Prezident İlham Əliyev sentyabrın 26-da iqtisadi məsələlərə həsr olunmuş müşavirədə ölkəmizin hərtərəfli və dayanıqlı iqtisadi inkişafını dəyərləndirərək, cari ilin ötən 8 ayı ərzində bu sahədə göstəricilərin gözlənilən səviyyədə olduğunu vurğuladı.
Sirr deyil ki, müxtəlif regionlarda münaqişələrin davam etməsi fonunda, geosiyasi gərginliklər və geoiqtisadi fraqmentasiyanın hökm sürdüyü bir zamanda bir çox ölkələrin iqtisadiyyatında artım templəri aşağı düşür.
Hazırda qlobal iqtisadiyyatda ümumdaxili məhsulun (ÜDM) orta artım göstəricisi 2-3 faizə bərabərdir. Ən inkişaf etmiş ölkələrdə, ABŞ və Avrozona dövlətlərində 2024-cü ilin birinci yarısında artım göstəriciləri 3-3,5 faizə bərabər olub. Bu baxımdan, Azərbaycanda ÜDM-in 4,3 faiz təşkil etməsi dünya üzrə orta inkişaf göstəricisini üstələməklə iqtisadiyyatın inkişaf drayverlərinin möhkəm olmasına dəlalət edir.
Bir neçə gün əvvəl dünyanın aparıcı iqtisadi institutlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı 2024-cü il üzrə Azərbaycanın iqtisadi artım ilə bağlı proqnozunu yeniləyərək 3,1 faizdən 3,8 faizə yüksəldib. Bu, Azərbaycandakı ümumi inkişafa olan optimist baxışın ifadəsidir.
Beləliklə, mövcud iqtisadi ssenarilər cənab İlham Əliyevin ilin əvvəlində bəyan etdiyi uzaqgörən iqtisadi siyasəti və düzgün proqnozlaşdırma qabiliyyətinin özünü doğrultduğunu bir daha təsdiqləyir. Müşavirədə də bəyan edildiyi kimi, milli inkişafımızı təmin edən Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib. Ölkəmiz öz resurslarına arxalanaraq güclü və müstəqil iqtisadiyyat quruculuğunu möhkəmləndirir və heç kimdən asılı deyil.
Məhz bu iqtisadi müstəqillik ölkəmizə beynəlxalq müstəvidə böyük imkanlar, dividentlər qazandırır, eyni zamanda xarici tərəfdaşlarının sayını artırır. Hazırda Azərbaycanın xarici iqtisadi tərəfdaşlarının sayı 180-ə yaxındır ki, bu da dünya birliyinin layiqli üzvü kimi ölkəmizin nüfuzunun göstəricisidir.
2024-cü ilin ötən dövründə beynəlxalq əmtəə bazarlarında maliyyə və pul siyasətində gərginliklərə görə, ən yüksək inkişaf etmiş ölkələrin borc və büdcə kəsirlərinin artması fonunda Azərbaycanın maliyyə və valyuta sabitliyi də tam təmin olunub, fiskal və suveren yığımların artması büdcədə əhəmiyyətli profisit yaradıb, tədiyyə balansımız möhkəmlənib. Ölkəmizin milli gəlir potensialı böyüyüb, milli təhlükəsizlik yastığı hesab olunan strateji valyuta ehtiyatları 73 milyard ABŞ dollarını ötüb. Prezident İlham Əliyevin yürütdüyü unikal iqtisadi siyasət sayəsində Azərbaycanın xarici borcu da azalıb və bu borcun həcmi ümumi daxili məhsulun cəmi 7,5 faizini təşkil edir. Azərbaycan məsuliyyətli və etibarlı dövlət kimi tərəfdaşlıq etdiyi maliyyə institutları, bank və kredit təşkilatlarının nəzərdə tutulan bütün əsas kreditlərini qaytarıb. Dövlətin potensial iqtisadi imkanları həmin borcu bir gündə qaytarmağa imkan verir.
Onu da nəzərə alsaq ki, hazırda inkişaf etmiş ölkələrin bəzilərində xarici borc ümumi daxili məhsulun 100 faizini, hətta ondan da yüksək rəqəmi təşkil edir. Bu baxımdan Azərbaycan borc portfelinin nisbətinə görə, dünyada ən yaxşı ölkələr qrupundadır. Ölkəmizin strateji valyuta ehtiyatları xarici dövlət borcunu 14 dəfə üstələyir ki, bu göstərici region dövlətlərinin heç birində qeydə alınmayıb.
Azərbaycanda təmin edilmiş əlverişli investisiya mühiti sərmayə qoyuluşlarının, o cümlədən xarici investisiyaların artımına da səbəb olub. Prezident İlham Əliyevin vurğuladığı kimi, suverenliyimizin bərqərar olması xarici investorların ölkəmizə marağını da artırıb, yaranmış münbit və geoiqtisadi imkanlar xarici investorların bizə olan münasibətini daha da yaxşılaşdırıb. İnvestisiya fəallığı ənənəvi sənaye məntəqələri olan Bakı və Sumqayıtdakı sənaye parkları ilə yanaşı, azad edilmiş ərazilərdə yeni yaradılan Ağdam və Cəbrayıl rayonlarındakı sənaye parklarının timsalında da özünü göstərməkdədir.
Bəyan olunduğu kimi, iqtisadi strategiyanın əsas hədəfi iqtisadiyyatımızın bundan sonra daha da şaxələndirilməsi və dayanıqlı inkişaf modelinin təkmilləşdirməsi olacaq. Bu isə Azərbaycanın milli gəlir resursları və yeni inkişaf sütunları, habelə möhkəm maliyyə təminatları üzərində qarşıya qoyulmuş vəzifələrin uğurla icrası üçün dərin zəmin yaradır.
Bu meyllər nəzərə alınmaqla dövlətimizin başçısı tərəfindən verilən mesajdan da göründüyü kimi, Azərbaycan üçün bir nömrəli strateji vəzifə olan Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması işlərinin sürətli ritminin davam etdirilməsi, ölkə iqtisadiyyatına reinteqrasiyası və Böyük Qayıdışın fasiləsizliyinin təmin edilməsi növbəti ildə başlıca yer tutacaq. Eyni zamanda, ölkəmizin hərbi-müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da gücləndirilməsi prioritetdir.
Beləliklə, ölkəmizdə cənab İlham Əliyevin müəyyən etdiyi uzaqgörən və özünü tamamilə doğrultmuş iqtisadi strategiyasına əsasən, dayanıqlı iqtisadi artımın dəstəklənməsi, makroiqtisadi sabitliyin və büdcə dayanıqlılığının təmin olunması tədbirləri qarşıdakı dövrlərdə davam etdiriləcək. Digər ölkələrlə, ələlxüsus da Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə, strateji müttəfiq və tərəfdaşlarla iqtisadi əlaqələrin genişlənməsi, eləcə də mühüm tranzit-logistika zəncirində və Şərq-Qərb, Şimal-Cənub dəhlizlərində birgə səylərin artırılması sayəsində Azərbaycanın qüdrəti və tərəqqisi möhkəmlənəcəkdir.
Ramid Namazov,
Milli Məclisin deputatı
Dayanıqlı iqtisadi strategiya milli təhlükəsizliyi təmin edir
Nicat Abbas
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.