Zaura uduzan deputat və məmurlar…

0

Adamlar məndən xahiş edirlər ki, onlara kömək edim, Zaurun, Elgizin və ya Xoşqədəm xanımın verilişinə çıxsınlar”.

Bu sözləri millət vəkili Fazil Mustafa vətəndaşları qəbul edərkən rastlaşdığı qəribə xahişləri dilə gətirib: “Sayını itirmişəm, hər halda, əllini ötər. Adamlar məndən xahiş edirlər ki, onlara kömək edim, Zaurun, Elgizin və ya Xoşqədəm xanımın verilişinə çıxsınlar. Deyirəm, müraciət edin, yəqin ki, verilişə alarlar. Mənim bu verilişlərə çıxarmağa nə səlahiyyətim, nə də aparıcılarla xüsusi münasibətim yoxdur. Deyirlər ki, orada elə bir növbə var ki, bizim vaxtımız bir ildən sonra gələcək. Demək ki, əhlinin bir qismi də televiziyaların qabağında növbəyə durubmuş”.

Millət vəkili bu yerdə Sultan Əbdüləzizin 1868-ci ildə dövlət idarəçiləri ilə müşavirəsində çıxışının mətnini xatırladır:“O deyirdi: ”İnsanlarla ədalətli davranmaq lazımdır, onların haqlarını bütün qurumlar yüksək səviyyədə qorumalıdır. İnsanlar hüquqlarını qorumaq üçün dövlətin qapısına deyil, ədalətin qapısına üz tutmalıdırlar”. Nə yazıq ki, bizdə insanlar hüquqlarını arayarkən, problemlərini həll etmək istəyərkən dövlətin və ədalətin qapısına az gedirlər. Daha çox televiziyaların qapısında növbə tutmağa üstünlük verirlər. Düşündürücüdür”.

Millixəbər.az “Yeni Müsavat”a istinadən xəbər verir ki, F.Mustafanın dedikləri bir neçə dəfə sadə vətəndaşlarımız tərəfindən də müşahidə olunub. Belə ki, telekanalların qapıları ağzındakı izdiham, qələbəlik bura axının güclü olmasını göstərir. İnsanlar hesab edir ki, dövlət idarələrinin, məmurların, deputatların… həll edə bilmədiyi və ya həll etmək istəmədiyi problemləri bir qayda olaraq televiziyalar yoluna qoya bilər. Və burda çox vaxt sadə bir məntiq dayanır: məmurlar telekanalda adının səslənməsinə görə çəkinəcək, ona kimsə təpinəcək və o da məhz istədiyi üçün yox, qorxduğu, çəkindiyi üçün mənim problemimi yoluna qoyacaq.

Psixoloq Azad İsazadə hesab edir ki, bu, sovet dövründən qalan ənənədir. Onun sözlərinə görə, insanlar o zamandan televizorda öz problemlərinin səsləndirilməsi ilə onun həllini tapacağına inanıb: “SSRI vaxtı ən axırıncı nöqtə Leninin mavzoleyi idi. İnsanlar ora məktub atmaq ənənəsini həyata keçirirdilər. İndi də bu instansiyanın funksiyasını telekanallar həyata keçirirlər”.

Psixoloq Dəyanət Rzayev də bu yaxınlarda telekanallardan birinin qabağından maşınla keçəndə heyrətamiz mənzərə ilə qarşılaşdığını dedi. Onun sözlərinə görə, insanların – qadınlı-kişili kütləvi şəkildə yerdə oturmasının şahidi olub: “O an mənim daxilimdə qorxu hissi yarandı. Özümü çox narahat hiss etdim. Xüsusən də qadınları qucaqlarında körpə uşaqları ilə görəndə bu qorxu daha da artdı. Bu bir göstəricidir ki, Azərbaycan insanının nə qədər sosial və psixoloji problemləri var. Məsələn, bir oğlan bir qıza 1000 manat ”atıb”. Qız gəlib dərdini Zaura danışır. Nəyə görə deputatlara, polisə, sosial xidmətlərə, məhkəmələrə yox, məhz aparıcılara?”

Müsahib hesab edir ki, insanları bu seçiminə görə qınamaq olmaz. Çünki Azərbaycanda məhkəmələrin qərarları qərəzlidir, rüşvətxor hakimlər həddən artıq çoxdur. Ədalətli hakimlərin olduğunu da istisna etməyən D.Rzayevin fikrincə, hüquq-mühafizə orqanlarında da insanlar ədalətli münasibətlə hər zaman qarşılaşmır:“Polis orqanlarında qadınların sayı azdır. İnsanlar ”polis mənim dostumdur” prinsipi ilə hərəkət etmir. Bir neçə deputat var ki, insan adamdır, zənglərimizə cavab verir. Fazil Mustafa, Qüdrət Həsənquliyev bu qəbildəndir. Nə zaman müraciət etsən, sadə davranışa malikdilər deyə adamla sadə tərzdə danışırlar. Amma çoxlarına adamın yaxın durması mümkün deyil. Onların qəbuluna 1-2 il yazılsan, düşə bilməzsən. Daha bir məqam da odur ki, insanlar bu gün nə polisə, nə də məhkəməyə etibar edir. Mən bir dəfə məhkəmədə olmuşam. Müşahidə etmişəm ki, bu gün məhkəmələr icra strukturlarından qorxur”.

D.Rzayev bildirdi ki, bu situasiyada aparıcıları, verilişin prodüserlərini və bu verilişləri efirə verən telekanal rəhbərlərini qınamır. Onun fikrincə, indiki situasiyada belə verilişlərin sayının çoxluğu xeyirdir, nəinki ziyan:“Bir insanın xilas olması bir dünyanın xilas olması deməkdir. Biri bu verilişə gəlib təsəlli tapır, o biri xəstə uşağına görə 5-10 manat əldə edir. Bunun nəyi pisdir ki? Qoy belə verilişlər çox olsun. Nə qədər ki, digər qurumlar öz vəzifələrini yerinə yetirmir, o qədər də həmin verilişlərə ehtiyac qalmaz. Mən xəstə olsam, kim kömək edəcək mənə? Məcbur olacam verilişlərə çıxım, efir vasitəsilə yardım istəyim. 40 milyon verib hansısa maykanın üzərində Azərbaycan yazdırmaqdansa bir klinika aça bilmərik? Bu ölkədə qan xərçəngindən nə qədər adam əziyyət çəkir? Bu, Azərbaycan üçün böyük maliyyə deyil. Daha bir problem isə budur ki, bəzən sən adamlara hüququnun nə olduğunu izah etdiyin halda, o, verilişə çıxan kimi hansısa məmuru tərifləyir. Adam hirslənir ki, bəs səni bu vəziyyətə elə həmin məmur salıb da. Gərək insanlarda bir az qürur olsun”.

ŞƏRH ƏLAVƏ ET

Please enter your comment!
Please enter your name here

3 + 1 =