Pərvin Kazımzadə: Ötən illər ərzində türk dövlətləri arasında əlaqələr, inteqrasiya davamlı olaraq genişlənib.
“Azərbaycan daim Türk dünyasının əlaqələrinin güclənməsinə öz töhfəsini verib və bundan sonra da Türk dövlətlərinin birliyi amallarına sadiq qalacaq. Ötən illər ərzində türk dövlətləri arasında əlaqələr, inteqrasiya davamlı olaraq genişlənib. Türk ölkələrinin yüksəksəviyyəli rəsmiləri həm ikitərəfli platformalarda, həm də Türk Dövlətləri Təşkilatının Zirvə görüşləri və digər tədbirləri çərçivəsində tez-tez bir araya gələrək fəaliyyətlərinin koordinasiya edilməsi məqsədilə aktual müzakirələr aparırlar. Belə görüşlərdə bir qayda olaraq keçilmiş yola nəzər salınır, yeni hədəflər və fəaliyyət istiqamətləri müəyyənləşdirilir. Bu baxımdan, iyulun 6-da Qarabağın incisi Şuşa şəhərində TDT-nin Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi böyük əhəmiyyət kəsb edir”.
Millixəbər.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, son illər türk dövlətləri arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın daha da dərinləşməsi istiqamətində səylər artırılıb. Qlobal təhdidlərin çoxaldığı indiki həssas dönəmdə isə türkdilli dövlətlərin daha sıx həmrəylik nümayiş etdirmələri xüsusilə vacibdir. Azərbaycan da öz təşəbbüsləri ilə türk dövlətləri arasında əlaqələrin daha da dərinləşməsinə çalışır. Dövlətimizin başçısı İlham Əliyev Şuşada keçirilən Zirvə görüşündə çıxışı zamanı deyib ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir: “Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır”. Cənab Prezident həmçinin, Vətən müharibəsinin və Qarabağdakı antiterror tədbirlərinin nəticələri barədə məlumat verib, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunduğunu vurğulayıb.
Millət vəkilinin sözlərinə görə, Azərbaycanın Türk dünyası ölkələrinin birliyinə daha bir töhfəsi isə Orta Dəhliz layihəsidir. Orta Dəhlizi dəyər zənciri də adlandırmaq mümkündür. Lakin bu dəhlizin üstünlükləri və əhatə coğrafiyası Türk Dövlətləri Təşkilatının əsas əlaqələndiricisi kimi çıxış etməyə zəmin yaradır. Dəhlizin trayektoriyası da onun 1 trilyon ABŞ dollarından çox ümumi daxili məhsula (ÜDM) malik Türk dövlətlərini birləşdirən bir layihə olduğunu deməyə tam əsas verir. Bu gün Azərbaycan Orta Dəhliz layihəsinin əsas həlqələrində biri hesab edilir. Ölkəmiz dəhlizin inkişafı və səmərəliliyi məqsədilə öz ərazisində zəruri infrastrukturu təmin edir. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Azərbaycan, eyni zamanda, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir. Ölkəmiz hazırda dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir, zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq. Buradan da görünür ki, ölkəmiz Şərqdən Qərbə, yəni, Mərkəzi Asiyadan Avropaya uzanan marşrutun səmərəliliyinin artırılması üzərində ciddi işləyir ki, bu da TDT-yə üzv dövlətlərin əksəriyyətinin yerləşdiyi coğrafiyadan onların mallarının Qərb istiqamətində daha qısa zamanda və daha ucuz çatdırılmasını təmin edir. Şuşa sammitində həm Prezident İlham Əliyev, həm də qonaqlar çıxışları zamanı Orta Dəhlizin önəmini vurğulayıblar. Eyni zamanda, sammitdə COP29-un ölkəmizdə keçirilməsinə ciddi dəstək verilib.
“Beləliklə, Şuşada dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi ilə Türk Dövlətləri Təşkilatının tarixində yeni bir ənənənin əsası qoyuldu. Yəni, artıq yalnız rəsmi deyil, eyni zamanda, qeyri-rəsmi Zirvə toplantısının keçirilməsi ölkələrimiz arasında əməkdaşlığın və tərəfdaşlığın daha da dərinləşməsinə xidmət göstərən amil kimi qiymətləndirilməlidir. Zirvə toplantısının həsr edildiyi nəqliyyat, əlaqələr, iqlim dəyişikliyi kimi çox vacib mövzular sözügedən sahələr üzrə türk dövlətləri arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini bir daha təsdiqlədi. Şübhəsiz ki, Şuşa Zirvə görüşü Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında əməkdaşlıq əlaqələrinin və inteqrasiyanın daha da gücləndirilməsi, həmin ölkələrlə bağlı vacib məsələlərin müzakirəsi üçün mühüm platforma oldu. Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi isə əlaqələrimizi daha da gücləndirəcək. Bəyannamədə vurğulandığı kimi, strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi, TDT-nin kollektiv strategiyasının formalaşdırılması üçün siyasi, iqtisadi, nəqliyyat, müdafiə sənayesi, humanitar, təhsil və mədəniyyət sahələrində türk dövlətlərinin tam potensialından və imkanlarından istifadə edilməlidir. Bu yolda yeni uğurların qazanılacağına inanırıq”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.
Nicat Abbas
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.