Yaşlı nəsillə davranışda prezident nümunəsi

0

Azərbaycan xalqı dünyanın ən yaxşı xalqları sırasındadır. Dünyanı gəzib dolaşan insanlar da bunu təsdiqləyər. Xalqımızın qonaqpərvərliyi, qədimlərdən bəri qorunub saxlanılan adət-ənənələr, xeyir-şərdə bir-birinə dəstək verilməsi, böyük-kiçik yeri bilinməsi, darda olana kömək göstərilməsi özəl xüsusiyyətimiz kimi xarakterizə edilir. Bu haqda ölkəmizə gələn şəxslər də ağızdolusu danışıb, bir çox xarici yazarların da yazılarında bu təsbit olunub.

Ancaq müşahidə olunan xoşagəlməz bir tendensiya da var və bu ötənlərdə də müşahidə olunub, indi də davam etməkdədir. Toplumda çox qəribə şəkildə bir küyə düşmək, kütlə psixologiyasına uymaq, hər hansı bir məsələni pozitivdən neqativə döndərmək kimi xüsusiyyət var…
Azərbaycan Prezidenti İlham Əliyev neçə illərdən bəri davam edən kadr və struktur islahatlarını son bir ayda daha da dərinləşdirib. Dövlət başçısı ortaya ciddi siyasi iradə qoyub və dövlətimizin, iqtisadiyyatımızın daha da güclənməsi, cəmiyyətimizin daha da inkişafı üçün mühüm addımlar atır, qərarlar verir: qurumlar birləşdirilir, yeni xidmət təşkilatları yaradılır, vəzifələrə yeni, perspektivli kadrlar gətirilir və sair…

Burada bir istiqamət də qocaman, yaşlı vəzifə daşıyıclarının gənc və orta nəslin nümayəndələri ilə əvəzlənməsidir. Dövlət başçısı bu prosesi xüsusi həssaslıqla, xüsusi ehtiramla həyata keçirir. Prezident İlham Əliyev Baş nazirin sabiq müavinləri Əli Həsənov və Hacıbala Abutalıbovu, daha sonra Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevi işdən çıxmaları barədə ərizələrini təsdiqlədikdən və onları vəzifədən azad etdikdən sonra hansı davranışı sərgilədi, biz hamımız bunun şahidi olduq. O, hər üç şəxsi yüksək səviyyədə qəbul etdi, barələrində ən yaxşı sözləri dedi, qucaqlaşıb ayrıldı. Ramiz Mehdiyevi ən yüksək dövlət mükafatı – Heydər Əliyev Ordeni ilə təltif etdi.
Bu, Prezidentin ağsaqqal şəxslərə münasibətidir: yüksək ehtiramla sağollaşdı həmin şəxslərlə. Onların vəzifədən azad edilməsi isə tamamilə başqa məsələdir, dövlətin, hakimiyyətin idarə edilməsində həyata keçirilən islahatlardır, müasir dövrün tələbləri üzrə çevik komanda formalaşdırılması zərurətindən doğan məsələdir.

Lakin cəmiyyətdə müəyyən kəsimin qeyri-adekvat davranışlarını müşahidə etdik bu prosesdə. Onlar sanki Prezidentin yaşlı şəxslərə münasibətdə göstərdiyi ehtiramın fərqində olmadılar, bundan nümunə götürmədilər. Bir çoxları bunun əksini etdi, bəziləri haqlı-haqsız yaşlı şəxslərin ünvanına fikirlər bildirdilər, yazılar yazdılar…
Hər birimiz yaşlanacağıq və hər birimizin evində yaşlı ata-anamız, əmimiz, dayımız, bibimiz var. Məgər onların yaşlılıqdan doğan hansısa bir hərəkətini ələ salırıq? Bunu öz doğmalarımıza edirikmi?

İkincisi, baxmayaraq ki, artıq özümü orta nəslin nümayəndəsi hesab edirəm, çalışıram müdrik, xeyirxah ağsaqqallardan nələrsə öyrənim. Bunda mütləq bir fayda var. Onlar hansısa bir çevik proses həyata keçirə bilməyə bilər, amma elə məsləhət verər ki, sənin uğurun məhz bundan başlayar…
Hər bir insan mütləq yaşlaşır, nə qədər yüksək savada, idarəçilik bilik və bacarıqlarına malik olsa da, ahıllıq çağının fiziki normaları var, Allahın, təbiətin hökmünü geri oxumaq mümkün deyil. Heç bir halda yaşlı nəsli qaralamaq, onları ələ salmaq olmaz. Ancaq təəssüflər olsun ki, çox pis nümunələr də ortaya qoyulur. Elə xaricdəki bir çox dairələrin də məqsədi Azərbaycanda ağsaqqallıq, böyük-kiçik yeri bilmək, ailə dəyərlərinin məhvinə nail olmaqdır.

Çoxlarına elə gəlir ki, Avropada, Asiyada, Qərbdə adamlar böyük-kiçik yeri bilmir, ağsaqqalları saymır. Qətiyyən belə deyil! Özünə hörmət edən, bütün oturuşmuş, inkişaf etmiş ölkələrdə yaşlılara ehtiram göstərilir, onları lağ obyektinə çevirmək istəyənləri cəmiyyət linc edər.
Və yüksək dövlətçilik təcrübəsi olan ölkələrdə uzun illər idarəetmədə, strateji vəzifələrdə olmuş şəxslər təqaüdə gedəndə onlar hansısa institutda, beyin mərkəzində çalışır, məsləhət və tövsiyələri alınır, təcrübələrindən gənc kadrlar istifadə edir.

Demirəm ki, hansısa yaşlı məmuru, deputatı tənqid etmək olmaz. Əlbəttə, yaşından, kimliyindən asılı olmayaraq hansısa vəzifə daşıyıcısının arzuolunmaz fəaliyyəti varsa, onu möhkəmcə tənqid etmək lazımdır. Lakin dövləti, milləti, seçicisi üçün əlindən gələni edən, xeyriyyəçiliklə məşğul olan yaşlı şəxslərə qarşı hansısa maddi və ya qrup maraqlarından çıxış edərək kampaniya başlatmaq, əxlaqa uyğun gəlməyən, heyrət doğuran, cinayətə səbəb ola biləcək, mənəvi dəyərləri aşan təxəyyüllər, mülahizələr səsləndirmək kimsəyə hörmət gətirməz və məsuliyyət yaradar. Bu, ən əsası Prezidentin ağsaqqallarla bağlı göstərdiyi nümunəyə, yaşlı insanlara qarşı kampaniya aparılmaması ilə bağlı tapşırığına qarşı çıxmaqdır.

Özü də bunu elə adamlar edir ki, ömrünün əvvəlindən bugününə kimi bir yetim uşağa bir əmzik alıb bağışlamayıb. Və belələrinin üstünə şığıdığı adamlar isə o şəxslərdir ki, onun təkcə bir kənddə etdiyi (məsələn, Şamaxının Ərçiman, Mərzəndiyə, Quşçu, Məlcək və s. kəndlərində millət vəkili Elxan Süleymanovun etdiklərini nümunə kimi göstərə bilərəm) xeyriyyəçiliyi – öz hesabına məktəb tikməsini, on illərdir susuz qalan kəndə su çəkdirməsini, onlarla xəstə uşağı müalicə etdirməsi və s. – həmin kəmfürsət, qaragüruhçu adamlar nə vaxtsa milyonları olsa belə, ömrü boyu həyata keçirməyə ürəkləri gəlməz. Xeyirxahlıq etmək asan iş deyil. Xeyriyyəçilik həm də böyük ürək tələb edən işdir…

Belə insanları incitmək, etdiyi yaxşılıqları qarşısında bu cür “dəyərləndirmək”, küsdürmək, hansısa maraqlar naminə ləkələmək cəhdi isə ən azı ayıbdır, cəmiyyətə, qayğıya, yardıma ehtiyacı olan insanlara pislik etməkdir.

Elşad MƏMMƏDLİ

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

13 − 8 =