Gündəm / Siyasət / Bölgə

YAP Sumqayıt şəhər təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub

08.10.2026 17:14 56
YAP Sumqayıt şəhər təşkilatında VIII Qurultaydan irəli gələn vəzifələr müzakirə olunub


Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn vəzifələrlə bağlı YAP Sumqayıt şəhər təşkilatında müşavirə keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib.
Müşavirədən əvvəl YAP Sumqayıt şəhər təşkilatından partiyanın VIII Qurultayında nümayəndələr Ümummilli Lider Heydər Əliyevin Sumqayıtdakı abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri qoyublar.
Müşavirədə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Müşavirədə YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elnarə Akimova, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Tahir Mirkişili, Sumqayıt Dövlət Universitetinin rektoru, professor Nurəli Yusifbəyli, Sumqayıt şəhər Ağsaqqlar şurasının sədri Eldar İsmayılov, YAP-ın VIII Qurultayında Sumqayıt şəhərini təmsil edən Qurultay nümayəndələri, ərazi partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak ediblər.
Çıxış edən YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov Yeni Azərbaycan Partiyasının VIII Qurultayının Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunduğu yeni tarixi mərhələdə keçirilməsinin xüsusi siyasi əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, Qurultayda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər partiyanın qarşıdakı dövr üçün fəaliyyət istiqamətlərini müəyyənləşdirən mühüm proqram xarakterli müddəalarla zəngindir. Ramiz Hüseynov Azərbaycanın əldə etdiyi tarixi Zəfərin qorunması, dövlətin təhlükəsizliyinin və müdafiə qüdrətinin daha da gücləndirilməsi, iqtisadi və sosial inkişafın davam etdirilməsi, ideoloji işin müasir tələblərə uyğun qurulmasının vacibliyini vurğulayıb. Prezidentin VIII Qurultaydakı proqram xarakterli nitqini geniş təhlil edib.
Milli Məclisin deputatı Elnarə Akimova çıxışında VIII Qurultayın əhəmiyyətindən danışaraq, Azərbaycanın yeni siyasi reallıqlar şəraitində qarşısında dayanan vəzifələrə diqqət çəkib. O, ölkənin gələcək inkişafında təhsilin mühüm rol oynadığını bildirərək, təhsil müəssisələrində dövlətçilik, milli-mənəvi dəyərlər və vətənpərvərlik istiqamətində işin gücləndirilməsinin vacibliyini qeyd edib. Elnarə Akimova, həmçinin vahid məktəbli formasının tətbiqi ilə bağlı məsələlərə toxunaraq, bu istiqamətdə görülən işlər və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşüb.
Milli Məclisin deputatı Tahir Mirkişili çıxışında VIII Qurultayın ölkənin qarşıdakı inkişaf mərhələsi baxımından əhəmiyyətindən bəhs edib. O, dövlətin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin daim yüksək səviyyədə saxlanılmasının zəruriliyini vurğulayıb. Tahir Mirkişili çıxışında hərbi qurumlarda çalışan şəxslərin əməkhaqqı və pensiya təminatı məsələlərinə toxunaraq, dövlət qarşısında xüsusi xidmətləri olan insanların sosial müdafiəsinin diqqətdə saxlanılmasının əhəmiyyətini qeyd edib. O, həmçinin Ermənistanın sülh gündəliyinə riayət etməməsi məsələsinə toxunaraq, bölgədə davamlı sülh və sabitliyin təmin olunmasının qarşılıqlı öhdəliklərə əməl olunmasından asılı olduğunu bildirib.
Qurultay nümayəndəsi professor Nurəli Yusifbəyli çıxışında YAP-ın VIII Qurultayının əhəmiyyətindən danışıb, yeni tarixi mərhələdə təhsil sahəsinin qarşısında duran vəzifələrə diqqət çəkib. O, təhsil sahəsində ideoloji işin gücləndirilməsinin vacibliyini qeyd edərək, gənc nəslin milli-mənəvi dəyərlərə, dövlətçilik prinsiplərinə və vətənpərvərlik ruhuna bağlı şəkildə yetişdirilməsinin əhəmiyyətini vurğulayıb.
Qurultay nümayəndəsi Eldar İsmayılov çıxışında partiya fəalları arasında ideoloji işin aparılması məsələsinə toxunub. O, müasir dövrdə informasiya mühitinin genişlənməsi və müxtəlif informasiya təsirlərinin artması şəraitində partiya fəallarının üzərinə mühüm vəzifələr düşdüyünü bildirib. Qeyd edib ki, ideoloji iş sistemli şəkildə aparılmalı, partiya üzvlərinin siyasi və ictimai proseslərdə fəallığı artırılmalı, xüsusilə gənc partiya üzvləri ilə işə diqqət yetirilməlidir.
Daha sonra YAP-ın VIII Qurultayında Sumqayıt şəhərini təmsil edən qurultay nümayəndələri və ərazi partiya təşkilatlarının sədrləri çıxış edərək Qurultayda müəyyənləşdirilən vəzifələr, onların yerlərdə icrası və partiya təşkilatlarının qarşısında duran məsələlərlə bağlı fikirlərini bölüşüblər.
Müşavirədə YAP Sumqayıt şəhər təşkilatının qarşısında duran vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Qurultaydan irəli gələn məsələlərin yerli səviyyədə həyata keçirilməsi, partiya təşkilatlarında ideoloji işin gücləndirilməsi, partiya fəalları ilə işin daha səmərəli təşkili və qarşıda duran vəzifələrin ardıcıl icrası ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.
Müşavirə Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.