Gündəm / Siyasət / İqtisadiyyat
Tahir Mirkişili: Azərbaycanın Məşvərət görüşünə tamhüquqlu qoşulması regional əməkdaşlıq üçün yeni imkanlar yaradır

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri son illərdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Nəqliyyat, enerji, ticarət, investisiya və digər sahələrdə həyata keçirilən birgə layihələr region ölkələri arasında iqtisadi əlaqələrin genişlənməsinə mühüm töhfə verir. Azərbaycanın Məşvərət görüşünə tamhüquqlu qoşulması isə bu əməkdaşlığın yeni mərhələyə keçməsinin göstəricilərindən biridir.
Millixeber.az xəbər verir ki, Milli Məclisin deputatı Tahir Mirkişili “Aktual Xəbər”ə müsahibəsində Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələrinin inkişaf perspektivlərindən, Orta Dəhlizin yaratdığı imkanlardan, yaşıl enerji layihələrindən, birgə investisiya fondlarından, eləcə də Qarabağın bərpasında Mərkəzi Asiya dövlətlərinin iştirakından danışıb.
– Azərbaycanın Məşvərət görüşünə tamhüquqlu qoşulmasının əhəmiyyətini necə qiymətləndirirsiniz?
– Bu qərarı Azərbaycanın regional nüfuzunun və ölkəmizə olan etimadın mühüm göstəricisi hesab edirəm. Azərbaycan artıq bu formatda ortaq gələcəklə bağlı müzakirələrə tamhüquqlu iştirakçı kimi qoşulur. Bu, nəqliyyat, enerji və ticarət məsələlərində maraqlarımızı daha sıx uzlaşdırmaq imkanı yaradır. Ölkəmiz üçün əsas qazanc yeni bazarlara çıxışın genişlənməsi, investisiya imkanlarının artması və beynəlxalq mövqelərimizin güclənməsidir. Prezident cənab İlham Əliyevin ardıcıl siyasəti Xəzərin iki sahili arasında əməkdaşlığı yeni səviyyəyə yüksəldib.
– Ticarət dövriyyəsindəki artımı daha da sürətləndirmək üçün hansı addımlar atılmalıdır?
– Cənab Prezidentin qeyd etdiyi 50 faizdən çox artım mühüm nəticədir və qarşılıqlı iqtisadi marağın gücləndiyini göstərir. Bu dinamikanı davam etdirmək üçün sahibkarın məhsulunu digər ölkəyə satması daha asan və sərfəli olmalıdır. Gömrük sənədlərinin elektronlaşdırılması, sertifikatların qarşılıqlı tanınması və daşınma xərclərinin azaldılması burada əsas addımlardır. Qida, sənaye məhsulları və rəqəmsal xidmətlər üzrə şirkətlər arasında birbaşa əlaqələr də genişlənməlidir. Əsas hədəfimiz daha çox Azərbaycan müəssisəsinin bu bazarlara daxil olması və davamlı sifarişlər qazanmasıdır.
– Orta Dəhliz üzrə əməkdaşlığın perspektivlərini necə qiymətləndirirsiniz?
– Orta Dəhliz Azərbaycanın uzunmüddətli gəlir və məşğulluq imkanlarını genişləndirir. Mərkəzi Asiya ölkələri dünya bazarlarına etibarlı çıxış əldə edir, Azərbaycan isə bu ticarətin mühüm qovşağına çevrilir. Bunun üçün liman, dəmir yolu və gömrük xidmətlərinin əlaqəli işləməsi vacibdir. Yük göndərən şirkət əvvəlcədən bilməlidir ki, məhsulu neçə günə və hansı qiymətə çatacaq. Dəhliz boyunca anbarların, emal və qablaşdırma müəssisələrinin yaradılması ölkəmizdə daha çox qazancın və yeni iş yerlərinin yaranmasına imkan verəcək.
– Yaşıl enerji dəhlizi Azərbaycan üçün hansı imkanları açır?
– Bu layihə üç ölkənin günəş və külək enerjisi potensialını birləşdirərək gələcəkdə Avropa bazarına çıxarmaq imkanı yaradır. Layihə üzrə birgə müəssisənin yaradılması və texniki-iqtisadi əsaslandırma işləri bu istiqamətdə konkret addımlardır. Azərbaycan üçün bu, elektrik enerjisi ixracından və ötürülməsindən gəlir, yeni investisiyalar və ixtisaslı iş yerləri deməkdir. Eyni zamanda, ölkəmizin təmiz enerji ilə işləyən sənaye müəssisələri üçün cəlbediciliyi artacaq.
– Birgə investisiya fondları Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığa necə təsir edə bilər?
– Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla yaratdığı fondlar birgə biznes qurmaq üçün mühüm maliyyə imkanıdır. Məsələn, bir ölkənin xammalını digərinin texnologiyası və logistika imkanları ilə birləşdirərək rəqabətədavamlı məhsul istehsal etmək mümkündür. Bu fondlar sənaye, kənd təsərrüfatı, logistika və texnologiya layihələrinə sərmayə qoymaqla özəl şirkətlərin də iştirakını təşviq edəcəkdir.
– Mərkəzi Asiya ölkələrinin Qarabağdakı bərpa layihələrində iştirakı nəyi göstərir?
– Türkmənistanın Füzulidə məscid tikintisini üzərinə götürməsi, Özbəkistanın məktəb, Qazaxıstanın yaradıcılıq mərkəzi, Qırğızıstanın isə Ağdamda məktəb inşa etməsi dostluğumuzun konkret əməllərdə ifadəsidir. Bu layihələrin xüsusi mənəvi dəyəri var. Onlar doğma yurduna qayıdan insanların gündəlik həyatına, uşaqların təhsilinə və mədəni mühitin bərpasına xidmət edir. Mərkəzi Asiya xalqlarının Qarabağın dirçəlişində öz izini qoyması münasibətlərimizin nə qədər dərin olduğunu göstərir. Belə dəstək xalqlarımız arasında gələcək nəsillərə ötürülən möhkəm bağ yaradır.
– Parlamentlərarası əlaqələrdə hansı istiqamətlər prioritet olmalıdır?
– Hesab edirəm ki, parlamentlərarası əməkdaşlıq konkret iqtisadi və ictimai ehtiyaclara daha çox yönəlməlidir. İnvestisiyaların qorunması, ticarətin asanlaşdırılması, rəqəmsal iqtisadiyyat və yaşıl enerji sahələrində qanunvericilik təcrübəsinin paylaşılması prioritetdir. Parlament komitələri və dostluq qrupları sahibkarların qarşılaşdığı hüquqi maneələri birlikdə müzakirə edib onların həllinə dəstək verə bilər. Beynəlxalq parlament platformalarında qarşılıqlı dəstəyin gücləndirilməsi, təhsil və gənclər arasında əlaqələrin genişləndirilməsi də vacibdir. Məqsəd siyasi münasibətlərin yaratdığı imkanları vətəndaşın və biznesin hiss etdiyi nəticələrə çevirməkdir.