Gündəm / Siyasət / Ölkə / Dünya
Qərbi azərbaycanlıların geri qayıdış hüququ BMT-nin Azlıqlar üzrə Forumunun 19-cu sessiyasında qaldırılıb

Noyabrın 26–27-də Cenevrədə, BMT-nin Cenevrə bölməsinin yerləşdiyi Millətlər Sarayında BMT İnsan Hüquqları Şurasının Azlıqlar üzrə Forumunun 19-cu sessiyası keçirilib.
Millixeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev noyabrın 27-də sessiyada çıxış edərək Qərbi azərbaycanlıların fundamental hüquqlarının, o cümlədən təhlükəsiz və ləyaqətli geri qayıdış hüququnun təmin olunması məsələsini qaldırıb.
Çıxışında Azərbaycanın və Ermənistanın artıq 15 aydır faktiki sülh şəraitində yaşadığını bildirən Rizvan Nəbiyev 2025-ci ildəki Vaşinqton Zirvə Görüşünü və sülh sazişinin paraflanmasını davamlı sülhə doğru mühüm dönüş nöqtəsi kimi qiymətləndirib. Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoqa və qarşılıqlı səfərlərə təkan verən “Sülh Körpüsü” təşəbbüsünü müsbət nümunə kimi göstərib.
Deputat bu kontekstdə Qərbi azərbaycanlıların - Ermənistan ərazisində tarix boyu yaşamış azərbaycanlıların və onların nəslindən olan şəxslərin fundamental hüquqlarına diqqət çəkib. Özünün və ailəsinin də həmin icmaya mənsub olduğunu qeyd edib.
Rizvan Nəbiyev bildirib ki, nəsillər boyu azərbaycanlılar indiki Ermənistan ərazisindəki 37 rayon və şəhərdən 28-də yaşayıblar. Lakin xüsusilə 1948–1953-cü illərdə və 1980-ci illərin sonlarında baş vermiş ardıcıl məcburi köçürülmə dalğaları yüz minlərlə azərbaycanlını ata-baba yurdlarından məhrum edib.
Çıxışda BMT-nin 2008-ci il hesabatına istinadla vurğulanıb ki, 1988–1991-ci illərdə etnik zorakılığın və gərginliyin artması fonunda ən azı 185 min etnik azərbaycanlı Ermənistandan qaçqın düşərək Azərbaycanda məskunlaşıb. Almaniya Bundestaqının 12 iyun 2015-ci il tarixli qətnaməsində də Ermənistandan olan 250 min azərbaycanlı qaçqına istinad edildiyi xatırladılıb.
“Bu rəqəmlərin arxasında evlərini, mülklərini, ata-baba məzarlarını və mədəni irsini itirmiş ailələrin taleyi dayanır”, - deyə deputat bildirib.
Rizvan Nəbiyev, həmçinin Ermənistanla müharibələr nəticəsində 4010 azərbaycanlının hələ də itkin düşmüş hesab olunduğunu və Azərbaycan ərazisinin 13 faizinin minalarla çirkləndiyini diqqətə çatdırıb.
Deputat qeyd edib ki, Qərbi Azərbaycan İcması öz nümayəndələrinin səsinin eşidilməsi və qərarların qəbulu proseslərinə cəlb olunması, mədəni irsinin qorunması və tanınması, eləcə də təhlükəsiz və ləyaqətli geri qayıdış hüququnun təmin edilməsi istiqamətində fəaliyyət göstərir.
Çıxışda xüsusi vurğulanıb ki, geri qayıdış hüququ Ermənistanın ərazi bütövlüyünü şübhə altına almır. Bu tələb heç kəsin öz ölkəsinə daxil olmaq hüququndan özbaşına məhrum edilə bilməməsi prinsipinə əsaslanır.
BMT-nin azlıqların məsələləri üzrə xüsusi məruzəçisinə müraciət edən Rizvan Nəbiyev çıxışının əsas mesajını belə ifadə edib: “Davamlı sülh inklüziv olmalı və Qərbi azərbaycanlıların fundamental insan hüquqlarına hörmət edilməsini təmin etməlidir”.
İnsan Hüquqları Şurasının 6/15 və 19/23 saylı qətnamələrinə uyğun təşkil olunan sessiyada azlıqların hüquqlarının regional təşəbbüslər və əməkdaşlıq vasitəsilə müdafiəsi müzakirə edilib. Müzakirələr üç əsas blok üzrə aparılıb:
“Azlıqların hüquqlarını təşviq edən regional çərçivələr, mexanizmlər və təşəbbüslər” - regional insan hüquqları sistemlərinin gücləndirilməsi və beynəlxalq standartların səmərəli tətbiqi nəzərdən keçirilib.
“Azlıqların səsinin regional səviyyədə səmərəli təmsil olunması” - azlıqların qərarvermədə iştirakına mane olan əngəllər və onların aradan qaldırılması yolları müzakirə edilib.
“Monitorinq, məhkəmə müdafiəsi və digər hesabatlılıq prosesləri vasitəsilə azlıqların hüquqlarının təmin edilməsi” - hüquqi normaların praktik müdafiəyə çevrilməsi və ədalət mühakiməsinə çıxış məsələlərinə diqqət yetirilib.