Dilqəm Quliyev: “Azərbaycanın 44 günlük Zəfər Səlnaməsində İlham Əliyevin rolu böyükdür"
İnkaredilməz bir həqiqətdir ki, ermənilər ta qədim zamanlardan tarixin bütün mərhələlərində azərbaycanlılara və türklərə qarşı xəyanət və düşmənçilik mövqeyi tutmuşlar.
Rus alimi Viktor Semyonovun «Orta əsrlər tarixi» əsərində qeyd etdiyi kimi, XI-XIII əsrlərdə Roma papalarının çağırışı ilə İsa peyğəmbərin xilas edilməsi pərdəsi altında türklərə qarşı təşkil edilən xaç yürüşlərinin əsas bələdçiləri yenə də ermənilər olmuşdur. Uzun müddət Səfəvi və Osmanlı imperiyaları kimi qüvvətli dövlətlərin təbəələri sayılan bu bədnam kütlə xəyanət üçün fürsət axtarırdı.
Vaxtilə faşistlərin yəhudilərə, BosniyaHerseqovinada serblərin, Azərbaycanda isə ermənilərin azərbaycanlılara qarşı soyqırım faciələri dedikdə hər kəsə yaxşı bəlli olan tarixi ardıcıllıq yada düşür: 1905-1907-ci (çar Rusiyası zamanı), 1915-1918-1920-ci (əsasən, Azərbaycan Xalq Cümhuriyyəti dövrü), 1948-1953-cü (SSRİ dövrü, deportasiya), 1988-ci ildən bəri (SSRİ-nin dağılması və müstəqil Azərbaycan Respublikasının mövcud olduğu dövr), 1992-ci (Xocalı və başqa yerlərdə məqsədli erməni dövləti tərəfindən həyata keçirilən qırğını soyqırım adlandırmaq olar).
Məlumdur ki, 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatında «Soyqırım Bəyannaməsi» adlanan sənəd qəbul edilmişdir. Dünyanın müxtəlif ölkələri BMT-nin Soyqırım Bəyannaməsini imzalamışlar. Bu bəyannaməni 1950-ci ildə Türkiyə dövləti də imzalamış və ondan gələn məsuliyyəti qəbul etmişdir. Beynəlxalq hüquq normalarına hörmətlə yanaşan Azərbaycanın qanunvericilik orqanının azərbaycanlılara qarşı soyqırım tarixi, onun dərslərindən çıxış edərək, xalqımıza qarşı soyqırım cinayətləri və onun öyrənilməsi haqqında qanun qəbul etməsi vaxtı çatmamışdırmı?! Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edib Qarabağı bizdən qoparmağa çalışan ermənilər üçün ta qədimdən XX əsrin axırınadək «məşq meydanı» olub bu diyar. Bədxahlarımız bu müqəddəs diyarın bütövlüyünü heç vaxt görmək istəməyiblər. Əksinə, onun qol budağını kəsə-kəsə, sinəsinə çalın-çarpaz dağlar çəkə-çəkə dilim-dilim doğrayıb, parça-parça qoparmaq iştahası ilə yaşayıblar. Başı bəlalar çəksə də Ulu Qorqud yurdu öz qürurunu qoruyub. Heç vaxt düşmənə diz çökməyib.
Bütün bunlara baxmayaraq Gülüstan (1813-cü il) və Türkmənçay (1828-ci il) müqavilələri Azərbaycan tarixinin qara ləkələridir. Rusiya-İran müharibəsi Gülüstan müqaviləsi ilə nəticələndi. Şimali Azərbaycan Rusiyanın işğalı altına keçdi. 1828-1829-cu illərdə Rusiya-Türkiyə müharibəsi zamanı isə İrəvan və Naxçıvan xanlıqları işğal edildi. Daha sonralar Zaqafqaziya seyminin dağılması, daşnak hökumətinin (1900-cü il) yaranması, İrəvan qəzasının ermənilərə güzəştə gedilməsi və nəhayət 20-ci illərdə Qarabağın dağlıq hissəsində yaşayan ermənilərə muxtariyyət verilməsi Azərbaycan tarixinin qara səhifələridir.
Tarixin qanlı cinayətləri nəticəsində Azərbaycan Cənuba, Şimala, Qərbə bölündü və bir-birindən təcrid olundu. Böyük imperiya – rus çarizmi dövründə müxtəlif istiqamətdən Azərbaycanın köksünə və kürəyinə zərbələr tuşlandı və din düşmənlərimiz İrandan, Türkiyədən qovulmuş erməniləri qədim türk-oğuz diyarının dilbər guşələrində məskunlaşdırdı. 70 illik Sovet rejimi zamanı ermənilərin əl-qolu daha da açıldı. «Böyük Ermənistan» yaratmaq xülyasına düşdülər.
Beləliklə, Azərbaycan ərazisində sığınacaq tapan və əsrlər boyu süfrəmizin nemətləriylə qidalanan daşnaklar qədim türk-oğuz yurdu olan Qərbi Azərbaycanı azərbaycanlısız «Ermənistana» çevirdilər. Əsrin əvvəlindən 90-cı illərədək soydaşlarımızın başına müsibətlər aça-aça bir nəfər kimi deportasiyaya uğratdılar. I Pyotrun rus ordusunun işğalçı yürüşlərini pərdələmək üçün Azərbaycan dilində «Bəyannamə» nəşr etdirərək Şirvana və Xəzəryanı bölgələrə göndərməsi (15 iyun 1722-ci il), I Pyotrun Azər¬baycan torpaqları üzərinə yürüşə başlanması (18 iyun 1722-ci il), Ermənilərin Xəzəryanı bölgələrdə yerləşdirilməsi barədə I Pyotrun fərman verməsi (noyabr, 1724), 1800-cü ildə qərbi azərbaycanlıların hissə-hissə talanı, Azərbaycanın Cənuba (Gülüstan, 1813-cü il), Şimala (Türkmənçay, 1828-ci il ermənilərin Qarabağa köçürülməsi) və Qərbə bölünməsi (Rusiya-Türkiyə müharibəsi, İrəvan və Naxçıvan xanlıqlarının işğalı – 1828-1829-cu il), 1905-1907-ci illərdə ermənilərin Azərbaycanın Bakı, Gəncə, Qarabağ, Naxçıvan, Şirvan, Zəngəzur, İrəvan, Şuşa, Cavanşir, Cəbrayıl, Qaryagin və başqa bölgələrində xeyli azərbaycanlının soyqırımı, ermənilərin Türkiyə və Qafqaz türklərinə qarşı amansız soyqırımı (1890-1920-ci illər), 1918-1920-ci illərdə xalqımıza qarşı törədilən məqsədli soyqırımı (milli hökumətin devrilməsi), 1948-1953-cü illərdə 150 mindən artıq azərbaycanlının sovet hökumətinin göstərişi ilə doğma yurd-larından – indiki Ermənistan ərazisindən Azərbaycana və başqa yerlərə deportasiyası, 1988-ci ildə 200 mindən çox azərbaycanlının Ermənistandan qovulması, Sumqayıt hadisələri (1988-ci il), 20 Yanvar (1990-cı il), Xocalı soyqırımı (1992-ci il), Şuşa (1992-ci il), Laçın (1992-ci il), Kəlbəcər (1993-cü il), Ağdam (1993-cü il), Cəbrayıl (1993-cü il), Füzuli (1993-cü il), Qubadlı (1993-cü il), Zəngilanın (1993-cü il) ermənilər tərəfindən işğalı. Hələ bu azmış kimi, üstəlik dünyaya car da çəkdilər ki, guya «zavallı ermənilər» blokada şəraitində yaşayırlar.
1989-cu il 12 yanvarda SSRİ Ali Soveti tərəfindən Dağlıq Qarabağ ərazisində Xüsusi İdarə Komitəsi yaradılır.1989-cu il avqustun 16-da Xankəndində ermənilər "Dağlıq Qarabağ əhalisinin qurultayı”nı keçirir, Qurultay Dağlıq Qarabağı "müstəqil ittifaq ərazisi” elan edir. 1989-cu ildən yenə də ard-arda terror hadisələri törədilir, kütləvi şəkildə azərbaycanlılar qətlə yetirilir. Bütün bu olanlar Qarabağı əldə etmək uğrunda başlanılacaq müharibənin qığılcımları idi ki, getdikcə daha da alovlanırdı.
1990-cı il yanvarın 4-də erməni terrorçusu Q.Sarkisyan Əsgəran-Ağdam körpüsünü partladır.1992-ci ilin əvvəllərində Kərkicahan qəsəbəsi, Qeybalı, Malıbəyli, Aşağı Quşçular və Yuxarı Quşçular kəndləri işğal edildi.1992-ci il mayın 8-də Ermənistan Şuşa şəhərinin tutulması ilə Dağlıq Qarabağın, demək olar ki, bütün ərazisini ələ keçirmiş oldu.Beləliklə ard-arda Qarabağımızın gözəl guşələri bir-bir işğal edilməyə başlanıldı. Ölkəni xaos bürüdü.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Qarabağ münaqişəsinin dinc yolla nizama salınması, işğal edilmiş torpaqlarımızın azad olunması istiqamətində ardıcıl, fəal xarici siyasət yürüdülmüşdür.
Azərbaycan Respublikası 1994-cü il mayın 8-də münaqişədə iştirak edən tərəflərin, o cümlədən Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının niyyətini təsdiq edən Bişkek protokolunu imzaladı.1994-cü ilin mayın 12-dən etibarən elan olunan atəşkəsin Ermənistanın müdafiə naziri, o, cümlədən DQ ordu komandiri tərəfindən 1994-cü il iyulun 27-də yazılı surətdə təsdiq edilməsi alqışlanır. Belə uzunmüddətli atəşkəsin əldə edilməsi problemin sülh yolu ilə həllində ilkin mərhələ, zəruri siyasi addımdır.
Ümummilli liderimiz Heydər Əliyevin 18 dekabr 1997-ci il tarixli «1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında» və 26 mart 1998-ci il tarixli «Azərbaycanlıların soyqırımı haqqında» fərmanları Azərbaycan xalqı və dövləti üçün tarixi sənədlərdir.
Azərbaycanlıların soyqırımına əsl hüquqi-siyasi qiyməti ümummilli liderimiz Heydər Əliyev verdi. 1918-ci ilin mart hadisələrinin 80-ci ildönü-mündə ümummilli liderimiz Heydər Əliyevin imzaladığı sərəncam erməni millətçilərinin hərəkətlərinə verilən ilk hüquqi-siyasi qiymət idi. 1998-ci il 26 mart tarixli bu sərəncam indiki və gələcək nəsillərin milli yaddaşının formalaşdırılması üçün bir növ proqram sənədidir.
Bu fərmanlarda göstərilir ki, son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırım siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində indi azərbaycanlılar Ermənistan adlandırılan ərazidən – min illər boyu öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir.
Bununla da tarixi hadisələrə düzgün qiymət vermək mümkün olmuş, həmçinin dünya birliyini azərbaycanlı soyqırımı hadisəsi ilə tanış edə bilmişdik. Xalqımızın ümummilli lideri Heydər Əliyevin bu fərmanı ilə azərbaycanlı soyqırımını dünyanın diqqət mərkəzinə çıxarmağa, bu məsələni müxtəlif səviyyələrdə qaldırmağa geniş imkanlar açıldı. İndi ortada artıq Avropa Şurasında və onun Parlament Assambleyasında, ATƏT-də, BMT-də, digər mötəbər beynəlxalq təşkilatlarda erməni siyasətini neytrallaşdıracaq, Azərbaycan həqiqətlərini göstərə biləcək ciddi bir sənəd var.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin imzaladığı hə¬min sənəd bir neçə mühüm vəzifəni həll etmək üçün əlimizdə ciddi sənəddir. Birincisi, bu sənəd tariximizə düzgün və obyektiv qiymət verilməsi baxımından böyük əhəmiyyət kəsb edir. İkincisi, həmin fərman azər¬baycanlı soyqırımı məsələsini dünya siyasəti səviyyəsinə çıxarır və dünyanın bütün mütərəqqi qüvvələrini, türkün dostlarını əsl həqiqətlərlə tanış edir, dünya azərbaycanlılarının bu məsələ ilə bağlı mövqe və baxışlarını konkretləşdirir. Üçüncüsü, bu fərman ermənilərin «erməni soyqırımı» məsələsi üzərində qurulmuş təbliğatının effektini azaldır, onların təbliğatını neytrallaşdırır.
Əsrlər boyu azərbaycanlılara qarşı aparılmış soyqırım və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənəddə 31 mart azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması təsbitlənmişdir. Ötən dövr ərzində Azərbaycan dövləti tarixi gerçəklikləri, xalqımızın iki əsr boyu məruz qaldığı soyqırım və etnik təmizlənmənin dəhşətli miqyasını beynəlxalq ictimaiyyətə çatdırmaq üçün xeyli iş görmüşdür.
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal və qeyd-şərtsiz azad edilməsi barədə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 nömrəli qətnamələrin həyata keçirilməsini tələb edir, ATƏT-in Budapeşt, Lissabon və İstanbul sammitlərinin qərarları və yekun sənədləri, Avropa Şurası Parlament Assambleyasının 1416 nömrəli qətnaməsi əsasında Dağlıq Qarabağ problemini həll etməyə çağırırdı.
44 gün ərzində dövlətimiz, beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarımızı şərtləndirdi. Azərbaycan dövləti oktyabrın 4-də Cəbrayıl şəhərini, 17-də Füzuli şəhərini, 22-də Zəngilan şəhərinin işğalçılardan azad olunması ilə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnaməni özü icra etdi.
Qeyd etmək lazımdır ki, bu tarixi zəfərimizə qədər ordumuz 3 dəfə Ermənistan ordusuna ağır zərbələr vurmuşdu. 2016-cı ilin aprel döyüşləri tarixi qələbəmizin başlanğıcı oldu. O döyüşlərdə düşmən ağır itki verərək, silah-sursatını atıb qaçdı. Həmin döyüşlərdə 25 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızın 2 min hektarı, o cümlədən bir sıra strateji yüksəkliklər azad edildi. 2018-ci il may ayı ərzində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. İki il sonra – 2020-ci il iyul ayında Ermənistan ordusu yenidən təxribatlara əl atdı və Tovuz rayonu istiqamətində atəşkəsi pozdu. Bu dəfə də layiqli cavablarını aldılar. Tovuz döyüşləri də Azərbaycanın hərb tarixinə xüsusi olaraq daxil oldu və bizim zəfərimizə əsas təkan verən hadisə oldu. Bu döyüşdə də yüzdən çox hərbçisi və onlarla hərbi obyekti məhv edilən Ermənistan silahlı bölmələrinin şəxsi heyəti hətta silah-sursatı qoyub qaçdı.
Dövlət başçısı hər zaman mühüm beynəlxalq tədbirlərdə dəfələrlə Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan edirdi. Xüsusilə, son 17 ildə Azərbaycan diplomatiyasının səyləri nəticəsində münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və s. beynəlxalq təşkilatların sənədləri buna müvafiq hüquqi baza yaratdı. Nəticədə, bu, informasiya müharibəsində də Azərbaycanın haqlı mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi, uzun illər Ermənistanın yürütdüyü faşist ideologiyası, xalqımıza qarşı etnik təmizləmə, soyqırımı, dövlət terrorizmi və işğalçılıq siyasətinin, eləcə də erməni yalanlarının dünya miqyasında ifşası istiqamətində əhəmiyyətli rol oynadı, tarixi ədalətin zəfər çaldığını şərtləndirdi. Xüsusilə, Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi "Qarabağ Azərbaycandır və nida işarəsi” devizi bir ildən sonra, xüsusilə 44 günün ərzində reallığa çevrildi xalqımıza böyük sevinc yaşatdı. 25 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformat çıxışında Ermənistanın son təxribatları nəticəsində azərbaycanlı hərbçilərin və mülki vətəndaşın həlak olması, habelə mülki infrastruktura vurulan ciddi ziyan qeyd olunmuşdur. O cümlədən, Azərbaycan Prezidenti iyulun 17-dən etibarən sentyabr ayına qədər hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşındığını bildirmişdir. Həmin dövrdə dövlət başçısı bir sıra çıxışlarında, müsahibələrində də xüsusi vurğulayırdı ki, Ermənistan müharibəyə hazırlaşır. Lakin hər zamankı ikili standartlar nəticəsində bizim bütün xəbərdarlıqlarımıza baxmayaraq beynəlxalq birlik tərəfindən Ermənistana təzyiq olunmurdu.
2020-ci il sentyabrın 27-dən etibarən Azərbaycanın başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir. Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırmışdı. Cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi.
İkinciVətən müharibəsi, ermənilərin 27 sentyabr 2020-ci ildə Azərbaycana qarşı növbəti hücumu ilə başlandı. Ardınca, həmin gün ölkədə hərbi vəziyyət elan edilməsi haqqında Ölkə Prezidenti Fərman imzaladı. 27 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan xalqına "Qalx ayağa Azərbaycan’’ deyə müraciət etdi.Onun müraciəti bütün Azərbaycan vətəndaşları kimi, əsgərlərimizi, matrosçularımızı, gizirlərimizi və generallarımızı da torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizəyə daha da ruhlandırdı.
Həmin inamın nəticəsində müharibənin ilk günündə on minlərlə vətən övladı könüllü şəkildə döyüşlərdə iştirak etmək üçün müraciət etdi.
Müharibənin birinci günü Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev televiziya ilə xalqa müraciət edərək Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi atəşə tutduğunu, nəticədə mülki əhali və hərbçilərimiz arasında itkilərin, yaralananların olduğunu bəyan etdi. Dövlətimizin başçısı müraciətində Azərbaycan Ordusunun düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirdiyini və Ermənistan silahlı qüvvələrinin xeyli sayda hərbi texnikasının və canlı qüvvəsinin məhv edildiyini bildirdi.
44 günlük savaşın nəticəsi olaraq 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi. Bu mənada danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma variantlarının Azərbaycan üçün ən sərfəli variantı belə hazırda ölkəmizin əldə etdiyi üstünlüklə müqayisə edilə bilməz. Prezident İlham Əliyev Füzuli şəhərindən bir daha bəyan etdi ki, ərazi bütövlüyümüzü bərpa etmişik, təcavüzkarları işğal edilmiş torpaqlardan qovmuşuq: «Demişdim, biz heç vaxt imkan verə bilmərik ki, tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Demişdim ki, heç vaxt Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. Demişdim ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Demişdim ki, sülh yolu ilə mümkün olmasa, hərbi yolla bunu bərpa edəcəyik. Mənim çıxışlarım hər yerdə var, dərc edilib. Bu sözləri demişəm və buna əməl etmişəm. Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var».
Nəhayət, Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu 29 il işğal altında qalmış doğma torpaqlarımızı 44 günlük qanlı müharibədən sonra erməni işğalçılarından azad etdik.
Oktyabrın 28-dən noyabrın 7-dək olan müddətdə 53 kəndi və bir neçə strateji yüksəkliyi azad edən Azərbaycan Ordusunun növbəti hədəfi qədim Şuşa şəhəri idi.
Noyabrın 8-də Ölkə Prezidenti cənab İlham Əliyev Şəhidlər xiyabanında xalqa müraciətində bildirdi: "Sentyabrın 27-dən bu günə qədər 200-dən çox şəhər, kənd, qəsəbə işğaldan azad edildi. O cümlədən tamamilə dağıdılmış Füzuli, Cəbrayıl Qubadlı, Zəngilan şəhərləri kəndləri, Hadrut qəsəbəsi, Suqovuşan qəsəbəsi və bu gün Şuşa şəhəri”.
Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim.
Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!
Bu, böyük Qələbədir!
Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan!
Gözünüz aydın olsun dünya azərbaycanlıları!
Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.
Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
Prezident İlham Əliyev Şuşanın işğalda qalmasını qəbuledilməz hal kimi dəyərləndirirdi. O deyirdi: «Hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar.»
Bəli, Ali Baş Komandan vəd etdiyi kimi, qədim Şuşamızın işğaldan azad edilməsini təmin etdi. 8 noyabrda ordumuzun qəhrəman hərbçiləri alınmaz qala hesab edilən Şuşanı böyük fədakarlıqla azad etdi. Hətta bu döyüşləri xarici hərbi ekspertlər, o cümlədən erməni generalları əfsanə adlandırdılar. Sıldırım qayaları dırmaşaraq əlbəyaxa döyüşlər həyata keçirən Azərbaycan hərbçiləri Şuşadan Ermənistan hərbi birləşmələrini bir gün ərzində məhv etmişlər.
Şuşanın azad olunması əməliyyatından danışan Prezident İlham Əliyev qeyd edib ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər.
Ordumuzun İkinci Qarabağ müharibəsində qazandığı şanlı qələbənin əsasında əsgər və zabitlərimizin qəhrəmanlığı və vətənpərvərliyi dayanır. Dövlətimizin başçısı bunu dəfələrlə vurğulayıb və çıxışlarının birində belə deyib: "Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir”.
8 noyabr tarixi Azərbaycan xalqının ürəyinə, yaddaşına qızıl hərflərlə yazıldı. Ölkə Prezidenti İlham Əliyev xalqın ürəyindən bu üç əsrlik qara ləkəni tamamilə sildi. Qazanılan zəfərlər təkcə silahın gücü ilə deyil, həm də Ölkə Prezidenti İlham Əliyevin uzaqgörən diplomatiyasının, dünyada yüksək nüfuzunun məntiqi nəticəsidir.
44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.
Bəli, Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu, milyonlarla vəsait sərf etdiyi nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu. Belə vəiyyətdə Ermənistanın qarşısında yalnız iki yoldan birini seçmək qalırdı. Ya Ermənistan ordusunun son tör-töküntüləri də döyüş meydanında son nəfərinə qədər məhv ediləcəkdi, ya da "ağ bayraq” qaldırıb, biabırçı hərbi məğlubiyyətini etiraf edəcəkdi.Paşinyan hakimiyyəti reallığı nəhayət ki, qəbul etdi və noyabrın 10-da Ermənistan "ağ bayraq” qaldırdı, kapitulyasiya bəyannaməsini imzaladı.
30 il gözlədiyimiz o möhtəşəm tarixə şahidlik etmək zamanı yetişdi!
Müharibədəki ağır məğlubiyyət Paşinyan hakimiyyətini kapitulyasiya aktını imzalamağa məcbur etdi. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən Üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. Bununla da Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa edildi.
Şanlı bayrağımızı azad edilən torpaqlarımızda dalğalandırmış, bu yolda canlarını belə əsirgəməmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edirik. Cəmiyyətimizdə onların yeri ən ali məqamdadır. Həm dövlətimiz, həm də cəmiyyətimiz onlara layiq olduqları qiyməti verir və verməlidir. İstər şəhid ailələri, istərsə də qazilərimiz hərtərəfli dövlət qayğıları ilə əhatə olunurlar. Hələ müharibənin ilk vaxtlarından Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hospitala baş çəkərək yaralı əsgərlərimizlə görüşür, onlarla söhbətləşir, müalicə şəraiti ilə maraqlanırdılar. "Mən hər zaman qazilərin yanında olacağam”, - deyən Prezident İlham Əliyev, əslində, cəmiyyətimizdə bütün müharibə iştirakçılarına olan münasibətini nümayiş etdirirdi. Yaralanmış müharibə iştirakçılarının reabilitasiyası və onların sosial məsələlərinin həlli istiqamətində çoxşaxəli işlər həyata keçirilir. Bu, bir daha sübut edir ki, dövlətimiz hər zaman öz əsgərinin yanındadır.
Vətən müharibəsində şanlı qələbə xalqımızın igid övladlarının qanı-canı bahasına qazanılıb. Müharibədə Silahlı Qüvvələrimizin hərbi qulluqçularından 3 mindən çox şəhid olub. Şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirilir. Sentyabrın 27-si Prezidentin Sərəncamı ilə şəhidlərimizin xatirəsinə Anım Günü elan olunub. Xalqımız və bütün dünya azərbaycanlıları şəhidlərin əziz xatirəsini ehtiramla yad edir.
Döyüşlərdə iştirak etmiş on minlərlə hərbçi Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla orden, medal və fəxri adlarla təltif olunub. Habelə 83 nəfər "Vətən Müharibəsi Qəhrəmanı” adına, 33 nəfər isə "Zəfər” ordeninə layiq görülüb.
Dekabrın 10-da Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər Paradı keçirildi. Paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkələrimiz arasındakı qardaşlığın bariz nümunəsi kimi Vətən müharibəsində şəhid olan azərbaycanlıların sayı qədər türk əsgərlər iştirak etdilər. Zəfər Paradında müzəffər Azərbaycan Ordusunun şəxsi heyətinin və hərbi texnikasının, habelə ələ keçirilən hərbi qənimətlərin bir qismi və Şuşaya sancılmış Qələbə Bayrağı nümayiş etdirildi.
Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin təbliği, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması istiqamətində işlər davam etdirilir. Düşmən üzərində qələbənin təbliği məqsədilə Bakıda açılan Hərbi Qənimətlər Parkı hər bir azərbaycanlıda sonsuz iftixar və qürur hissi yaradır.
Vətən müharibəsində qazanılmış Zəfərdən dərhal sonra azad olunmuş ərazilərin bərpasına başlanılıb. Qələbədən sonra Prezident İlhamƏliyevin və birinci xanım Mehriban Əliyevanın həmin ərazilərə çoxsaylı səfərləri zamanı yeni infrastruktur obyektlərinin təməli qoyulur, yeni layihələrə start verilir.
"Dəmir Yumruq” əməliyyatı ilə Azərbaycanın yeni tarixi yazıldı. Bu zəfər müasir Azərbaycan dövlətinin hərbi qüdrətinin və Azərbaycan xalqının qələbə əzminin əyani təsdiqi oldu.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçıları üzərində qazandığımız hərbi-siyasi Zəfər xalqımızın çoxəsrlik tarixinin ən böyük hadisəsidir. Tarixin müxtəlif dövrlərində Səfəvilərdən Nadir şaha və İosif Stalinə qədər azərbaycanlıların iştirak etdikləri müharibə və yürüşlərdə qazanılmış qələbələrin heç birində Azərbaycan xalqı indiki qədər Zəfər çalmamış və ümummilli əhəmiyyət kəsb etməmişdir.
Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi "İkincı Vətən Müharibəsində Azərbaycan xalqı şəhidlər verərək qələbəni qazandı. Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Həm birinci Qarabağ, həm ikinci Qarabağ – Vətən müharibəsi adlandırdığımız müharibədə bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, onların yaxınlarına səbr diləyirəm.
Yaralı soydaşlarımıza Allahdan şəfa diləyirəm.
Biz xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan azad etdik. İşğalçıları torpaqlarımızdan qovuruq və qovacağıq!
Zəfər haqqın tərəfində oldu.
Biz haqq yolundayıq.
Bizim işimiz haqq işidir.
Biz zəfər çaldıq!.
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır”!.
Azərbaycanda Zəfər Gününün təsis edilməsi haqda prezidentin ilk fərmanı 2 dekabr 2020-ci ildə verilmişdi. Bu sərəncama əsasən Zəfər Günü hər il noyabrın 10-da keçirilməli idi. Lakin dekabrın 3-də noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etmişdir. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq qələbə — Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi “Hər kəs bilir ki, Ermənistan rəhbərliyi demişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Mən isə demişdim ki, “Qarabağ Azərbaycandır və nida”. Bu gün bütün dünya görür ki, Qarabağ Azərbaycandır! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı! Yaşasın Azərbaycan əsgəri!
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Milli Məclisində çıxışı zamanı bildirmişdir ki: “Qafqaz İslam Ordusunun aslanları – Nuru Paşanın əsgərləri o gün azərbaycanlı qardaşlarımızın yardımına gəlibsə, bu gün və gələcəkdə də bu iki xalq bərabər olacaqdır”.
Artıq 4-cü ildir ki, xalqımız bu bayramı sevinc içində, böyük təntənə ilə qeyd edir. Zəfər Gününün sevincini yaşatdıqlarına görə ilk növbədə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Prezidentin ən yaxın silahdaşı olan birinci vitse-prezident Mehriban xanım Əliyevaya, xalqımıza, şəhidlərimizə, müharıbə əlillərinə və qanlı döyüşlərin ilk günündən ürəyi hər an Qarabağla döyünən Türkiyə Respublikasının Prezidenti, cənab Rəcəb Tayyib Ərdoğan başda olmaqla, bütün türk millətinə minnətdarlığımı bildirirəm!
Zəfər Günümüz mübarək!
Zamin Zeynal
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.