Teyyubə Hüseynova:”Heydər Əliyev müasir Azərbaycan  dövlətinin qurucusu, xalqın ən böyük təəssübkeşi və öndəridir”

0
Ulu öndər Heydər Əliyev Azərbaycan təhsilinin milli əsaslar üzərində çağdaş dünya sisteminə inteqrasiyasını başlıca vəzifə kimi aktuallaşdırdı.
Millixəbər.az sayıtının əməkdaşları Ulu Öndər Heydər Əliyevin 96-ci ildönümü ilə bağlı “Heydər Əliyev qəlbimizdə, yaddaşımızda”mövzusunda  Abşeron rayonu YAP Qadınlar Şurasının sədri, Əməkdar müəllim, Abşeron rayonu Saray Qəsəbə 3 saylı Tam Orta Məktəbinin direktoru Teyyubə Hüseynova ilə həmsöhbət olublar.
– Teyyubə xanım, Azərbaycan vətəndaşı olaraq Ulu öndər Heydər Əliyev haqqında nə qədər danışsaq, əsərlər yazsaq, sənədli filmlər çəksək yenə də yetərli olmadığını düşünürük. Onun həyat yolu,  ölkənin müstəqilliyi uğrunda yürütdüyü  siyasəti və.s haqqında hər bir Azərbaycan vətəndaşı bilməlidir. Biz də media  olaraq bu istiqamətdə maarifləndirmə fəaliyyətimizi davam etdirməyə borcluyuq.
Bildiyimiz kimi Ulu öndərimiz hər sahədən xəbərdar, geniş məlumatlı bir siyasətçi idi. Bütün peşə sahibləri ilə onların “öz dilində” danışmağı bacarırdı. İstərdik ki, sizin sahəniz olan təhsilə Heydər Əliyevin diqqət və qayğısından danışasınız.
– Dahi   şəxsiyyət, Milli   iftixarımız, Azərbaycan   xalqının   böyük  oğlu, ümummilli   lider  H.Əliyev   dövrümüzün   siyasət nəhənglərindən   biri  kimi   müasir    dünya   tarixində   əbədiyaşarlıq  haqqı  qazanmışdır. Azərbaycanlılar   üçün  o  müasir  Azərbaycan  dövlətinin  qurucusu, xalqın  ən   böyük   təəssübkeşi   və  öndəridir. Qüdrətli  şəxsiyyəti  ilə   seçilən   qeyri-adi  siyasi   istedada   malik   Ulu  öndəri  xalqına   bağlayan  tellər   polad  kimi   möhkəm  idi.  Ona   dərin   hörmət   bəsləyən  , onu   rəhbər, ata, baba   kimi   böyük   məhəbbətlə   sevən , onun   xidmətlərinin   dəyərini   anlayan   hər   bir   azərbaycanlı   ümummilli   lider   H.Əliyevi   məhəbbət   və  ehtiramla  yad  edir   və  xatirəsini   əziz  tutur.  H.Əliyev  öz  əməlləri  ilə,  öz   fəaliyyəti  ilə   tarix   yaradan   nadir  şəxsiyyətlərdəndir.  Onun  yaratdığı  tarix  Azərbaycanın   ən  şərəfli, ən  şanlı   tarix   salnaməsidir. H.Əliyev   haqqında   düşünərkən,  onun  haqqında  danışarkən  o,   böyük  şəxsiyyətin   özü   haqqında   söylədiyi   bir   fikir  onun  şəxsiyyətinin   parlaqlığına  ən   gözəl   nümunədir.  O,  özü  haqqında   deyirdi:
“ Mən  balaca   bir  evdə, zəhmətkeş   ailəsində,  bir   yaz  günündə   dünyaya   göz    açmışam. Anadan  olanda  yəqin  ki,  beş-on,  uzağı   otuz-qırx  nəfər   sevinib. İndi   bəlkə   də  qeyri-təvazökar   səslənsə   də  deməliyəm  ki,   anam   məni   bütövlükdə   Azərbaycanımız   üçün  dünyaya   gətirib. Doğma  canım,  varlığım   qədər   sevdiyim   Azərbaycan  mənim  qibləgahımdır. Bütün  şüurlu   ömrümü  də  onun işıqlı   sabahları   uğrunda   qurban  verməyə   hazıram .”
Ulu öndər xalqın təkidi ilə hakimiyyətə gəldikdən sonra 1970-1980-ci illərdə respublikada formalaşdırılmış zəngin elmi-intellektual potensiala istinad edərək özünün təkmil-təhsil konsepsiyasını irəli sürdü, milli tərəqqi baxımından strateji əhəmiyyət daşıyan bu sahənin problemlərini xüsusi diqqət mərkəzində saxladı.
Elm sahəsində hökm sürən tənəzzülün qarşısı alındı, təhsilin öz məcrasına düşməsi, inkişafı üçün əlverişli-iqtisadi şərait, hüquqi və mənəvi əxlaqi mühit formalaşdırdı.
Bu böyük şəxsiyyətin müstəqil Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri, eyni zamanda ciddi təmələ əsaslanmaqla həyata keçirdiyi fəal maarifçilik siyasətində parlaq surətdə təcəssümünü tapdı. Ulu öndər Heydər Əliyev Azərbaycan təhsilinin milli əsaslar üzərində çağdaş dünya sisteminə inteqrasiyasını başlıca  vəzifə kimi aktuallaşdırdı. Elm, təhsil sahəsində mütərəqqi islahatları ardıcıllıqla həyata keçirdi.  Ümumilli Liderin təhsil konsepsiyasının əsas qayəsini müstəqilliyin daha da möhkəmləndirilməsi, demokratik və hüquqi cəmiyyət quruculuğu prosesinin yüksək dinomizmlə həyata keçirilməsi dövlətin iqtisadi potensialının gücləndirilməsi kimi prinsiplər təşkil etmişdir.
Zaman  sübut  edir  ki,  hər  bir  xalqın  vahid  məqsədlər  uğrunda  toparlanması  üçün  zəruri  olan  milli  ideologiya  da  böyük  siyasi  liderlərin  dövlətçilik  konsepsiyasında  real  əsaslarını  tapır. Ulu  öndər  Heydər  Əliyev  müstəqil  Azərbaycana  rəhbərlik  etdiyi  dövrdə  tarixi  ənənə  və  təməl  üzərində  milli  ideologiyanın  formalaşması  və  inkişafı  naminə  misilsiz  xidmətlər  göstərmiş,  milli  düşüncənin  düzgün  məcrada  inkişafına  nail  olmuş,  xalqa  məxsus  ənənə  və  dəyərlər  sistemini  qloballaşmanın  sərt  təsirlərindən  qorumağı  bacarmışdır.
Heydər Əliyevin təhsil haqqında fikirlərindən danışarkən, onun hələ Azərbaycan mərkəzi kommunist partiyasının birinci katibi vəzifəsində çalışarkən Azərbaycan təhsilinə verdiyi böyük önəmdən də söhbət açmaq istəyirəm. Heydər Əliyevin çox gözəl deyimi var: “İnsan elmin əsasını orta məktəbdə öyrənir”. Həqiqətən də o orta təhsilə böyük önəm verirdi və 1980-ci illərdə ali təhsil aldığım zamanlarda Ulu öndərin şüarları divarları bəzəyirdi. “Bilik yeganə meyardır.”
Bəli.  Heydər Əliyev bilikli gənclərin yetişməsi üçün hər cür şərait yaradır, hər şeydən öncə təhsilə önəm verirdi. O gənclərə tövsiyyə edirdi ki, Azərbaycan gəncləri Şekspiri ingilis dilində, Puşkini rus dilində, Nizamini Azərbaycan dilində oxuya bilsin.
Eyni zamanda Heydər Əliyev Azərbaycanda hərbi kadrların yetişdirilməsi üçün 1971-ci onun açdığı C. Naxçıvanski adına hərbi məktəb bəlkə də Heydər Əliyevin Azərbaycan xalqına etdiyi ən gözəl, ən ali xidmətidir. Onun sayəsində bu gün artıq hərbi kadrlar yetişir. O zamanlar Azərbaycanda alim və elm xadimlərinə göstərdiyi xüsusi diqqəti də çox böyük savadlı nəsil yetişməsinə səbəb olmuşdur və həmin savadlı nəslin də köməkliyi ilə Azərbaycan müstəqillik qazana bildi.
– Bəs hazırda yetişməkdə olan, orta məktəblərdə təhsil alan şagirdlərə Ulu öndərimizin təbliği yönümündə hansı islahatlar həyata keçirirsiniz?
– Sizin də yuxarıda qeyd etdiyiniz kimi Heydər Əliyev haqqında nələri etsək azdır. Bu məqsədlə biz hələ 2008-ci ildə məktəbimizdə Heydər Əliyev tədris otağını yaratmışıq. Bu otaqda Heydər Əliyevə aid sənədli filmlər, kitablar və.s toplanmışdır. Bundan əlavə bizdə tədris ili boyunca, cədvəl üzrə Heydər Əliyev dərsləri keçirilir. Heydər Əliyev adına müsabiqələr təşkil edirik həmin otaqda və tez-tez H. Əliyevə həsr olunmuş şeir, inşa, mahnı, rəsm müsabiqələri keçiririk.
Sevindirici haldır ki, şagirdlər də Heydər Əliyevi öyrənmək istiqamətində böyük həvəs, maraq göstərir və bunu özlərinə fəxr hissi duyurlar.
– Teyyubə xanım,  Abşeron rayonu YAP Qadınlar Şurasının sədri olaraq da çalışırsınız. Ulu Öndərimizin qadınların ictimai-siyasi fəaliyyəti yönümündə xidmətləri haqqında nələri danışmaq istərdiniz?
– Ümumilli Lider Heydər Əliyev qadınların cəmiyyətdəki rolu ilə bağlı siyasətin səmərəli şəkildə həyata keçirilməsinə, onların dövlət quruculuğunda, iqtisadiyyat, elm, mədəniyyət, təhsil, səhiyyə, idmanda geniş təmsil olunmasına müstəsna əhəmiyyət göstərirdi. O Azərbaycan qadınının fəaliyyətinə yüksək qiymət verərək deyirdi ki, “əsrlər boyu Azərbaycan qadınının üzərinə böyük zəhmətlər düşmüşdür. O zəhmətləri də qadınlar həmişə böyük mərdlik və cəsarətlə çəkmiş, bu zəhmətdən heç vaxt inciməmişdir. Lakin, o qadınlar əsrlərcə bir çox hüquqlardan məhrum olmuşlar. Bu gün isə Azərbaycan qadını cəmiyyətin bərabərhüquqlu üzvüdür, o öz dövlətini, xalqını bütün dünyada ləyaqətlə təmsil etməyə qadirdir. Elə bu siyasətin nəticəsi olaraq bu gün qadınlar  təkcə respublikamızda deyil, ölkə hüdudlarından kənarda da yaxşı tanınır, Azərbaycan həqiqətlərini dünyaya çatdıra bilirlər.
Bu gün Azərbaycan qadını haqqında danışarkən ilk öncə gözümün önünə Ulu öndər həyatının bəzəyi olan, bütün qadınlara nümunə ola biləcək bir qadın gəlir. O qadın ki, onun payına həm dövlət xadiminin qızı olmaq, həm dövlət xadiminin həyat yoldaşı olmaq, həm də dövlət xadiminin anası olmaq şərəfi düşmüşdür. Zərifə xanımı Bəxtiyar Vahabzadənin ona həsr etdiyi  misralarla ilə xatırlamaq istəyirəm.
“Aslan tək yaşadın, aslan yanında,
Mərdliyin səbəbi, mərddən sorulmaz.
Aslan da aslana arxalananda,
Aslanın erkəyi, dişisi olmaz.”
Doğrudan da Zərifə xanımın həyatda rolu bütün qadınlara nümunədir. Bizim ölkənin birinci xanımı, Azərbaycan həqiqətlərini dünyaya çatdıran, ölkənin inkişafı üçün əvəzsiz xidmətlər göstərən Mehriban xanım da Zərifə xanım əlindən su içdi, onun qaynana tərbiyyəsini görərək ucaldı. Həm Zərifə xanım, həm Mehriban xanımla və bu cür Azərbaycan xanımları ilə fəxr və onların yolunu özümüz üçün amal hesab edirik. Bundan əlavə onu da qeyd edim ki, Zərifə xanım da, Mehriban xanım da bu kimi böyük fəaliyyətləri ilə bərabər həm gözəl ana, həm sadiq, vəfalı həyat yoldaşıdırlar.
Düşünürəm ki, Azərbaycan qadını hansı peşədə çalışmasından asılı olmayaraq, Azərbaycan xanımı olduğunu, ailə dəyərlərini unutmamalıdır. Bu istiqamətdə də Ümumilli liderimizin çox gözəl tövsiyyələri var. O 2001-ci il avqustun 13-də Azərbaycan televiziyası ilə xalqa müraciət etdi. Həmin müraciətdə deyirdi:-“Düşmən silahla edə bilmədiyini, mənəviyyatı oğurlamaqla edir.” O dövr üçün Azərbaycan mənəviyyatına olunan hücumların qarşısını almaq üçün Heydər Əliyev çağırış etdi və bu gün də o çağırış öz qüvvəsindədir. Biz Azərbaycan qadınlarının da üzərinə düşən vəzifə o dəyərləri, mənəviyyatı qorumaq, gələcək nəsillərə ötürməkdir.
Heydər Əliyev təkcə Azərbaycanda yaşayan Azərbaycanlıların deyil, bütün dünya Azərbaycanlılarının lideri olduğundan, Azərbaycan xalqını canı qədər sevdiyindən xalqa bir arzusu var idi. Hansı ki, bizim əsrlərin sınağından çıxıb gəlmiş “Kitabi-Dədə Qorqud”da dədəmiz Qorqudun arzusunun eynisi idi bu arzu.
O deyirdi:- “Qoy ağaclarımız kəsilməsin. Qoy ocağımız sönməsin. Qoy çıraqlarımız sönməsin. Qoy xalqımız yaşasın, var olsun. Həmişə Azərbaycan adı ucalardan ucada səslənsin”.
– Müsahibəmizin sonu olaraq gənclərə tövsiyyələriniz nə olardı? 
– Bu gün şükürlər olsun müstəqil dövlətik. Heç kimdən asılı deyilik və bu gün Azərbaycan sürətlə inkişaf edir. İstənilən sahədə inkişafımız göz önündədir. Tövsiyyəm odur ki, vətənpərvər olaq. Vətənimizin, müstəqilliyimizin qədrini bilək. Vətənin, millətin təəssübünü çəkməyi bacaraq.  Xalqa, vətənə, millətə, dövlətə, dövlətçiliyə sədaqətimizi qoruyaq.
Zamin Zeynal

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

five × 1 =