Zamin Zeynal:Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti,Prezident İlham Əliyev tərəfindən UĞURLA DAVAM EDİR

0

Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyəti Azərbaycan gəncliyi üçün böyük bir məktəbdir.

 

Ümummilli liderimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşıyaraq biz gənclər tərəfindən hər zaman böyük diqqət və hörmətlə anılacaq.
ALLAH RƏHMƏT ELƏSİN!

1999-cu ildə Gənclərin II forumunda gənclərə xüsusi diqqət ayıran Ulu Öndər Heydər Əliyev bu forumda çıxış edərək gənclərə müraciət etdi׃ “Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq.”

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.

Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində daima gənclərə qayğı göstərmiş, onların bir fərd kimi yetişməsinə xüsusi önəm vermişdir. Ulu öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür.

Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq gənclər siyasəti ilə bağlı bir cox fərman və sərəncamlar imzalayan ulu öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm vermişdir. Heydər Əliyev nitqlərinin birində bu barədə demişdir׃ “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik”.

Ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı. Bütün bunları gözəl bilən ümummilli liderimiz Heydər Əliyev gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və idman Nazirliyini yaratdı.

Gənclər və idman nazirliyi yaradıldıqdan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirilməyə başladı, nazirliyin yerli strukturları formalaşdı, gənc nəslin mənəvi tərbiyəsi və fiziki inkişafı, hüquqlarının müdafiəsi, onların beynəlxalq qurumlarda iştirakı və gənclər təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi sahəsində lazımi tədbirlər görüldü, bir sıra dövlət proqramları hazırlandı.

Bu siyasətin davamı olaraq 1996-cı il yanvarın 26-da ulu öndər Heydər Əliyev tərəfindən imzalanan sərəncama əsasən, 2 fevral 1996-cı il tarixində Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Bu forumun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət, qayğı daha da artırıldı. Forum mustəqil Azərbaycan Respublikasının gəncləri qarşısında duran mühüm vəzifələrin həyata kecirilməsində ölkə gənclərinin hər bir sahədə fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin nəzərəçarpacaq dərəcədə canlanmasına səbəb oldu.

1997-ci il fevralın 1-də gənclərin I forumunun ildönümü münasibəti ilə gəncləri qəbul edən Heydər Əliyev 2 fevralın Azərbaycanda gənclər günü elan edilməsi barədə sərəncam imzaladı. Həmin vaxtdan etibarən artıq 14 ildir qeyd etdiyimiz bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başladı. 1998-ci ildə İlham Əliyevin Milli Olimpiya Komitəsinin sədri təyin olunması ilə Azərbaycanda idmanın bütün sahələrində canlanma başladı.

Bu diqqətin nəticəsi olaraq gənclər arasında idmana maraq daha da artdı, ölkəmizdə Olimpiya hərəkatı geniş vüsət aldı. O dövrdən başlayaraq Azərbaycan Respublikası gənclərinin forumu mütəmadi olaraq kecirilməyə başladı. Gənclərin II forumu 1999-cu ildə keçirildi. Gənclərə xüsusi diqqət ayıran ölkə rəhbəri Heydər Əliyev bu forumda çıxış edərək gənclərə müraciət etdi׃ “Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq.” Bu sözlərlə gəncliyə olan etimadının, diqqətinin sonsuz olduğunu göstərən ulu öndər Azərbaycan gəncliyinin üzərinə böyük vəzifələr qoydu.

Bütün bunlar deməyə əsas verir ki, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına da olduqca müsbət təsir göstərir. Təhsil sahəsində aparılan islahatlar da gənclər siyasətinin ən vacib istiqamətlərindən biridir. Gənclərin maariflənməsinə, savadlanmasına, elmi inkişafına göstərilən xüsusi diqqət və qayğının davamı olaraq, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində tələbələrin dünyanın məşhur universitetlərində təhsil almaq üçün göndərilməsi xüsusi diqqətə layiqdir. “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”, “Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında” Prezident fərmanları bu istiqmətdə görülən mühüm tədbirlərdəndir. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün də dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. “Bədən tərbiyəsi və idman haqqında”, “Gənclər siyasəti haqqında” qanunlar, habelə “Gənc ailə” proqramı, “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında”, “İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı”, “Ordudan tərxis olunmuş gənclərin məşğulluğu” Dövlət Proqramı da bu qəbildəndir.

Prezident İlham Əliyev tərəfindən 2007-ci ilin “Gənclər ili” elan edilməsi gənclərə ölkə Prezidenti tərəfindən böyük önəm veilməsinin növbəti sübutudur. Azərbaycan dövlətinin gənclər siyasətinin ən bariz nəticələrindən biri ölkəmizdə gənclər hərəkatının, müxtəlif qeyri-hökumət gənclər təşkilatlarının inkişafıdır. Ümumiyyətlə, vətəndaş cəmiyyətinin ən vacib faktorlarından biri də ictimaiyyətin ən müxtəlif təbəqələrinin öz qarşılarına qoyduqları məqsədləri həyata keçirməkdən ötrü ictimai qurumlarda-qeyri-hökumət təşkilatlarında birləşmək hüququnun gerçəkləşdirilməsidir.

Son illər sıralarında əsasən gəncləri birləşdirən QHT-lərin, ictimai qurumların, fondların, birliklərin ölkəmizdə bərqərar olan demokratik dəyərlərin inkişafında xüsusi xidmətləri var. Gənclər dünyada qəbul olunmuş sivil və intellektual formalardan, metodlardan bəhrələnərək, ölkəmizdə təşəkkül tapmış demokratik ab-havadan istifadə edərək, gəncliyin müxtəlif problemlərini araşdırır, cəmiyyətimizin sosial-iqtisadi, mənəvi-mədəni inkişafına öz töhfələrini verirlər. ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev gənclər siyasətində daim gənclərə arxalandığını açıq şəkildə söyləyir. Gənclərə göstərilən etimadın və dəstəyin nəticəsi olaraq bu gün gəncliyin nümayəndələri dövlət orqanlarında, müxtəlif strukturlarda təmsil olunur, cəmiyyətin inkişafına töhfələrini verirlər.

Cənab Prezidentin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir ki, gənclər dövlət qayğısını daim öz üzərlərində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışırlar. Çünki Prezident İlham Əliyev gənclərə olan münasibətini belə ifadə etmişdir: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”.

Zamin Zeynal,

YAP İmişli rayon təşkilatının siyasi şura üzvü,YAP İmişli rayon Gənclər Biriyinin sədir müavini, Millixəbər.az informasiya portalının rəhbəri 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

15 + seventeen =