Gündəm / Siyasət / Sosial / Bölgə
Sumqayıtda şəhid ailələri ziyarət olunub

Şəhid ailələrinin evlərində hər bir şəkil, hər bir xatirə Vətən uğrunda canından keçmiş qəhrəman övladların şərəfli ömür yolundan, sonsuz Vətən sevgisindən xəbər verir. Bu ocaqlarda qürurla həsrət, fəxrlə nisgil yanaşı yaşayır. Divarlardan boylanan şəkillər isə bir həqiqəti daim xatırladır: Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsi xalqın yaddaşında əbədi yaşayır.
Sumqayıtda şəhid ailələrinə göstərilən diqqət və qayğının davamı olaraq ziyarətlər həyata keçirilib. Görüşlər zamanı şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, onların ailələrinin qayğıları və düşüncələri ilə maraqlanılıb.
Millət vəkili Tahir Mirkişili bu barədə özünün “Facebook” səhifəsində etdiyi paylaşımda şəhid ailələrinin yanında olmağın həm dövlət siyasətinin mühüm istiqaməti, həm də hər bir vətəndaşın mənəvi borcu olduğunu vurğulayıb.
“Şəhidlərimizin bizə əmanəti olan ailələrinin yanında olmaq, onların qayğılarını bölüşmək dövlət siyasətidir və bu, hər birimizin mənəvi borcudur. Şəhidlərimizin əziz xatirələri qəlbimizdə daim yaşayacaqdır!” – deyə deputat qeyd edib.
Ziyarətlərdə Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov da iştirak edib.
Şəhid ailələrinə göstərilən diqqət, onların qayğılarının bölüşülməsi və problemlərinin həllinə dəstək cəmiyyətin milli-mənəvi dəyərlərinə sədaqətinin göstəricisidir. Çünki şəhidlərin əmanəti olan ailələrə sahib çıxmaq yalnız sosial məsuliyyət deyil, həm də Vətənə sədaqətin, milli həmrəyliyin və qəhrəmanların xatirəsinə ehtiramın təzahürüdür.
Şəhidlərimizin qəhrəmanlığı xalqımızın yaddaşında silinməz iz qoyub. Onların əziz xatirəsini yaşatmaq, ailələrini diqqət və qayğı ilə əhatə etmək isə gələcək nəsillərə ötürülən mənəvi dəyərlərin ən ali nümunələrindəndir.