Teleradio Şurasından telekanallara sərt TƏNQİD: Dil normalarının pozulması, aparıcıların şitliyi…

0

“Azərbaycanda bu gün ümumrespublika yayımçısı olan 13 radio, 3 regional radio, ümumrespublika yayımçısı olan 11 televiziya, 3 peyk yayımcısı, 13 regional televiziya, 17 kabel televiziyası, 24 İP televiziyası, ümumilikdə 90-a yaxın teleradio yayımçısı fəaliyyət göstərir”.

Millixəbər.az xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurası (MTRŞ) sədrinin müavini, tarix elmləri doktoru, Əməkdar jurnalist Qafar Cəbiyev “Xalq qəzeti”ndə dərc olunan məqaləsində bildirib.

Onun sözlərinə görə, insanları maarifləndirən, məlumatlandıran, onları düşündürən və həm də əyləndirən bu nəhəng infrastrukturda 10 min nəfərdən çox mütəxəssis çalışır. Bu yolla da Azərbaycan həqiqətləri dünyaya, dünya reallıqları isə Azərbaycan insanına çatdırırlır.

Q.Cəbiyev bildirib ki, maddi durumunu yaxşılaşdırmaq və milli teleseriallar çəkmək məqsədi ilə 2012, 2013 və 2017-ci illərdə ölkə Prezidentinin xüsusi sərəncamları ilə telekanallara böyük məbləğdə yardımlar ayrılıb. Onlarca əməkdaşa dövlət başçısının sərəncamları ilə orden, medal və fəxri adlar verilib, ehtiyacı olanlar mənzillərlə təmin olunub.

“Məmnunluq hissi ilə deyə bilərik ki, bu gün Azərbaycanda fəaliyyət göstərən radio və televiziya kanallarının demək olar ki, əksəriyyəti həm texniki baxımdan, həm də əməkdaşlarının peşəkarlıq səviyyəsi baxımından tamaşaçı və dinləyici auditoriyasını tam mənada qane edə biləcək keyfiyyətli məhsul istehsal etməyə qadirdir. Amma əfsuslar olsun ki, Teleradio Şurası tərəfindən aparılan monitorinqlər, habelə tamaşaçı və dinləyici müraciətləri, ən başlıcası isə cəmiyyətdə formalaşmış ictimai rəy ölkənin teleradio “mətbəxində” işlərin heç də tam qaydasında olmadığından xəbər verir”.

MTRŞ sədrinin müavini deyib ki, insanları daha çox narahat edən məsələlərdən biri, efirdə rəsmi dövlət dili olan Azərbaycan dilinin leksik və qrammatik normalarının aparıcılar tərəfindən tez-tez, həm də kobud surətdə pozulmasıdır.

“Bu sahədə vəziyyəti yaxşılaşdırmaq məqsədi ilə hələ 2012-ci ildən başlayaraq Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Elektron Mediyaya Yardım Fondu İctimai Birliyinin layihələri əsasında davamlı olaraq teleradio yayımçılarının monitorinqləri aparılmış, Nəsimi adına Dilçilik İnstitutu və BDU-nun dilçilik kafedralarının əməkdaşları tərəfindən aşkar edilmiş pozuntu faktları medianın iştirakı ilə Teleradio Şurası tərəfindən geniş müzakirə olunmuşdur. Ədalət naminə deməliyik ki, bütün bunların nəticəsi olaraq efirdə Azərbaycan dilinin leksik və qrammatik normalarına əməl olunması istiqamətində hissolunacaq dərəcədə irəliləyişə nail olunmuşdur. Lakin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilinin saflığının və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzalamış olduğu 1 noyabr 2018-ci il tarixli fərmanda qeyd olunduğu kimi, “Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilmişdir. Bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmaması dil pozuntularının azadılması və aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə imkan vermir”. Prezident fərmanında dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında “Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaradılması nəzərdə tutulur”.

Q.Cəbiyev Azərbaycan efirində geniş yer alan şou xarakterli verilişlərə də toxunub:

“Təbiidir ki, tamaşaçı da şoulara əylənmək və sinirlərini sakitləşdirmək məqsədilə baxır. Lakin bəzi efir aparıcılarının şitliyi, müştəbehliyi, qoyulan mövzuların bəsitliyi və primitivliyi ucbatından tamaşaçı efirdən nəinki istədiyi zövqü ala bilmir, üstəlik ya əsəbiləşir, yaxud da yad və bayağı təsirlərə məruz qalır. Etiraf edək ki, uğurlu seçim olmayan bəzi teleaparıcılar bu gün, sözün tam mənasında, efirimizin çox ciddi probleminə çevrilib. Nədənsə teleradio qurumlarının rəhbərləri insanların gözünü qabar etmiş olan bu cür başabəla aparıcılardan əl çəkmək istəmirlər. Məgər onları daha bacarıqlı, daha istedadlı və daha peşəkar insanlarla əvəz etmək olmaz?! Yəni, atalar demişkən “xoruz olmasa, sabah açılmayacaq?!” Son vaxtlar bəzi telekanallarda sosial şəbəkələrin populyarlaşdırdığı, əslində isə əxlaqi və psixi durumunda problemləri olan insanlar üzərində şoular qurması, cəmiyyətimiz və mənəviyyatımız üçün əsla səciyyəvi olmayan tək-tək halların daha da şişirdilərək əcayib tərzdə tamaşaçıya təqdim olunması da çox ciddi ictimai narazılıq doğrurur”.

MTRŞ sədrinin müavini bildirib ki, son vaxtlar şou-biznes əhlinə məxsus dəbdəbəli evlərin, villaların və maşınların reklamı maqazin proqramlarının başlıca mövzusuna çevrilib.

“Açıq demək lazımdır ki, bu cür sifarişli verilişlər əksər hallarda cəmiyyət tərəfindən ikrah hissi ilə qarşılanır. Yəni, insanlar çox yaxşı bilirlər ki, alın təri ilə qazanılmış pullarla bu cür – ifrat dəbdəbə sahibi olmaq qeyri-mümkündür. İşi, vəzifəsi, qabiliyyəti, aylıq məvacibi və qazancı hər kəsə bəlli olan bəzi üzdəniraq “sənətçilərin” mənbəyi məlum olmayan pullar hesabına qurduğu hər cür dəbdəbəli həyat şəraiti başqaları üçün örnək kimi təbliğ oluna bilməz. Əksinə, əyri yollarla əldə olunmuş bahalı maşınları, oğurluq pullarla ucaldılmış dəbdəbəli villa və imarətləri təbliğ etməyin özü halal zəhmətlə dolanan vicdanlı insanlara qarşı hörmətsizlikdir. Bu cür üzdəniraq təbliğat nəticə etibarı ilə gənclərin əxlaqını pozur, xüsusən də onların peşə seçimində səhvə yol vermələrinə gətirib çıxarır. Bununla da ölkənin və millətin gələcəyi üçün əlavə problemlər yaratmış oluruq”.

Q.Cəbiyev telekanalların xəbər siyasətini də tənqid edib:

“Etiraf edək ki, xəbər xidmətinin düzgün və səmərəli təşkili bütün dövrlərdə teleradio yayımçıları üçün prioritet istiqamət olub. Bu sahədə fəaliyyətini lazimı səviyyədə qura bilməyən yayımçılar heç zaman ciddi uğur qazana bilməyib və bundan sonra da qazanmayacaqlar. İndiki halda xəbərlər xidmətinin təşkili ilə bağlı əsas diqqət çəkən məqamlardan biri ayrı-ayrı yayımçıların sosial şəbəkələrin və bir para qeyri-ciddi saytların yoxlanılmamış informasiyalarının təsir dairəsindən çıxa bilməməsidir. Çox vaxt təqdim olunan xəbərlərin əhatə dairəsi ölkəmizin coğrafiyasını yetərincə əhatə etmir. Mərkəzdən nisbətən uzaq rayonların ictimai-siyasi və mədəni həyatına dair xəbərlər efirlərdə çox nadir hallarda yer alır. Bəzi telekanalların efirinin cəmiyyət üçün o qədər də önəmli olmayan kriminogen xəbərlərlə daha çox yüklənməsi də arzuolunmaz hal kimi dəyərləndirilməlidir. Azərbaycanın sürətli və hərtərəfli inkişafı ilə paralel olaraq ölkə əhalisinin, yəni tamaşaçı və dinləyici auditoriyasının mədəni səviyyəsi və məlumatlılıq dərəcəsi də günbəgün artmaqdadır. İnsanlar evlərində oturub çox rahat şəkildə ölkə telekanalları ilə yanaşı, yüzdən çox xarici ölkə telekanalının verilişlərini izləmək imkanına malikdir. Ədalət naminə onu da deyək ki, ölkə telekanallarının bu cür kəskin rəqabət şəraitində işləməklə geniş tamaşaçı auditoriyasını bütünlüklə məmnun etməsi o qədər də asan iş deyildir. İndiki dönəmdə ölkəmizdə televiziya və radio yayımının uğurları, problemləri və bu sahədə qarşıda duran vəzifələr barəsində çox danışmaq, çox yazmaq olar. Lakin bütün hallarda obyektivlik naminə nə uğurlarımızı şişirtməyin, nə də ki, problemləri bilərəkdən dramatikləşdirməyin tərəfdarıyam. Unutmamalıyıq ki, biz Azərbaycan cəmiyyətində yaşayırıq. O cəmiyyətdə ki, onun həm uğurları çoxdur, həm də problemləri. Özümüzün, ailəmizin, dostlarımızın, həmkarlarımızın, bütövlükdə cəmiyyətin hər bir üzvünün daimi təmasda olduğu televiziya və ragio da, əslində, uğurları və problemləri özündə əks etdirən güzgüyə bənzəyir. Yəni, biz özümüz necəyiksə, güzgüdəki əksimiz də elədir. Odur ki, elə yaşamaq, elə işləmək, elə düşünmək, elə davranmaq və nəhayət, elə mübarizə aparmaq lazımdır ki, özümüzü və əməllərimizi ekranda görəndə qıcıqlanmayaq”.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

13 + six =