YAP-da həmişə yeniliklər olacaq bu mənada gözləntilərə hörmətlə yanaşırıq.

0

Aydın Mirzəzadə: “…Yenilənmələr olacaq”

Ölkədə 2018-ci il prezident seçkilərindən sonra yeni mərhələyə adlayan islahat prosesinin hakim Yeni Azərbaycan Partiyasından (YAP) da yan keçməyəcəyi barədə düşüncələr var. Xüsusilə də son aylar rayon icra hakimiyyəti başçıları və digər məmurların sərt cəzalandırılması hakim partiyanın sıralarının sərf-nəzər edilməsi zərurətini ortaya çıxarır.

Bəzi hallarda hətta bəzi hakim partiya təmsilçiləri, yaxud hakimiyyətyönümlü şəxslərin də mediadakı tənqidi fikirlərindən belə aydın olur ki, YAP-da islahatlar labüddür. Təsadüfi deyil ki, hakim partiyanın idarəetməsində olanlar icra başçılarının həbsindən sonra tənqidlərin dozasını artırıblar. Elə televiziya debatlarında, parlamentdəki çıxışlarda tez-tez kəskin tənqidi fikirlər eşidirik. Açıq şəkildə vurğulanır ki, təkcə başçıları həbs edilən rayonlarda deyil, digərlərində də məmur-vətəndaş münasibətlərində, həmçinin digər sahələrdə problemlər var. Cəzalandırılan icra başçılarının bir neçəsinin YAP üzvü olmaları da bu məsələyə həssas münasibəti zəruri edir. “Kadr bankı”nın həm də YAP-da cəmləşməsi də bu təşkilata əlahiddə diqqət göstərilməsinin normal olduğu qənaətini yaradır. Məsələn, son aylarda ölkə Prezidenti bir neçə icra başçısını gənclərlə əvəzləyib. Elə 21 mayda Ağstafa rayonuna yeni icra başçısı vəzifəsinə hakim Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatının sədri Seymur Orucov təyin olundu. Prosesin davamlı xarakter alacağına, intellektli, səviyyəli, savadlı və adı neqativ hallarda çəkilməyən kadrların önə çıxarılacağı, onlara yüksək etimad göstəriləcəyi şübhəsizdir. Bu mənada hakim partiyanın da öz tərəfindən Prezidentin tələblərinə uyğun olaraq addımlar atacağına şübhə yoxdur. Çünki hansısa korrupsioner məmur YAP çətiri altında gizlənməklə həm də hakim partiyanın adına xələl gətirir. Belə məlumatlar var ki, YAP-ın işlək bir mexanizm halına gətirmək üçün ciddi kadr və struktur islahatları aparılacaq. Vurğulanır ki, köhnə, ictimai rəydə neqativ obrazda olan rəhbər heyət, xüsusilə də Siyasi Şura yenilənəcək. Yəni eynilə icra başçılarını yeniləyəndə tətbiq olunan modeldən istifadə olunacaq.  Aldığımız məlumatlarda bu da vurğulanır ki, gənclər, yüksək təhsil almış, heç bir siyasi intriqalara bulaşmamış kadrlar YAP rəhbərliyinə gətiriləcək, hakim partiyanın rayon şöbələri də kardinal yenilənəcək.

YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə bütün bu məlumatlarla bağlı “Yeni Müsavat”a açıqlamasında bildirdi: “Birincisi, belə müzakirələrin olmasına normal baxıram və hörmətlə yanaşıram. Cəmiyyət həmişə hakim partiyadan çox şey gözləyir. Ona görə də hadisələri qabaqlayaraq hansısa bir proseslərdən bəhs edir, özünün hansısa bir gözləntilərini ortaya qoyur və sair. Heydər Əliyev o vaxt partiyanın adının Yeni Azərbaycan, şüarımızın isə Yeni Azərbaycan Uğrunda olmasını təklif etdi, bu, o demək idi ki, biz həmişə yeniliyə doğru can atacağıq, həmişə yeniliyi özümüzdə görmək istəyəcəyik, cəmiyyətin avanqardı olmağa iddia edəcəyik. Bu baxımdan daim partiyada yeniliklər olub. Həm qurultaydan-qurultaya partiyanın rəhbərliyində dəyişikliklər olub, rayon, şəhər təşkilatlarının rəhbərliyinə yeni insanlarımız cəlb edilib. Demokratik düşüncəli, vətənpərvər insanların partiyamızda olmasına çalışmışıq, onları partiya sıralarına cəlb etmişik, yaxud onlarla bilikdə işləmişik. Əlbəttə ki, zaman-zaman YAP-da həmişə yeniliklər olacaq. Bu mənada gözləntilərə hörmətlə yanaşırıq”.

A.Mirzəzadə qeyd etdi ki, bu gün dövlətimizdə böyük yeniliklər baş verir: “Bunun təşəbbüskarı YAP-ın sədri, dövlət başçımız cənab İlham Əliyevdir, partiyamızın sədr müavini, birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevadır. Onların təşəbbüsü ilə ölkədə bu islahatlar həyata keçirilir. Konstitusiya dəyişilib, dövlət idarəetmə sistemində yenilik olub. Onlar növbədənkənar parlament seçkilərinin keçirilməsini, ora demokratik düşüncəli, nüfuzlu insanların seçilməsini dəstəklədilər”.

YAP-ın sıralarında dəyişikliyin olmasına gəldikdə, A.Mirzəzadə dedi ki, bu, həmişə olub və olacaq: “Neftçaladan sonra indi də Ağstafaya layiqli gənclərdən birinin icra başçısı təyin edilməsi YAP-ın potensialına, eyni zamanda gənclərə olan diqqətdir. Hakimiyyətdə təkcə YAP üzvləri təmsil olunmurlar, bitərəflər, digər demokratik düşüncəli, partiya üzvü olmayan insanlar da var. Bu baxımdan YAP ona yönələn etimadı həmişə doğruldacaq”.

A.Mirzəzadə YAP-da işlək bir mexanizmin yaradılmasından ötrü ciddi kadr və struktur islahatları aparılacağı, Siyasi Şuranın yenilənəcəyi ilə bağlı məlumatlara da münasibət bildirdi: “Belə bir informasiyam yoxdur. Amma yenə deyirəm, partiya daxilində həmişə yenilənmə olacaq. Həmişə yeni kadrlar gələcək, yeni simalar ortaya çıxacaq. Bunun üçün kifayət qədər potensialımız var. Gələcək, hər halda, daima partiyanın da yenilənməsini nəzərdə tutur. İndi bu, nə zaman, necə olacaq, hər halda, cəmiyyət görəcək”.  Deputat köhnə, ictimai rəydə neqativ obrazda olan rəhbər heyətin yenilənəcəyi, gənclərin, yüksək təhsil almış, heç bir siyasi intriqalara bulaşmamış kadrların YAP rəhbərliyinə gətiriləcəyi haqda suala cavabında dedi ki, bunu qurultay həll edir: “Bu barədə bir söz demək olmaz. Əsas odur ki, partiyanın adında, şüarında yenilik var. Bizim məqsədimiz, fəlsəfəmiz, fəaliyyətimiz həmişə cəmiyyətə xeyir gətirən, insanların maraqlarını təmin edən, dövlətimizi gücləndirən yeniliyin olmasıdır. Bizim məramımız budur. Amma konkret adları, formanı zaman göstərəcək”.

A.Mirzəzadə son qurultayı 2018-ci ilin fevral ayında olan YAP-ın növbəti qurultayının nə zaman keçiriləcəyindən məlumatsız olduğunu bildirdi: “Bunu zaman göstərəcək. Bir şey aydındır ki, YAP həm özü yenilənir, həm də cəmiyyətə yenilənmə dinamikası verir. YAP-ın bütün qurultaylarında yenilənmə olur və əlbəttə ki, gələcək qurultaylarda yenilənmələr olacaq”.

Hakim partiyanın rayon, şəhər təşkilatlarının şöbələrində kardinal dəyişikliklərin həyata keçiriləcəyi barədə məlumatlara gəldikdə, deputat dedi ki, bu məsələ konfranslarda həll olunacaq: “Hər konfranslar dövründə rayon təşkilatı rəhbərləri bir daha analiz edilir, bir daha hansısa təşkilatda yenilənmə olub-olmayacağı məsələsi müzakirəyə çıxarılır. YAP ümumən marağındadır ki, bizim rayon təşkilatlarımıza öz regionunda nüfuzlu, siyasi cəhətdən yetkin və etimad doğuran şəxslər rayon rəhbərliyində olsunlar”.

“Yeni Müsavat”

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

five × two =