Subhan Talıblı: Atam Talıbov Ələkbər Məmmədəli oğlu “20 Yanvar” faciəsinin şahidi olub

0

Sübhan müəllim, siz bir qazi övladı olaraq “20 Yanvar” hadisəsini necə dəyərləndirirsiniz?

– Ümumiyyətlə, həmin gün Azərbaycan xalqının tarixinə yazılmış həm faciəvi, həm də şanlı bir gündür. Kütləvi qətliam olduğuna görə bunu faciə adlandırırq. Amma hər bir xalqın müstəqillik əldə etməsi üçün, dirçəlməsi üçün müəyyən faciələr yaşaması, qurbanlar verməsi tarix boyu olub. Düzdür, həmin gün xalqımıza qarşı məqsədyönlü törədilən qətliamı qəbul etmək hər birimiz üçün çox çətindir. İllər keçməsinə baxmayaraq hər il insanlar Şəhidlər Xiyabanına axın edir. Onları heç kim məcbur etmir. Daxildən gələn milli qürur və vətənpərvərlik hissi o insanları oraya aparır. Bu baxımdan deyə bilərik ki, həmin faciə bizim xalqımızın nə qədər dözümlü, iradəli və yumruq kimi bir xalq olduğunu bir daha sübut etdi. Müstəqilliyimizin uğrunda necə əzmkar olduğunu göstərdi.

Bu hadisənin olacağı gözlənilirdimi?

– Təbii ki, gözlənilirdi. Çünki sovet hakimiyyəti xalqımızın milli azadlıq hərəkatını nə iləsə boğmalı idi. Buna görə də hər dəfə müxtəlif bəhanələr gətirirdilər. Gah deyirdilər ki, Azərbaycanda İslam inqilabı etmək istəyirlər, gah deyirdilər ki, xarici qüvvələrin Azərbaycana təsiri var və s. Bir sözlə, belə bəhanələr gətirərək “20 Yanvar” faciəsini törətdilər. Amma bu faciə sovet hakimiyyətinin dağılmasında, eləcə də bizimlə yanaşı digər xalqların da müstəqillik əldə etməsində müstəsna rol oynadı.

– Bəs əgər öncədən bilinirdisə, niyə qarşısını almaq üçün bir tədbir görülmədi?

– Bilirsinizmi, bu hadisənin baş verməsi labüd idi. Artıq yetişmişdi. Çünki hər şeyin başında Azərbaycan xalqının dövlətçilik siyasəti dayanmışdı. Sovet hakimiyyəti də bu “qızılcımı” hiss edirdi. Ona görə də milli azadlıq hərəkatını nə iləsə boğmağa məcbur idi. Nə qədər istəsələr də, alınmadı. Çünki bu xalq tarixi boyu dövlət quran xalq olub. Bayrağına, torpağına, tarixinə, milli-mənəvi dəyərlərinə, hətta şəhid və qazilərinə sahib çıxmağı bacarıb.

– Son olaraq, bizim gənclərdəki vətənpərvərlik səviyyəsi sizi qane edirmi?

– Əvvəla, onu deyim ki, cənab Prezidentim fərmani ilə hər il Yanvarın 20-si ümumxalq matəm günü elan edilib. Bu, təqdirəlayiq addımdır. Bizim Şəhidlər Xiyabanımız artıq memoral bir abidəyə çevrilib. Dünya ölkələrinin başçıları Azərbaycana gələndə rəsmi protokol qaydaısna uyğun olaraq bu abidəni ziyarət edirlər. Biz çalışmalıqı ki, bu hadisəni xarici ölkələrdə, dünya mətbuatında daha da qabarıq şəkildə təbliğ edək. Bu məsələdə vətəndaş olaraq hər birimizin üzərinə yük düşür. Heç bir təmənna güdmədən, vicdanımızla, ruhumuzla, qanımızla bu işə təşəbbüs göstərməliyik. Umutmamalıyıq ki, şəhidlər, qazilər olmasa idi, biz bu gün müstəqil ola bilməzdik. Mənim atam Ələkbər Talıbov Neftçala hadisələrinin canlı şahidi və orada yaralananlardan biridir. Bilirsiniz ki, Bakıdakı ssenarinin eynisi, 25-26 yanvarda Neftçala və Lənkəranda datəkrarlandı. Dinc əhaliyə divan tutuldu. Biz atamızın bir həftə mağarını qurub gözləmişik. Sonra məlumat almışıq ki, sağdır. Amma onu altı aydan sonra tam sağlam şəkildə görə bilmişəm. Mən onunla fəxr edirəm. Sağalandan sonra Qarabağ uğrunda gedən döyüşlərin də iştirakçısı olub.

Atam Talıbov Ələkbər Məmmədəli oğlu 07.05.1953-cü ildə Azərbaycan Respublikası Neftçala rayonu Bankə qəsəbəsində anadan olub. 1990-cı ildə 20 yanvar hadisələri zamanı təcavüzkar sovet ordusunun vəhşi hərbiçiləri tərəfindən yaralanmışdır. Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərin fəal iştirakçısı olmuşdur. III qrup 20 yanvar əlilidir. Qarabağ müharibəsinin iştirakçısı olmuşdur. Azərbaycanının azadlığı, müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda mərdlik və qəhrəmanlıq nümunələri göstərdiyinə görə 1992-ci ilin iyun ayında Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəyin fərmanı ilə “Azadlıq uğrunda mübariz” fəxri adına layiq görülmüşdür. 2000-ci ildə qanlı “20 yanvar” hadisələrinin on illiyi ilə əlaqədər Azərbaycan Respublikasının prezidenti, ümummilli lider Heydər Əliyev tərəfindən prezident təqaüdünə layiq görülmüşdür. 2010-cu ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən prezident təqaüdünə layiq görülmüşdür. Ailədir, 2 oğlu və 1 qızı, 2 nəvəsi vardır. Hazırda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xəzər hövzəsi Qəza Xilasetmə Xidməti idarəsində “gəmi kapitanı” vəzifəsində işləyir. Vətən uğrunda ölümü gözə alıb. Bizi də o ruhda tərbiyə edib. Özündə olan vətən sevgisini bizə də aşılayıb. İndi bizim də borcumuz bu sevgini nəsildən-nəslə ötürməkdir, aşılamaqdır. Şükürlər olsun ki, bu gün də gəclərimiz vətənpərvər ruhda böyüyüb tərbiyə alırlar.

AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu
Aparıcı elmi işçi, dosent: Subhan Talıblı

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

twelve − nine =