
Gündəm / Sosial / Səhiyyə
19.10.2026, 20:15
Səhiyyə islahatlarının əsas məqsədi vahid idarəetmə sisteminin formalaşdırılmasıdır ŞƏRH

Azərbaycan səhiyyəsində bu gün həyata keçirilən struktur dəyişiklikləri dövlətin uzun illərdir apardığı səhiyyə islahatlarının məntiqi davamı və yeni inkişaf mərhələsi kimi qiymətləndirilməlidir. Əslində, bu prosesin əsas fəlsəfəsi illər əvvəl müəyyən edilmiş strateji istiqamətlə bağlıdır.
İcbari tibbi sığorta sisteminə keçid dövründə TƏBİB-in yaradılması həmin mərhələnin obyektiv zərurətlərindən irəli gəlirdi. Çünki uzun illər sovet idarəetmə modelindən miras qalmış səhiyyə strukturlarının mövcud təşkilati və maliyyə mexanizmləri icbari tibbi sığortanın tələb etdiyi çevik, operativ və nəticəyönümlü idarəetmə prinsiplərinə tam uyğun deyildi. Xəstəxanaların yeni maliyyələşmə sisteminə uyğunlaşdırılması, tibbi xidmətlərin təşkili, idarəetmə mexanizmlərinin yenilənməsi və gündəlik fəaliyyətin operativ tənzimlənməsi üçün ayrıca bir qurumun yaradılması zərurəti meydana çıxmışdı. TƏBİB məhz bu tarixi keçid mərhələsinin tələblərinə cavab vermək məqsədilə formalaşdırılmışdı və ötən dövrdə səhiyyə sisteminin yeni modelə uyğunlaşdırılmasında mühüm rol oynadı.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib.
Bu gün baş verən dəyişiklikləri əvvəlki qərarlardan imtina və ya geriyə dönüş kimi deyil, əksinə, başlanmış islahatların daha geniş və strateji müstəviyə keçirilməsi kimi dəyərləndirən deputat deyib: “Səhiyyə siyasəti yalnız dövlət xəstəxanalarının idarə olunmasından ibarət deyil. Müasir səhiyyə sistemi dövlətə məxsus tibb müəssisələri ilə yanaşı, müxtəlif dövlət qurumlarının tabeliyində fəaliyyət göstərən tibbi xidmət strukturlarını, özəl tibb müəssisələrini və ümumilikdə ölkədə səhiyyə xidməti göstərən bütün subyektləri əhatə edən vahid siyasət, koordinasiya və tənzimləmə mexanizminə əsaslanmalıdır. Bu baxımdan, Səhiyyə Nazirliyinin rolunun gücləndirilməsini yalnız inzibati tabelik dəyişikliyi kimi deyil, bütün səhiyyə sisteminin vahid strateji baxış əsasında əlaqələndirilməsi istiqamətində atılan addım kimi görürəm. Burada söhbət bütün tibb müəssisələrinin birbaşa inzibati idarəetməsinin eyni quruma verilməsindən deyil, onların fəaliyyətini tənzimləyən ümumi prinsiplərin, keyfiyyət standartlarının, hüquqi təminatların və səhiyyə siyasətinin vahid mərkəzdən koordinasiya olunmasından gedir”.
Rəşad Mahmudov qeyd edib ki, belə bir yanaşmada dövlət və özəl tibb müəssisələrinin hüquqlarının qorunması, onların fəaliyyətinə bərabər və şəffaf yanaşmanın təmin edilməsi, tibbi xidmətin keyfiyyətinə nəzarət, resurslardan səmərəli istifadə və vətəndaşların tibbi xidmətlərə əlçatanlığı əsas prioritetlər olmalıdır.
“Əslində, illər əvvəl də bu prosesin müəyyən mərhələdən sonra daha vahid idarəetmə modelinə doğru inkişaf edəcəyini ifadə etmişdik. Çünki keçid dövrünün idarəetmə mexanizmləri ilə oturuşmuş və dayanıqlı səhiyyə sisteminin idarəetmə prinsipləri eyni ola bilməz. Birinci mərhələdə əsas məqsəd mövcud sistemi dəyişikliklərə hazırlamaq və yeni maliyyələşmə modelini işlək vəziyyətə gətirmək idisə, növbəti mərhələdə əsas vəzifə formalaşmış mexanizmləri ümumi səhiyyə siyasəti çərçivəsində birləşdirmək, koordinasiyanı gücləndirmək və sistemin bütövlüyünü təmin etməkdir. Bu mənada, bugünkü dəyişiklikləri dövlətin səhiyyə siyasətində ardıcıllığın ifadəsi və mərhələli islahat məntiqinin davamı kimi qiymətləndirirəm. Əlbəttə, istənilən struktur islahatının real nəticəsi yalnız idarəetmə sxeminin dəyişməsi ilə deyil, vətəndaşın gündəlik həyatında hiss etdiyi müsbət dəyişikliklərlə ölçülməlidir. Əgər bu proses tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsinə, əlçatanlığın artmasına, dövlət və özəl sektor arasında daha sağlam əməkdaşlığın qurulmasına, tibb işçilərinin fəaliyyət şəraitinin yaxşılaşdırılmasına və bütövlükdə səhiyyə sisteminin daha şəffaf və səmərəli işləməsinə xidmət edəcəksə, o zaman islahatın əsas məqsədinə nail olunduğunu söyləmək mümkün olacaq. Mənim düşüncəmə görə, burada ən mühüm məqam ondan ibarətdir ki, səhiyyə siyasətinin mərkəzində ayrı-ayrı qurumlar deyil, insan və onun sağlamlığı dayanmalıdır. Dövlətin səhiyyə sahəsində həyata keçirdiyi mərhələli dəyişikliklərin də son məqsədi məhz hər bir vətəndaşın keyfiyyətli, əlçatan və etibarlı tibbi xidmətlə təmin olunduğu müasir, vahid və dayanıqlı səhiyyə sisteminin formalaşdırılmasıdır”, - deyə Səhiyyə komitəsi sədrinin müavini vurğulayıb.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay
















