Yeni Azərbaycan Partiyası Milli Məclisə seçkilərlə əlaqədar “Daha güclü Azərbaycan naminə” təbliğat – təşviqat kampaniyasına start verdi

0

Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar  seçkilərin təbliğat – təşviqat kampaniyasına start verildi.

Yeni Azərbaycan Partiyası seçkilərə möhtəşəm hazırlıq işlərini uğurla yekunlaşdırmış, bu gün səhər saatlarından başlayaraq təbliğat – təşviqat kampaniyası çərçivəsində həyata keçiriləcək tədbirlərin icrasına başlamışdır. YAP-ın mərkəzi seçki qərargahının yerli strukturları əvvəlcədən müəyyənləşmiş qrafikə uyğun fəaliyyətə başlamış, Yeni Azərbaycan Partiyasının namizədlərinin təşviqat materialları bütün dairələr üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyənləşmiş ünvanlarda yerləşdirilmiş, YAP-ın Milli Məclisin deputatlığına namizədlərinin  seçicilərlə görüşlərinə başlanmışdır.

Qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyasının seçkilərə hazırlıq işləri çərçivəsində rayon və şəhər təşkilat sədrlərinin iştirakı ilə bir neçə ümumrespublika müşavirəsi keçirilmiş, müşavirələrdə seçkilərə hazırlıq işləri müzakirə edilmiş, mərkəzi seçki qərargahı tərəfindən yerli şöbələrə konkret tapşırıqlar və tövsiyyələr verilmişdir.

09 fevral 2020-ci il tarixə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 123 dairə üzrə namizəd irəli sürülmüşdür. Yeni Azərbaycan Partiyası imzatoplama kampaniyasını qısa müddət ərzində uğurla başa çatdırmış, namizədləri dairə seçki komisiyaları tərəfindən Milli Məclisin deputatlığına namizəd kimi qeydə alınmışdır. Bununla da, Yeni Azərbaycan Partiyası  Azərbaycan Respublikasının Seçki Məcəlləsinə müvafiq olaraq, seçkilərdə  seçki dairələrinin 60-dan coxunda namizədləri qeydə alınmış siyasi partiya kimi iştirak etmək hüququ qazanmışdır.

Uğurla başa çatmış imzatoplama kampaniyasında Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı tərəfindən xüsusi treninqlərə cəlb edilmiş 1300-dən artıq partiya üzvü iştirak etmişdir.

Yeni Azərbaycan Partiyası seçkiləri müşahidə etmək üçün dairə seçki komisiyalarına 125 nəfər müşahidəçi, daha 125 nəfər məşvərətçi səs hüquqlu nümayəndə, seçki məntəqələrində 5 mindən artıq müşahidəçi, 5 mindən artıq məşvərətçi səs hüquqlu nümayəndə qismində də təyin etmişdir. Beləliklə, Yeni Azərbaycan Partiyası fevralın 9-da keçiriləcək Milli Məclisə seçkiləri təxminən 11 min nəfər müşahidəçi ilə izləyəcəkdir.

Yeni Azərbaycan Partiyası Milli Məclisə seçkilərin təbliğat – təşviqat kampaniyasını da yüksək əhval – ruhiyyə və inamla həyata keçirmək əzmindədir. Bu məqsədlə Yeni Azərbaycan Partiyası tərəfindən həyata keçirilən hazırlıq işləri tam başa çatmışdır.

Göründüyü kimi, Yeni Azərbaycan Partiyası fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilərə hazırlıq işlərini ən yüksək səviyyədə başa çatdırmış və bu yüksək hazırlıq işlərinin  sayəsində seçkilərin təbliğat – təşviqat kampaniyasına uğurla start vermişdir. Möhtəşəm kampaniya möhtəşəm qələbənin təminatıdır. Yeni Azərbaycan Partiyasını bu seçkilərdə növbəti möhtəşəm qələbə gözləyir.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

three × 1 =