Təhsil + dəyər-Cəsarət Valehov

0

Ötən həftənin əsas gündəmi təhsil mövzusu idi. Bu zaman medianın  diqqətini daha çox yeni tədris ilinin kəmiyyət statistikası çəksə də, təhsilin məzmun-keyfiyyət amili ilə bağlı düşüncə vektoru başqa məqamla bağlı idi. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sabunçu rayonunun 311 nömrəli məktəbində  çıxışı zamanı əsas müddəalar  daha çox vətəndaş tərbiyəsi, milli-mənəvi  ruhda təhsil, vətənpərvər və peşəkar olmağın  önəmi idi. Bu təhsildə dəyərlər anlayışının ali səviyyədə bəyanı idi.

Təhsildə dəyərlər anlayışına  fəlsəfi kateqoriya kimi  baxsaq, bunun geniş dərketmə fəzası var. Əsas məqsədi insan yetişdirmək olan təhsilin üzərində hansı yükün durduğunu sadəcə bu ali dəyəri (insan!)  yaradan anlayışın dərin fəlsəfi miqyası ilə izah etmək olar.

 

Təhsil dəyər yaradır

Ötən həftə təhsil naziri Mikayıl Cabbarov təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı 2016-2017-ci tədris ilinə “Təhsildə dəyərlər” ili kimi yanaşmağı təklif edib. Çıxışında  təhsil naziri təhsil sistemimizin illər boyu verdiyi dəyərlərin bu ilin aprelində Vətən torpaqları uğrunda döyüşlərdə  yüksək vətənpərvərlik əqidəsi ilə üzüağ çıxdığını qeyd etdi. Bu keyfiyyət təhsilimiz üçün çox vacibdir.

Təhsildə dəyərlər anlayışına işıq salan digər  vacib bir məqam müəllim keyfiyyəti ilə bağlıdır.

 

Mütləq bilikdən nisbi biliyə
Yeni təhsil fəlsəfəsi biliyi sadəcə əldə etmək deyil, analiz edib bacarığa çevirmək üçün öz metodlarını müəyyənləşdirən və müəllimin bir məsləhətçi (fasilitator) statusunda olduğu mühitə tələbat yaradır. Tədrisdə doqmatik və şaquli öyrənmə üslubu üfüqi öyrənmə ilə əvəzlənir. Çağdaş təhsil artıq sənaye dövrünün “fabrik” öyrənmə şablonundan fərdi öyrənməyə keçidi təklif edir. Bir çox müasir futuroloji-fəlsəfi konsepsiyalarda qeyd olunduğu kimi, artıq zaman ölçüsü fərdiləşib. Məsələn, məşhur futuroloq Tofflerin misalına diqqət edək: “Yaxın keçmişə qədər zaman məfhumu həyatın bütün nöqtələrində standart idi. Saat 10-dan 5-dək. Hamı eyni vaxtda işə başlayır, eyni saatda nahar edir və evə gedir. Müasir dünyada isə zamanın kəmiyyət ölçüsündən fərdi miqyasına keçid baş verir. Biz artıq fərdi zaman ölçüsündən danışa bilərik”.

 

 Dəyərə fəlsəfi baxış
Fəlsəfi baxımdan  təhsilin XXI əsrin dəyərlər sistemində gözdən keçirilməsi kifayət qədər yaradıcı və müasir yanaşma tələb edir. Belə ki, “dəyərlər sistemi” anlayışının özü dərin fəlsəfi məzmuna malikdir. Bu anlayış ətraf aləmin predmet və hadisələrinin ayrı-ayrı şəxslər və bütövlükdə  cəmiyyət üçün əhəmiyyətinin dərki ilə bağlıdır. Tarixən həmin münasibətin necə olmasından asılı olaraq, dəyər haqqında fəlsəfi fikir formalaşıb. Konkret olaraq, o, insanın dünyagörüşünün xüsusi istiqamətidir və daha çox onun praktik fəaliyyətinin məzmununa aiddir. Bu bağlılıqda yunan  filosofu Protaqorun “İnsan bütün əşyaların ölçüsüdür” tezisi olduqca maraqlıdır. Yəni hər bir dəyərin məzmunu və mənası birbaşa insan amilinə bağlıdır, onun maraqlarına və ehtiyaclarına xidmət edir. Burada dəyərlə təhsilin nə qədər vahid həlqədə olduğu isbat olunur. İnsan kimdirsə, onu  mənəvi-psixoloji qatda yaradan dəyərlər də odur,  həm də dəyərlərin transformasiya olunduğu  təhsil də həmin  mahiyyəti daşıyır. Bu kontekstdə  Kanta görə, dəyərlər iradəyə ünvanlanmış tələb, insan qarşısında duran məqsədlərdir, bu və ya başqa faktorların şəxs üçün əhəmiyyətidir.

 

Təhsildə dəyərlər üçün ? işarəsi
Səviyyələrinə görə, dəyərlər təsnifatlandırılır. Onları şəxsi, sosial qrupların dəyərlərinə, milli və ümumbəşəri dəyərlərə ayırmaq olar. Bu təsnifatda dəyərin hansı yerdə durmasından asılı olmayaraq  dəyəryaratma funksiyasını təhsil yerinə yetirir. İstər şəxsi olsun, istər ümumbəşəri.

Təhsildə dəyərlər anlayışı ilə bağlı bu qısa fəlsəfi arayışda əslində təhsilin dəyər funksiyasına qismən nəzər salmaqla yanaşı, məqsəd bu ruhda ictimai müzakirələrə başlamaqdır. Biz yeni tədris  ilində “Təhsildə dəyərlər” kontesktində nələləri düşünürük? Bu sual yeni düşüncə və polemikanın həm də açar işarəsidir.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

one × three =