Gündəm / Siyasət / Sosial
Uşaqlar internetdə nə qədər təhlükəsizdir? Abşeronda valideynlər üçün mühüm təlim keçirildi+FOTOLAR

20 Noyabr – Ümumdünya Uşaq Hüquqları Günü münasibətilə Abşeron Rayon İcra Hakimiyyəti və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsində valideynlərin rolu” mövzusunda konfrans-təlim keçirilib.
Millixəbər.az- ın məlumatına gprə, tədbirin əsas məqsədi uşaqların rəqəmsal mühitdə hüquq və təhlükəsizliyinin qorunması, valideynlərin müasir informasiya texnologiyalarının yaratdığı imkanlar və potensial risklər barədə maarifləndirilməsi, eləcə də ailə-məktəb əməkdaşlığının gücləndirilməsindən ibarət olub.
Konfrans-təlimdə Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, Abşeron və Xızı rayonları üzrə təhsil sektorunun məsul əməkdaşı Pərviz Əhmədov, “Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin sədri Zamin Zeynal, məktəb rəhbərləri, müəllimlər və valideynlər iştirak ediblər.
Tədbirdə çıxış edənlər uşaqların hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən dövlət siyasəti, müvafiq proqram və layihələr, təhlükəsiz rəqəmsal mühitin formalaşdırılması, internetdən düzgün və məsuliyyətli istifadə mədəniyyətinin aşılanması, mövcud risklərin vaxtında müəyyənləşdirilməsi və qarşısının alınmasında valideynlərin rolundan bəhs ediblər.
“Müasir İnternet Resurslarının İnkişafı” İctimai Birliyinin sədri Zamin Zeynal çıxışında ölkəmizdə rəqəmsal sahənin inkişafı və bu istiqamətdə həyata keçirilən təşəbbüslərə diqqət çəkərək bildirib ki, rəqəmsallaşma prosesləri ilə yanaşı, cəmiyyətin, xüsusilə də valideynlərin və uşaqların maarifləndirilməsi işi də paralel şəkildə aparılmalıdır.
O qeyd edib ki, rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə uşaqların internet və mobil cihazlardan istifadəsinə nəzarət edilməsi, onların virtual məkanda qarşılaşa biləcəkləri təhlükələr barədə məlumatlandırılması xüsusi əhəmiyyət daşıyır. Valideynlər yalnız uşaqların mobil vasitələrdən istifadə müddətinə deyil, həm də hansı məzmunlara baxdıqlarına, hansı platformalardan istifadə etdiklərinə və virtual ünsiyyət qurduqları şəxslərə diqqət yetirməlidirlər.
Zamin Zeynal vurğulayıb ki, rəqəmsal təhlükəsizlik yalnız texniki nəzarət mexanizmləri ilə məhdudlaşmır. Bu sahədə əsas məsələlərdən biri uşaqlarda informasiya savadlılığının, tənqidi düşüncənin, məsuliyyətli internet davranışının və şəxsi məlumatların qorunması mədəniyyətinin formalaşdırılmasıdır. Bu prosesdə valideynlərin, təhsil müəssisələrinin və ictimai təşkilatların birgə fəaliyyəti mühüm rol oynayır.
Konfrans-təlim çərçivəsində İT mütəxəssisi Şamo Əliyev uşaqların internetdə və sosial şəbəkələrdə qarşılaşdıqları risklər, zərərli oyun və tətbiqlərin təsiri, rəqəmsal asılılıq, şəxsi məlumatların qorunması və valideyn nəzarəti mexanizmləri barədə təqdimatla çıxış edib. Google Family Link və iPhone Screen Time kimi valideyn nəzarəti vasitələrinin imkanları praktiki nümunələrlə izah olunub.
Məktəbin psixoloqu Arzu Şamilova isə rəqəmsal asılılığın uşaqların psixoloji və emosional sağlamlığına, davranışlarına və sosial münasibətlərinə təsirindən, bu halların qarşısının alınmasında ailə mühitinin, valideyn diqqətinin və düzgün ünsiyyətin əhəmiyyətindən danışıb.
İnteraktiv formatda davam edən tədbirdə valideynləri maraqlandıran suallar cavablandırılıb, uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsi, internetdən düzgün istifadə vərdişlərinin formalaşdırılması və virtual məkanda mümkün təhlükələrdən qorunması ilə bağlı praktiki tövsiyələr verilib.
Tədbirin əsas mesajı ondan ibarət olub ki, uşaqların rəqəmsal təhlükəsizliyi yalnız texnologiyaların tətbiqi ilə deyil, həm də ailədə düzgün tərbiyə, davamlı maarifləndirmə, valideyn nəzarəti və cəmiyyətin birgə məsuliyyəti ilə təmin oluna bilər.
Unutmayaq ki, uşaqları rəqəmsal dünyanın imkanlarından faydalanmağa hazırlamaq qədər, onları həmin dünyanın təhlükələrindən qorumaq da hər birimizin vətəndaşlıq və mənəvi məsuliyyətidir.
Təhlükəsiz rəqəmsal mühit – uşaqların sağlam gələcəyinə qoyulan sərmayədir!






