
Artıq 80 ildir ki, 9 may - faşizm üzərində Qələbə günü təntənəli surətdə qeyd olunur. Bu qələbə heç də asan başa gəlməyib. Yüzlərlə, minlərlə həmvətənlərimiz, Azərbaycanın mərd övladları bu Qələbə naminə canlarından-qanlarından keçiblər. Onlar doğma Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda mərdliklə, hünərlə vuruşaraq həm də doğma Azərbaycan torpağını qoruyublar. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 130 nəfər həmyerlimizin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna əyani sübutdur
Əgər o vaxt Azərbaycan nefti cəbhəyə göndərilməsəydi, bu müharibə qələbə ilə bitə bilməzdi.
1941-ci ildə ikinci dünya müharibəsinin başlanması bütün diqqət cəbhəyə yönəldi. Əli silah tutan hər kəs Vətənin müdafiəsinə qalxdı.
"Hər şey cəbhə üçün, hər şey qələbə üçün" şüarı, eyni zamanda, idmançıların da şüarı oldu. Azərbaycan idmançıları kütləvi surətdə ordu sıralarına yollandılar.
Bədən tərbiyəsi təşkilatlarının qarşısında duran başlıca vəzifə kütləvi hərbi-fiziki hazırlıq işini canlandırmaqdan ibarət idi. Bədən tərbiyəsi və idman işləri komitələri, həmkarlar ittifaqlarının könüllü idman cəmiyyətləri özlərinin ən bacarıqlı və təcrübəli mütəxəssislərini, təlimatçılarını, müəllimlərini və idmançı-fəallarını ümumi hərbi hazırlıq sistemində məşğələlərə rəhbərlik üçün səfərbərliyə almışdılar.
Müharibənin ilk həftəsi ərzində respublikanın hərbi komissarlığına könüllü surətdə ordu sıralarına getmək haqqında 40 mindən çox ərizə daxil olmuşdu. 1941-1942-ci illərdə sə 150 mindən çox gənc səfərbərliyə alınmışdı. Onların xeyli hissəsini idmançılar təşkil edirdi. Məsələn, 1941-ci il iyunun 25-nə kimi Ağdaş rayonundan 250 nəfər, Nuxadan (Şəki) 200 nəfər bədən tərbiyəçisi könüllü olaraq ordu sıralarına yola düşmüşdü. Dövlətin gündəlik köməyi və nəzarəti sayəsində müharibənin ilk aylarında əlbəyaxa döyüş üzrə 395 nəfər təlimatçı, 120 nəfər müalicə bədən tərbiyəsi metodisti hazırlanmışdı. 10 min nəfərdən çox gənc döyüşçü çağırışçılara təlim verən kurslara cəlb olunmuşdu.
1941-ci ilin payızında respublikamızın müdafiə qabiliyyətini möhkəmlətmək üçün başlanan iş SSRİ Ali Soveti Rəyasət Heyətinin Zaqafqaziyada hərbi vəziyyət elan olunması haqqında 1942-ci ilin sentyabrın 9-da verdiyi Fərmandan sonra daha da gücləndi. ÜİLKGİ MK-nın qərarı ilə 2 mart 1941-ci ildə bütün ölkədə iki həftəlik kütləvi yarış (gimnastika üzrə) keçirildi. Qeyd edək ki, Züleyxa Hacıyeva Moskva şəhərində sovet idmançılarının birinci antifaşist mitinqinin ilk iştirakçılarından olmuşdur.
SSRİ XKS yanında Bədən Tərbiyəsi və İdman İşləri üzrə Ümumittifaq Komitəsinin 25 iyul 1941-ci il tarixli 188 saylı, "Bədən tərbiyəsi təşkilatlarının əhalinin hərbi hazırlığı üzrə işi haqqında", 15 yanvar 1944-cü il tarixli 9 saylı "İdmanın inkişafı üzrə tədbirlər haqqında" qərarlarından sonra ən yaxşı bədən tərbiyəsi kadrlarının cəbhəyə göndərilməsi SSRİ-nin bütün bədən tərbiyəsi təşkilatlarında idman fəaliyyətinin zəifləməsinə gətirib çıxardı. Bədən Tərbiyəsi İnstitutunda təhsil alan tələbələrin sayının kəskin surətdə azalması ilə əlaqədar olaraq, respublikamızda müəllim kadrlarından düzgün istifadə edilməsi məqsədi ilə Azərbaycan KP MK və Xalq Komissarları Şurasının 11 dekabr 1941-ci il 5157 saylı qərarı ilə Bədən Tərbiyəsi İnstitutu Azərbaycan Dövlət Universiteti ilə birləşdirildi. Qərarda deyilirdi ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu (Azərbaycan DBTİ) Azərbaycan Dövlət Universitetinin bazasında bədən tərbiyəsi fakültəsi kimi təşkil edilsin və fakültə keçmiş Azərbaycan DBTİ-nin binasında yerləşdirilsin.
Müharibənin başlanğıcında institutun şəxsi heyətindən 314 nəfər cəbhəyə yola düşmüşdü. Azərbaycan bədən tərbiyəsi və idman təşkilatlarının yetirmələri ikinci dünya müharibəsində misilsiz rəşadətlər göstərirdilər. Müalicə bədən tərbiyəsi işi sovet döyüşçülərinin sağlamlığının qorunmasına yönəldilmişdi. Artıq 1941-ci il iyunun 25-də Ümumittifaq İdman Komitəsi bütün xəstəxanalarda müalicə bədən tərbiyəsi işini həyata keçirməyi, bunun üçün idman fəalları arasından təlimatçılar hazırlanması işini qaydaya salmağı təklif etdi. Komitənin qərarında deyilirdi ki, xəstəxanalarda, səhiyyə və ordunun sanitar orqanlarının təşkil etdiyi digər sağlamlıq müəssisələrində müalicə bədən tərbiyəsi işlərinin təşkilində fəal iştirak etmək lazımdır. Xəstəxanalarda işləmək üçün bədən tərbiyəsi təşkilatçıları və bədən tərbiyəsi fəallarından (ilk növbədə qadınlardan) ibarət müalicə bədən tərbiyəsi təlimatçıları hazırlamaq üçün kurslar və seminarlar keçirilirdi. Sağalmaqda olan döyüşçülərlə məşğul olmaq üçün xəstəxana və müalicə müəssisələri lazımi idman inventarları ilə təmin edilmişdi. Müharibənin birinci ilində həmin kurslar Bakıda, Naxçıvanda, Gəncədə və digər şəhərlərdə fəaliyyət göstərməyə başladı. Bu kursların məzunlarını respublikaya köçürülmüş xəstəxanalara göndərirdilər. Müəllim və tələbələrin bir qismi - Z.Rzayeva, A.Qəniyev, S.Əliyev, S.Məmmədova, D.Qədirli, M.Həsənov və başqaları müdafiə əhəmiyyətli xüsusi işlərdə fəal iştirak edir, hərbi istehsalatda çalışır, əhali arasında geniş təbliğat-təşviqat işləri aparır, hərbi xəstəxanalara hamilik etməklə xalqın faşizm üzərində qələbəsinə köməklik göstərirdilər. Müharibənin ilk günlərində arxa cəbhədə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun bütün kollektivi respublikamızın hərbi komissarlığının tapşırığı ilə əlbəyaxa döyüş üzrə təlimatçıların hazırlanmasına başlamışdı. Yalnız 1943-cü ildə tələbələr və institutun əməkdaşları Şuşa, Xankəndi, Şamaxı, Ağdam, Qusar, Şəki, Gədəbəy, İsmayıllı və Zaqatalada 700-dən çox təlimatçı və 12000-dən çox əlbəyaxa döyüş bacarığı olan əsgərlər və qumbara atanlar hazırlamışdılar.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun məzunları, Respublikanın əməkdar bədən tərbiyəsi və idman xadimləri Tofiq Abbasov, Həsən Qarayev, Ənvər Babayev, akrobat Hacıbaba Ağayev, Azərbaycan DBTİA-nın məzunu İ.İslamov, A.M.Əsgərov, güləşçi Baba Süleymanov, İbadulla Həsənov, Xandadaş Mədətov və başqalarının Böyük Vətən Müharibəsində böyük şücaəti olmuşdur. Faşist işğalçılarına qarşı qəhrəmanlıqla vuruşan, komandanlığın döyüş tapşırıqlarını şərəflə yerinə yetirən 10 min nəfərdən çox Azərbaycan idmançısı və bədən tərbiyəçisi orden və medallarla təltif olundu. Respublikamızın məşhur idmançısı (futbolçu və voleybolçu Səlahəddin Kazımova Sovet İttifaqı Qəhrəmanı fəxri adı verildi. Digər qorxmaz idmançı döyüşçülər T.Abbasov, İ.Odinov, Ə.Babayev, M.Talıbov, K.Abdullayev, B.Süleymanov, İ.İslamov, H.Əsgərov, H.Ağayev, A.Ağalarov, İ.Aşumov, V.Maksimoviç, F.Hüseynov, A.Əsgərov, M.Kərimov, Ə.Məmmədoğlu, H.Qarayev, A.Ələkbərov, M.Hüseynzadə V.Sliva, D.Çelyadinov, A.Kozırev, V.Krivenko, A.Neçayev, A.Kryuçkov və s. orden və medallarla təltif olunmuşlar.
Müharibə ölkəmizə təsirsiz ötüşməmişdi. Azərbaycan döyüş meydanı olmasa da, müharibə respublikamızın xalq təsərrüfatına xeyli ziyan vurmuş, maarif, bədən tərbiyəsi və idman sahəsində ağır vəziyyət yaranmışdı. Yüksək ixtisaslı idman mütəxəssislərinin bir çoxu idman sahəsindən uzaqlaşmışdı. Azərbaycan İdman Akademiyasının onlarla adlı-sanlı idmançıları (A.Talıbov, A.Tağıyev, S.Cavadov, M.Allahverdiyev, A.Barışev, A.Kayurov, N.Kitasov R.Rəhimov, İ.Əsgərov, M.Cəfərov, B.Xankişiyev M.Abbasov, M.Ağayev və başqaları) Vətənin müdafiəsi uğrunda amansız döyüşlərdə həlak olmuşdur.
İdman Akademiyasının girəcəyində İkinci Dünya Müharibəsində hələk olan tələbələrin əziz xatirəsini əbədiləşdirmək və ehtiram əlaməti olaraq, onların adına Xatirə lövhəsi qoyulmuşdur.
Xalqımız öz fədakar övladlarının və Böyük Vətən Müharibəsində həlak olanların xatirəsini əziz tutur, qələbənin 80 illiyi ərəfəsində onları bir daha böyük ehtiramla yad edir.

Dilqəm Quliyev,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
"Qızıl qələm" media mükafatçısı.