Tanınmış mama-ginekoloq Nərmin Manafova: “Hər on xəstədən üçündə infeksiya aşkarlayırıq”.

0

– Nərmin xanım, haradan hara gəldiniz?

– Azərbaycan Dövlət Tibb Universitetini bitirdikdən sonra dövlət xəstəxanasında və bir neçə özəl klinikada fəaliyyət göstərdim. 2010-cu ildən etibarən isə “Gömrük” hospitalında çalışmağa başlamışam. O vaxtdan bu yana çox şey dəyişib. Fəaliyyətə başlayandan üç-dörd il sonra artıq tam sərbəst bütün növ ginokolojik əməliyyatlar aparırdım. Hal-hazırda “Gömrük” hospitalında və “Bahçeci” qadın sağlamlıq mərkəzində fəaliyyətimi davam etdirirəm.

– Çalışdığınız müddət ərzində həkimlərin fəaliyyətində nə müşahidə etdiniz?

– Hər bir həkimin özünəməxsus müayinə və müalicə, eləcə də xəstələrlə davranış üsulu var. Ona görə də, heç kimin işi barədə fikir bildirmək düzgün olmaz.

– Bəs sizin müalicə üsulunuzu digərlərindən fərqləndirən cəhət nədir?

– Mənə müraciət edən pasientlərin çox olmasının səbəbi budur ki, mən onlara “pul kisəsi” kimi baxmıram. Onlar özləri də bunu hiss edib görürlər. Bu işə necə vicdanla yanaşdığımın dəfələrlə şahidi olublar. Ümumiyyətlə, hər bir xəstəyə ilk növbədə vicdanla yanaşmaq lazımdır. Onu əvvələcə psixoloji olaraq xəstə vəziyyətindən çıxartmaq lazımıdır. Bunun üçün də həkim mütləq xoş auraya sahib olmalı və pasientləri ilə yaxşı ünsiyyət qurmağı bacarmalıdır.

– Xaricdə keçirilən konfranslarda iştirak edirsinizmi?

– Bəli, mən Türkiyədə kurslar keçdiyim üçün konfranslara da orada qatılıram. Bundan başqa, Londonda da kurslara qatılmaq üçün hazırlaşdım. Çünki bəzən görürsünüz ki, pasientlərimizin arasında xarici vətəndaşlar da olur. Dil baxımından ünsiyyət qurmaqda problem yaranmaması üçün bu addımı atıram. Onu da deyim ki, həmin konfranslarda öyrəndiklərimizi ölkəmizdə də tətbiq edirik. Şükür Allaha ki, bizdə də tibb sahəsi çox inkişaf edib. Ölkəmizə Avropada istifadə olunan texniki vasitələr gətirilib və həkimlərimizin ixtiyarına verilib. Bu, çox sevindirici haldır.

– Ailəlisinizmi?
– Bəli, iki övladım var.

– Son zamanlarda xanımlar ən çox hansı xəstəliklərlə sizə müraciət edirlər?

– Mən deyərdim ki, hal-hazırda xanımlarda ən çox aşkarlanan cinsi yolla keçən infeksiyalardır. Bunun da başlıca səbəbi çoxpartnyorluqdur. Ona görə də xanımlara məsləhət görürəm ki, papsmer adlı testdən mütləq keçsinlər. Bu test vasitəsilə qadınlarda olan infeksiyaları vaxtında aşkarlamaq mümkündür. Çünki bu xəstəliyin əlamətləri olmur. Simptomsuz irəliləyir və nəticədə böyük fəsadlara gətirib çıxardır.

– Hətta “spid”ə qədər gedib çıxa bilərmi?

– “Spid” bizim ölkəmizdə bir o qədər də yayılmayıb. Amma qorunmasız cinsi əlaqə olarsa, bəli, sözügedən xəstəliyin də əmələ gəlməsi qaçılmazdır.

– Son zamanlar infeksiyaya yoluxan xəstələrin sayı ötən illərə nisbətdə nə qədərdir?

– İndi analizlər nəticəsində, demək olar ki, hər on xəstədən üçündə infeksiya aşkarlayırıq.

– Bu infeksiyaların sürətlə yayılmasında yediyimiz qidaların da təsiri varmı?

– Əlbəttə, var. Çünki qəbul etdiyimiz qidaların tərkibini tam olaraq bilmirik. Orqanizmdə hansı reaksiyaların getdiyindən xəbərsizik. Buna görə də, qəbul etdiyimiz keyfiyyətsiz qidalar nəticəsində orqanizmin immuniteti zəifləyir və bu cür infeksiyon xəstəliklərin yayılması sürətlənir.

– Bəs bu infeksiyalar qadın sonsuzluğuna öz təsirini göstərirmi?

– İndi biz çox nadir hallarda hansısa sonsuzluğu səbəbsiz adlandırırıq. Bu məsələdə əsasən sperma faktoru dayanır. Bundan başqa, qadının uşaqlığında və borularda problem ola bilər, yaxud da yumurta hüceyrləri keyfiyyətsiz ola bilər ki, bu da mayalanmaya mənfi təsir göstərə bilər. Eyni zamanda, haqqında danışdığımız infeksiyalar az da olsa, sonsuzluğa öz təsirini göstərir.

– Nərmin xanım, həkimlikdən başqa əlinizdən nə gəlir?

– Ümumiyyətlə, mən çox iddialı bir insanam. Nəyi bacarmıramsa, üstünə gedirəm. Məsələn, xizək sürməyi bilmirdim, amma öyrəndim (gülürük).

– İndiyə qədər nəyi əldə edə bilməmisiniz?

– Şükürlər olsun ki, indiyə qədər istədiklərimi əldə etmişəm. İnsan istəsə, hər şeyi əldə edə bilir. Bu baxımdan, mən heç nəyi özümə dərd etmirəm. Zamam gəlir, hər şey öz yerini tapır. Onda mənə heç nə sürpriz kimi görümmür.

– Hal-hazırda sizdən həkimliyin sirlərini öyrənmək istəyənlər varmı?

– Müraciət edənlər kifayət qədər var. Lakin mən deyirəm ki, bunun üçün çalışdığım idarə mənə icazə versə, problem yoxdur. Baxmayaraq ki, indiki zamanda içdən öyrətmək istəyən həkim tapmaq bir az müşkül məsələdir, amma mən canla-başla bu işə qol qoymağa hazıram (gülür).

– Son zamanlar dəb halını alan keysəriyyə əməliyatı bardə fikirləriniz nədir?

– Bu əməliyyat növündən indi hamilə xanımlarım səksən faizi istifadə edir. Başlıca səbəbi isə doğuş sancılarını çəkməmək üçündür. Amma mən bütün pasientlərimə məsləhət görürəm ki, orqanizmə faydalı olmaq baxımından təbii doğuş keçirtsinlər.

– Ümumiyyətlə, xanımlar bəzən qeysəriyyə əməliyyatını ona görə etdirirlər ki, doğuşdan sonra bədən quruluşları pozulmasın. Bu, nə dərəcədə doğru fikirdir?

– Bu, tamamilə yalnış düşüncədir. Çünki bir xanım hamilə vaxtı düzgün qidalanarsa, doğuş onun bədən quruluşuna bir o qədər də təsir etməz. Bundan əlavə, doğuşdan sonra da bədən quruluşunu idman vasitəsilə bərpa edib əvvəlki vəziyyətə qaytarmaq mümkündür.

– Bir həkim olaraq, nəyə “yox” deyə bilmirsiniz?

– Mənim yanıma xəstə gəlib deyəndə ki, imkanım yoxdur, bax ona “yox” sözünü deyı bilmirəm. Bacarığım qədər həmim insanlara təmənnasız xidmət göstərməyə çalışıram.

– İndiyə qədər ən yadda qalan pasientiniz hansı olub?

– Belə hallar çox olub. Amma yaxşı yadımdadır, bir xanım əkiz uşaq dünyaya gətirəcəkdi. Onu qeysəriyyə əməliyyatı edirdim. Bu əməliyyatı normalda otuz dəqiqəyə bitirirəm, amma bu xanımda qanama oldu, əməliyyat iki saat davam etdi. Düzdür, hər şey yaxşı qurtardı. Lakin həmin an yaşadığım stressi hələ də unuda bilmirəm.

– Bir ginekoloq olaraq, xanımlara sağlam yaşamaqları üçün hansı məsləhətləri görürsünüz?

– İlk növbədə, daxili orqanlar ultrasəs müayinəsindən keçməlidir. Genokoloji müayinə ya güzgü ilə, ya da ultrasəslə olunsun. Süd vəzisi 40 yaşa qədər ultrasəs müayinəsi vasitəsilə yoxlanısın. Qırx yaşdan sonra isə mamaqrafiya məsləhət görülür. Bir də ki, papsmer dediyimiz testdən mütləq keçilmələlidir. Ən əsası, sadaladığım müayinənin hər biri ən azından ildə bir dəfə yerinə yetirilməlidir.

– Mənim ağlıma gəlməzdi ki,.. ardını siz tamamlayın.

– Mənim ağlıma gəlməzdi ki, bu qədər yükü öz üzərimə götürə bilərəm.

Söhbətləşdi: Cavidan Abdullayev, Nicat Ülfətoğlu


Ginekoloq/Cərrah, Laparoskopist Nərmin Kamilqızı Tel:+994 51 990 00 05 Ünvan: Mərkəzi Gömrük Hospitalı,”Bahceci”qadın sağlamlıq mərkəzi

facebook:Nərmin Kamilqızı

İnstagram: dr.nerminkamilqizi

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

4 + ten =