
2025-ci ilin 28 aprel tarixində İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycana rəsmi səfər etmişdir. Bu səfər iki dost və qonşu ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi, əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Bu fikrləri Millixeber.az-a açıqlamasında Millət vəkili Şahin Seyidzadə deyib. Millət vəkili bildirib ki, səfər zamanı keçirilən görüşlər, imzalanan razılaşmalar və verilən bəyanatlar göstərdi ki, Azərbaycan-İran münasibətləri yeni mərhələyə qədəm qoyur.
Prezident İlham Əliyev görüş zamanı qeyd etdi ki: “Bu gün dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində inkişaf edir. İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür. Bu gün apardığımız danışıqlar və fikir mübadiləsi əsnasında bir çox önəmli məsələlər haqqında söhbət etdik, fikirlərimizi bildirdik, Azərbaycan-İran strateji münasibətlərini bir daha təsdiqlədik”. Dövlət başçısı vurğuladı ki, Azərbaycan və İran arasında yalnız siyasi deyil, həm də mədəni və insani əlaqələr uzunmüddətli və qarşılıqlı hörmətə əsaslanır. Ortaq tarixi irs, dini dəyərlər və mədəniyyət birliyi iki ölkə xalqları arasında qarşılıqlı anlayış və etimad mühitinin formalaşmasında mühüm rol oynayıb. Prezident İlham Əliyev əlavə etdi ki, bu dostluq münasibətləri əsasında Azərbaycan və İran gələcəkdə də regional sabitliyə və rifaha töhfə verməyə davam edəcək.
Səfər çərçivəsində Prezident Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə tərəflər arasında siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olundu. Prezidentlər regional sabitlik, nəqliyyat dəhlizlərinin inkişafı, enerji təhlükəsizliyi və sərhəd əməkdaşlığı mövzularına xüsusi diqqət ayırdılar.
Əlavə olaraq qeyd edim ki, Prezidentlərin iştirakı ilə keçirilən Azərbaycan-İran biznes forumu da mühüm əhəmiyyət daşıyırdı. Forum zamanı Prezident Pezeşkian bildirdi ki, Azərbaycan və İran yalnız qonşu deyil, həm də tarixi dost və ortaq mədəniyyətə sahib olan iki dövlətdir. O qeyd etdi ki, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafı hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır və bu sahədə əməkdaşlıq daha da gücləndirilməlidir.
Bu səfər həm də tarixi əlaqələrimizin davamlılığının təcəssümüdür. Azərbaycan və İran xalqları əsrlər boyu birgə sülh və mehribanlıq şəraitində yaşamışlar. Ortaq dini, mədəni və mənəvi dəyərlər bu əlaqələrin əsas sütunlarını təşkil edir. İki xalqın ortaq ədəbiyyatı, musiqisi, tarixi abidələri və adət-ənənələri, həmçinin ailə və ictimai münasibətlərdəki oxşarlıqlar, qarşılıqlı anlaşma və hörmət mühiti formalaşdırmışdır. Bu dərin tarixi bağlar bugünkü siyasi və iqtisadi əməkdaşlığa təbii əsas yaradır.
Sonda demək olar ki, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm mərhələ oldu. Bu səfər nəticəsində imzalanan razılaşmalar və qarşılıqlı niyyətlər göstərdi ki, Azərbaycan-İran dostluğu gələcəkdə daha da möhkəmlənəcək və regionda sülh və sabitliyə xidmət edəcək.