Ürəyindən vurulan şəhid

0

Ürəkdən vurulan elə ürəkdən vurularmış. Kəndimin dəyərli oğlu Ruslan da Vətən uğrunda gedən döyüşlərdə ürəyindən vurularaq şəhidlik zirvəsini fəth etdi. Onunla eyni döyüş bölgəsini paylaşan doğmaca qardaşının gözü önündə baş verib hər şey. Üç körpə balası, uğrunda canından keçdiyi vətənə əmanət qaldı. Doğmaları ikinci dəfə şəhid ailəsi olmağın qürurunu və acısını yaşadılar. Ruslanın əmisi Sərkər də Qarabağ uğrunda gedən döyüşlərdə kəndimizin ikinci şəhidi olmuşdu. Ümumiyyətlə, 90-cı illərdəki döyüşlərdə Tovuz rayonunun Dondarquşçu kəndi on beş şəhid vermişdi. İllər sonra Ruslanın şəhidliyi kəndimizi yenidən bir-birinə bənd etdi. Bu kənd düşmən önündə məğrur dayanmağı ilə məşhurlaşan kəndlərdənir. Hazırkı döyüşlərdə kəndimizin çoxlu sayda oğulları düşməni geri çəkilməyə məcbur edən döyüşçülərimizin sırasındadır. Bu sırada mənim qardaşım və digər doğmalarım da yer alıb. Tanrı bütün döyüşçülərimizə qələbə çalıb sağ-salamat elinə-obasına fəxrlə qayıtmağı qismət eləsin.

Quliyev Ruslan Şəxsəddin oğlu MAXE kimi vətənə olan borcunu yerinə yetirirdi. Müstəqillik dövrü Azərbaycanın ən çətin döyüş bölgələrindən hesab edilən Murovda xidmət edirdi. Onun gənc ömrünə mənfur düşmənin topundan yayılan qəlpə son verdi. Bir qəlpənin bu qədər dəqiqliklə düz ürəyinin başından özünə yer seçməsi bir ailənin ata hənirini qeybə çəkdi. Ruslanın ömür-gün yoldaşı mənim dayım qızıdır. Bir oğlu və bir qızı yuxarı siniflərdə oxuyan məktəblilər olsa da, son beşiyi bir neçə ay öncə doğulmuş bələk körpəsidir. Bu körpənin atası 11 oktyabr tarixində axşamtərəfi şəhid olaraq səhəri gün doğma kəndində digər on beş şəhidin yanında torpağa tapşırıldı. Bütün doğmalarına səbr diləyirəm. Tanrı bir daha analarımızı övlad itkisi ilə sınağa çəkməsin. Vətən uğrunda canından keçmiş  şəhidlərimizin qarşısında baş əyirəm. Sağlamlığını itirən döyüşçülərimizə də şəfalar diləyirəm. Tanrı haqqımız olan qələbəni tezliklə bizə qismət eləsin. 

Gülnar Səma


ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

five × three =