“Universitetin bir qrup müəllimi mənə böhtan atıb” – Vətəndaş Vahidə Əzizovadan MÜRACİƏT

0

Bu ilin may ayında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bir qrup müəllimi Modern.az saytı vasitəsilə ölkə Prezidenti İlham Əliyevə müraciət etmişdi.

Müraciətin surətini saytımıza ünvanlayan müəllimlər bildiriblər ki, 1987-ci ildə Nazirlər Kabinetinin 20/396-cı qərarı ilə Universitetin 61 əməkdaşına Pirallahı rayonu Dübəndi bağ massivində hər nəfərə 6 sot olmaqla torpaq sahəsi ayrılıb. Lakin həmin müəllimlər onlara ayrılan torpaq sahəsini ala bilməyiblər. Müəllimlərin müraciətində İsmayılov Şöhrət Əhməd oğlu və Əzizova Vahidə Seyfəddin qızının adları çəkilib və həmin torpaqların mənimsənilməsində iştirakçı olduqları vurğulanıb.

Modern.az-ın məsələni işıqlandırmasından sonra bu müraciət digər bəzi xəbər saytlarında da yayımlanıb və olaya reaksiya olub.

Əməkdar artist, aktyor və qiraətçi Azad Şükürov sentyabr ayının 3-də bununla bağlı özünün sosial şəbəkə hesabında məlumat yayımlayıb. O, əlaqədar təşkilatlara müvafiq göstəriş verməklə müəllimlərə yüksək diqqət nümayiş etdirdiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya mədəniyyət xadimləri adından təşəkkür ünvanlayıb.

Lakin bu qalmaqal ittiham edilən qarşı tərəfdən biri- Vahidə Əzizovanın münasibət bildirməsi ilə daha da böyüyüb.

V.Əzizova ölkə başçısına və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edərək, ona böhtan atıldığını, sözügedən hadisə ilə əlaqəsinin olmadığını vurğulayıb.

Modern.az-a müraciət edən Vahidə xanımın məktubunu olduğu kimi təqdim edirik:

“Möhtərəm Prezidentə

 

Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri Prezidentə üz tutdular, məni böhtan yağışı ilə ittiham etdilər. Təəssüf ki, onların haqsız, bilərəkdən hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan böhtan, təhqir dolu, faktlara söykənməyən, hüququ əsası olmayan müraciəti bir sıra internet saytlarında da tirajlandı. Həmin şəxslər hüquq-mühafizə orqanlarında məsuliyyətsiz müraciətə görə məsuliyyət daşımalı olacaqlar.

Həmin universitetin kollektivinə özlərinin də yazdığı kimi, 1987-ci ildə torpaq sahəsi ayrılıb. Düz 32 il bundan öncə. Bu illər ərzində onlar öz torpaqları ilə maraqlanmamış, ayrılan ərazinin harada yerləşdiyindən bixəbər olmuşlar. Hətta 1999-cu ildə Bakı şəhəri İcra Hakimiyyəti Aparatının Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinə kollektivin həmin torpaq sahələrindən imtina etdiyi barədə məktub ünvanlanıb. Bu müraciəti imzalayanlar (bir neçəsindən başqa) hazırda təqaüdə çıxıblar.
Sonradan yəqin ki, yuxu görərək, haradasa bağları olduğunu yada salıblar.

Mən həmin universitetdə gündüz işləyib, axşam oxumuşam. 1988-1991-ci ilə qədər orada saat hesabı müəllim işləmişəm. Yüzdən çox məqalə müəllifiyəm, bir neçə metodiki göstərici yazmışam, onlarla kitabın redaktoru olmuşam. Həmin ildən 2-ci təhsil almağımla bağlı başqa ali məktəbə daxil olduğum üçün Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən  ayrılaraq, heç kimlə əlaqə saxlamamışam. Onların torpaqları mənim üçün maraqsız olub. Mən ancaq öz torpağıma elə həmin vaxtdan sahib çıxmışam və ərazi bu gün də istifadəmdədir.

Bu ilin ortalarında gözləmədiyim halda həmin müraciətə imza atanlardan bir neçəsi mənə zəng edərək, onların torpaqlarının yerini göstərməyimi istədilər. Mən isə onlara bildirmişəm ki, sən öz yerini tanımırsınızsa, mən oranı neçə tanıya bilərəm?

Müraciətdən göründüyü kimi, hüquq-mühafizə orqanlarının mənim və Şöhrət İsmayılovun (bağçılığın sədri) ünvanına böhtan dolu ərizələr yazmış, bizi “əlbir cinayətdə” təqsirləndirmişlər. Guya biz əlbir olaraq, onlara məxsus torpaqları kimlərəsə satmışıq.
“Əmlak Məsələləri Dövlət Komitəsinin bəzi əməkdaşları İsmayılov Şöhrət Əhməd oğlu və Əzizova Vahidə Seyfəddin qızı ilə torpaqlarımızın mənimsənilməsində iştirakçı olmuşlar…” – deyə bizi ağır ittihamda suçlayıblar.

İddia Respublika Prokurorluğu, Daxili İşlər Nazirliyinin xüsusi nəzarəti ilə Bakı şəhər Baş Polis İdarəsi, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi, Mütəşəkkil Cinayətkarlara Qarşı Mübarizə İdarəsi, Pirallahı rayon Prokurorluğu, Pirallahı rayon Polis İdarəsinin təhqiqatçı və müstəntiqləri tərəfindən araşdırılıb, fakt öz təsdiqini tapmadığı üçün onlara şikayətləri əsassız olması barədə cavab ünvanlanıb.
Həmin kollektivə ayrılan 3,85 ha torpaq sahəsi Bağlar idarəsinin müqaviləsi əsasında kimlərəsə verilmiş, bir hissəsi elə həmin kollektivin öz üzvləri tərəfindən özəlləşdirilmiş, qalan hissəsi isə boş qalmışdır. Bu gün həmin şikayətçilərə torpaq sahələri aydınlaşdırılaraq tapılıb, özlərinə verilib. Həmin böhtançılar yerlərini alıblar. Bizi isə kütləvi informasiya vasitələrində “cinayətkar” kimi cəmiyyətə təqdim ediblər.

Böhtançılar və onlara qoşulan saytlar bilməmiş olmazlar ki, məhkəmənin hökmü hüquqi qüvvəyə minməyənə qədər heç kimə cinayətkar demək olmaz. Bir halda ki, bizim barəmizdə nə məhkəmə olub, nə də hökm oxunub.

Böhtan dolu müraciətin təşəbbüskarı olan Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor Məryəm Əlizadə hələ baş müəllim olarkən, elmi işini müdafiə etməzdən öncə mən 1986-cı ildə “Ədəbiyyat və İncəsənət” qəzetində onun haqqında plagiatlıq etdiyinə  dair geniş, faktlarla dolu yazı dərc etdirmişdim. Görünür qisas almağa məqam axtarıb.

Möhtərəm cənab Prezident!

Hörmətli Mehriban xanım Əliyeva!

Bizim də övladlarımız, nəvələrimiz, qudalarımız, qonşularımız, qohum və dostlarımız, özümüzə görə mövqeyimiz, şərəf və ləyaqətimiz olduğunu nəzərə alaraq, xahiş edirəm, həmin məsuliyyətsiz, təhqir dolu müraciətin müəlliflərinin hüquq-mühafizə orqanları tərəfindən araşdırılaraq, yalan və böhtanı tirajlayan saytlar barəsində ölçü götürülməsi üçün hüquq-mühafizə orqanlarına ciddi göstəriş verəsiniz və bizim qanunla qorunan hüquqlarımızın müdafiəsində öz köməyinizi əsirgəməyəsiniz.
Həmin müraciət məni mənəvi cəhətdən sarsıdıb.

Ulu Öndər Heydər Əliyevin söylədiyi kimi, günahkar cəzasız qalanda günahsız cəzalandırılanda dövlət sarsılır. Onlar günahkardır. İnanıram ki, Sizlərin sayəsində onlar öz layiqli, hüququ əsaslarla öz cəzalarını alacaqlar. Tutduğu vəzifəsindən və mövqeyindən asılı olmadan törətdiyi əmələ görə hər kəs öz cəzasını almalıdır. Biz hüquqi dövlətdə yaşayırıq, bunu hər kəs yaxşı bilməlidir.

İnanıram ki, Siz bizim hər birimizin Prezidenti olduğunuz üçün bu ciddi rezonans doğurmuş məsələnin hüquqi həllinin tapılmasında yardımınızı əsirgəməyəcəksiniz.

 

Əzizova Vahidə Seyfəddin qızı

 

Tarix: 04.11.2019-cu il

 

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

20 − 15 =