Tahir Mirkişili: Qafqaz “ermənilərin” yaşadığı tarixi məkan deyil -TARİXİ FAKTLAR VAR… (MÜSAHİBƏ)

0

Cümhuriyyətin yaranması və onun fəaliyyəti xalqın dövlətçilik ənənələrinin bərpasına və milli mənlik şüurunun inkişafına böyük təsir göstərmişdir.Bu gün də Azərbaycanın mənəvi gücü, qüdrəti məhz Cümhuriyyət dövründəki ideyalara söykənir. İrəvan xanlığı Azərbaycanın ərazisidir və bunu sübut etməyə ehtiyac yoxdur, çünki yetərincə tarixi sənədlər var. Ermənilərin antropoloji cəhətdən də Qafqaz xalqı olmadığı müəyyənləşib. Qafqaz ermənilərin yaşadığı tarixi məkan deyil. Azərbaycanı sevərək cümhuriyyəti quranların könüllü olaraq İrəvan xanlığını ermənilərə güzəştə getməsi real görünmür. Bu fikirləri Millixəbər.az -a müsahibəsində Milli Məclisin deputatı Tahir Mirkişili deyib.

28 May Azərbaycan tarixində şərəfli gün kimi qeyd olunur. İstərdik ki, bir millət vəkili olaraq Azərbaycan Xalq Cümhuriyyəti haqqında fikirlərinizi bölüşəsiniz.

– Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik və yeganə parlamentli respublika idi. Keçmiş Rusiya İmperiyasının dağıntıları içərisindən yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Avropa tərəfindən tanınmış yeganə müsəlman-türk respublikası kimi tarixə daxil oldu. Cümhuriyyətin yaranması və onun fəaliyyəti xalqın dövlətçilik ənənələrinin bərpasına və milli mənlik şüurunun inkişafına böyük təsir göstərmişdir. Həmin dövrdə ölkə həyatının bir çox sahələrində, o cümlədən müstəqil demokratik dövlət, milli mədəniyyət, milli təhsil, ordu quruculuğu, həmçinin ölkənin sosial-iqtisadi inkişafı və xarici iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətlərində ilk mühüm müstəqil addımlar atılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti tarixinə həmin dövrdə ölkədə milli iqtisadiyyatın və xarici iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətində də ilk müstəqil addımlar atılmışdır.

Azərbaycan xalqı həmişə güclü bir xalq olub. Tarixə baxanda görürük ki, biz kifayət qədər güclü və öz dövlətini quran xalqlardanıq. Bizim əcdadlırımızın qurduğu Səfəvilər dövlətinin ərazisi Əfqanistandan başlayıb İraqda bitirdi. Səfəvilər dövləti dağılandan sonra Azərbaycan xanlıqlara bölünsə də, yenə də dövlətçilik ənənələri olub, digər dövlətlərlə diplomatik əlaqələr qurub. Yəni ölkəmiz hər zaman hərbi və diplomatik qabiliyyətə malik dövlət kimi tanınıb. Gülüstan və Türkmənçay müqavilələrindən sonra da Azərbaycan dövlətçiliyini süqut etməsi xalqın ürəyində yenidən dövləti qurmaq arzularını silə bilməyib. 1918-ci il cümhuriyyətimizin yaradılmasını elan edən ziyalılarımız təbii ki, Azərbaycanda doğulmuşdular. Xaricdən gəlməmişdilər. Rusiya imperiyası işğalında olan Azərbaycanda doğulub, böyüyüb, boya-başa çatsalar da ürəklərində müstəqillik arzularını daim yaşatmışdılar. Qeyd edim ki, Azərbaycanın müstəqilliyi azərbaycanlıların arzusu kimi təzahür etmiş və bunun üçün həmçinin tarixi şərait yaranmışdı. Rusiya imperiyasının dağılması, zəifləməsi Cənubi Qafqazda Azərbaycanın müstəqil ölkə kimi tanınmasına şərait yaratmışdı. Tarixi şərait, xalqın uzunmüddətli arzusu və vətənpərvər ziyalıların olması faktı Cümhuriyyətin yaranması üçün təkan vermişdi. Cümhuriyyət dövrü qısa olsa da, bu qısa dövr ərzində Azərbaycan çox iş gördü. Birincisi, Azərbaycan öz bayrağını ucaltdı. Sonradan Ulu Öndər Heydər Əliyev tərəfindən Naxçıvanda qaldırılan həmən bayraqla biz sübut etdik ki, uzun illər keçsə də, biz daim ürəyimizdə saxladığımız müstəqillik arzumuzu gerçəkləşdirməyə qadirik. Cümhuriyyət dövründə Azərbaycanın ordusu yarandı. Həmçinin milli mədəniyyətimizin inkişafında mühüm işlər görüldü. Yazı mətbuatının inkişafında xeyli uğurlar əldə edildi. Yəni bu, qısa dövr olsa da, Azərbaycan üçün əhəmiyyətli bir tarixdir.

Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi tanınır. Həm fəlsəfi, həm hərbi, həm siyasi cəhətdən və bütövlükdə Azərbaycanın cəmi iki il ərzində göstərdiyi şücaət sonrakı yüz il ərzində Azərbaycan xalqının taleyini müəyyən etdi. Bu gün də Azərbaycanın mənəvi gücü, qüdrəti məhz Cümhuriyyət dövründəki ideyalara söykənir. O zamanlar əsas məqsəd o idi ki, Azərbaycan dövlətini dünya ictimaiyyəti tanısın, Azərbaycanın imzası imzalar içində olsun. Azərbaycanın müstəqil ordusu olsun. Azərbaycan suveren olsun. Azərbaycanın ərazi bütövlüyü tanınsın. Bütün bu arzular məhz o dövrdə qoyulmuş məqsəd və arzular idi. Bu gün Azərbaycan ,artıq, güclüdür .Azərbaycanın imzası imzalar içində var. Müstəqilliyimiz dönməzdir. Dünya ictimaiyyəti ərazi bütövlüyümüzü tanıyır. Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik edib. Azərbaycanın iqtisadi gücü kifayət qədərdir. Biz regionda ən müstəqil siyasət aparan ölkəyik. Heç kimdən asılacağımız yoxdur. Ordumuzun dünyanın ən güclü 50 ordusu sırasındadır. Bütün bunlar hamısı Azərbaycanın gücü, qüdrətidir.

 

Cümhuriyyət və indiki dövrlə bağlı geniş şərhinizə görə təşəkkür edirəm. İstərdim ki, öz sahənizlə bağlı sual ünvanlayım: cümhuriyyət dövründə Azərbaycanın iqtisadiyyatını şərh edəsiniz.

Mövcud olduğu 23 ay ərzində AXC bir sıra cari təsərrüfat məsələlərinin həllində böyük uğurlar qazandı. Neft sənayesi ağır vəziyyətdən çıxarıldı, dağıdılmış Bakı-Batum neft kəməri bərpa olundu, Bakı-Culfa dəmir yolu inşa edildi, Kür çayı üzərində körpü salındı, maarif və mədəniyyət, xaricdə yüksək ixtisaslı milli kadrlar hazırlanması sahəsində işlər yoluna qoyuldu. Azərbaycan Dövlət Bankı yaradıldı, milli pul nişanları buraxıldı, Xəzər dəniz gəmiçiliyi inkişaf etdirildi, Bakı Universiteti və bir çox ibtidai məktəblər açıldı.

-O dövrdə iqtisadiyyatın əsasını neft sənayesi təşkil edirdi. Azərbaycan Potidə- Qara dəniz sahilində ticarət nümayəndəliyi yaratmışdı. Bakının bir hissəsinin ingilislər tərəfindən işğal olunması da tarixi hadisə idi. Bazar iqtisadiyyatının öndə olmasını qeyd etməliyik. Cümhuriyyət rəsmi olaraq tanınmırdı. Buna yalnız 20-ci illərin əvvəllərində nail ola bilmişdilər. İki il iqtisadiyyatın inkişafı üçün çox qısa müddətdir. Tanınmaq lazım idi. İnan qazanmaq lazım idi. Parlamentin qanunlarının siyahısına baxsaq, orda iqtisadiyyatla bağlı kifayət qədər qanunlar var. Bu, həm milli valyutanın, həm və dövlət təşkilatlarının formalaşması ilə bağlı idi. -Milli əskinaslar vardı. -Bəli, müstəqil dövlətin atributu kimi milli pul vahidinin buraxılması AXC-nin maliyyə siyasətinin mühüm tərkib hissəsi idi. 1918-ci ilin əvvəlindən Bakıda yeni kağız pullar-“Bakı bonları” buraxıldı (o vaxtadək “Nikolay” pulları və “Kerenski” pul vahidləri işlənirdi). Milli pul vahidinin möhkəmləndirilməsi, onun alıcılıq qabiliyyətinin qorunub saxlanması hökumətin iqtisadi siyasətinin əsas qayğısı oldu. Çünki AXC-nin milli valyutası inflyasiya şəraitində dövriyyəyə buraxılmışdı.

-Azərbaycan Xalq Cümhuriyyəti dövründə Ermənistanın yaradılması ilə bağlı fikriniz nədir?

Ermənistan məsələsinə lokal mövqedən baxmaq düzgün deyil. Çünki XX əsrin əvvəllərində ermənilər xarici havadarlarının böyük dəstəyi ilə öz məsələlərini beynəlxalq səviyyədə müzakirə olunmaq səviyyəsinə qaldırmağı bacardılar və özlərini müxtəlif dövlətlər tərəfindən “istifadəyə acıq” elan etdilər. Bunun da nəticəsində xarici qüvvələrin dəstəyi ilə dövlət qurmağa nail oldular. Osmanlı imperiyasında baş verən hadisələrdən ermənilərin istifadə etməsi, onların qurduğu məkrli planlar, 1-ci dünya müharibəsinin nəticələrinin müzakirələri arasında erməni mövzusunun da olması Ermənistan adlı dövlərin qurulması ilə nəticələndi. İlkin planlarda Ermənistanın Qafqazda deyil, indi Türkiyə ərazisində yaranması planlaşdırılırdı. Onların tarxən məskunlaşdığı ərazilər də Türkiyənin cənub-şərqi və Suriya-İraqın ərazisinə düşür. Onların Qafqazda məskunlaşması sırf Rusiya-Türkiyə və Rusiya-İran müharibələri ilə bağlı olmuşdur. Ermənilərin antropoloji cəhətdən də Qafqaz xalqı olmadığı müəyyənləşib. Ancaq Rusiya imperiyasının sürətli çöküşü Ermənistanın Qafqazda yaranması üçün münbir şərait yaratdı. Təəssüf ki, Ermənistan Azərbaycan torpaqları üzərində quruldu. İrəvan xanlığı tarixi Azərbaycan ərazisidir.

-Bəli. Bütövlükdə, Qafqaz ermənilərin yaşadığı tarixi məkan deyil. Oralar Azərbaycan türklərinin ərazisidir. Aydın məsələdir ki, İrəvan xanlığı Azərbaycanın ərazisidir və bunu sübut etməyə ehtiyac yoxdur, çünki yetərincə tarixi sənədlər var.Şəkillər var. Fotolar var. Statistika var. Sadəcə, mən belə düşünürəm ki, yəqin ki, Azərbaycan Cümhuriyyətini quranlar beynəlxalq güclərin təzyiqi ilə məcburən İrəvanın Ermənistanın paytaxtı olmasına razılaşmışdı.Azərbaycanı sevərək cümhuriyyəti quranların könüllü olaraq İrəvan xanlığını ermənilərə güzəştə getməsi real görünmür. Böyük ehtimal, o zamankı tarixi şərait, AXC-nin beynəlxaq güclər tərəfindən tanınması zərurəti belə bir addımın atılmasını məcbur etmişdir.  Amma tarix göstərdi ki, bu qərar Azərbaycan xalqının taleyində böyük faciələrin yaşanmasına yol açdı.

 

Son vaxtlar gənclər 28 May Respublika günü ilə müstəqillik günü tarixini səhv salır. Buna münasibətiniz necədir? Hansıaddımlar atılmalıdır?

– Tarixi bilmək lazımdır. Tarixi unutmaq olmaz. Əgər gələcəkdə daha sağlam, daha müstəqil, daha inkişaf etmiş bir dövlət qurmaq istəyiriksə, tariximizi bilməliyik. Təcrübə göstərir ki, başımıza gələn faciələrin böyük əksəriyyəti bizim keçmişdən dərs götürməməyimiz üzündən olmuşdur. Bir çox hallarda unutqanlığımız, səthi yanaşmamız gələcəkdə Azərbaycanın qarşısında böyük çətinliklər yarada bilər. Gənclər bunu bilməlidirlər. Gənclər Azərbaycanın gələcəyidir. Onların tarixi bilməmələri Azərbaycan üçün böyük riskdir. İndi informasiya əsridir. İnformasiya bollğu içində yaşamaq gənclərin önündə mühüm çağırış qoyur: informasiyanı tarixi faktdan ayıra bilmək və tarixi fatkları dərində bilmək, unutmamaq. Düşmənlərimizlə, dostlarımızla bağlı tarixi faktları bilməliyik. Tarixi bilmədən gələcəkdə uğur əldə etmək qeyri-mümkündür.

Millixəbər.az: Zamin Zeynal, Nicat Abbas 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

20 + 14 =