Şizofreniyanı erkən aşkarladıqda ona nəzarət etmək mümkündür

0

Xroniki xəstəlik olan şizofreniyadan dünya əhalisinin təxminən 1 faizi əziyyət çəkir. Şizofreniyanın başlanğıc dövrü 12-16 yaşarasını əhatə edir. Yəni xəstəlik insanın keçid dövründə yaranır. Şizofreniyanın yaranma səbəbi hələ ki, elmə məlum deyil.

Millixəbər.az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının professoru, tibb elmləri doktoru Zəfər Əliyev məlumat verib.

Professor bildirib ki, xəstəlik xoşxassəli və bədxassəli olur: “Xoşxassəli forması olan xəstə demək olar ki, sağlam insandan fərqlənmir. Xəstəliyin bədxassəli formasında bir il ərzində insan dəyişir və sanki “canlı ölü”yə çevrilir. Belə ki, xəstənin emosiyaları, maraqlar dairəsi olmur, sadəcə instinktiv davranışlar qalır, insan özünə qapanır, hallüsinasiyalar və sayıqlamalar qeydə alınır, xəstə özünə fikir vermir, natəmiz olur, ətrafda baş verən hadisələrlə maraqlanmır, hazırkı dövrə marağı itir, kiminsə onu təqib etdiyini düşünür. Lakin xəstəliyin yüngülləşməsinə, xəstənin vəziyyətinin yaxşılaşmasına səbəb olan müalicə və dərmanlar var. Xəstəliyin səbəbi bilinməsə də, müalicə nəticəsində kəskinləşmənin qarşısını müəyyən qədər almaq olur. Burada müalicəyə başlanma vaxtı da önəmlidir. O zaman prosesləri nəzarətdə saxlamaq olur, əks halda xəstənin sağalma ehtimalı azalır. Burada sağalma dedikdə remissiya, yəni müvəqqəti sağalma nəzərdə tutulur. Belə ki, pasiyent dərmanları qəbul edərək iş fəaliyyətini davam etdirə, ailə qura, təhsil ala bilər”.

“Təəssüf ki, digər ölkələrdə olduğu kimi Azərbaycanda da bu xəstəlikdən əziyyət çəkənlər var. Ölkəmizdə insanlar müalicədən əvvəl ekstrasenslərə, pirlərə, parapsixoloqlara müraciət edirlər. Xəstəliyin başlanğıc müddəti iki il davam edir. Bu müddət ərzində xəstəlik aşkarlandıqda ona nəzarət etmək asan olur. Əks halda xəstəlik güclənir və müalicələr effekt vermir. Ona görə də mütləq psixiatra müraciət etməli və müalicə təyin olunmalıdır.

Araşdırmalara görə, 1990-cı illərdən indiyədək şizofreniyanın simptomatikasının cəmiyyətdə baş verən hadisələrlə sıx əlaqəsi var. Belə ki, əvvəllər pasiyentlər “mənə vergi verilib”, “Allahın səsini eşidirəm”, “əllərimdə şəfaverici qüvvə var”, “gələcəyi görə, insanların taleyini oxuya bilirəm” kimi fikirlər irəli yürütmürdülər. Hazırda xəstələrdə daha çox belə əlamətlər qeydə alınır. Bundan əlavə, hallüsinasiyalar baş verir. Ətrafında heç kim olmasa da, pasiyent “səslər” eşitdiyini zənn edir. Burada təhlükəli məqam ondan ibarətdir ki, həmin “səslər” xəstəyə əmr verə, insan da ona tabe ola bilər.

Bəzən elə olur ki, şizofrenik proses orqanizmdə gizli formada qalır və öz məqamını gözləyir. Psixoloji, fiziki travmalar, içkidən narkotikə qədər müxtəlif intoksikasiyalar xəstəliyin üzə çıxmasına səbəb ola bilər”, – deyə mütəxəssis qeyd edib.

Z.Əliyev bildirib ki, xəstəliyin ən təhlükəli dövrü 12-16 yaş hesab olunur. İkinci riskli müddət isə az da olsa, qadınlarda klimaks vaxtında qeydə alınır. Bu, orqanizmdə baş verən hormonal dəyişikliklərlə bağlıdır. Xəstəlik nə qədər tez başlayırsa, bir o qədər şiddətli və bədxassəli olur. Çünki həmin müddət beynin tam formalaşmadığı dövrü əhatə edir. Valideynlərin ikisi də şizofrenik olarsa, övladın bu xəstəliyə düçar olması riski 40 faizə bərabərdir. Xəstəlik vaxtında aşkar olunarsa, həm pasiyent, həm də valideynləri əziyyət çəkməz, müalicə daha effektli olar.

Z.Əliyev şizofreniyadan əziyyət çəkən qadınları müalicə etməyin kişilərdən daha asan olduğunu diqqətə çatdırıb. Buna səbəb qadınların daha emosional olmasıdır. Belə ki, xəstəliyin proqnozunu yaxşılaşdıran amillərdən biri emosiyaların saxlanılmasıdır.

Professor qeyd edib ki, dünyada aparılan tədqiqatlar bəzi narkotik vasitələrin şizofreniyaya səbəb olduğunu göstərir.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

eleven + five =