
Ümummilli lider üçün hər şeydən önəmli Azərbaycan xalqı idi. O, özü də hər dəfə bu kəlmələri yorulmadan, tükənmədən qeyd edirdi: "Mənim üçün dünyada ən əziz olan mənim xalqımdır, torpağımdır, vətənimdir". Ulu öndərin bu sevgisi əməlləri ilə bir daha təsdiq olundu. Bitməz-tükənməz, sonsuz vətən sevgisinin əsas qayəsi, məğzi Azərbaycanın müstəqilliyi, xalqın azadlığı, istiqlaliyyəti idi.
Ulu Öndər Heydər Əliyevin 2003-cü ildə xalqa müraciətində səsləndirdiyi "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" fikirlərin həm dahi şəxsiyyətin nə qədər uzaqgörən olduğunun, həm də cənab İlham Əliyevin bu ideologiyaya, verdiyi sözə və ən nəhayət, Ata vəsiyyətinin yerinə yetirilməsi vədinə sadiqliyinin bariz təcəssümüdür.
Qarabağın işğaldan azad olunması ulu öndərin ən böyük arzularından biri idi. Dahi şəxsiyyət Azərbaycan Prezidenti vəzifəsində çalışarkən problemin həlli üçün böyük səylər göstərdi. Onun rəhbərliyi ilə Azərbaycan 1996-cı ildə ATƏT-in Lissabon Sammitində bu istiqamətdə ilk diplomatik uğur qazandı. Heydər Əliyev bütün dünyaya Qarabağ həqiqətələrini çatdırdı. Diplomatik fəaliyyətlə yanaşı, güclü ordu quruculuğuna xüsusi diqqət yetirdi.
Heydər Əliyevin Azərbaycan qarşısında tarixi xidmətləri danılmazdır. Əfsanəyə çevrilən bu dahi Vətən övladının xatirəsi hər birimiz üçün əzizdir. Xilaskarlıq simvolu olan ulu öndər Heydər Əliyev Azərbaycanı qorumaqla xoşbəxt həyatımızın təminatçısı kimi qəlbimizdə əbədi yer aldı.
İstər Azərbaycanda, istərsə də keçmiş İttifaqın rəhbərliyində təmsil olunduğu dövrlərdə Heydər Əliyev Azərbaycanda milli özünüdərkin, intibahın formalaşması konsepsiyasını yaratmışdı. Bütün dövrlərdə Azərbaycana olan sevgisini fəaliyyəti ilə sübut edən ulu öndər 1990-cı ilin qanlı Yanvarında bir daha böyüklüyünü bütün dünyaya sübut etdi. Xalqın o ağrılı-acılı günlərində Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələn Heydər Əliyev keçmiş SSRİ rəhbərliyini və şəxsən Mixail Qorbaçovu cinayətkar adlandırdı. Həyatına ola biləcək hər cür təhdidlərə baxmayaraq ümummilli lider sübut etdi ki, Vətən uğrunda ölmək olar! Ulu öndər blokada olan Azərbaycanın səsini bütün dünyaya yaydı və sübut etdi ki, vəzifə sahibi olmadan da Vətənə xidmət göstərmək mümkündür. Bu fövqəlnümunəni yalnız xalqının şəriksiz lideri olacaq Heydər Əliyev sərgiləyə bilərdi.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi dahi şəxsiyyətin arzu etdiyi qələbə sevincini xalqımız yaşadı. Bu tarixi zəfərin əldə olunmasının həlledici amili Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev oldu. Hərbi, diplomatik və informasiya müstəvisində müharibənin möhtəşəm qələbə ilə başa çatması istqamətində görülən bütün işlər Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirildi.
Əminliklə deyə bilərik ki, Azərbaycanın bu günkü inkişafı Heydər Əliyevin uğurlu siyasətinin nəticəsidir. Böyük Heydər Əliyev kiçikdən-böyüyə hər kəsin qəlbində böyük taxt qurmuş dahi şəxsiyyətdir. İllər keçsə belə Heydər Əliyev unudulmayacaq və xalqımızın hər zaman qəlbində yaşayacaq
Turə Qasımova,
Abşeron Rayonu Əfqan Qadaşov adına Perekeşkül qəsəbə tam orta məktəbin direktoru