Yusif Babanlı:”Gənclər və İdman sahəsində ümummilli liderin qoyduğu ənənə uğurla davam etdirilir”

0

Heydər Əliyevin arzularından biri də hər bir Azərbaycan vətəndaşının bədən tərbiyəsi və idmanla məşğul olması idi…

genclerle

Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi daxil  olunmuşdur. Bu dövrün isə Azərbaycanın gələcək tarixi taleyi baxımından başlıca məzmunu Azərbaycançılıqdır. Azərbaycanın müstəqil dövlət quruculuğuna aparan yolu, əslində, 1969-cu ildən – məhz onun hakimiyyətə gəlişindən sonra başlamışdır. Bu mənada azərbaycançılığın ən parlaq səhifələri də elə həmin illərdən etibarən yazılmışdır. Heydər Əliyev o dövrdə mövcud olan ideologiyanın qəlibləri çərçivəsində və bu ideologiyaya, əlbəttə, aşkarda daban-dabana zidd olmayan formada olsa belə, alt qatda ona müxalif qalaraq, Azərbaycanda milli ruhun tamamən sıxışdırılmasına nəinki yol verməmiş, əksinə, onu yüksəltmək yolunda bütün imkanlardan maksimum dərəcədə istifadə etməyi bacarmışdır.

Bu baxımdan Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul edilir. Tarixi məhz bu dövrdən etibarən başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqamətini də məhz xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil etmişdir. Onun respublikaya rəhbərlik etməyə başladığı ilk günlərdən Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin müntəzəm surətdə qeyd olunması bir ənənə halını almış, bu isə Azərbaycan xalqının ümummilli problemləri ilə sıx bağlı olub milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaratmışdı.

Heydər Əliyevin 1969-82-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrdə görülən işlər milli özünüdərk duyğularını ideoloji sistemin keçmiş buxovlarından xilas edərək, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi təməl prinsiplər əsasında milli ruhun hədsiz yüksəlişini təmin etmiş, xalqımızın qəlbində illərdən bəri sıxılıb qalmış milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün münbit zəmin yaratmışdı.

Bu dahi şəxsiyyət Azərbaycanı inkişaf yoluna çıxarıb. Bu gün xalqımızın orta və gənc nəsillərinin inkişafı, onların cəmiyyətdə formalaşmasının əsası məhz bu böyük şəxsiyyətin dövlətimizin sükanı arxasına keçdiyi illərdə qoyulub. Tarixə nəzər saldıqca bunun bir daha şahidi oluruq. Belə ki, Azərbaycan idmançılarının hazırlığının yaxşılaşdırılması işində respublika fəallarının bədən tərbiyəsi və idmana həsr olunmuş 21 iyun 1974-cü il tarixli yığıncağı həlledici rol oynadı. Həmin yığıncaqda respublikada bədən tərbiyəsi və idman işinin vəziyyətinin ətraflı və işgüzar təhlili verildi.

Elə həmin il avqustun 6-da Azərbaycan KP MK və respublika Nazirlər Sovetinin “Respublikada bədən tərbiyəsi və idmanın vəziyyəti və onun daha da inkişaf etdirilməsi tədbirləri haqqında” qərarı qəbul olundu. Respublikanın fəallar yığıncağından sonra isə qərarda idman qurğularının tikilməsi, kənddə və yaşayış yerlərində bədən tərbiyəsi və idmanın inkişafına, respublikanın qabaqcıl idmançılarının ustalığının tərəqqisinə nail olunması, bədən tərbiyəsi-idman işinə rəhbərliyinin kökündən yaxşılaşdırılması və başqa mühüm məsələlər qaldırıldı. Bundan başqa, qərarda kütləvi bədən tərbiyəsi və idman işləri rəhbərliyinin işinə qiymət verilməsinin bədən tərbiyəsi və idmanın hansı dərəcədə inkişaf etməsindən asılı olduğu da qeyd edilmişdi. Göstərilirdi ki, bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olanların sayı son 10 ildə iki dəfədən çox artmış və 1974-cü ildə 886 min 433 nəfərə çatmışdır.

Azərbaycanda bədən tərbiyəsi və idmana dövlət qayğısının nəticəsində 1974-cü il sentyabrın 1-dən uşaq və gənclər idman məktəblərində və yüksək idman ustalığı məktəblərində müasir elmi-metodik tələblər və təlim-məşq məşğələlərinin həcmi xeyli artırılmışdı. Belə ki:

-1975-ci ildə futbol, yüngül atletika, idman oyunları üzrə respublika yüksək idman ustalığı məktəbləri, 1976-1980-ci illər ərzində isə şəhər və rayon bədən tərbiyəsi və idman komitələri yanında 14 idman məktəbi açılmışdı;

– 1975-ci ildən başlayaraq, ildə 4 dəfə Azərbaycan və rus dilində üç çap vərəqi həcmində idmana dair informasiya materialları məcmuəsi nəşr edilmişdi;

– İdman obyektlərinin tikintisinin həcminin artması ilə əlaqədar Respublika Bədən Tərbiyəsi və İdman Komitəsində əsaslı tikinti şöbəsi yaradılmışdı;

– Zəhmətkeşlər arasında sağlamlıq və kütləvi idman işi kökündən yaxşılaşdırılmış, ƏMH kompleksinin geniş təbliğ olunması sahəsində həmkarlar ittifaqı təşkilatlarının və könüllü idman cəmiyyətlərinin təşəbbüsü ilə əmək və təlim prosesində istehsalat gimnastikası təşkil edilmiş, sağlamlıq zonaları yaradılmış, yaşayış yerlərində bədən tərbiyəsi işi gücləndirilmişdi;

– 1975-1976-cı illərdə respublikanın 20 şəhər və rayon Xalq Maarif Şöbəsinin metodik kabinetində fiziki tərbiyə üzrə metodiki vəsaitlər tətbiq edilmişdi;

– Uşaq və gənclər idman məktəblərinin fəaliyyəti gücləndirilmiş, məşqçi-müəllim heyətinin tərkibi keyfiyyətcə yaxşılaşdırılmış, uşaq və gənclər idman məktəblərində təlim – tərbiyə prosesinin səviyyəsi yüksəldilmişdi;

– Elmi-Tədqiqat Pedaqogika İnstitutu yanında fiziki tərbiyə və ibtidai hərbi hazırlıq bölməsi yaradılmışdı. “Azərbaycan məktəbi” jurnalının əlavəsi kimi “Məktəbdə bədən tərbiyəsi” adlı bülleteni buraxılmışdı;

– Respublikanın rayon və şəhərlərində idman üzrə ixtisaslaşma aparılmış, gimnastika, yüngül atletika, üzgüçülük, avarçəkmə, qılıncoynatma və idmanın digər növləri üzrə ehtiyat qüvvələr hazırlamaq üçün müddəti uzadılmış siniflər təşkil edilmişdi;

– Şagirdlər arasında bədən tərbiyəsi və idman işi xeyli yaxşılaşdırılmış, texniki peşə məktəblərində idman kompleksləri yaradılmışdı;

– Zəhmətkeşlər arasında kütləvi sağlamlıq işi yaxşılaşdırılmış, sağlamlıq zonaları şəbəkəsi genişləndirilmiş, müalicə bədən tərbiyəsi inkişaf etdirilmişdi;

– 1974-1976-cı illər ərzində Mingəçevir, Lənkəran, Şəki şəhərlərində bədən tərbiyəsi dispanserləri açılmış, bədən tərbiyəsi və idmanla məşğul olan şəxslərə xidmət üçün həkim kabinetləri şəbəkəsi genişləndirilmişdi;

– 1975-1976-cı tədris ilindən etibarən N.Nərimanov adına ADTİ-də (indiki Azərbaycan Tibb Universiteti) Həkim nəzarəti və müalicə bədən tərbiyəsi ixtisası üzrə internatura təşkil edilmişdi;

– “Neftçi” futbol komandasının maddi-texniki bazası möhkəmləndirilmiş və bazanın tikintisi 1975-ci ildə başa çatdırılmışdı;

– 1975-1980-ci illərdə Bakı şəhərində idmanın Olimpiya növləri üzrə ixtisaslaşdırılmış idman qurğuları inşa edilmişdi;

– Orta və səkkizillik məktəblərin yanında idman salonları, habelə atçılıq idman məktəbləri yaradılmışdı;

– 1975-80-cı illərdə Bakının mikrorayonlarında və digər yaşayış massivlərində idman qurğuları tikilib istifadəyə verilmişdi. Boş sahələri olan mövcud orta və səkkizillik məktəblərin binalarına bitişik idman salonları tikilmiş, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun (indiki ADBTİA) binası və idman kompleksinin inşası isə 1972-ci il sentyabrın 1-də başa çatmışdı;

Bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılması, respublika atletlərinin ustalığının yüksəldilməsi zərurəti bədən tərbiyəsi və idman üzrə elmi-metodik işin kökündən dəyişdirilməsini tələb edirdi. Bu məqsədlə də 1975-ci ildə Respublika İdman Komitəsinin nəzdində bədən tərbiyəsi və idman sahəsində fəaliyyət göstərən Elmi-Tədqiqat İşlərinin Koordinasiya Mərkəzi, iki laboratoriyası olan elmi-metodik kabinet yaradılmışdı. Elmi-metodik kabinet hər rübdə bir dəfə metodik tövsiyələr məcmuəsini dərc etməyə başlamışdı ki, bu da, təbii olaraq, elmi adı və dərəcəsi olan ixtisasçılar hazırlanması işində, məşqlərin elmi əsaslar üzərində aparılmasında irəliyə doğru atılan mühüm addım idi.

Respublika idman təşkilatları yerli qadınların idmana cəlb edilməsinə böyük əhəmiyyət verirdilər. 1969-cu ildən 1976-cı ilə kimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunun 1089 qadın bitirmişdi. Göründüyü kimi, illər keçdikcə qadın idmançılarımızın sayı artırdı.

Bədən tərbiyəsi və idmana dövlət qayğısı nəticəsində 1974-78-ci illərdə respublikada güclü mədəni-idman kompleksi də yaradılmışdır.

Azərbaycanda həmin illərdə 3349 klub, 4148 kitabxana, 95 muzey, 10580 idman qurğusu, o cümlədən 1.233 idman salonu, 62 stadion, 25 ücgüçülük hovuzu var idi. Mədəni-maarif və kütləvi bədən tərbiyəsi işi sahəsində müsbət təcrübə toplamış idman klublarından və qurğularından istifadə olunmasında onların rolu artmışdı.

Xarici idman komandaları ilə görüşlər də Azərbaycan idmançılarının təkmilləşməsində mühüm amillərdən biri idi. Həmin illərdə keçmiş sovet idmançılarının, o cümlədən Azərbaycan idmançılarının da sosialist ölkələri, inkişaf etmiş Asiya və Afrika ölkələri ilə əlaqələri möhkəmlənişdi. Azərbaycan məşqçiləri, bədən tərbiyəsi müəllimləri iş təcrübələrini yaymaq və idmançıları hazırlamaq məqsədilə müxtəlif ölkələrə göndərilirdilər.

Təsadüfi deyil ki, həmin illərdə azərbaycanlı mütəxəssislər İraq, Küveyt, Bolqarıstan, Əlcəzair kimi ölkədə çalışırdılar.

Xalqımızın böyük oğlu Heydər Əliyevin müdrik rəhbərliyi və uzaqgörən siyasəti sayəsində Azərbaycan iqtisadi, ictimai-siyasi, mənəvi, mədəni həyatın bütün sahələrində böyük uğurlar qazanaraq, təkcə keçmiş SSRİ-də deyil, bütün dünyada tanınmağa başladı.

1991-1993-cü illərdə respublikamız böyük çətinliklərlə üz-üzə qalmışdı. Belə bir şəraitdə xalqımız üzünü Heydər Əliyevə tutdu. Dahi şəxsiyyətin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan tarixinin, bərpa edilmiş müstəqilliyimizin yeni bir dövrü başlandı. Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi, müstəqilliyimiz xilas edildi. Eyni zamanda, ölkəmizdə idman və Olimpiya Hərəkatının yüksəlişi başlandı.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin diqqət və qayğısı sayəsində həyatımızın digər sahələrində olduğu kimi, bədən tərbiyəsi və idmanın kütləviliyi də geniş vüsət almışdır. Respublikamızın keçid dövründə Azərbaycan gənclərinin qarşılaşdığı çətinliklər, şübhəsiz, mövcud idi. 1982-ci ilin ortalarından etibarən respublikada gənclərin taleyinə laqeyd münasibət göstərilməsi nəticəsində gənc nəsil çox kəskin problemlərlə üz-üzə qalmışdı. Hətta gənclərin problemlərinin həlli ilə məşğul olan dövlət qurumu da yox idi. Məhz Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin 179 saylı Fərmanına əsasən 1994-cü ili respublikamızın idman həyatında dönüş ili adlandırmaq olar, Deməliyik ki, məhz həmin ildən müstəqil Azərbaycan dövləti rəsmən bədən tərbiyəsi və idmana sahib çıxdığını bəyan etmiş, bu sahənin dövlət siyasətində önəmli yer tutduğunu sübuta yetirmişdir.

Heydər Əliyev Azərbaycan gənclərinin sağlamlığını “dövlət əmlakı” adlandırır və ona görə Azərbaycan dövləti insanların sağlamlığının keşiyində dayanır, adamların cansağlığının möhkəmləndirilməsini birinci dərəcəli vacib məsələ sayırıd. Dahi insan bununla bağlı demişdir:

“Biz işimizi elə qurmuşuq ki, bədən tərbiyəsi və idmanın inkişafı üçün maddi-texniki baza yaradılsın. Şübhəsiz, ölkəmizdə idmanın inkişafında heç kəs öz köməkliyini əsirgəməməlidir. Müxtəlif təşkilatlar, kommersiya strukturları da öz xeyirxah münasibətlərini bildirməlidirlər. Güman edirəm ki, bildirəcəklər də, çünki bu, ayrı-ayrı adamların şəxsi işi deyil, xalqımızın, Azərbaycanın ümummilli işidir”.

Ümummilli liderimiz Heydər Əliyevin Fərmanı ilə 1995-ci ildə Azərbaycanda idman fondu yaradıldı. İdmanın inkişafı üçün Prezident fondundan vəsait ayrıldı. Ulu öndər Heydər Əliyevin dövlətimizə rəhbərlik etdiyi illər ərzində idmanın maddi-texniki bazası möhkəmlənmiş, bədən tərbiyəsi və idman kütləviləşmiş, ölkəmiz Olimpiya oyunlarında layiqincə təmsil olunmuşdu. Ulu öndərimiz idmanın hər bir ölkə üçün beynəlxalq miqyasda da böyük siyasi əhəmiyyət kəsb etdiyini həmişə ön plana çəkmişdir. Ümummilli liderimiz ölkənin xoşbəxt gələcəyini gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsində görürdü.

Azərbaycanın tarixinə, öz xalqının milli xüsusiyyətlərinə dərindən bələd olan Heydər Əliyev bu xüsusiyyətlər arasında idmana meyli yüksək dəyərləndirirdi: “Xalqımız, millətimiz genetik xüsusiyyətlərinə görə fiziki cəhətdən sağlam insanlardan ibarət olan xalqdır, millətdir. Fiziki sağlamlıq və fizki güc mənəvi sağlamlıqla bərabər Azərbaycan xalqına, millətinə xas olan xüsusiyyətdir”.

Ümummilli liderin idman və bədən tərbiyəsinin, Olimpiya Hərəkatının mahiyyəti, funksiyaları, cəmiyyətdəki rolu haqqında fikirləri, gördüyü işlər zaman-zaman təhlil və tədqiqatların mövzusu olacaqdır. Ulu öndərin Azərbaycanda bədən tərbiyəsinin, idmanın inkişafı, eləcə də Olimpiya Hərəkatının genişlənməsi istiqamətində gördüyü işlər mahiyyətinə və miqyasına görə son dərəcə fərqlənir. İdman və bədən tərbiyəsini – hər bir sivilizasiyalı xalqda, ölkədə vətəndaşların həyat tərzinin mühüm hissəsi sayan Heydər Əliyevin arzularından biri də hər bir Azərbaycan vətəndaşının bədən tərbiyəsi və idmanla məşğul olması idi. Müdrik rəhbər deyirdi: “Bizim məqsədimiz bütün Azərbaycan xalqının sağlamlığını – həm fiziki, həm də mənəvi, əqli sağlamlığını təmin etməkdir”.

Heydər Əliyev 1995-ci ildə idman tədbirlərinin birində çıxışı zamanı bu sahənin daha da inkişaf etdirilməsi üçün tövsiyələrini verərək demişdi: “İndi müstəqil Azərbaycanda idmanın inkişafı üçün, bədən tərbiyəsinin geniş yayılması üçün daha çox imkan yaradılmışdır. Bu imkanlardan Azərbaycan vətəndaşları səmərəli istifadə etməlidirlər. Biz indi müstəqil dövlət kimi, dünya miqyasında keçirilən bütün ictimai, mədəni, siyasi tədbirlərdə iştirak edirik və bu baxımdan Azərbaycan idmançılarının müxtəlif beynəlxalq idman yarışlarında iştirak etməsi respublikamız üçün çox əhəmiyyətlidir”.

Heydər Əliyev beynəlxalq yarışlar arasında Olimpiya Oyunlarının ən mötəbər, ən yüksək yer tutduğunu həmişə diqqət mərkəzinə çəkirdi. O, bu barədə demişdi: “Olimpiya Oyunları dünyanın bütün ölkələrini maraqlandırır, burada cəmləşdirir. Hər bir ölkə çalışır ki, Olimpiya Oyunlarında təmsil olunsun”.

Ulu öndər idmançının Olimpiya Oyunlarında iştirak etməsini böyük nailiyyət kimi qiymətləndirirdi. 1996-cı ildə Atlanta Olimpiadasına yola düşməzdən əvvəl idmançılarla keçirilən görüşdə Heydər Əliyev olimpiadada iştirakın vacibliyini xüsusi vurğulayaraq demişdi: “Olimpiya Oyunlarında iştirak etmək hüququ almaq üçün lazımi göstəricilər əldə etmək gərəkdir. Əgər bunlar olmasa, Azərbaycan dövləti, Azərbaycan Prezidenti nə qədər çalışsa, o nailiyyəti əldə edə bilməyən idmançı yığma komandanın tərkibinə düşə bilməz. Ona görə də 23 nəfərdən ibarət olan bu nümayəndə heyəti Azərbaycan Respublikasının idman sahəsindəki imkanını nümayiş etdirir. Sizin, yəni Azərbaycan Respublikasının komandasının XXVI Yay Olimpiya Oyunlarında iştirak etməsi özü əlamətdar bir hadisədir. Siz oradan hansı nailiyyətlə qayıdacaqsınızsa, bu, məsələnin ikinci tərəfidir”.

İdmançılarımız Atlanta Olimpiadasında ölkəmizi layiqincə təmsil etdilər və sərbəst güləşçimiz Namiq Abdullayev gümüş medal qazandı. Olimpiadadan qayıtdıqdan sonra Prezident Aparatında keçirilən görüşdə Heydər Əliyev Namiq Abdullayevin gümüş medalının qızıla bərabər olduğunu bildirdi.

Heydər Əliyevin Azərbaycan idmanının və Olimpiya Hərəkatının inkişafında ən böyük xidmətlərindən biri də onun Azərbaycanda beynəlxalq səviyyəli idman yarışlarının keçirilməsi üçün verdiyi qərarlar və göstərişlərdən ibarətdir. Heydər Əliyev idmanla bağlı beynəlxalq əlaqələrə də xüsusi diqqət yetirirdi. Ümummilli lider ölkəmizə gələn yüksək rütbəli idman rəhbərlərini və xadimlərini şəxsən özü qəbul etmiş və onları Azərbaycanla sıx əməkdaşlığa çağırmışdı. Ümummilli lider 1994-cü ildə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) keçmiş prezidenti Xuan Antonio Samarançı, Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti Mario Vaskes Rananı və Avropa Olimpiya Komitəsinin prezidenti Jak Roqqu, 1995-ci ildə Beynəlxalq Boks Federasiyasının prezidenti Ənvər Çoudrini, Avropa Həvəskar Boks Assosiasiyasının prezidenti Emil Jeçev başda olmaqla assosiasiyanın nümayəndə heyətini, 2000-ci ildə Avorpa Olimpiya Komitəsinin prezidenti Jak Roqqu və baş katibi Mario Peskanteni qəbul etmişdi.

Futbol üzrə Azərbaycan milli komandası 1998-ci il dünya çempionatının seçmə oyunları çərçivəsində ilk qələbəsini 1996-cı il avqustun 31-də Bakıda keçirilən Azərbaycan-İsveçrə oyununda qazanıb – 1:0. Həmin matçı stadionda izləyən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev oyundan sonra öz fikirlərini belə açıqlamışdır. “Mən keçmiş illərdə, 70-ci illərdə bizim komandanın futbol yarışlarında iştirakını xaytırlayıram. Deyə bilərəm ki, mən heç vaxt Azərbaycan futbol komandasının bu qədər gözəl oynamasını görməmişəm. Bu da bizim dövlət müstəqilliyimizin nəticəsidir”.

Azərbaycan Prezidentinin idmana göstərdiyi diqqət və qayğı beynəlxalq idman və Olimpiya təşkilatlarında da böyük əks-sədaya səbəb oldu. 1997-ci ildə Milli Olimpiya Komitələri Assosiasiyasının İslandiyanın Reykyavik şəhərindəki Baş Məclisində Azərbaycan Prezidenti Olimpiya Hərəkatı və idman sahəsində böyük xidmətlərinə görə görkəmli dövlət xadimlərinə verilən “Olimpiya ləyaqəti” mükafatı ilə təltif olundu.

1997-ci ildən Azərbaycan idmanı və Olimpiya Hərəkatının yeni dövrü başlandı. Ölkədə idmanın və Olimpiya Hərəkatının inkişaf etdirilməsi ilə bağlı dövlət səviyyəsində qətiyyətli addımlar atıldı. 1998-ci ilin fevralında Azərbaycan Respublikası Prezidenti “XXVII Yay Olimpiya Oyunlarına hazırlıq haqqında” Sərəncam imzaladı. Bu sərəncam Olimpiya Oyunlarının hazırlıq işinə güclü təkan verdi.

2000-ci il avqustun 25-də Zuğulbadakı “Gənclik” kompleksində XXVII Yay Olimpiya Oynlarına gedən idmançılarla Prezidentin görüşü oldu. Həmin görüşdə dövlət başçısı dörd il əvvəl olduğu kimi, bu dəfə də olimpiyaçılara xeyir-duasını, tövsiyələrini verdi, onlara uğurlar arzuladı. Sidneydə idmançılarımız iki qızıl, bir bürünc medal qazanaraq 199 ölkə arasında 34-cü yeri tutdular. Sidney Olimpiadasından sonra olimpiyaçıları qəbul edən Azərbaycan Respublikasının Prezidenti onların nəticələrini yüksək qiymətləndirdi. O, idmançılarımızın bu olimpiadadakı qələbəsini müstəqil Azərbaycanın ən böyük uğuru kimi dəyərləndirdi: “Bu gün, eyni zamanda, bizim idmanımızın bayramıdır. Xalqımızın idman qələbələri ilə əlaqədar olan bayramıdır”. Prezidentin sərəncamı ilə olimpiadanın medalçıları və onların məşqçiləri Azərbaycanın yüksək orden və medalları ilə təltif olundular.

Sidney Olimpiadasından sönra dövlət başçısının şəxsi təşəbbüsü və dəstəyi ilə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində böyük işlər görüldü. 2002-ci ildə Azərbaycan idmanının inkişafında müstəsna rol oynamış Milli Olimpiya Komitəsinin onillik yubileyi qeyd olundu. Yubiley tədbirində iştirak edən Azərbaycan Prezidenti Heydər Əliyev öz geniş nitqində ölkə idmanının sürətlə inkişafına, Olimpiya Hərəkatının gündən-günə genişlənməsinə münasibətini bildirərək Azərbaycan idmanının parlaq gələcəyinə inandığını xüsusi vurğuladı: “İnanıram ki, bizim yüksək nəticələr əldə edən idmançılarımızın sayı artacaqdır. İnanıram ki, idman, bədən tərbiyəsi Azərbaycanda getdikcə kütləvi xarakter alacaqdır. İnanıram ki, Azərbaycan gəncliyi fiziki, zehni cəhətdən daha da yüksək olacaqdır”.

Ulu öndərimizin öyüd və nəsihətlərini, tövsiyələrini həmişə uca tutan idmançılarımız Heydər Əliyevin bu inamını ləyaqətlə doğrultdular. Heydər Əliyevin çıxışlarında səslənən “Azərbaycan Milli Olimpiya Komitəsinin qurub yaratdıqları bir adam üçün deyil, millət, xalq, ölkədə idmanın inkişafı üçündür”, “Biz idmana, bədən tərbiyəsinə qayğı göstərərək millət, xalq, vətən qarşısında öz borcumuzu yerinə yetiririk”, “Biz quruculuq işlərini aparmışıq, apırırıq və gələcəkdə daha sürətlə aparacağıq”, “Gələcək Olimpiya Oyunlarına qədər Azərbaycanda idman daha da yüksələcək, daha da yüksək inkişaf edəcəkdir” kəlamları bu gün də idmançılarımızı böyük qələbələrə ruhlandırır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bütün sahələrdə ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəni ümummilli liderimiz Heydər Əliyevin təyin etdiyi xətlə çox böyük uğurla irəliyə aparır. Bu, idmanda da əsas götürülüb. İdman sahəsində də ümummilli liderin qoyduğu ənənə davam etdirilir.

2004-cü ildə Afina Olimpiadasında iştirak edən atletlərimiz 1 qızıl, 4 bürünc medal əldə etdilər. 2008-ci ildə keçirilən Pekin Yay Olimpiya Oyunlarında onlar daha böyük uğura imza atdılar. Təmsilçilərimiz dünyanın ən möhtəşəm idman yarışı olan olimpiadada 1 qızıl, 2 gümüş, 4 bürünc medal qazandılar. Ötən illər ərzində dövlətin diqqət və qayğısı sayəsində ölkəmizdə idman öz yüksəliş dövrünü yaşayır. Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb. Təmsilçilərimiz müxtəlif idman növləri üzrə beynəlxalq arenalarda keçirilən yarışlarda uğurla çıxış edərək, yüksək nailiyyətlər qazanırlar. Respublikamızın hər yerində müasir Olimpiya idman kompleksləri, meydançalar, idman mərkəzləri və digər qurğular inşa edilib və edilməkdədir. Ölkəmizin hər yerində yeniyetmə və gənc idmançıların idmanla məşğul olmaları üçün lazımi şərait yaradılıb. Heç də təsadüfi deyil ki, ölkəmizdə ayrı-ayrı idman növləri üzrə çoxlu mötəbər turnirlər keçirilir. Azərbaycan bu yarışlara yüksək səviyyədə ev sahibliyi edir.

Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Prezident Heydər Əliyev gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. Bu məqsədlə Azərbaycan Prezidenti Heydər Əliyevin fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 1995-ci ildə isə o, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürüb. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib. Forumda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev şəxsən iştirak edib.

1 Fevral 1997-ci il tarixdə forumun ildönümü münasibəti ilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev “2 fevral – Azərbaycan gəncləri gününün elan edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. 2 fevral 1998-ci ildə Heydər Əliyev Azərbaycan Gəncləri gününün ilk ildönümü münasibətilə keçirilən bədii-idman bayramında çıxış edib və gənclərə müraciətlə bildirib: “Mən sizi gördükcə daha da ruhlanıram, siz mənə daha da ilham verirsiniz və sizdən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın prezidenti sizin – gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan gənclərinin yaxşı yaşaması, təhsil alması üçün, yaxşı əmək fəaliyyəti göstərməsi üçün bundan sonra da əlimizdən gələni edəcəyik.”

2 Mart 1999-cu il tarixdə Azərbaycan gənclərinin ikinci forumundakı çıxışında Prezident Heydər Əliyev respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şəraitin yaradılması, dövlət orqanlarının diqqətini gənclərin problemlərinin həllinə yönəltməklə bağlı tövsiyələr verib.

1999-cu ildə Heydər Əliyev tərəfindən imzalanan “Dövlət Gənclər Siyasəti haqqında” fərman bu sahəyə Prezident səviyyəsində böyük önəm verildiyinin təzahürü kimi qiymətləndirilə bilər. “Dövlət gənclər siyasəti haqqında” fərman çox geniş spektri – gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtın təşkili problemlərinin həlli, hüquqların müdafiəsi, respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələləri əhatə edir. Dövlət gənclər siyasəti bu məqsəd və prinsiplərin reallaşdırılması üçün hazırlanıb, müvafiq hüquqi sənədlərdə öz əksini taparaq hökumət qurumlarının icrasına yönəldilib. Fərmana müvafiq olaraq ”Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib və 9 aprel 2002-ci il tarixdə Heydər Əliyev tərəfindən imzalanıb. Gənclər siyasətinin həyata keçirilməsi əsas cavabdeh dövlət qurumu kimi Gənclər və İdman Nazirliyinə tapşırılıb.

Azərbaycan Prezidenti Heydər Əliyev ölkə gənclərinin idmanla məşğul olmalarını vacib amil sayırdı. O, eyni zamanda idmançıların beynəlxalq yarışlarda, dünya çempionatlarında iştirakına və idmançıların dövlət qayğısı ilə əhatə olunmasına xüsusi diqqət ayırıb. Prezident Heydər Əliyev 1994-cü ildə Azərbaycanda Olimpiya Hərəkatının təbliğinin vəziyyəti, Milli Olimpiya Komitəsinin fəaliyyəti ilə tanış olmaq üçün Bakıya gələn Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Xuan Antonio Samaranç, Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti Mario Vaskes Rana, Avropa Olimpiya Komitəsinin prezidenti Cak Roqu qəbul etmişdir. Qəbulda Azərbaycan Olimpiya Hərəkatının real vəziyyəti, onun inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

1996-cı ildə Azərbaycan müstəqil dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatılıb. Gənclərin idmana cəlb olunması üçün Bakıda, Maştağada, Naxçıvanda, Gəncədə Olimpiya İdman Kompleksləri istifadəyə verilib.

Heydər Əliyev siyasi kursunu layiqli şəkildə davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də gənclər siyasətinə eyni diqqətlə yanaşıb.

2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər) imzalanıb. Proqrama gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası sahəsində tədbirlərin həyata keçirilməsi, gənclərin sağlamlığının qorunması sahəsində tədbirlərin həyata keçirilməsi, kütləvi bədən tərbiyəsinin və idmanın inkişaf etdirilməsi, ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, uşaq və gənclər üzrə təşkilatların formalaşması və inkişafı üçün şəraitin yaradılması kimi vəzifələr daxil edilib.

Dövlət başçısının fərmanı ilə Gənclər və İdman Nazirliyi 2006-cı ildə yenidən təşkil edilib, gənclər siyasətinin əsas icra orqanı qarşısında yeni vəzifələr qoyulub. Azərbaycanda Gənclər Günü ilə bağlı hər il silsilə tədbirlərin təşkil olunması, təhsil və digər sahələrdə yüksək nailiyyət qazanmış gənclərin xüsusi mükafatlarla təltif edilməsi, gənclər tərəfindən təqdim olunmuş layihələrin maliyyələşdirilməsi, istedadlı gənclərin beynəlxalq müsabiqələrdə, konfrans-seminarlarda iştirakının təmin edilməsi, müxtəlif istiqamətlər üzrə yarışların keçirilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2007-ci il “Gənclər ili” elan edilmişdir. Dövlət başçısı Azərbaycan gəncliyinin savadına, bacarığına, gələcəyinə böyük inamla yanaşdığını bildirib: “… Hər bir insanın gücü əlbəttə ki, onun biliyindən asılıdır. Ona görə mən əminəm, gənclərimiz bunu yaxşı başa düşürlər ki, yaxşı bilik almaq, yaxşı savad almaq və istənilən sahədə peşəkar olmaq hər bir gəncin, hər bir insanın həyatda yaxşı yer tutmasına gətirib çıxaracaqdır”.

Heydər Əliyev bizim üçün keçmiş, bu gün deyil, həm də gələcək deməkdir. Böyük öndərimiz Heydər Əliyevin parlaq ideyaları hələ uzun müddət Azərbaycanın yoluna işıq salacaq. Xalqımız bu zəngin ideyalardan böyük mənəvi güc alaraq Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin daha firavan gələcəyini quracaq.
İndi Heydər Əliyev adı hər bir Azərbaycan gəncinin and yeridir. Əməlləri ilə, gördüyü işlərlə onun böyük adına layiq olmaq, bu yolda çalışmaq hər bir gəncin əsas vəzifəsi olmalıdır.

Babanlı

Dərin hörmət və ehtiramla,

Yusif Babanlı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının professoru, YAP Gənclər Birliyi İdarə heyətinin üzvü,YAP-ın Nərimanov rayon təşkilatının Gənclər Birliyinin sədri.

 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

two × 1 =