərpa olundu. Lakin yeni dövlətimizin bərpası kəskin və qarşıdurmalar əsasında baş verdi.Azərbaycan Respublikası bir tərəfdən daxili siyasi çəkişmələrə, digər tərəfdən isə tarixi düşmənimiz Ermənistanın təcavüzünə qarşı mübarizə aparırdı…
Rus ordusunun Qorbaçovun başçılığı ilə Bakıda törətdiyi dəhşətli hadisəni bütün dünyaya bəyan etmək üçün Heydər Əliyev Azərbaycanın Moskvadakı Nümayəndəliyinə gəlir. Xarici jurnalistlərin qarşısında Heydər Əliyev SSRİ tarixində ilk dəfə olaraq, o vaxtkı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovu Azərbaycan xalqının qətlində ittiham edir. Bu çıxışdan sonra isə, Heydər Əliyev xalqın ağır və faciəli günlərində vətənə dönməyi qərarlaşdırır. Dağılmaqda olan imperiya Heydər Əliyevin şəxsiyyətinə və bu dahi insanın siyasi baxışlarına yaxşı bələd olduğu üçün onun öz doğma vətəninə dönməsinə böyük maneələr törətməyə başlayır. Amma bu dahi siyasətçi Heydər Əliyev bütün bu maneələri dəf edərək, Bakıya dönməyə müvəffəq olur. Bu dövrdə, öz çirkin əməllərini həyata keçirmək istəyənlər Heydər Əliyevin Bakıda siyasi fəaliyyətinə maneələr yaradır və onun ölkəni tərk etməsini istəyirlər. İyulun 22-də Heydər Əliyev doğma diyarı Naxçıvana gəlir. Həmin gün axşamüstü şəhərin Azadlıq meydanına toplaşan 80 min nəfərlik ümumxalq izdihamı onu hərarətlə bağrına basır.
Beləliklə, ömrünün bundan sonrakı dövrünü xalqı ilə birgə keçirməyi arzulayan ulu öndər Naxçıvanda daimi məskən salır. O, 1990-cı ilin sentyabrında Azərbaycan SSR-in və Naxçıvan MSSR-ın xalq deputatı seçilir. Elə həmin vaxtdan Heydər Əliyevin siyasi fəaliyyətə qayıdışının birinci mərhələsi başlayır.
Həmin il noybrın 17-də Naxçıvan MSSR Ali Sovetinin birinci sessiyası məhz Heydər Əliyevin sədrliyi ilə öz işinə başlayaraq, xalqımız üçün taleyüklü, son dərəcə əhəmiyyətli qərarlar qəbul edir. Muxtar respublika əhalisi, həmçinin Azərbaycan xalqı tərəfindən böyük sevinc və alqışla qarşılanan bu qərarlar o zamankı respublika rəhbərliyini şoka salmış, SSRİ məkanında böyük əks-səda yaratmışdı.
Həmin illərdə respublika rəhbərliyi və mərkəzi hakimiyyət Naxçıvanın təhlükəsizliyinə laqeydlik göstərir, daşnakların təcavüzünə qarşı tədbirlər görmürdülər. Naxçıvan əhalisi və ziyalıları yaranmış gərgin vəziyyətdən çıxmaq və yardım almaq məqsədilə 1989-cu il dekabr ayının 31-də «sərhəd hərəkatı»na başladı. Əhali Arazın o tayında yaşayan qohum-əqrabası və soydaşları ilə görüşmək məqsədilə sərhəd dirəklərini söküb dağıtdı.
Mərkəzin törətdiyi ən sərt tədbirlərə baxmayaraq, naxçıvanlıların cəsarəti və dəmir iradəsi ilə 1989-cu il dekabr ayının 31-də bütün sərhədboyu tikilmiş tikanlı məftillər sökülüb darmadağım edildi, sərhədlər açıldı, insanlar görüşdülər.
70 il «dəmir pərdələr» arxasında totalitar rejimdə yaşayan insanlar, nəhayət ki, bir-birinə qovuşdu, həsrətə son qoyuldu, yaxın qohumlar ünsiyyət yarada bildilər. Bu hadisə azərbaycanlıların milli tarixində ən böyük nailiyyət idi. Bu hadisələr zəminində dünya azərbaycanlıları ilə əlaqələrin genişləndirilməsi üçün Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 1991-ci ilin dekabr ayının 16-da hər il dekabr ayının 31-nin dünya azərbaycanlılarının həmrəylik günü kimi qeyd edilməsi haqqında qərar qəbul etdi və onun rəsmiləşdirilməsi haqqında Azərbaycan Respublikasının Ali Sovetinə qanunvericilik təşəbbüsü ilə müraciət etdi.
Çox təəssüf ki, bu qərar Heydər Əliyevin təşəbbüsü ilə qəbul edildiyi üçün, o vaxtkı rəhbərliyin xalqın taleyinə göstərdiyi biganəlik üzündən kağız üzərində qaldı. Xalqın yekdil təkidi ilə Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra, onun xüsusi səyləri nəticəsində dünya azərbaycanlılarını yaxınlaşdırmaq istiqamətində yeni mərhələ başlandı. Həmin dövrdə Yeni Azərbaycan Partiyası (YAP) tarixi zərurətdən yarandı. Partiyanın ilk sənədlərində möhtərəm Heydər Əliyevin belə bir müdrik kəlamı həkk olundu: «Yeni, müstəqil Azərbaycan uğrunda». Bunun ardınca belə bir ifadə işlətdi: «Yeni Azərbaycan Partiyası dünənin, bu günün partiyasıdır».
Məhz belə ağır bir şəraitdə Naxçıvan əhalisi böyük mərdlik və yenilməzlik nümayiş etdirərək, Azərbaycanın bu qədim torpağını ermənilərin işğalı təhlükəsindən xilas etdi və onun muxtariyyat statusunu qoruyub saxladı. Naxçıvanın 1990-cı ilin yayında seçilmiş Ali Seveti həmin il noyabrın 27-də birinci sesiyasında muxtar respublikanın adından «sovet», «sosialist» sözləri çıxarılmış, Ali Sovetin adı dəyişdirilib Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılmışdır.
1993-cü ilin iyulunda ölkədə vətəndaş müharibəsi, qardaş qırğını təhlükəsi ilə qarşılaşdıq. Belə bir şəraitdə nəinki müstəqilliyimizin itirilməsi, bütövlükdə, Azərbaycanın özünün itirilməsi təhlükəsi yarandı. Belə bir şəraitdə ölkənin güclü bir liderə ehtiyacı yarandı. Ümidini itirən xalq qaranlıqlar içərisində yol axtara-axtara hara, hansı səmtə gedəcəyini bilmirdi. Belə bir şəraitdə xalq üzünü Heydər Əliyevə tutdu. Xalq başa düşdü və yəqin etdi ki, onu bu çətin və ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi bacarıqlı, uzaqgörən, qətiyyətli bir rəhbər çıxara bilər.
Beləliklə, Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı ilə Azərbaycan tarixinin, bərpa edilmiş müstəqilliyimizin yeni bir dövrü başlandı. Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi, müstəqilliyimiz xilas edildi.
Xalqımızın tarixində faciəli günlər yetərincədir. Əsrlər boyu yadelli düşmənlərin göz dikdiyi Vətənimiz işğallara və təcavüzlərə məruz qalıb. Lakin qəhrəman Azərbaycan xalqı buna baxmayaraq qürur və mətinliyini əldən verməyib.
İllər keçəcək, nəsillər dəyişəcək, amma tarix unudulmayacaq. Heç bir azərbaycanlı başımıza gətirilən faciələri unutmayacaq.
Artıq bu gün şanlı tariximizdə yeni bir səhifə, yeni bir tarix yazılıb.
28 ildən sonra Azərbaycan öz tarixi torpaqlarını geri aldı. 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan ordusu dünyaya sübut etdi ki, bu torpaqların əsl sahibi elə bu torpaqlarda da yaşamalıdır.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi məktəbinin layiqli davamçısı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin Vətən müharibəsində əldə edilmiş tarixi zəfər ilə həm də 20 Yanvar şəhidləlrinin narahat ruhları dinclik tapdı.
Cənab prezident mötəbər kürsülərdə çıxış edərək, Qarabağın Azərbaycan torpağı olduğunu dünya dövlətlərinin və cəmiyyətlərinin diqqətinə çatdırdı. Düşmən təkcə hərb meydanında deyil, siyasi arenada da məğlubiyyətə uğradı.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Bu gün əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhu şaddır. Çünki 2020-ci ildə qalib Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoydu, torpaqlarımızı erməni işğalından azad edərək bölgədə yeni reallıq yaratdı. 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam bərpa olundu. İndi bütün ərazilərimizdə Azərbaycanın üçrəngli Bayrağı dalğalanır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri davam etdirilir. Artıq keçmiş məcburi köçkünlər işğaldan azad olunmuş ərazilərə, doğma torpaqlarına qayıdırlar. İndi bu torpaqlarımızda həyat yenidən canlanmağa başlayır”.
Bu, cənab Prezident İlham Əliyevin XXI əsr dünya siyasətində möhtəşəm bir qələbəsidir. Ölkə başçısının yürütdüyü uzaqgörən siyasət, xalqımızın rifahının yüksəldilməsinə göstərdiyi diqqət və qayğı sayəsində biz böyük zəfər qazandıq. Hər birimiz Azərbaycana bütövük, xalqımıza xoşbəxtlik bəxş etdiyinizə görə Ali Baş Komandan İlham Əliyevə minnətdarıq.
Biz inanırıq ki, tezliklə həmin torpaqlar ən inkişaf etmiş bölgəyə çevriləcək. Xalqımız cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya inanır, bu işdə daim onları dəstəkləyir.