Sözümüzün suqovuşanı – Əsəd Cahangir yazır

0
 Tənqidçi Əsəd Cahangirin şairə Sona Vəliyeva nın “Dünya Tanrı biçimdədir” şeirlər kitabı haqqında “Sözümüzün suqovuşanı” adlı məqaləsinin birinci hissəsini təqdim edir:

Tanrı və şair

Bu necə olur, axı? Necə olur ki, ən adi sözlər şeir, ən xaotik rənglər tablo, ən disharmonik səslər nəğmə adlı möcüzəyə çevrilir? Çünki Tanrı öz ruhundan üfürməklə hərəkətsiz və cansız ünsürləri açan çiçəyə, əsən küləyə, uçan quşa, yağan yağışa çevirdiyi kimi, şair də öz ruhundan sözə, bəstəkar da səsə, rəssam da rəngə üfürür və onu cana gətirir.

Tanrı dünyanı dörd maddi ünsürdən yaratdığı kimi, sənətkar da öz əsərini söz, səs və rəng adlı üç estetik ünsürün hər hansı birindən yaradır. Bu qarşılaşdırmada söz oda, səs suya, rəng torpağa uyğun gəlir. Bədii yaradıcılığın dördüncü ünsürü, yəni havası sənətkarın sözə, səsə və rəngə üfürdüyü ruhdur.

Odur ki, özünün mimesis təlimində “sənətkar dünyanı yamsılayır” deyən Aristotelin platonik bir düzəlişə ehtiyacı var. Sənətkar dünyanı yox, Tanrını yamsılayır. Bir önəmli fərqlə onlar hər ikisi yaradır – Tanrı yoxdan, sənətkar vardan var edir. Amma hər iki halda yaratmaq ruh verməkdir.

İlk baxışdan elə görünür ki, texnogen eramızda sənət ruhdan hər gün bir az daha uzaqlaşır və sehrini itirərək cansız bir şeyə çevrilir. Amma bu, sadəcə, bir görüntüdür:

 

– Tanrı varlığa elə düzən verib ki, ruhdan nə qədər uzaqlaşırıqsa, bir onca da ona yaxınlaşırıq. Çünki zamanın hərəkəti düz xətt yox, Platonun dediyi kimi, çevrə boyuncadır. Bu çevrə üzrə hər şey vaxtaşırı özünə dönür. Bizim özümüz ruhumuzdur və deməli, vaxtaşırı ruhumuza dönürük.

– Əgər ruh bizim özümüzüksə, ondan necə qaça bilərik? Bu, günəşli gündə öz kölgəndən qaçmaq kimi bir şey deyilmi?

– Özünü cisim kimi anlayanlarla yanaşı, bütün tarix boyu ruhuna tay tutanlar da olub. Bu silsilənin üzvləri mənəvi və intellektual estafeti biri digərinə ötürə-ötürə çağımızacan gətirib çıxarıblar. Hərdən indicə qırılacaqmış kimi bu kəndir lap nazilib, amma heç vaxt üzülməyib, çünki tanrısal istəklə müəyyənləşib. O, dünən olub, bu gün var, sabah da olacaq.

Bu yazı çağımızın öz ruhuyla yaşayıb-yaradan ünlü söz adamı – şairə Sona Vəliyevanın poetik yaradıcılığı, özəlliklə də tanınmış şair Elçin İskəndərzadənin təşəbbüsü ilə “Vektor” Beynəlxalq Nəşrlər Evində yaxın günlərdə işıq üzü görən “Dünya Tanrı biçimdədir” kitabına həsr olunub.

 

 

   Şair və dünya 

 

Sözümüzə metafizik tonda başladıq və axıracan da bu ton dəyişməyəcək. Çünki nəinki “Dünya Tanrı biçimdədir” kitabında toplanmış şeirlər, hətta kitabın adı belə söhbətin bu tonda aparılmasını istəyir. Digər yandan, S.Vəliyevanın poeziyasına dair yazılarda məsələnin məhz bu tərəfi bir qayda olaraq unudulur. Halbuki, hər şey metafizikadan başlayır və necə başlayırsa, elə də irəliləyir və necə irəliləyirsə, elə də bitir. Odur ki, başlıca diqqəti şairənin metafizik laboratoriyasını açıqlamağa yönəldəcəyik. Amma şeirin metafizikası monoqrafik araşdırma istəyən geniş, dərin və çoxyönlü mövzudur. Odur ki, bu yazıda sadəcə mövzunu irəli sürmək və onun ən genəl konturlarını cızmaq imkanımız olacaq.

 

  ***

Başlanğıcda yalnız Tanrı olub, gerçəkliyi yaratmaq üçün başqa material olmayıb və O, dünyanı özündən doğurub. Bu üzdən dünya nəsə yeni bir şey deyil. O, sonsuz nur qaynağından, kəsilməz işıq selindən ibarət Tanrının maddiləşmiş forması, bərk halı, bir özgə şəklidir, yəni dünya Tanrı biçimdədir. Bu üzdən yaradılanlar Yaradana bənzəyir. Dünya Tanrının fenomenal, Tanrı isə dünyanın noumenal tərəfidir. Dünya Tanrının zahiri, Tanrı isə dünyanın batini yönüdür. Dünya Tanrının gözəgörünən, Tanrı isə dünyanın gözəgörünməz qatıdır. Dünya Tanrının şəkli, Tanrı isə dünyanın mahiyyətidir.

Amma dünya Tanrının mahiyyətini, zatını özündə daşımır və daşıya da bilməz. O, Tanrının sadəcə camalını göstərən bir güzgüdür. Tanrı dünyanı yaratdıqdan sonra bu güzgüdə özünə baxıb və – “Fətəbərəkallah əhsənül xaliqin!”, – yəni, – “Ən gözəl Yaradana eşq olsun!”, – deyə öz işindən razılığını bildirib.

Tanrının baxdığı dünya güzgüsünə insan da baxır. Tanrı bu güzgüdə özünü görk, insan isə dərk eləyir. S.Vəliyevanın aşağıdakı misralarından mən yuxarıda dediklərimi oxudum:

 

 

Mən kiməm, kimim var burda?

Gəldim nəyi axtarmağa?

Dünya yol üstə güzgüymüş,

Gəldim özümə baxmağa.

 

“OL”dan əvvəlki sözdənəm”

 

“Dünya Tanrı biçimdədir” fikri ilk baxışdan yəhudi filosofu Spinozanın ünlü pantest ideyasının təsdiqi kimi görünsə də, əslində, panteizmdən uzaqdır. Çünki pantezimdə Tanrı dünya, dünya isə Tanrı deməkdir. Yaradan həm də yaradılan, yaradılan həm də Yaradandır. Belə çıxır ki, Tanrı ilə dünyanın, eləcə də insanın birliyi, yəni töhvid elə bu dünyada, maddi biçimdədir və guya başqa cür ola da bilməz. Allah bir olduğu kimi, dünya da birdir, ikincisi yoxdur. Və burdan hər şeyin vahid maddi başlanğıcdan törədiyini iddia edən materialist monizmə vur-tut bir addım qalır.

Bu fikir yəhudi filosofundan öncə öz ifadəsini ünlü ərəb metafiziki İbn Ərəbinin vəhdəti-vücud təlimində tapıb. Onun son ciddi redaktələrindən biri isə fransız filosofu, katolik teoloqu Pyer Tayyer de Şardenin yaradıcılığıdır.

Vəhdəti-vücuda qarşı özünün vəhdəti-şühud ideyası ilə çıxan İbn Simnaniyə görə isə vəhdət sadəcə maddi biçimdə ola bilməz. Bu vəhdətə hökmən və hökmən şüur şəhadət etməlidir. Özünüdərk şüuru isə yaradılanlar içində insandadır və deməli, insan olmasa, cansızlar, bitkilər və heyvanlar Tanrı ilə vəhdətə gələ bilməz. Əslində, vəhdəti-vücud obyektiv, vəhdəti-şühud isə subyektiv idealizm idi və bunlar Hegelin ünlü tezis-antitezis-sintez üçlüyündə bir araya gəldi.

 

 

 

İslami düşüncəyə söykənən S.Vəliyevanın dünyadərkində isə dünya Tanrı deyil, sadəcə, Tanrı biçimdədir. Yəni Tanrıya sadəcə öz biçiminə görə bənzəyir. Bənzəyiş və eynilik isə ayrı-ayrı anlayışlardır. Dünya Tanrının eynisi ola bilməz və onlar arasında bərabərlik işarəsi qoymaq yanlışdır. Bu üzdən Tanrının zatının hansısa konkret yerdə olduğunu demək absurddur. Tanrı hər yerdə və heç yerdədir. O, laməkandır. Platona görə, mütləq gözəllik, yəni Tanrı hardasa dünyanın xaricindədir. Dünya isə Tanrının özü yox, sadəcə kölgəsidir. Pantesit məhz burda səhv edir, Tanrının kölgəsi ilə onun özünü dəyişik salır. Dünyada Tanrının ancaq əlamət, nişanə, sifətləri, bir sözlə, necəliyi var, ismi, zatı, yəni kimliyi isə yoxdur.

Tanrının zatı və əlamətləri, yəni ismi və sifətləri məsələsi S.Vəliyevanın dayaqlandığı islami metafizik morfologiyanın ana yasası, bel sütunudur. Bu morfologiyaya görə, Tanrı və dünya, yəni isim və sifətlər arasında önəmli keyfiyyət ayrılığı var. Tanrı varlığı vacib olan, dünya isə varlığı sadəcə lazım olandır. Yəni Tanrı olmasa, olmaz, dünya isə olmasa da, olar. Bu üzdən onlar bir-birinə bərabər deyil.

Ola bilsin ki, yuxarıdakı yozumlarımız kiməsə subyektiv göründü, yaxud, doğrudan da, elə belədir. Əvvəla, biz yazdıqlarımızın mütləq anlamda həqiqiliyinə iddia etmirik, Simnani kimi buna sadəcə “şəhadət edirik”. İkincisi, çoxsaylı yozumlara yol açmaq tanrısal intellektə çıxışı olan poetik mətnlərin önəmli özəlliklərindən biridir. Təkcə elə kitabının adı göstərir ki, S.Vəliyevanın şeirlərinin belə bir çıxışı var. Bu üzdən “Dünya Tanrı biçimdədir” fikrinə dürlü yanaşmalar ola bilər. Bu, bizim yozum idi.

 

 

  Babalara salam olsun! 

S.Vəliyevanın elmi, publisist və bədii nəsr yaradıcılığında olduğu kimi, şeirlərində də qabarıq görünən bir yön var – konseptuallıq, yəni məsələlərə köklü yanaşmaq. Onun şeirlərinin elmi özülü var. Bu özül olmayanda isə, Füzulinin diliylə desək, “…şeir əsassız divar olur və əsassız divar qayətdə bietibar olur”.

Biz “elmilik” deyəndə elm və texnikanın uğurlarını vəzn və qafiyəyə salıb, şeir adlandırmaqdan danışmırıq. Bu şeir yox, bayağı bir nəzm, onun müəllifi isə şair yox, nazim olardı. Sona xanım öz şeirlərində bu cür elmilikdən uzaqdır.

Amma “elmilik” sözünü şairənin poetika elminə bələdliyini görk etdirməsi anlamında da işlətmirik. O, formal estetik xırdalıqlardan nəinki gen durur, bu xırdalıqlara bəzən hətta düşünülmüş etinasızlıq göstərir.

Biz elmilik deyəndə tanrısal, metafizik, batini, ezoterik düşüncə ilə əlaqəni göz önünə alırıq. Orta çağ irfan sahiblərinin təbirincə söyləsək, o, elmi-lədun, dədə-baba dilində desək, helmdir. Həmin helm ki, yunis əmrələr, qurbanilər, dadaloğlular, tufarqanlılar, dədə ələsgərlər ondan pöhrələnib və həmin elmi-lədun ki, nəimilər, nəsimilər, xətailər, füzulilər ondan bəhrələnib.

S.Vəliyeva bir bulaqdan iki dəfə su içib. Birinci dəfə bu bulağın gözü, ikinci dəfə axarından. Mərifət adlanan aprior, əzəli tanrısal bilgi ona ilk öncə alter-eqosu, yəni daxili “mən”i, ruhundan açılıb. Bu, bulağın gözüdür. Burda şairə tanrısal bilgini başqalarının araçılığı olmadan, birbaşa Tanrının özündən alıb. Çünki o bilgi insana veriləndə hələ başqaları yox idi. Onda hər şey bir şey idi. S.Vəliyeva mərifətin insana əzəl gündən Tanrı tərəfindən verildiyini, Platonun diliylə desək, belə “xatırlayır”:

 

Yer üzü bomboş idi.

 

Mənim qəlbim kimi…

Tanrı “OL” dedi.

Sən qarşıma çıxdın…

Mən sən “OL”dum,

Sonra meşələr,

dağlar,

 

 

dənizlər,

hər şeylər “OL”du,

Beləcə

dünya yarandı…

“Milyon il əvvəl”

Tanrının insana bilgi verməsinin iki forması var. Hamı üçün gözə alınan zahiri bilgi açıq verilir. Məsələn, Quranın zahiri qatı fərq qoyulmadan bütün insanlara göndərilib. Bu, Tanrı ilə insan arasında açıq-aşkar bağlantıdır.

Batini, ezoterik bilgini isə Tanrı hər kəsə ayrı-ayrılıqda və öz dərəcəsinə görə verir. Bu üzdən Tanrı Quranın batini qatını vəhy, intuisiya, yuxu, ilham kimi vasitələrdən hər hansı biriylə, örtülü surətdə açır. Bu, Tanrı ilə insan arasında gizli bağlantıdır.

Batini qatda Tanrı insanla söz yox, görüntü vasitəsi ilə danışır. Bu vaxt biz Tanrının kitabını oxumur, birbaşa səsini eşidir, görüntülərini izləyirik. Tanrısal həqiqəti torpaq, çiçək, arı, pətəyin dilindən duyur, Süleyman əleyhissəlam kimi quş dilində anlaşırıq. Amma daxili qulaqla eşidib, daxili gözlə gördüyümüz bu həqiqətlər ancaq bizə məxsusdur. Tanrı öz bəndəsinə sirrini təklikdə açır, sevgisini ikilikdə etiraf edir. Burda üçüncüyə yer yoxdur. S.Vəliyevanın dediyi kimi, batini bilgini başqalarına açıqlamaq yasaqdır:

 

Torpaq dili, çiçək dili,

Arı dili, pətək dili.

Bir sirr içrə sirrin mini,

İzin yoxdur sirr açmağa.

“Ol”dan əvvəlki sözdənəm

Tanrının sevgi etiraflarını açıqlamaq, sirri-nihanı faş eləməyin qarşılığı tanrısal cəzadır. Tanrı adildir, onun nə qədər mehri varsa, bir onca da qəhri var. Odur ki, S.Vəliyevanın şeirlərində Tanrı tərəfindən açılan sirlərin özündən daha çox, onlara edilən eyhamlar, vurulan işarələrlə rastlaşırıq. Lakin eyni və ya oxşar ruhi-metafizik təcrübəsi olan oxucu bu eyhamların ardında sözün nədən getdiyini təxmin eləyə bilir. Arifə bir işarə də bəs edir.

Tanrısal bilginin şairə ötürülməsinin ikinci yolu da var. Bu zaman şair bilgini birbaşa Tanrıdan yox, başqalarından – mərifət sahibi olan klassiklər, yaxud folklor örnəklərindən alır. Bunların hər ikisi bulağın gözü yox, axarıdır. Çünki heç biri ilkin qaynaq deyil, hər ikisi törəmədir. S.Vəliyeva bu məsələyə dolayısı ilə olsa da, işarə edərək yazır:

 

 

Tələbə oldum,

Çox şeylər oxudum, bildim.

Amma misalımı

Oxuduqlarımdan deyil,

Nənəmdən, babamdan çəkdim.

 

“Salam, ata!”

 

Nənə-babaların dedikləri başqa bir şey yox, məhz folklordur. Fransız əsilli İslam düşünəri, tradisionalizmin banisi Rene Genona görə, “folklor örnəkləri kosmik-metafizik mənşəlidir, bizə insanüstü sivilizasiyadan verilib və onun başlıca görəvi tanrısal həqiqəti qoruyub saxlamaq və gələcəyə ötürməkdir”. Folklorun sadəliyi və xəlqiliyi bu ötürücülük prosesini asanlaşdırmaq üçündür. Onun üst qatını istisnasız olaraq hamı anlayır. Alt qatı – helm isə ancaq ariflər üçündür. Helm folklor örnəklərinin öz canında daşıdığı gizli, batini anlamlardır. S.Vəliyeva nənə-babasından məhz helm öyrənib.

Klassik divan şeiri ənənələrindən gələn elmi-lədun isə şairəyə sadəcə öz nənə-babası yox, söz nənə-babalarından qalan mənəvi mirasdır. O birincilərə geni və qanı, ikincilərə isə ruhu və canıyla bağlıdır. Xətayinin, –

 

“Yer yox ikən, göy yox ikən ta əzəldən var idim, Gövhərin yekdanəsindən iləri pərgar idim”, beytindən şairənin “Ol”dan əvvəlki sözdənəm” şeirinə gələn mesaj da bu ruhsal əlaqənin göstəricisidir.”Ədəbiyyat qəzeti”

Millixəbər.az 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

5 × 2 =