Uşaq yeriməzdən əvvəl üzməlidir

0

Üzgüçülük uşaqların inkişafı üçün faydalı idman növlərindən biridir.

Əvvəllər səhhətində problem olan uşaqlar əsasən həkim məsləhəti əsasında həmin idman növü ilə məşğul olardılar. Lakin son zamanlar üzgüçülüyə maraq xüsusilə artıb.

AZƏRTAC bildirir ki, Qərb ölkələrinin bir çoxunun təhsil sistemində üzgüçülük məcburidir və ayrıca fənn kimi tədris olunur. Üzmək sağlamlıq, düzgün nəfəs almaq, pis vərdişlərdən uzaq olmaqla yanaşı psixoloji cəhətdən mübarizlik əzminin möhkəmlənməsinə də kömək edir.

İdmanın bu növü ilə məşğul olmaq sağlamlıqla yanaşı azyaşlılarda xasiyyətin formalaşmasına, o cümlədən məsuliyyət hissinin inkişafına da kömək edir. Bundan əlavə üzgüçülük immun sistemini möhkəmləndirərək orqanizmi xəstəliklərə qarşı daha dözümlü edir, eləcə də qan dövranına, sinir sisteminə və ağciyərlərə müsbət təsir göstərir. Əzələ sistemini inkişaf etdirir, piylənmənin, şəkər xəstəliyinin və skoliozun qarşısını alır. Erkən yaşlarda həmin idman növü ilə məşğul olmaq gələcəkdə yarana biləcək su qorxusunu aradan qaldırır.

Bəzi alimlərin fikrincə, uşaq yeriməzdən əvvəl mütləq üzməlidir. Belə ki, üzgüçülüklə məşğul olan uşaqlarda özünəinam və qalibiyyət hissi çox güclü olur. Mütəxəssislərin fikrinə görə, artıq iki aylığından etibarən körpəni suya alışdırmaq lazımdır. Bunun üçün başlanğıc olaraq böyük bir vanna hovuzu əvəz edə bilər. 3-4 yaşlı uşağı artıq suya buraxmaq olar. Onu da demək lazımdır ki, nə ac, nə də tox vəziyyətdə suya girmək olmaz. Yeməkdən 2-3 saat sonra üzmək daha məsləhətdir.

Hovuzda suyun temperaturu 27 dərəcə olmalıdır. Həftədə 2-3 dəfə olmaqla 5-6 yaşlarındakı uşaqlara yarım saat, 6 yaşdan yuxarı olanlara isə 45 dəqiqə və ya 1 saat məşq etmək məsləhət görülür.

Üzgüçülük müxtəlif xəstəliklərin müalicəsində də tətbiq edilir. Müalicə müddəti xəstəliyin növündən və ağırlıq dərəcəsindən asılı olaraq dəyişir. Onurğa əyriliyi olan uşaqlarda bu müalicə illər boyu davam edir.

Onu da qeyd etmək lazımdır ki, açıq yaralar, göz patologiyaları, infeksion və mərkəzi sinir sistemi xəstəlikləri zamanı üzgüçülük əks göstəriş olaraq qəbul olunur.

Millixəbər.az

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

eighteen + ten =