Xilafətə qarşı Beyləqan üsyanları – Tarixə baxış

0

632-ci ildə İslam dünyasının Peyğəmbəri Məhəmməd vəfat etdi. Onun vəfatından sonra ərəb xilafəti genişlənməyə başladı.

Ərəb ordularının uğurlarının səbəblərindən biri də Bizans və İran arasında uzun illər davam edən müharibələr və nəticədə tərəflərin zəifləməsi idi. Eyni zamanda, ərəb ordusunda sürətlə hərəkət edən süvari dəstələri, Bizans və İran əhalisinin ağır vergilərdən azad olmaq üçün daha ədalətli dövlətçilik və sosial siyasət yürüdən müsəlmanlara xilaskar kimi baxaraq onların tərəfinə keçməsi də mühüm faktorlardan idi.

Ərəblər qısa müddət ərzində qonşu regiona sahib oldular. 750-ci ilə qədər isə vəziyyət daha da mürəkkəbləşmişdi. 743-744-cü illər arasında taxtda olan Xəlifə Hişamdan sonra bir il ərzində Əməvilərin üç nümayəndəsi taxta sahib çıxdı. 744-cü ildə isə Qafqaz canişini Mərvan taxta qalxdı. Amma bu da dini-siyasi hərəkatın qarşısını ala bilmədi.

IX əsr ərəb tarixçisi əl-Kufinin əsərinə əsasən, Mərvan xəlifə seçilən kimi Azərbaycanda iğtişaşlar başladı. Hərəkat ərəb üsul-idarəsinə qarşı idi və başında beyləqanlı Müsafir ibn Kəsir dururdu. O, həm də “qəssab” ləqəbi ilə tanınırdı. Mərvan hələ canişin olanda Müsafir Dərbənd hakiminin köməkçisi idi. Müsafir ərəblərin vergi zülmündən zara gəlmiş xalqın dəstəyi ilə xilafət ağalığından qurtulmaq niyyətində idi. Xilafətə qarşı başlayan üsyan dalğası qısa müddət ərzində Azərbaycanı bürüdü. Xilafətdə isə hakimiyyətə Abbasilər gəlmişdi. Abbasilərin ilk nümayəndəsi Əbu Abbas qardaşı Əbu Cəfəri Azərbaycan, Ərməniyə və Əl-Cəzirənin valisi təyin etdi. Əbu Cəfər regiondakı üsyanları qismən yatırmağa nail oldu. 100 minlik ordu iğtişaşlara son qoydu və Müsafir qətlə yetirildi.

Bununla belə, vergi yükünün ağırlığı, xəzərlərin hücumlarının artması yeni üsyan dalğasına səbəb olbu. 794-cü ildə Beyləqanda yeni bir üsyan başladı. Üsyanın başında “əşşəri” ləqəbli şəxslər dururdu. “Əşşəri” hərfi tərcümədə şər, şərəşur adam mənasına gəlir. Üsyanın lideri Əbu Müslim idi. Qısa müddət ərzində etiraz dalğası regiona yayıldı. Bəhanə isə bərdəlilərin xəlifə tərəfindən xərac toplamaq üçün göndərilən Əbu Sabahı öldürmələri oldu. Xəlifə üsyanı yatırmaq üçün böyük ordu göndərsə də, ərəb ordusu darmadağın edildi. Bərdə, Beyləqan, Naxçıvan və bir neçə şəhər üsyançıların əlinə keçdi. Üsyançılar Gilab qalasını da ələ keçirdikdən sonra Bərdə civarında ərəb sərkərdəsi Madam əl-Xumsinin 6 minlik ordusunu məğlub etdilər.

Üsyanı yatırmaq üçün xəlifə Harun ər-Rəşid (786-809) 12 min nəfərdən ibarət güclü qoşun dəstəsi göndərdi. Qoşuna Yəhya əl-Həraşi rəhbərlik edirdi. Xaricilərin qüvvəsi məğlub oldu və yenə də Gilab qalasına çəkildilər. Əbu Müslüm isə öldürüldü. Şəhərin əhalisi Yəhyadan aman istədi. Yəhya şəhərə daxil olub möhkəmləndirilmiş qalanı dağıtdı.

Amma IX əsrdə Beyləqanda ərəblərə qarşı yeni etirazlar baş qaldırdı. Beyləqanlılar xəlifənin Azərbaycana göndərdiyi canişini tanımaq istəmirdilər və buna görə də üsyana qalxdılar.

Üsyana Əbdülməlik ibn əl-Cahhaf əs-Sülami rəhbərlik edirdi. Üsyançılar canişin Tahiri Bərdə şəhərində mühasirədə saxladılar. Onun köməyinə xəlifə tərəfindən yeni qüvvə göndərildikdən və beyləqanlıların toxunulmazdığı təmin edildikdən sonra Bərdənin mühasirəsi aradan qaldırıldı və Tahir sərbəst buraxıldı. Xəlifə Tahiri geri çağırdı və onun əvəzinə Süleyman ibn Əhməd əl-Haşimini yerinə canişin təyin etdi…

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

11 + 8 =