
2025-ci il mayın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Vietnam News Agency” agentliyinə verdiyi müsahibədə Azərbaycan-Vyetnam münasibətlərinin hazırkı vəziyyəti və gələcək perspektivləri barədə ətraflı fikir mübadiləsi aparmışdır. Prezident İlham Əliyev iki ölkə arasında uzunmüddətli dostluq və əməkdaşlıq əlaqələrinin mövcud olduğunu vurğulayaraq, bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu qeyd etmişdir.
Prezident İlham Əliyev bildirib ki: “1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. O dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın ümummilli lideri Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olub. Şübhəsiz ki, bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib”.
Bundan başqa Prezident İlham Əliyev çıxışında qeyd etdi ki: ” 2014-cü ildə ölkənizə dövlət səfərim və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycan Respublikasına rəsmi səfəri iki dövlət arasında münasibətlərdə yeni səhifə açdı və onların gələcək inkişafına təkan verdi”.
Dövlət başçısı daha sonra, Azərbaycan və Vyetnamın neft-qaz sahəsində zəngin təcrübəyə malik olduğunu və bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli imkanların mövcudluğunu bildirmişdir. O, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Vyetnamın PetroVietnam şirkəti arasında imzalanmış strateji əməkdaşlıq sazişinin bu sahədə yeni perspektivlər açdığını qeyd etmişdir.
Prezident İlham Əliyev, iki ölkə arasında iqtisadi, ticarət, elmi və texniki sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün hüquqi bazanın mövcud olduğunu və bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini vurğulamışdır. O, həmçinin, Azərbaycan və Vyetnam arasında təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd etmişdir.
Dövlət başçısı, qarşılıqlı yüksək səviyyəli səfərlərin və parlamentlərarası əlaqələrin iki ölkə arasındakı münasibətlərin inkişafında mühüm rol oynadığını bildirmişdir. O, Azərbaycan və Vyetnam parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının bu istiqamətdə əhəmiyyətli töhfələr verdiyini vurğulamışdır.
Prezident İlham Əliyev, Vyetnam şirkətlərini Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma layihələrində iştirak etməyə dəvət etmişdir. O, bu layihələrin iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da dərinləşdirilməsi üçün yeni imkanlar yaradacağını qeyd etmişdir.
Sonda, Prezident İlham Əliyev, Azərbaycan və Vyetnamın beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə Birləşmiş Millətlər Təşkilatı və Qoşulmama Hərəkatı daxilində, qarşılıqlı dəstək və əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlərinin davam etdirilməsinin vacibliyini vurğulamışdır. O, hər iki ölkənin beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini və bir-birinin suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşdığını qeyd etmişdir.
Bu müsahibə, Azərbaycan və Vyetnam arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi və yeni sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün əhəmiyyətli bir addım olmuşdur.