Torpaq kəndliyə verildi, bəs sonra… Samir Qurbanov

0

samir qurbanov Millixəbər.az-ın cənub bürosunun rəhbəri Samir Qurbanovun təqdimatında kənd təsərrüfatı  sahəsi ilə maraqlı araşdırma yazını sizlərə təqdim edirik.

Ölkəmiz müstəqillik qazandıqdan sonra həyatımızın bütün sahələrini əhatə edən, dinamik inkişafa geniş yol açan qanun və hüquqi sənədlərin qəbulu və onların həyata keçirilməsi üçün işlək mexanizmin hazırlanması diqqət mərkəzində saxlanıldı. Hər bir sahədə aparılan islahatlar günün reallığına çevrildi. Ölkəmizdə aparılan torpaq islahatı kolxoz və sovxozların ləğv olunmasına zəmin yaratdı. Təsərrüfatlarda olan texnikaların özəlləşdirilməsinə başalandı. Hansı təsərrüfatın ağıllı rəhbərləri, islahat komissiyası təsərrüfatda olan bütün işlək mexanizmləri-texnikaları elə kəndin özündən olan texnikanı idarə edən vətəndaşa satdı. Amma elə təsərrüfat baş bilənləri, islahat komissiyası kimsənin adıyla başqa şəxslərə başqa şəxslərə satdılar. Nəticədə torpaqla məşğul olan kəndli hər hansı bir məhsulun yığımı, biçimi zamanı böyük çətinliklərlə rastlaşdı. Hasilə gətirdiyi məhsul, qoyduğu xərci ödəmədi. Əlində olan vəsait də getdi, həlıə bir üstəlik də fərdi təsərrüfatında olan mal-qara da dəyər-dəyməzə satıldı. Və beləliklə kəndlinin pay torpağına kənardan baxmaqdan başqa çarəsi qalmadı… Rayonumuzda 31 min 200 hektar əkin sahəsi islahata cəlb olundu. Elə əkin sahələri var ki, onlar mülkiyyətçinin yaşayış məskənindən 10-25 km aralıda yerləşir. Şübhəsiz ki, pay torpağının yerləşdiyi əraziyə həftədə bir neçə dəfə gedib-gəlmək maddiyat tələb edir. İslahat aparılandan sonra bir neçə il kəndli pay torpaqlarını əkib becərməyə başladı. Əkin sahəsinin şumlanmasından tutmuş alınan məhsula kkimi kəndlinin çəkdiyi xərc alınan məhsulun dəyərindən çox oldu. Zəruri sayılan miqdarda suvarmanı apara bilməməsi sonda, aşağı məhsul əldə etməklə nəticələndi. Nəticədə, kəndli istər-istəməz pay torpağın əkməkdən imtina etdi. Başqa sözlə, pay torpağını imkanlıya (cüzi vəsaitə) müvəqqəti icarəyə verdi. Amma bu “müvəqqəti” sözü heç də müvəqqətini xatırlamır. Çünki həmin sahibkar elə hər il o pay torpaqlarını əkib-becərməklə məşquldur. Deməli, kapitalizm sisteminin zəruriliyindən meydana gələn aşağı, orta və yuxarı sahibkarlardan yalnız yuxarı sahibkar qaldı. Deməli əkinə yararlı olan torpaq sahələri yenə də bir və ya bir neçə sahibkarın əlində cəmləndi. Yenə də yazıq kəndli ehtiyacla baş-başa qaldı. Torpaq kəndliyə verildi ki, mülkiyyətçi maddi rifah halını yaxşılaşdırsın. Torpaq islahatı ona görə aparılmadı ki, əkinə yararlı sahələr bir və ya bir neçə əldə cəmləşsin. Necə deyərlər, yağ yağ üstə axır, yarma yavan qalır… Başqa bir paradoksal vəziyyət: Yuxarıda qeyd etdik torpaq islahatı ona görə aparıldı ki, kəndli torpağı əkib-becərməklə həm maddi nemətlər bolluğu yaratsın, həm də ailəsinin durumunu yüksəltsin, dövlətdən asılı vəziyyətdə qalmasın. Onu da xüsusi vurğulayaq ki, pay torpağı olan mülkiyyətçilərin zəif təbəqəsi pay torpaqlarını əkib-becərmək zorunda deyil. Buna görə də onu imkanlıya (hektarı ucuz qiymətə olsa da) müvəqqəti olsa da icarəyə verib. Şübhəsiz ki, bu cüzi vəsaitlə ailəsini orta səviyyədə dolandıra bilməz. Deməli ümid qalır dövlətin bu zəif təbəqəsi üçün nəzərdə tutulmuş ünvanlı sosial yardıma. O da çıxıb “ceyranın” belinə. Əmək və Əhalinin Sozial Müdafiəsi Nazirliyinin rayon əhalinin sosial müdafiəsi mərkəzindən isə bu zəif təbəqəyə əzbərlədikləri bu cümləni pafosla deyirlər: “Pay torpağın var, sənə ünvanlı sosial yardım düşmür.!” Maraqlıdır, hər bir kolxoz və sovxozun qaytanlanmış adambaşı uçot kitabında adı olanların hamısına islahat aparılan zaman pay torpaqları verilib. Bəs, necə olur ki, peysərindən yağ daman, hər cür imkana malik olan pay torpaq sahibi ünvanlı sosial yardım alır, özünü güclə dolandıran, pay torpağı olan kəndli ünvanlı sosial yardım almır? Bu, əhalinin zəif təbəqəsinə maddi-mənəvi zərbə deyilmi? Bu da, torpaq islahatının əhalinin zəif dolanan təbəqəsinə “bəxş” etdiyi “xoşbəxtlik”… Doğrudur, bu gün mülkiyyətçinin istifadəsi üçün aqroservislər yaranıb, burada əkinçiyə lazım olan bütün texnikalar var. Bu da bir reallıqdır ki, pay torpaqdan istifadə edən kəndlinin sayı çox azdır. Yuxarı sahibkarların isə aqroservisə ehtiyacları bir o qədər də böyük deyil. Çünki onlar lazım olan texnikalara sahibdirlər. Deməli, yenə də özünü güclə dolandıran mülkiyyətçi ehtiyac məngənəsində çabalamaqdadır. Biz bu kiçik yazıda günün reallığını əks etdirən fikirlərimizdə toxunmadığımız bəzi zəruri məqamlar da mövcuddur. Neqativ hallar var. Biz də dövlət siyasətini dəstəkləyirik ona görə ki, bütün bunlar kəndlinin maddi rifah halının yaxşılaşmasına xidmət edir. Deməli, pay torpaqlarını əkib-becərə bilməyən kəndlini məhsul istehsalına cəlb etmək üçün işlək mexanizm lazımdır. Yoxsa… Pay torpaqlarını əkib- becərə bilməyən mülkiyyətçilər bir suala cavab tapmağa çalışırlar. Torpaq kəndliyə verildi, bəs sonra?..

Samir Qurbanov Millixəbər.az

 

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

13 − two =