Umud Mirzəyev: “Torpaqlarımızın azad edilməsi üçün sülhün olması çox vacibdir”

0

Sülh Platforması qeydiyyatdan keçməyə hazırlaşır

Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının dekabrın 25-də keçirilən İdarə Heyətinin iclasından sonra bu qurumla bağlı müzakirələr genişlənib.

Həmin iclasda erməni həmsədr Rafael İsaxanyanın nizamnamənin prinsiplərinə zidd hərəkətlərə yol verdiyinə görə həmsədrlikdən uzaqlaşdırılması və Sülh Platforması üzvlüyündən xaric edilməsi, onun yerinə idarə heyətinin üzvü Artur Ağacanovun seçilməsi Sülh Platformasının mövcud olduğu üç ayla bağlı bir sıra mövzuları gündəmə gətirib. Yarandığı ilk günlərdən onun əleyhinə çıxış edənlər özlərinin haqlı olduğunu iddia edir. Platformanın olmasının vacibliyini sayanlar da özlərinin haqlı olduğunu bir daha bəyan edirlər. Platformanın təsis edildiyi ilk günlərdə daha uğurlu fəaliyyət göstərdiyi, aylar keçdikcə fəaliyyətində sanki səngimələrin olduğu deyilir. Bundan əlavə, Sülh Platformasının ömrünün uzun olacağı, Dağlıq Qarabağ münaqişəsi həll olunana qədər onun fəaliyyət göstərəcəyi bildirilir.

Sülh Platformasının İdarə Heyətinin üzvü, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev bildirdi ki, bütün konfliktlərin sonu danışıqlarla həll olunur: “Bizim təşkilatımız hər zaman sülh tezisləri, çağırışları ilə fəaliyyət göstərir. Sülh Platformasını yaradan təşkilatlardan biri də bizik. Mən deməzdim ki, yaratdığımız platformanın fəaliyyəti səngiyib. Yaxınlarda idarə heyətinin yeni bir iclasını keçirdik. Platformanın sənədləri hazırlanıb, bu günlərdə Gürcüstanda qeydiyyatdan keçəcək. Yaxınlarda platformada olan həmkarlarımızla birlikdə növbəti ildəki fəaliyyətimizi müzakirə etdik. Hesab edirəm ki, regionda sülhün, əmin-amanlığın olması üçün, bütövlükdə işğalda olan torpaqlarımızın azad edilməsi üçün sülhün olması çox vacibdir. Azərbaycanı istəməyən qüvvələr bizdən davakar obrazı yaratmağa çalışırlar. Amma sirr deyil ki, Azərbaycan insanının, hətta səngərdəki əsgərinin qəlbindən daim sülh, barış niyyəti keçir. Yaxınlarda xarici qonaqlarım var idi. Onlarla regiona səfər etdik. Sonra açıqlama verdilər ki, Azərbaycanda görüşdüyüm uşaq, yaşlı, məcburi köçkün və hər kəs sülhdən danışır. Sülh Platformasının yaranmasına mən təbii baxıram. Bu platformanın gələcək perspektivlərinə də inanıram. Görəcəyimiz, planlaşdırğımız işlər çoxdur. Bu istiqamətdə bundan sonra da fəaliyyətlərimiz olacaq. Yəqin ki, bu barədə mətbuat və ictimaiyyətin də məlumatı olacaq. Platformada erməni təxribatının ola biləcəyi ilə bağlı ehtimallar da səslənir ki, bunu iqnor etmək istəməzdim. Amma bu o demək deyil ki, biz fəaliyyətimizdən qalmalıyıq. Bizim də bəlli bir niyyətimiz var. Yaxşı deyiblər ki, niyyətin hara, mənzilin ora. Reallıqdır ki, Ermənistanda sadə insanlar artıq bu müharibədən beziblər. Kriminal hökumətin onlar üçün yaratdığı faciələrin fərqindədirlər. Bizim istər Ermənistan olsun, istər Dağlıq Qarabağın erməni icması olsun, istərsə də dünyaya səpələnmiş ermənilər olsun, onlar arasında kifayət qədər əlaqədə olduğumuz insanlar var. Biz çalışırıq ki, öncəliklə regiona sülh gəlsin, insanlar barış və əmin-amanlıq içərisində yaşasınlar”.

Image result for Elxan Şahinoğlu

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bu formatın vacibliyindən söz açdı: “Bu formatı müsbət qiymətləndirirəm. Hətta Azərbaycan-Ermənistan Sülh Platforması sülhün əldə olunması istiqamətində ciddi nəticə əldə etməsə belə, təşəbbüsün varlığı belə Azərbaycan dövlətinin və xalqının xeyrinədir. Bununla biz göstəririk ki, torpaqlarımızı azad etmək məqsədilə savaşmağa hazırıq, eyni zamanda ermənilərlə dialoqdan da çəkinmirik. Yetər ki, işğala son qoyulsun. Biz o ermənilərlə birgə işləməyə hazırıq ki, sözün həqiqi mənasında Ermənistanla Azərbaycan arasında sülh istəsinlər, işğalçılıqdan vaz keçsinlər, qonşu dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşsınlar və Dağlıq Qarabağda ermənilərlə azərbaycanlıların birgə yaşayışına razılaşsınlar. Bu prinsipləri qəbul edən ermənilərlə azərbaycanlıların Sülh Platformasında birgə fəaliyyəti, məncə, hər iki xalqın və dövlətin xeyrinədir. Ermənistanda, Dağlıq Qarabağda və Avropada yaşayan ermənilər içərisində Azərbaycanla düşmənçiliyin səhv olduğunu anlayanlar var. Ancaq onların böyük qrupu öz fikirlərini açıq ifadə etməkdən çəkinirlər. Sülh Platforması həmin erməniləri təşkilata və dialoqa cəlb etməlidir. Azərbaycan Sülh Platforması vasitəsilə Ermənistana mesaj yollayır. Mesajın əhəmiyyəti budur ki, sülh danışıqlarında irəliləyiş olmadığına görə Azərbaycan öz torpaqlarını azad etmək üçün hərbi yoldan istifadə etmək hüququna malikdir, bununla yanaşı, Azərbaycan cəmiyyəti normal qonşuluq əlaqələri qurmaq istəyən ermənilərlə də dialoqa hazırdır. Sülh Platformasının qarşısında böyük hədəflər qoymaq düzgün deyil. Sülh Platforması münaqişəni həll edəsi deyil, beynəlxalq vasitəçiləri əvəz etməyəcək. Bu yardımçı vasitədir. Qonşunla sülh istəyirsənsə, inkişaf istəyirsənsə, köhnə əlaqələrin bərpasını istəyirsənsə, nəhayət, müharibə istəmirsənsə, işğaldan əl çək, iki xalqın birgə yaşayışına dəstək ver! Məncə, platformanın erməni cəmiyyətinə əsas mesajı bu olmalıdır və bu istiqamətdə fəaliyyətini genişləndirməlidir. Mən özüm 1990-cı illərin sonunda beynəlxalq təşkilatların xətti ilə iki dəfə Ermənistanda oldum, prezidentdən tutmuş adi vətəndaşlara qədər sual vermək imkanında oldum. O zaman bizim çağırışları eşitmədilər, düşündülər ki, güclüdürlər, bizə şərtlərini diktə edə bilərlər. İndi nə gücləri qalıb, nə də enerjiləri, 2016-cı ilin aprel savaşında ordularının məğlubedilməzilik ”mifi” də dağıldı. Ermənistanda yaşayanların sayı azalır, gəncləri hərbidə xidmət etmək istəmir ki, bilirlər ki, Dağlıq Qarabağda onları ölüm gözləyir. Ona görə də nə qədər ki, gec deyil, Azərbaycanla sülhə çalışmalıdırlar”.

Politoloq platformanın zəifləməsinin ermənilərin işinə yaradığını da düşünür: “Platformanın tənqidçiləri həm Azərbaycanda, həm də Ermənistanda var və buna normal yanaşıram, hamı eyni cür fikirləşə bilməz. Sadəcə, tənqiddən asan iş yoxdur, bəs ortada hansı təklif var? Bizim məqsədimiz işğala son qoymaqdır və buna nail olmaq üçün bütün imkanlardan yararlanmaq lazımdır. Qarabağ bizdən tək savaşla alınmayıb, bizə qarşı hiylə də işlədiblər. Demək, eyni tələyə biz bir daha düşməməliyik. Ona görə də ağıl oyunlarında düşməndən bir addım öndə olmağı bacarmalıyıq. Bu platformanın zəifləməsi birbaşa işğalçının maraqlarına xidmət edir. Çünki işğalçı dövlət istəyir ki, Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağın Azərbaycana aid olduğunu söyləyən ermənilərin sayı çoxalmasın. Biz isə bunun tərsini istəyirik. Ona görə də forumun yaranmasına yaşıl işıq yandıranlar bu layihələrinin daima işlək vəziyyətdə olmasına çalışmalıdırlar. Platformanın ideyasına yanlış hərəkət edənlər birmənalı qurumdan uzaqlaşdırılmalıdır. İdeya isə ərazi bütövlüyünün təmini və bunun əsasında gələcəkdə iki xalqın mümkün barışığının təmin edilməsidir. Kimsə düşünürsə ki, torpaqları qaytarmadan azərbaycanlılarla barış mümkündür, kökündən yanılır”.

“Yeni Müsavat”

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

five × 4 =