Gündəm / Siyasət
Zəfər Günü qalib Azərbaycanın sarsılmaz qüdrətinin əyani ifadəsidir

Nurlan Həsənov
Milli Məclisin deputatı
Azərbaycan xalqının tarixində 8 Noyabr – Zəfər Günü milli qürururun, dövlətçilik iradəsinin və sarsılmaz birliyin təcəssümü kimi xüsusi yer tutur. Bu möhtəşəm tarix xalqımızın 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyulmasının, tarixi ədalətin bərpasının və Azərbaycanın ərazi bütövlüyü uğrunda apardığı mübarizənin şanlı nəticəsidir. Zəfər Günü yalnız hərbi Qələbənin deyil, həm də Azərbaycan dövlətinin qüdrətinin, xalqımızın əzminin və milli həmrəyliyinin təntənəsidir.
1988-ci ildən başlayan Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü nəticəsində torpaqlarımızın bir hissəsi işğal edilmiş, şəhər və kəndlərimiz dağıdılmış, minlərlə soydaşımız həlak olmuş, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. İşğal dövründə tarixi-mədəni irsimizə ciddi ziyan vurulmuş, xalqımız doğma yurdlarından ayrı düşmüşdür. Lakin Azərbaycan xalqı heç vaxt torpaqlarımızın işğalı ilə barışmamış, doğma Qarabağa qayıdış və ərazi bütövlüyünün bərpası inamını qoruyub saxlamışdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın iqtisadi qüdrəti artırılmış, beynəlxalq mövqeləri möhkəmləndirilmiş, güclü ordu quruculuğu dövlət siyasətinin prioritetlərindən birinə çevrilmişdir. Müasir silah və texnika ilə təchiz edilən, döyüş hazırlığı və peşəkarlığı yüksəldilən Azərbaycan Ordusu ölkəmizin müdafiə qüdrətinin əsas təminatına çevrilmişdir. Eyni zamanda, milli hərbi sənaye kompleksinin inkişafı və iqtisadi imkanlarımızın genişlənməsi dövlətimizin müdafiə potensialını daha da gücləndirmişdir.
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı. Ordumuzun qəhrəmanlığı, əsgər və zabitlərimizin şücaəti, xalqımızın sarsılmaz iradəsi nəticəsində torpaqlarımız bir-birinin ardınca işğaldan azad edildi.
Vətən müharibəsinin ən mühüm hadisələrindən biri noyabrın 8-də Şuşa şəhərinin azad olunması idi. Qarabağın tacı olan Şuşanın düşmən işğalından qurtulması xalqımızın mənəvi qələbəsini daha da möhtəşəmləşdirdi. Şuşa Zəfəri Azərbaycan Ordusunun gücünü, hərbçilərin qəhrəmanlığını və Ali Baş Komandanın qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla hərbi əməliyyatlar dayandırıldı və Ağdam, Kəlbəcər, Laçın rayonları Azərbaycanın nəzarətinə qaytarıldı.
Vətən müharibəsində əldə edilən Qələbənin əsas amillərindən biri də xalq-ordu birliyi oldu. Müharibə dövründə cəmiyyətimizin bütün təbəqələri, müxtəlif etnik və dini mənsubiyyətə malik vətəndaşlar vahid amal ətrafında birləşərək dövlətimizə və ordumuza dəstək nümayiş etdirdilər. “Dəmir yumruq” ifadəsi xalqımızın birliyinin, milli həmrəyliyinin və sarsılmaz iradəsinin rəmzinə çevrildi. Prezident İlham Əliyevin beynəlxalq media qurumlarına verdiyi müsahibələr isə Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynadı.
2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini bütün ərazilərində tam bərpa etdi. Prezident İlham Əliyevin oktyabrın 15-də Xankəndidə Azərbaycan Bayrağını ucaltması tariximizin ən əlamətdar hadisələrindən biri oldu. Beləliklə, Vətən müharibəsində qazanılmış hərbi Qələbə və 2023-cü ildə suverenliyin tam təmin edilməsi Azərbaycanın müasir tarixində yeni mərhələnin başlanğıcı oldu.
Tarixi Qələbənin əbədiləşdirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirildi. Zəfər Gününün təsis edilməsi, hərbi qulluqçuların orden və medallarla təltif olunması, Bakıda Zəfər paradının keçirilməsi, Hərbi Qənimətlər Parkının, Zəfər parkının və Zəfər muzeyinin yaradılması xalqımızın qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə çatdırılmasına xidmət edir. Bu məkanlar şəhidlərin xatirəsinə ehtiramın, hərbçilərin şücaətinə verilən yüksək qiymətin və milli yaddaşın qorunmasının təcəssümüdür.
Bu gün Azərbaycan tarixi Qələbənin yaratdığı yeni reallıqlar əsasında inkişaf edir. Ölkəmiz regionda davamlı sülhün təmin olunmasını, iqtisadi əməkdaşlığın genişləndirilməsini və nəqliyyat əlaqələrinin inkişafını dəstəkləyir. 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalar Azərbaycan-Ermənistan normallaşma prosesi baxımından mühüm mərhələ oldu. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, sülh qarşılıqlı hörmət, suverenliyə və ərazi bütövlüyünə ehtiram, beynəlxalq hüququn prinsipləri əsasında təmin edilməlidir.
Qələbədən sonra Azərbaycan qarşısında duran əsas vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi oldu. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri aparılır, yeni yollar, məktəblər, xəstəxanalar, yaşayış binaları və digər infrastruktur obyektləri inşa edilir. Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarında məskunlaşması, məşğulluğunun təmin olunması və normal həyat şəraitinin yaradılması istiqamətində ardıcıl tədbirlər görülür.
Dövlət siyasətinin mühüm istiqamətlərindən biri də şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdır. Vətən uğrunda canlarından keçən qəhrəmanların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, qazilərin reabilitasiyası, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və məşğulluğunun təmin olunması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. “YAŞAT” Fondunun fəaliyyəti də şəhid ailələri və müharibə veteranlarına mühüm dəstək verir. Bu qayğı xalqımızın qəhrəmanlarına olan ehtiramının və dövlətimizin sosial məsuliyyətinin bariz ifadəsidir.
Bir sözlə, 8 Noyabr – Zəfər Günü xalqımızın qəhrəmanlıq tarixinin, milli birliyinin və dövlətçilik əzminin əbədi rəmzidir.