
Gündəm / Siyasət / İdman
18.04.2026, 17:16
Azərbaycan - Qazaxıstan idman əlaqələri

Tarixi məxəzlər inandırıcı şəkildə sübut edir ki, Azərbaycan qədim və zəngin idman ənənələrinə malik olan ölkədir və uzaq keçmişdən etibarən burada idmanın müxtəlif növləri inkişaf etmişdir. Müxtəlif dövrlərdə idmançılarımız bir sıra yarışlarda uğurlu nəticələr əldə etmiş, ölkəmizin şərəfli idman tarixinə öz adlarını yazmışlar.
Ədalət naminə qeyd etmək lazımdır ki, sovet dövründə idman siyasətinin müəyyənləşdirilməsi, idmana qayğı göstərilməsi, idmanı yüksəltmək və təbliğ etmək kimi məsələlər bilavasitə Moskvadan ümumittifaq səviyyəsində həll olunurdu. Belə mövqe respublikamızda bədən tərbiyəsi və idmanın ardıcıl, planlı və məqsədyönlü şəkildə inkişafına mane olur, Azərbaycan SSR-də yeni idmançılar nəslinin müntəzəm yetişdirilməsinə, maddi-texniki bazanın arzuolunan səviyyədə möhkəmləndirilməsinə imkan vermirdi.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası suveren ölkənin beynəlxalq aləmə inteqrasiyasına, beynəlxalq təşkilatlarda təmsil olunmasına, həmin təşkilatların keçirdiyi mötəbər tədbirlərdə iştirakına real hüquqi əsaslar verdi və geniş imkanlar yaratdı. Ölkəmiz bütün sahələrdə, o cümlədən idman sahəsində də beynəlxalq aləmə çıxmaq imkanı qazandı. İdmançılarımız dünya və Avropa çempionatlarında, beynəlxalq yarışlarda öz milli dövlətimizin bayrağı altında çıxış etməyə başladılar.
1991-ci ildən sonra həqiqətən də, Azərbaycan Respublikası üçün qəti dəyişikliklər dövrü oldu. Ümummilli lider H.Ə.Əliyevin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışı ilə Azərbaycan Respublikası öz tarixinin, bərpa edilmiş müstəqilliyinin yeni, sabit dövrünə qədəm qoydu. Bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük irəliləyiş, dünya miqyasında respublikamızın tanınması və uğurla təmsil olunması başlandı. Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında idmançılarımızın qələbələri xalqda milli mənlik və qürur hissini gücləndirdi.
Azərbaycan Respublikası başqa sahələrlə yanaşı idman beynəlxalq əlaqələrini inkişaf etdirdi. 1997-ci ildə İlham Əliyevin MOK-a prezident seçilməsi Olimpiya Hərəkatının ölkəmizdə yeni bir vüsət almasına təkan verdi.
Məlumdur ki, müstəqil Azərbaycan Respublikasının beynəlxalq əlaqələrində türkdilli dövlətlərlə, o cümlədən də Mərkəzi Asiya ölkələri və Qazaxıstanla münasibətlər xüsusi yer tutur. 1991-ci ildən sonra siyasi və iqtisadi əlaqələri güclü olan Azərbaycan ilə Qazaxıstan arasında beynəlxalq idman əlaqələri də maraqlı olmuşdu.
Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında diplomatik münasibətlər 30 avqust 1992-ci ildə qurulub. 1993-cü ildə Qazaxıstanın Azərbaycanda, 2004-cü ildə isə Azərbaycanın Qazaxıstanda səfirliyi, həmçinin 2008-ci ildən Aktau şəhərində Baş konsulluğu fəaliyyətə başlayıb. Təbii ki, bu əlaqələrin inkişafında ölkə rəhbərlərinin qarşılıqlı səfərləri mühüm rol oynamışdı. 9 avqust 1995-ci ildə Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev Qazaxıstan prezidenti N.A.Nazarbayev tərəfindən görkəmli qazax şairi və mütəfəkkiri Abay Kunanbayevin anadan olmasının 150 illiyi münasibət ilə Qazaxıstana dəvət edilmiş, sonrakı illərdə də belə səfərlər davam etdirilmişdi. Bu səfərlər müxtəlif sahələrdə, o cümlədən idman sahəsində əlaqələrin hüquqi bazasının yaradılmasına öz təsirini göstərmişdi. Nəticədə 1996-cı il sentyabrın 16-da Bakıda “Azərbaycan və Qazaxıstan hökumətləri arasında gənclər və idman sahəsində əməkdaşlıq haqqında saziş“ bu sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli şərait yaratmışdı. Daha sonra idman sahəsində əməkdaşlıq əlaqələrini inkişaf etdirmək məqsədilə 1999-cu ildə Azərbaycan sərbəst və yunan-Roma güləşi federasiyasının nümayəndəsi Qazaxıstanda öz həmkarları ilə görüşmüş və birgə yarışların təqvim planını imzalamışdı. 1999-cu ilin martında Novruz bayramına həsr olunmuş mini-futbol üzrə beynəlxalq turnirdə Qazaxıstanın “Aktau” komandası, həmin ilin sentyabrında isə Bakıda H.Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə beynəlxalq turnirdə Qazaxıstanın doqquz nümayəndəsi iştirak etmişdi. 2000-ci ilin martında MDB ölkələri idman işləri üzrə dövlət orqanları rəhbərlərinin Moskvada keçirilən müşavirəsində Qazaxıstan dövlət idman orqanının rəhbəri ilə Azərbaycanın müvafiq qurum rəhbəri görüşmüşdü. Görüş zamanı mövcud əlaqələr və gələcək perspektivlər müzakirə edilmiş, onların genişləndirilməsi üçün bütün imkanlardan istifadə ediləcəyi barədə razılığa gəlinmişdi. Lakin yol xərclərinin baha olması əlaqələrin genişlənməsinə müəyyən maneçilik törətmişdi. Bu baxımdan gənclər və idman nümayəndə heyətlərinə güzəştli biletlər satılması barədə hökumətlərarası razılıq əldə olunması bu sahədə əlaqələrin daha intensiv olmasına şərait yaradardı. 2002-ci ildə boks üzrə yığma komandamız Astanada dünya kuboku yarışlarında iştirak etmiş və komanda hesabında beşinci yeri tutmuşdu. Qazaxıstan yığma komandası da 1996-cı ildən 2005-ci ilə kimi boks üzrə ənənəvi Ə.Çoudri kuboku uğrunda beynəlxalq Bakı turnirlərində iştirak etmişdir. Qazaxıstan boksçuları yeniyetmələrin beynəlxalq turnirlərinə, əməkdar məşqçi və əməkdar idman ustası A.Ağalarovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirlərə də dəvət olunmuşdular. Yuxarıdakı faktlar idmanın boks növü üzrə Qazaxıstan-Azərbaycan əlaqələrinin normal olduğunu göstərir. 26-30 iyun 2003-cü ildə mini-futbol və badminton üzrə Azərbaycan yığma komandası Astanada keçirilən zəhmətkeşlərin IV beynəlxalq idman oyunlarında və 10-16 iyun 2003-cü ildə Astanada keçirilən bilyardın piramida növü üzrə Asiya açıq çempionatında təmsil olunmuşdular. Azərbaycan və Qazaxıstan respublikaları arasında əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 28 fevral 2004-cü il tarixli ikinci iclas protokolunun icrasına dair ölkələrimiz arasında idman sahəsində müvafiq işlər görülmüşdü. 23-24 aprel 2004-cü ildə Bakıda keçirilmiş bədii gimnastika üzrə “World Cup 2004” dünya kubokunun mərhələ yarışlarında, 7-10 mayda Bakıda H.Ə.Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında beynəlxalq boks turnirində iştirak etmiş, həmçinin Qazaxıstanın ölkəmizdə fəaliyyət göstərən səfirliyindən aldığımız müraciətə əsasən “Nevada-Semipalatinsk” beynəlxalq nüvəyəqarşı hərəkatın təşəbbüsü ilə 21 iyun-25 avqust 2004-cü ildə “Sülh marafonu – 2004” veloyürüşü keçirilmişdi. Yürüşün marşrutunun bir hissəsi 14-18 iyul 2004-cü ildə bəzi rayonlarımızı əhatə etməklə Azərbaycan Respublikasının da ərazisindən keçmişdi. 2004-cü il aprelin 28-də Astanada futbol üzrə Azərbaycan-Qazaxıstan komandaları arasında keçirilən yoldaşlıq görüşü iki türk xalqı, türk dövləti arasındakı idman əlaqələrinin genişləndirilməsi baxımından əlamətdar bir hadisə sayılmalıdı. Ölkələrimiz arasında idman sahəsində əlaqələrin genişlənməsi üçün Qazaxıstanın nümayəndələri respublikamızda keçirilmiş aşağıdakı yarışlara dəvət edilmişlər: H.Ə.Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında beynəlxalq boks turniri, Ə.Çoudrinin kuboku uğrunda beynəlxalq boks turniri, sərbəst və yunan-Roma güləşi üzrə beynəlxalq turnir, otüstü hokkey üzrə beynəlxalq turnir, futbol üzrə gənclər arasında beynəlxalq turnir, iki dəfə Sovet İttifaqı Qəhrəmanı general H.Aslanovun xatirəsinə həsr olunmuş cüdo üzrə beynəlxalq turnir. Bunlardan başqa, 13-15 aprel 2005-ci ildə Bakıda Azərbaycan Gimnastika Federasiyasının kuboku uğrunda və 3-9 oktyabr 2005-ci ildə yenə də Bakıda bədii gimnastika üzrə dünya çempionatında Qazaxıstan idmançıları da iştirak etmişdilər. Sadalananlarla yanaşı, 23-27 sentyabr 2005-ci ildə Bakıda Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 60 illik yubileyinə həsr olunmuş MDB-yə üzv olan dövlətlərin “Sülh və sağlamlıq dostluqdadır” devizi altında beynəlxalq idman oyunlarında Qazaxıstan idmançıları daşqaldırma, badminton, stritbol, yüngül atletika, voleybol, darts, stolüstü tennis, kəndirdartma və mini-futbol növlərində də yarışmışlar. Həmçinin informasiya mübadiləsinin aparılması, hakimlər və məşqçilər üçün seminarların təşkil olunması, təkbətək mübarizə idman növləri üzrə yeniyetmələrdən ibarət seçmə komandaların birgə təlim-məşq toplanışlarının keçirilməsi üzrə Qazaxıstan ilə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulmuşdu. Azərbaycan idmançıları da öz növbələrində bu dost ölkədə keçirilən idman oyunlarında – 19-23 yanvar 2005-ci ildə Aktauda boks üzrə beynəlxalq turnirdə, 24-27 mart 2005-ci ildə cüdo üzrə S.Cardosovun xatirəsinə həsr olunmuş XII beynəlxalq turnirdə, 23-27 noyabr 2005-ci ildə Almatıda bilyard üzrə dünya çempionatında iştirak etmişlər.
Qazaxıstanın Almatı şəhərində fəaliyyət göstərən "Ata Yurd Nomad" Respublika İctimai Birliyi və “AZ-Birlik” İctimai Birliyi ilə diaspor gəncləri və azyaşlı soydaşlarımız arasında idman yarışları təşkil edib. Turnirdə milli idman ənənələri nümayiş etdirilib, həmçinin Azərbaycan mətbəxindən bir sıra təamlar qonaqlara təqdim olunub. "Ata Yurd Nomad" Respublika İctimai Birliyinin rəhbəri Süleyman Əhmədov bu cür tədbirlərin gənclər arasında birlik və həmrəyliyin möhkəmləndirilməsində mühüm rol oynadığını vurğulayıb. Sonda qaliblər təşkilat rəhbərləri tərəfindən mükafatlandırılıblar.
3 mart 2025-ci ldən Azərbaycan İdman Akademiyası (AİA) Qazaxıstanın Bədən Tərbiyəsi və Kütləvi İdman Akademiyası ilə əməkdaşlığa başlayıb. Martın 3-də Qazaxıstanın Bədən Tərbiyəsi və Akademiyanın rəhbər heyəti Azərbaycan İdman Akademiyasında (AİA) qonaq olub. AİA rəhbərliyi ilə Qazaxıstanın Bədən Tərbiyəsi və Kütləvi İdman Akademiyasının Elmi işlər üzrə prorektoru Tursunzada Kuanqaliyeva, Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əsəm Aytəliyeva görüşdə iki ali təhsil müəssisəsi arasında əlaqələrin möhkəmləndirilməsi, gələcəkdə yeni layihələrin yaradılması, ikili diplom, birgə təlimlərin keçirilməsi və tədqiqatların aparılmasını müzakirə ediblər.
AİA ilə Qazaxıstanın Bədən Tərbiyəsi və Kütləvi İdman Akademiyası arasında əməkdaşlığa dair müqavilələr imzalanıb.
Çox əlamətdar hadisədir ki, 16 aprel 2026-cı ildə Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin mərkəzi ofisində tektanış (şəcərə tədqiqatçısı, şəcərəşünas), rodoloq-konsultant, rodologiya müəllimi, Beynəlxalq Rodoloqlar Liqasının (Asiya üzrə) vitse-prezidenti, “Atamın əmanəti” İctimai Birliyinin həmtəsisçisi (Qazaxıstan, Astana) Aliyə Saqımbayeva ilə görüş keçirilmişdir. Görüşdə Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin sədr müavini Eyvaz Hünbətov, Qadınlar Şurasının sədri Güllü Yoloğlu, Təşkilat və Qadınlar Şurasının üzvləri iştirak etmişdir.
Görüşdə Təşkilatın sədr müavini Eyvaz Hünbətov, Azərbaycan–Qazaxıstan əlaqələrinin dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq prinsipləri əsasında uğurla inkişaf etdiyini vurğuladı və bu əməkdaşlığın türk dünyasının birliyinin möhkəmlənməsinə və ortaq dəyərlər əsasında inteqrasiyanın dərinləşməsinə mühüm töhfə verdiyini qeyd etdi.
Tədbirdə Təşkilat üzvlərinin çıxışları, eləcə də professor Dilqəm Quliyev də Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında beynəlxalq idman əlaqələri və hətda öz idman həyatı haqqında da maraqlı söhbətlər açdı.
Sonda Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin sədr müavini Eyvaz Hünbətov Qazaxıstanlı qonağa TAİB-İN plaketini təqdim etdi.
Tədbirin sonunda çıxış edən Aliyə Saqımbayeva Azərbaycan–Qazaxıstan münasibətləri haqqında danışaraq, Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin fəaliyyətini müsbət qiymətləndirdiyini və belə İctimai təşkilatların Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafında xüsusi rol oynadığını qeyd etdi.
Bütün bunlar onu deməyə əsas verir ki, ortaq soykök və tarixi-mədəni əlaqələrə malik ölkələrimiz arasındakı münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun inkişaf edəcək və genişlənəcək.
Dilqəm Quliyev,
Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin üzvü,
pedaqogika üzrə elmlər doktoru, professor
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay























