Bundan tam bir il öncə idi. İşdəydim. İş-gücün elə vaxtıydı, elə vaxtıydı, necə deyərlər, baş qaşımağa macal yox idi. Bir də “xəbər lenti”ndə antiterror tədbirlərinin başlanması ilə bağlı rəsmi xəbər keçdi.
Bu barədə müxtəlif ehtimallar yayılır, qeyri-rəsmi informasiyalar dolaşırdı, amma rəsmi xəbər başqa, ehtimallar başqa! Gözüm bu xəbəri alar-almaz Qənirə xanımın kabinetinə cumdum.
– Bəli, bu cümləni qurarkən “keçdim”, “getdim”, “qapını döydüm” və s. sözlərinə doğrudan ehtiyac duymadım – çün, çoxdan gözlədiyimiz xəbəri bölüşmək istəyi digər nəzakət və yeriş qaydalarını tam arxa plana keçirmişdi. Qənirə xanımı müjdələdim, dərhal o biri iş yoldaşlarımız da başımıza yığışdı, sevincimizi bölüşdük. Doğrudur, rəsmi xəbər 2-3 dəqiqə öncə yayınlanmışdı, bununla belə, biz antiterror tədbirlərinin arzuolunan sonuca varacağına, Zəfərimizə yeni – bənzərsiz rəng qatılacağına, brilyant qaş qoyulacağına qətiyyən şübhə etmirdik!
Başlayıbsa, deməli, müsbət sonluq mütləqiydi! – Haqlı olaraq, belə inanırdıq.
Çün, bizim işimiz haqq işiydi.
Çün, bizim Ali Baş Komandanımız İlham Əliyevdir!
Çün bizim xalq dövlətcanlı, cavanlarımız vətəncanlıdır!
Üç onillik sürən ağır işğala 44 gün kimi qısa müddətdə son verən şanlı ordunun yığcam antiterror tədbirlərində qələbə qazanmaması mümkünmüydü? Əsla! Söhbət Azərbaycan Ordusundan gedirdi!
Əcdadın hərb gələnəyini öyrənən, onu vicdanla davam və inkişaf etdirən, unikal təcrübəyə malik Silahlı Qüvvələrimizin ən yeni çağırışlara cavab vermə gücündə olduğunu bilirdik.
Sonra zəng zəngə calandı, Qənirə xanımı televiziyaya müsahibəyə çağırdılar. Antiterror tədbirləri bölgəsindən ard-arda xoş xəbərlər gəlməyə başladı və işçi günümüz öncə planlaşdırılan axarından çıxdı...
– Elə gün hələm-hələm yaşanmır axı! Məğlubiyyətləri ard-arda düzülən, belbükən ağır illərin ardından qələbəyə elə susamış, elə öyrəşmişdik, heç bir beynəlxalq konyunkturanı, yersiz hədəni, məzmunsuz iddianı qəbullana bilməzdik. Ümummilli işimiz yarımçıq qalmışdı, suverenliyimiz tam bərpa olunmamışdı.
– Xankəndi, Xocalı, Ağdərə, Əsgəran... yönündən bizim o səmtlərdə - işğaldan qurtulmuş torpaqlarımızdakı əsgərlərimizin mövqelərinə müəyyən həmlələr olurdu. Min bir alçaqlığa əl atan işğalçı tör-töküntüləri əvəzçıxma şakərindən bir turlu qurtulmuş deyildi. Az qala iki gündən bir, kənd təsərrüfatı adı altında “fortifikasiya” hoqqası verən haylar özlərini sülhməramsızların əhatəsində qorxusuz hiss edirdi. Tam da antiterror tədbirlərindən saatlar öncə iki yeni terror aktı törətmişdilər, mülki şəxslərimiz, asayiş keşikçilərimiz həlak olmuşdu.
Bizim Həkəri körpüsü üzərində Laçın sərhəd-keçid məntəqəsi qurmağımız adıyaman gedişatın qarşısını önəmli dərəcədə almış olsa da, haylar illər uzunu yığdıqları silah-sursatla təxribatlar törətməkdə davam edirdi.
Minalar isə... ayrı söhbətdir – addımbaşı mina, mina, mina – bədbəxt uşaqları elə bil, illərlə mina doğub-törəmişdi; bu da azmış kimi, bəlli “10 noyabr Bəyanatı”ndan sonrakı tarixlərə aid, “Made in Armenia” bekara “marka”lı minalar sülhməramsızların “məsuliyyət zonası” həndəvərində üst-üstə qalaqlanmaqdaydı... Bizim buna dözəcək halımız yoxuydu... Qalib ölkə, qalib xalq, qalib ordu şərtmi qəbul edəcəkdi məgər?..
Uzun sözün qısası, 20 Sentyabr 2023-cü iliydi. İşdəydik. Asiya Parlament Assambleyasının Bakı toplantısı, Gürcüstan parlamenti Mədəniyyət Komitəsi ilə Anlaşma Sənədinin imzalanması, Qazaxıstandan mötəbər heyətin Azərbaycana səfəri çərçivəsində tədbirlər, vətəndaş qəbulu günündən irəli gələn çoxsaylı məktublar, gündəmin digər təxirəsalınmaz məsələləri və s. – yetərincə vacib işlərimiz vardı.
Antiterror tədbirləri gündəmi elə tutdu, ağlımızı, sevdamızı elə qapsadı, gözümüz ekrana, qulağımız telefona kilidləndi. Ruhumuz isə əlbəttə, qələbəyə köklənmişdi!
Gün axşam oldu, 23 saat 43 dəqiqə sürmüş antiterror tədbirlərinin başa çatdığı rəsmən duyuruldu.
Əslində, rəsmi sonluq üçün heç o qədər də çəkməzdi, lakin terrorçular sağ əlləri ilə ağ bayraq tuta-tuta, Allah qoymasa, ağızlarının sol tərəfi ilə hansısa “şərt”ləri də “diqtə etmək” istəyirdi. Hər iki qulaqlarını gen açıb son və qəti şəkildə dinlədilər ki, tək bir yol var: terrorçuların bütün səngərlərdə, “kazarma”larda ağ bayraq qaldıraraq, təslim olması,
Ermənistan Respublikası silahlı qüvvələri mənsublarının Azərbaycan Respublikasının suveren ərazilərindən tam rədd olması, Xankəndidəki qondarma rejimin özünü buraxması!
Yəni keçmiş işğalçı Azərbaycana qarşı (el sözü ilə desək) bir daha çaşmamaq öhdəliyi götürməliydi!
Əlbəttə, biz deyən oldu!
Beləliklə, ən azı 200 illik bir qaramat sürəc Dəmir Yumruqla qapadıldı!
Tarix içrə tarix yazıldı!
Altun hərfli, unudulmaz tarix!
Hər xalq, hər dövlət belə tarix yaza bilmir!
Belə tarixə tanıqlıq etmək hər nəslə nəsib olmur!
Hər əsgərə nəsib olmur belə parlaq qələbəyə imza atmaq!
Qənirə xanımın Tanrıdan bir diləyi varmış – biz bunu onun vəfatından sonra eşitdik. – Türk Ədəbiyyatı Vəqfinin başqanı, dillər əzbəri olan “Bil, oğlum” şeirinin müəllifi Serhat Kabaklıya deyibmiş. Vəfalı Serhat xoca Qənirə xanım torpağa tapşırılarkən buradaydı və o sözləri də həmin gün söylədi: “Xocalı alınsın, ondan sonra Tanrı da mənim canımı alsın”! – Türk dünyasının sevilən qızı Qənirə Paşayeva belə deyibmiş... İndi onun bizlərdən əbədi ayrılığının birinci ildönümü ərəfəsindəyik; Tanrı onun diləyini eşidib, geri çevrimədi... Hər kəs bir gün bu dünyadan köçəcək, əlbəttə; əziz bacımızın bu dünyaya əlvida demədən öncə, Xocalı, Xankəndi, Qarabağ... diləklərinin çin olduğunu görməsi indi ən böyük təsəllimizdir... Ruhu şad olsun!
“Sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilib. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır”. – Xalqımızı qürurlandıran, köksümüzü qabardan bu sözlər Azərbaycan Prezidentinə aiddir.
20 Sentyabr! – ötən ilədək yalnız Neftçilər Günü idi! Qutlu olsun!
20 Sentyabr – bu il, bu ayın 18-dən etibarən rəsmən Xankəndi, Xocalı və Ağdərə şəhərləri günüdür!
20 Sentyabr – bu il, bu ayın 19-dan etibarən rəsmən Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günüdür!
20 Sentyabr xoşbəxt gündür! Bir günə bu qədər gözəllik qazandıran iradəyə, qüdrətə şükürlər olsun!
Şəhidlər ölmədi, Vətən bölünmədi!
Bəli,
“Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir” - Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncamında belə vurğulanır.
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Qənirə xanıma dedim ki...
Nicat Abbas
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.