Vahid Tağıyev: Ceyhun Bayramovun Nazir təyin edilməsi niyə sevinclə qarşılandı…

0
Ceyhun Bayramovun təhsil naziri təyin edilməsi niyə belə böyük sevinclə qarşılandı…
  Minlərlə insan, xüsusilə çoxsaylı təhsil işçiləri gündəlik həyatda, sosial şəbəkələrdə Ceyhun Bayramovun təhsil naziri təyin edilməsi ilə əlaqadar bir- birini təbrik edib, sevincini bölüşdürür. Yeni nazirin bu qədər böyük əhval-ruhiyyə ilə qarşılanması olduqca xoş və az müşahidə olunan hallardan biridir. Bunun səbəbi nədir?
 -Son zamanlar respublikamızda dövlət tərəfindən aparılan uğurlu təhsil siyasətinin real nəticələri öz bəhrəsini verir. Vətəndaşlarımız yeni təhsil siyasətinin fəlsəfəsini anlayır. Təhsilin əhəmiyyəti, onun aparıcı, strateji bir sahə olduğunu cəmiyyət qəbul etdiyi üçün bu sahəyə kimin rəhbər olmasına maraqlıdır. Çünki, Mikayıl Cabbarovun simasında kimin nazir olmasının əhəmiyyəti aydın şəkildə özünü göstərdi.
  -Yeni nazir də əvvəldən Mikayıl Cabbarovla birgə təhsil nazirliyində fəaliyyətə başlamış, yeniliklərin təşkilatçısı və iştirakçısı olmuşdur. Həmin dövürdə nazirlikdə formalaşmış işgüzar komandanın şəffaf, məqsədyönlü, çevik və yaradıcı iş prinsipləri, xüsusilə rüşvətin, korrupsiyanın kökünün nazirlik səviyyəsində kəsilməsi böyük rezonans doğurdu. Bunlar təhsilimizdə illərlə arzuedilən xəyalların gerçəkləşməsi idi. Aparılan məqsədyönlü tədbirlər nəticəsində yerlərdə korrupsiya hallarından əli üzülən və tutduğu vəzifələri itirmək qorxusu olanların müxtəlif formalarda şantaj və böhtanlarına baxmayaraq, bütövlükdə cəmiyyətdə təhsil nazirliyi rəhbərliyinə qarşı böyük inam və rəğbət yarandı.
  -Son beş ildə təhsilin bütün pillələrində, yerli idarəetmə orqanlarında, o cümlədən ümumtəhsil məktəblərində baş verən özbaşınalıqlar azalmağa doğru gedirdi. Yeni təyinat bu halların tamamılə aradan qalxması istəklərinə müvafiq olaraq şəffaf kursun davam etməsinə ən etibarlı qarant oldu.
  -Son illərdə təhsilimizin bütün nöqsan və çatışmazlıqları açıq şəkildə ictimaiyyətə təqdim olundu. Sistemdə olan boşluqlar müəyyən edilməklə təhsil sisteminin müxtəlif təbəqələrində kadrların səviyyəsinə və bu baxımdan onlara verilən yeni tələblərə aydınlıq gətirilməyə başlandı. Təhsil ictimai müzakirə mövzusuna, tənqidə, təklifə açıq bir sahə oldu. İnsanlar illərlə şahidi, iştirakçısı olduğu məsələlərə tənqidi yanaşdı, yeniliklərin ilkin fayda və əhəmiyyətini hiss etdi və gördü. Əhalinin maariflənməsi, təhsilin məqsəd və mahiyyəti haqqında düşüncələri mükəmməlləşməyə başladı.
  -Təhsildə aparılan yeni siyasət nəticəsində pedaqoji sahənin nüfuzu artdı. Kadrların yalnız öz bilik, bacarığı ilə işə qəbulu, yerdəyişməsində olan uğurlar, diaqnostik qiymətləndirmə vasitəsi ilə müəllimlərin bilik və bacarığının ilk dəfə olaraq qiymətləndirilməsi və stimullaşdırılması həyata keçdi. Bunlarla bərabər gələcəkdə müəllimlərin əmək haqlarının tam olaraq onların bilik və peşəkarlıq səviyyəsinə uyğun ödənilməsinin təmin olunacağına inam yeni təyinatın sevinclə qarşılanması səbəblərindəndir.
  -Ceyhun Bayramovun 2014 – cü ildən bəri təhsil sahəsindəki fəaliyyəti, son 4 ayda təhsil naziri vəzifəsini müvəqqəti icra etdiyi zaman təmkinli mövqeyi ilə kursa sədaqəti, başlanmış işləri davam və daha da inkişaf etdirmək əzmində olması təhsil işçiləri arasında onun ən layiqli təhsil naziri olacağı qənaətinə əminlik yaratdı.
  -Son beş ildən əvvəlki dövrün həsrətini çəkən, Mikayıl Cabbarovdan sonra yenə əl-qollarının açılacağını gözləyən bəzilərinin ötən bu aylar ərzindəki jestləri, mövqeləri yenilikçi müəllim kadrların, təhsil işçilərinin diqqətindən yayınmır, təbii olaraq narahatlıq yaradırdı. Yeni təyinat neqativ hallar üçün məqam gözləyənlərin arzusunu gözündə qoydu!
  Bəli, göründüyü kimi Ceyhun Bayramovun təhsil naziri təyin edilməsinin rəğbətlə qarşılanması bu kimi müşahidə olunan çoxlu səbəblərdən irəli gəlir. Təhsil sahəsində yeniliklərin geniş ictimaiyyət tərəfindən müdafiə edilməsi, həm də təhsilin inkişafına cəmiyyətdən gələn sifariş, qarşıdakı illərdə davam edəcək təhsil islahatının yeni mərhələsində uğurlar üçün böyük dəstəyin ifadəsidir.
  İnanırıq ki, təhsilin inkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulan hədəflərin reallaşması, beynəlxalq təhsil sisteminə yaxından inteqrasiya əsaslı keyfiyyət dəyişikliklərinə gətirib çıxaracaqdır. Düşünürəm ki, yerli idarəetmə sisteminin təkmilləşməsinin başa çatması, korrupsya hallarına qarşı qətiyyətli mübarizə mövqeyi uğurlara gedən yolun ilk mərhələsi olmaqla daim nəzərə alınmalıdır.
 Respublikamızın prezidenti İlham Əliyevin digər sahələr kimi təhsilə də xüsusi diqqət və qayğısı, ölkəmizin iqtisadi qüdrətinin durmadan artması, kadr potensialını və təhsildə başlanmış uğurları da nəzərə alsaq, indi heç vaxt olmadığı qədər təhsilimizin inkişafı üçün geniş imkanlar yaranmışdır.

 

Vahid Tağıyev

İmişli RTŞ-nin müdir müavini.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

nineteen − seven =