
Gündəm / Siyasət / Bölgə
3.10.2026, 21:10
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında nitqi ölkəmizin müasir inkişaf mərhələsinin siyasi, iqtisadi, təhlükəsizlik və xarici siyasət prioritetlərini əhatə edən mühüm konseptual çıxış kimi diqqəti cəlb edir. Qurultayın Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilməsi onun siyasi əhəmiyyətini daha da artırır. Bu baxımdan çıxış yalnız YAP-ın qarşıdakı fəaliyyət istiqamətlərinə deyil, bütövlükdə Azərbaycanın dövlətçilik strategiyasına, milli maraqlarının qorunmasına və yeni geosiyasi reallıqlar şəraitində qarşıda duran vəzifələrə işıq salır.
Millixeber.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib.
Deputat bildirib ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayının mühüm xüsusiyyətlərindən biri onun Azərbaycanın tamamilə yeni ictimai-siyasi və geosiyasi reallıqda keçirilməsidir. 2020-ci ildə əldə edilmiş Zəfər və 2023-cü ildə ərazi bütövlüyünün və suverenliyin tam bərpası ilə nəticələnən proseslər Azərbaycanın müasir tarixində yeni mərhələnin əsasını qoyub. Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan məqamlardan biri Azərbaycanın Zəfərə aparan yolunun ardıcıl dövlətçilik siyasəti ilə bağlılığıdır. Bu kontekstdə YAP-ın 1992-ci ildə təsis olunması və Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi baxımından tarixi dönüş mərhələsi kimi qiymətləndirilir. Ulu Öndərin siyasi irsinin əsasını təşkil edən müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və milli maraqlara əsaslanan xarici siyasət prinsiplərinin sonrakı dövrdə davam etdirilməsi Azərbaycanın inkişaf modelinin əsas istiqamətlərindən birinə çevrilib.
“2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə edilmiş Zəfər Azərbaycanın hərbi-siyasi gücünü nümayiş etdirməklə yanaşı, regionda yeni reallıqlar formalaşdırdı. 2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyinin bütün ərazisində tam bərpa olunması isə bu prosesin mühüm yekun mərhələsi oldu. Bu tarixi nəticələrin fonunda Azərbaycanın qarşısında artıq yeni strateji vəzifələr dayanır.
Prezident İlham Əliyevin qurultaydakı çıxışının mühüm istiqamətlərindən biri məhz postmünaqişə dövrünün və yeni geosiyasi reallıqların tələbləridir. Bu mərhələdə hərbi gücün daha da artırılması, təhlükəsizliyin təmin olunması, iqtisadi dayanıqlığın möhkəmləndirilməsi, xarici siyasətin fəallığının artırılması, ideoloji təhlükəsizliyin gücləndirilməsi və Qarabağla Şərqi Zəngəzurun bərpasının davam etdirilməsi prioritet istiqamətlər kimi müəyyənləşdirilir.
Müasir informasiya məkanında dezinformasiya, manipulyasiya və kibertəhdidlər dövlətlərin təhlükəsizliyinə təsir edən mühüm amillərə çevrilib. Bu şəraitdə təhsilin, media savadlılığının, milli-mənəvi dəyərlərin və vətəndaş məsuliyyətinin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır. Cəmiyyətin bilik səviyyəsi yüksəldikcə informasiya manipulyasiyalarına qarşı müqavimət imkanları da artır. Buna görə də ideoloji təhlükəsizliyin təmin edilməsində təhsil və vətənpərvərlik mühüm vasitələr kimi önə çıxır.
Azərbaycanın xarici siyasət strategiyası da çıxışın əsas istiqamətlərindən birini təşkil edir. Son illərdə ölkənin müxtəlif dövlətlər və beynəlxalq təşkilatlarla çoxşaxəli əlaqələr qurması Azərbaycanın beynəlxalq münasibətlər sistemində fəal aktor kimi mövqeyinin möhkəmləndirilməsi ilə müşayiət olunur. Azərbaycanın müxtəlif geosiyasi mərkəzlərlə qarşılıqlı maraqlara əsaslanan münasibətlər qurması, regional və beynəlxalq təşəbbüslərdə iştirak etməsi, enerji və nəqliyyat layihələrində rolunun genişlənməsi ölkənin xarici siyasət imkanlarını artıran amillər sırasındadır”, - deyə deputat əlavə edib.
Deputat bildirib ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası Azərbaycanın qarşıdakı illərdə əsas strateji prioritetlərindən biri olaraq qalacaq. İşğaldan azad edilmiş ərazilərdə yaşayış məntəqələrinin salınması, infrastrukturun yenidən qurulması, nəqliyyat və enerji sistemlərinin yaradılması, məktəb və səhiyyə obyektlərinin tikilməsi, məşğulluq imkanlarının genişləndirilməsi və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının təmin olunması Böyük Qayıdış Proqramının əsas istiqamətlərini təşkil edir.
“Ərazi bütövlüyünün və suverenliyin bərpası tarixi mərhələnin yekunu olmaqla yanaşı, yeni strateji məqsədlər üçün başlanğıc nöqtəsidir. Qarşıdakı dövrdə əsas məsələ əldə edilmiş nəticələrin qorunması, dövlətin iqtisadi və hərbi gücünün artırılması, insan kapitalının inkişaf etdirilməsi, beynəlxalq mövqelərin daha da möhkəmləndirilməsi və cəmiyyətin rifahının yüksəldilməsidir”, - deyə Mehriban Vəliyeva vurğulayıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













