Vətən sevgisindən başlayan uğur!!!

0

Dəyərli izləyicilərimiz, sizinlə yenə mənəm, Jalə Asiman. Siz məni əsasən tibbi, yaxud ictimai mövzularda olan imzalı yazılarımdan tanıyırsınız. Bu dəfə isə görüşünüzə fərqli mövzu ilə gəldim.
İndi diqqətinizə çatdıracağım mövzu mənim üçün çox az toxunduğum mövzu olsa da, çox dəyərli mövzudur. Burda siz həm Vətən sevgisi, həm də gələcəyimizi uğura aparan gəncliyimizi dinləyəcəksiniz. Sözügedən mövzuya toxunmağa məni böyük həvəslə, fəxrlə sövq edən səbəbkar, müsahibim gənc müğənni Elmirağa Budaqovdur.

– Elmirağa kimdir?

– Mən 1991-ci il, fevral ayının 5-də Laçın rayonunda, müəllim ailəsində dünyaya gəlmişəm.
– Müəllim ailəsində doğulan uşaqda musiqiyə bu qədər həvəs hardan qaynaqlanır?
– (gülümsəyir…) Mən Laçın dedim. Burda söhbət musiqi, muğam ocağı Qarabağımızdan gedir. Qarabağın təbiəti, dağları, daşları özü musiqi notlarıdır. O ki, qaldı ailədə məndən başqa musiqiçi olmasına, bəli məndən böyük qardaşım Elnur da musiqiçidir, piano, qarmon ifaçısıdır, lakin bu sahə ilə sırf məşğul deyil. Ümumiyyətlə qeyd etdiyim kimi, bəlkə də torpaqdan və Allahdan gələn istedad, gözəl səs nəsildə çoxlarında var, lakin, musiqinin izi ilə getmək missiyasını mən daşıyıram.
– Elmirağa bəy, qeyd etdiniz ki, 1991-ci il təvəllüdlüsünüz, 1992-ci il may ayında isə mənfur düşmən tərəfindən Laçınımız işğal olunub. Bu günlərdə də sizin”Laçın” mahnınız işıq üzü gördü. Xeyirli-uğurlu olsun, yeri gəlmişkən. Təbii ki, bir yaş, üç aylıq uşağın yaddaşında, təsəvvüründə gördüklərinin, yaşadıqlarının izi qalmır. Sizin “Laçın” mahnınızın sözləri Zahir Abbasa məxsusdur. Zahir Abbasın yaşı Laçın haqqında bu cür gözəl misraları yazmasına, Laçının xəyalən də olsa vaxtilə olduğu gözəlliyini canlandırmasına kifayət qədər imkan verir. Amma, hələ beşikdə ikən vətəndən didərgin düşən, anasının qoynunda, digər anasından, Vətəndən”yetim” qalan körpənin “Laçın” şeirini notlara köçürməsi çox diqqət çəkən, maraqlı məqamdır.
– Bəli, doğru vurğuladınız, mən bir yaş, üç aylıq olarkən, ikinci anamdan, Vətəndən yetim qaldım. “Laçın” mahnım əslində mənim, “anasız”, “yetim” körpənin “ana harayı”dır, qovuşmaq arzusudur. Laçınımın yoxluğu mənim yaralı tərəfimdir. Mən bəstəkar deyiləm, amma, musiqi bəstələyən, yaxud ifa edən kəslərin ilk bəstəsi, ifası ana haqqında olur. Mən də”Laçın” mahnımı öz anama həsr etmişəm. Əslində bilmirəm nə dərəcədə bacarmışam, Laçına layiqdir, deyilmi buna dinləyicilər qərar verəcək.
– içinizdəki, təsəvvürünüzdəki vətən sevgisini olduğu kimi bu mahnıya verə bilmisinizmi, yoxsa “bundan da daha yaxşısını edə bilərdim” düşüncəsi sizi narahat edir?
– Yox, əksinə mən düşünürəm ki, təsəvvürümdəkinin daha artığını verə bildim bu mahnıya. Buna görə mən istedadlı şair Zahir Abbasa borcluyam. Çünki, o mənim ürəyimi, fikirlərimi oxuya, Laçına olan sevgimi görə və qələmə ala bildi. O bunu məharətlə bacardı ki, nəticədə bu böyük işi görməkdə mənə yaxından kömək oldu.

– “Laçın” dan başqa da özünüzə məxsus müəllifli mahnılarınız varmı?

– Təbii ki, mən həm yaşca, həm də musiqi dünyasında çox gəncəm. Buna baxmayaraq hazırda üzərində işlədiyim və eləcə də hazır olan mahnılarım var.

– Aydındır ki, “Laçın” mahnınız Vətən sevgisindən qaynaqlanıb. Demək ki, bu mahnının ərsəyə gəlməsində şəxsi hisslər rol oynadı. Maraqlıdır, digər mahnılarınıza da mı şəxsi hissləriniz ilə yanaşırsınız?

Məsələn “mənim yarım” mahnınız. Bu daxili hissələrdən yaranıb, yoxsa sadəcə dinləyici zövqü nəzərə alınıb?

– Təbii ki, musiqi incəsənətin özünün çox incə bir telidir. Musiqinin gözəl olması üçün bu sahəni seçən şəxs, qəlbinin bütün zərif hisslərini musiqiyə verməlidir, əks halda o ifa, o musiqi sevilə bilməz. “Mənim yarım” mahnım da qəlbimdəki xanıma olan bənzətmələrim, hisslərimdir.

– Bəs “dünya gözəli” mahnınızda ilk baxışdan yaranan sevgidən danışılır. Bu yaşanmış hisslərdir?

– Mənim bəzi mahnılarım var ki, dəyərli bəstəkarlarımızın hədiyyəsidir.

– Mahnı seçimində hissləriniz rol oynamır?

– Təbii ki, mənim zövqüm hisslərimə bağlıdır. Mən obraz olaraq, içində özümü görmədiyim mahnını ifa edə bilmərəm. Fikrimcə sevgi xəbərdarlıqsız gələn “qonaq”dır. “Qonaq” deyirəm, amma bəzən insan o zaman xoşbəxt olur ki, sevgi hissləri qonaq kimi gəlib, daimi sakin ola bilir. O bir anda da yarana bilər, yaranması zaman da ala bilər. Amma hər iki halda, yenə də ilk baxışdan yaranır. Bu mahnı da mənim öz baxışım, öz hisslərimdir ki, yaşayaraq, ifa edə bilmişəm.

– ” Qısqandırır” mahnınızın o xanım ilə hər hansı bir əlaqəsi varmı?

– Doğrudur, sevgi olan yerdə, qısqanclıq hissləri mütləq olur, amma bu mahnı çılğın, şıltaq mahnıdır. Bu mahnının sözlərinin o xanım ilə bənzərliyi yoxdur.

– Bəs “getməməliydin” mahnısının şəxsi həyatınız ilə hansı bağlılığı var?

– Hər bir gənc həyatında ilk sevgini yaşayır və onu itirmək istəmir. Amma, təəssüflər olsun ki, çox vaxt itirir. Mən də itirmək istəmədiyim, lakin itirdiyim sevgimə olan sözlərimi bu mahnı ilə demişəm.

– “Davulçu” mahnınız haqqında nə deyə bilərsiniz?

– “Davulçu” mahnısı mənim milli ruhda böyüməm, ailəmdən gələn millilik sevgisi ilə birbaşa bağlıdır ki, buna görə, məni bu ruhda böyüdən valideyinlərimə təşəkkür edirəm. Bu mahnı gözəl, milli rəqsimiz ” yallı” rəqsi üzərində bəstələnmiş bir mahnıdır.

Bütün mahnılarınızı şəxsi həyatınıza bağlayaraq, suallar verdim və hər birinin də şəxsi həyatınız ilə birbaşa bağlılığını etiraf etdiniz. Bütün bunlara nəzərən “musiqi mənim həyatımdır” ifadəsini necə qəbul edirsiniz?

– ( gülümsəyir…) Bu çox gözəl sualdır. Mən bir müddət musiqidən, hətta ölkədən kənarda olmuşam. Lakin, məni musiqiyə yenidən qaytaran səbəb, musiqinin həyatımın bir hissəsi olması oldu.
Bəli, musiqi mənim həyatımdır.

– Şəxsi həyatınızdan kifayət qədər danışdıq. İndi isə sənət həyatınız, musiqi həyatınız barədə maraqlı məqamları bilmək istərdim.
Azərbaycan səhnəsində kumiriniz varmı, varsa kimdir?

– Örnək aldığım sənətkarlar çoxdur. Arif Babayev, Alim Qasimov, Mənsum İbrahimov, allah qəni-qəni rəhmət eləsin, mərhum sənətkar Məhəbbət Kazımov, gənclərdən Ehtiram Hüseynov və s. Kumirim olaraq isə adını xüsusi qeyd etmək istəyirəm Samir Cəfərov. Mən ondan vokal təhsili almışam. Doğrudur, muğam təhsilim də var, lakin, musiqimizi vokal sahəsini daha çox sevirəm və özümün bu istiqamətdə daha uğurlu addımlar ilə irəli gedə biləcəyimi düşünürəm. Bu yolda isə ən böyük dəstəkçim Samir Cəfərovdur. Samir müəllimi həm sənətdə, həm də həyatda bir şəxsiyyət olaraq kumirim hesab edirəm.

– Bura qədər gəldiyiniz, hazırda olduğunuz mövqe sizi qane edirmi?

– Xeyr, mənim hələ ki, tutduğum mövqe yoxdur, tutmaq istədiyim mövqe var, hansı ki, mən ora çatmaq üçün bütün bacarıqlarım ilə can atıram. İnşəallah nail olacağıma ümid edirəm.
– Bəs sənətdə hədəfiniz nədir. Hansı ki, o nöqtəyə çatmağa can atırsınız?

– Hədəfim, Azərbaycan musiqisində nə vaxtsa öz xüsusi dəsti xəttimin olması.

– Bu danılmaz, acı faktdır ki, indi sənətkarlar kölgədə qalıb, sənətçilər isə gündəmi zəbt ediblər. Hansı ki, o sənətkarlardan dərs almaq deyil, onlara baxıb sənətə gələn, “ulduz” olan sənətçilər istər efirlərə, istərsə də toy bazarına daha asan yol tapa bilirlər. Sizcə bu mövzuda dinləyici zövqünü günahkar hesab etmək olarmı?

– Ulduz yalnız qaranlıqda görünür. Düşünürəm ki, “ulduz” olmaq iddiasında olanların bu sahədə ömrü az olur. Günahkar axtarmaq lazım deyil, fikrimcə hər zövqün öz ömrü var, sənətkar ömrü isə qocalmır.

– Hazırkı Azərbaycan səhnəsi sizi qane edirmi?

Məsuliyyət tələb edən cavabı var bu sualın, amma düşünürəm ki, Samir Cəfərovun tələbəsi üçün o qədər də çətin olmaz bunu cavablandırmaq.
– Bu suala cavab vermək üçün həm mənim öz yaşım, həm də sənət təcrübəm çox gəncdir.

– Musiqi savadınız sizi qane edirmi, yoxsa hələ öyrənəcək çox şeylər olduğunu düşünürsünüz?

– Mənim fikrimcə musiqi bir fəlsəfədir, böyük bir elmdir. Biz ömrü boyu bu elmi öyrənsək də hələ öyrənəcəyimiz çox şeylər var!

Hazırladı: Jalə Asiman


ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

7 − two =