Zəminə Nuruyeva:Prezident İlham Əliyev Azərbaycan xalqını məğlub xalqdan qalib xalqa çevirdi

0

Qazanılan qələbə milli-mənəvi birliyimizin qələbəsi oldu.

Minilliklər tariximizdə Prezident İlham Əliyev bir çox ilklərə imza atdığı kimi, bu savaşda da bir ilk yaratdı. Son bir neçə yüzilliklər tariximizdə ilk dəfə olaraq işğal altında olan torpaqlar güclü ordu sayəsində azad edildi. Qazandığı qələbə ilə Prezident İlham Əliyev Azərbaycan xalqını məğlub xalqdan qalib xalqa çevirdi, millətin başını uca etdi, əyilmiş qamətini, belini düzəltdi, başını dik etdi, özünə inam, güvən yaratdı, gələcək nəsillərə örnək verdi.
Ali Baş Komandan İlham Əliyev hər bir azərbaycanlının qəlbində xüsusi milli-mənəvi yeri olan Şuşanın azad edilməsi ilə bütün Qarabağı Azərbaycana qaytardı. Tarixən belə deyilib: Şuşa Qarabağın açarıdır, Şuşa kimdədirsə, Qarabağ da ondadır. Ümummilli Lider Heydər Əliyev deyirdi ki, Şuşasız Azərbaycan yoxdur. Şuşanın işğaldan azad edilməsi və yenidən qovuşması Azərbaycanın varlığı, inkişafı və daha güclü dövlət olması deməkdir. Prezident İlham Əliyev Azərbaycan üzüyünün qaşı olan Şuşanı qaytarıb yerinə qoymaqla tariximizdə mümkün olmayanı mümkün etdi, yuxularımızı, xəyallarımızı gerçəkləşdirdi. Hərbi əməliyyatların əvvəllərində bədxahlarımız yazırdılar ki, guya döyüşü pualar, dronlar udur. Şuşa şəhərində küçə döyüşlərində Azərbaycan əsgəri dünya hərb tarixində qızıl səhifələr yazdı. Bu səhifənin öyrənilməsi üçün hələ uzun illər lazım gələcək.
Bu qələbə Prezident İlham Əliyevin rəhbərliyi altında səmərəli və çevik dövlət idarəçilik sisteminin qələbəsidir. Son illərdə aparılan islahatların uğurla nəticələnməsi müharibədə zəfəri şərtləndirən amillərdən biri oldu. Bir daha təsdiq edildi ki, yalnız çevik və səmərəli idarəçilik dövlət və millətin qələbəsinin başlıca şərtlərindən biridir.

İkinci Qarabağ müharibəsinin nəticələrinə diqqət yetirsək görərik ki, bölgə üçün yeni reallıqlar, yeni əməkdaşlıq imkanları yaradıb. Azərbaycanda həm siyasi, həm iqtisadi sahədə dayanıqlı inkişaf təmin edilib, beynəlxalq aləmdə çox böyük nüfuza və hörmətə malik olan ölkəyə çevirilib. 2021-ci il martın 5-də YAP-ın VII qurultayı keçirildi. YAP nəinki Azərbaycanın, həmçinin Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir. VII qurultay Yeni Azərbaycan Partiyasının həyatında dönüş nöqtəsi hesab edilə bilər. Bu isə ölkəmizin Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra yaranan yeni reallıqlardan irəli gəlir. Qırx dörd günlük Vətən müharibəsi dönəmində milli birlik modelini dünyaya nümayiş etdirən Azərbaycanın siyasi həyatında hakim partiya tamamilə yeni bir strategiyanın – siyasi həmrəylik, inteqrasiya və milli birlik modelinin əsasını qoydu.

44 günlük vətən müharibəsi dövründə qazanılan qələbə dövlət və millət, milli-mənəvi birliyimizin qələbəsi oldu. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyev tərəfindən qurulan güclü Azərbaycan Respublikası dövlətini yeni şəraitə uyğun olaraq müasirləşdirərək qələbəni təmin etdi. Ən çətin və mürəkkəb şəraitdə bizi qələbəyə gətirən millət və dövlət birliyimizin baş memarı məhz Prezident İlham Əliyevin sarsılmaq iradəsi, qətiyyəti oldu.

Zəminə Nuruyeva,

Abşeron rayonu Xırdalan 4 saylı Tam Orta Məktəbin direktoru 

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

1 × four =