“Su problemi ilə bağlı çox ciddi tədbirlər görüləcək”-Deputat

0

Son günlər havaların şiddətli isti keçməsi və paralel olaraq davam edən kəskin quraqlıq içməli su problemini yenidən aktuallaşdırıb. Kür çayında suyun azalması və Xəzər dənizinin şor suyunun çaya axması nəticəsində çay qırağındakı Neftçala və Slyan rayonlarında içməli su problemi yaranıb.

Bundan başqa içməli su problemi Saatlı, Sabirbabad və digər aran rayonlarında da qeydə alınır. Hökumtə qurumları müvəqqəti tənzimləyici addımlar atıb, Araz və Kürə daha çox su buraxılması ilə məsələnin həlli nəzərdə tutulub. Xatırlatmaq lazımdır ki, bir qədər əvvəl ölkə başçısı da bildirib ki, bir neçə ildir davam edən quraqlıq səbəbindən Azərbaycanda şirin su çatışmazlığı yaşanır. Bu məqsədlə ilin əvvəlindən bu yana Prezident yeni artezian qurularının qazılması, su təminatının yaxşılaşdırılması üçün bir neçə dəfə sərəncam imzalayıb, müvafiq qurumlara vəsait ayırıb.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, Azərbaycan hökumətinin bu sahədə atdığı addımları qənaətbəxş hesab etmək olar:

“Ancaq respublikanın ayrı-ayrı bölgələrində içməli su qıtlığı var və bunu inkar etmək olmaz. Milli Məclisin deputatları tərəfindən də bu problemlər səsləndirilib. İyul ayının 1-də Milli Məclisin Təbii ehtiyatlar, ekologiya və energetika komitəsində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi ilə görüş keçirildi və görülən işlər, problemlər barədə çoxsaylı suallara aydınlıq gətirildi. Bakı şəhərinin və regionların içməli su ilə təchiz olunması üçün qlobal xarakterli böyük layihələr icra olunub və proses davam etdirilir. Aprel ayında ölkə başçısı tərəfindən “Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması ilə bağlı tədbirlər planı haqqında” sərəncam imzalanıb. Sərəncama əsasən komissiya yaradılmış, xarici mütəxəssislərin dəvət olunmasından tutmuş, gələcəkdə su ehtiyatlarının səmərəli idarə edilməsi, yeni su mənbələrinin aşkara çıxarılması və bir çox tədbirlər nəzərdə tutulub.

Qanunvericilik baxımından isə düşünürəm ki, “Yağış sularının idarə olunması haqqında” qanunun qəbul olunmasına ehtiyac var və Milli Məclisin payız sessiyasında məsələ qaldıracağam.Konkret olaraq hazırda yaranmış vəziyyətə gəldikdə isə, bunun bir neçə səbəbi var. Havaların kəskin quraqlıq keçməsi, Kür və Araz çaylarında suyun azalması ,sudan istifadədə həddindən artıq israfçılıq, bəzi yerlərdə infrastruktirun köhnəlib sıradan çıxması,dünyada iqlim dəyişikliyi və sairə. Ümumiyyətlə, müasir dünyada 2 milyarddan çox insan içməli su problemindən əziyyət çəkir.

Səbəb isə içməli su ehtiyatlarının getdikcə tükənməsidir. Azərbaycan da təəssüf ki, az sulu ölkələr sırasındadır. Hesab edirəm ki, mövcud potensialdan səmərəli istifadə etməklə, innovativ metodların tətbiq olunması ilə əhalini fasiləsiz su ilə təmin etmək olar. Dövlət başçısı tərəfindən bu istiqamətdə gələcəyə hesablanmış çox ciddi tədbirlər görülməkdədir”.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

1 × three =