Yeni parlament seçkiləri ərəfəsində

0
Vahid Tağıyev
(Bu statusu xeyli vaxtdır yazmışam, sosial şəbəkədə paylaşmaq istədiyim zaman hörmət etdiyim bəzi insanların da bu iddaya düşdüyünü eşidib əl saxladım ki, elə bilərlər onları nəzərdə tuturam. Ancaq müxtəlif regionda, şəhərdə bu tendensiyanı müşahidə edəndən sonra yenidən əvvəlki qeydlərimi paylaşmaq qərarına gəldim)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlət idarəetməsi təkmilləşdirilir, beynəlxalq tələblər səviyyəsində yeni modelə keçid prosesi başlanmışdır. Bu islahatların mahiyyətində şəffaflıq, obyektivlik və böyük tərəqqi var!
Yeni formalaşacaq parlamentdən də daha çox gözlənti idarəetmə sistemində aparılan islahatların fəal tərkib hissəsi olmasıdır.
Ancaq, elə adamlar öz namizədliklərini irəli sürməyə maraqlıdır, yaxud bu iddada olduqlarını eşidirik ki… təəssüf hissindən başqa söz demək asan deyil.. Karyeraları sona çatmış ahıl adamlar, özünü cəmiyyətdə təsdiq edə bilməyənlər, yaxud özün toparlayıb, bir neçə söz deyə bilən, təzə- təzə “yeriməyi öyrənən” gənclər…
Söhbət hazırkı zamanın reallığında parlamentə o insanları seçməkdən gedir ki:
– İlk növbədə vətənpərvər, umummilli maraqları, mənafei əsas hesab etmək keyfiyyətlərinə, mənəviyata, əxlaqa, xarakterə sahib şəxs olsun.
– Ən azı hansısa bir sahənin kifayət qədər nəzəri, yaxud praktik bilicisi olsun ki, o sahəyə ehtiyac olanda ağllı mövqe ortaya qoya bilsin.
– Cəmiyyətin inkişafını yuxarıya daşıyan liftə bənzər düzgün qərarların, qanunların qəbul edilməsində iştirak edə bilsin.
– Əlbəttə, daha çox interaktiv, enerjili, lazım gələndə rəqabətəqabiliyyətli, Azərbaycanı layiqincə təmsil etmək bacarıqları ilə (ikt, xarici dil, mükəmməl ixtisas, intellekt, dünyagörüş və s.) fərqlənsin.
Hər kəsin özünü deputat kimi görə bilməsinin başlıca səbəblərindən biri də yaxın keçmişin reallıqlarıdır. Bu adı qazananların az vaxta nə qədər mülkə, “nüfuza”, toxunulmazlığa sahib olmalarıdır…
Cəmiyyətin mənafelərinə xidmətdən uzaq, belə təsadüfi adamların “deputat” mandatını qazana bilməsi, “fəaliyyəti” dövründə yalnız özünə xidmət etməsi kimi bir tendensiyanın yaddaşlara hopmasının təsridir…
Ancaq, unutmamalıyıq ki, yalnız özünü düşünəndən birmənalı olaraq millət vəkili olmaz! Belələrinə etibar etmək olarmı?
Aydınlıq üçün çox sadə bir misal:
– Heç vaxt sükan arxasında oturmamış elə bir adam tapmaq olarmı ki, ailə üzvlərini, övladlarını bir maşına yığıb desin ki, əyləşin maşına, sizi hansısa bir şəhərə aparmaq istəyirəm (bunu deyən ahıl insan olsun, ya da yeniyetmə gənc). Yəqin ki, az da olsa ağıllı bir adam bunu deməz və etməz. Seçilsə belə millətə, dövlətə heç bir fayda verə bilməyənlərin deputat olmaq istəyi, göstərilən misaldakı kimi maşını idarə etmək istəyənlərin səviyyəsindədir.
Yaxın günlərdə dəyər verdiyim, istedadlı iki gənc, müxtəlif vaxtlarda mənə müraciətlə məsləhətləşmək istədiklərini dedilər. Bildirdilər ki, onlar deputatlığa namizədliklərini vermək fikrindədirlər. Xoş münasibətimi bildirdim. Söhbət zamanı məlum oldu ki, onlar bu məsələyə sadəcə bir şəxsi maraq kimi yanaşırlar… Halbuki, müəyyən qabiliyyətə malik gənclərdir..
Əziz vətəndaşlar! Dəyərli insanlar! Bu məsələdə hər kəs azaddır, sərbəstdir, onun seçmək və seçilmək hüququ var. Ancaq ümumi mənafeə aid olan məsələlərdə şəxsi maraq yolverilməzdir. Bzim millətimiz həmişə abır- həyanı gözləyib, mənəvi dəyərləri qiymətləndirib. Ona görə də “layiq deyilsən” kimi ifadələri üzə deməyə çətinlik çəkirik. Unutmayaq ki, seçki elə bir prosesdir ki, gizli səs vermədə bu ifadələr deyiləcək, hər kəs layiq olduğu qiyməti alacaqdır. Yəqin ki, belə ciddi məsələlərdə hər kəs öz yerini, bacarığını, əqidəsini bilsə daha yaxşıdır…
Bunlar səmimi düşüncələrim, anlamımdır! Əsla, kimisə aşağılayıcı bir mövqedən çox uzağam. Hamımızın bir Vətənimiz var. Onun inkişafı barədə düşünmək və bacardığımız nələrisə etmək VƏTƏNDAŞLIQ, həm də, bir İNSANLIQ, VİCDAN borcumuzdur, KİMLİYİMİZDİR!
Respublika Prezidentinin idarəetmədə yeni yanaşma tərzi insanların bacarığının, inellektinin, bütövlükdə insan kapitalının üzə çıxması və inkişafı üçün geniş imkanlar yaradacaq. Bunlar isə öz növbəsində bütün sahədə sürətli inkişaf, tərəqqinin əsası olacaqdır.
Qeydlərimə müxtəlif münasibətlərin olmasına təbii baxıram. Ancaq, nə istəyirsən sualına həmişə tərəddütsüz cavabım var: Yalnız anlaşılmaq istəyirəm!

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

one × 4 =