Azərbaycan İdman Akademiyası: Akademiyanın məzunu olimpiya çempionu Hidayət Heydərovu TƏBRİK ETDİ+FOTOLAR
Heydərov Hidayət Minayət oğlu 27 iyul 1997-ci ildə Qazaxıstan Respublikasının Karaqanda şəhərində dünyaya gəlib. Onun ailəsi əslən Göyçayın Alxasava kəndindəndir. Hidayət 3 yaşında olarkən ailəsi Bakıya köçüb. Atası Hidayət 7 yaşında olarkən, dostlarının da məsləhətilə onu Neftçilər metrostansiyasının yaxınlığına yerləşən cüdo məktəbinə yazdırır. Atası bu yolla oğlunun daha dayanıqlı olmasını, hücumlardan özünü qorumasını istəyirdi. Hidayətin ilk müəllimi Tərlan Həsənov olub. O, hələ də ilk məşqçisiylə çalışır. Millidə məşqçisi isə Mehman Əzizovdur.
2012-ci ildə ildə kadetlər arasında Azərbaycan çempionatında bürünc medal qazanıb.
2013-cü ildə kadetlər arasında Avropa və böyüklər arasında Azərbaycan çempionu olub.
2014-cü ildə Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən kadetlər arasında Avropa birinciliyində 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov portuqaliyalı David Reisə, israilli Oran Ginerə, gürcüstanlı Beka Udesianiyə və isveçrəli Naim Matta qalib gələrək finala yüksəlib. Həlledici görüşdə Rusiya cüdoçusu İsmayıl Çasiqovdan üstün olan Heydərov bir il əvvəl olduğu kimi, yenə də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
2015-ci ildə BƏƏ-nin Əbu-Dabi şəhərində gənc cüdoçular arasında keçirilən dünya çempionatında yalnız bir görüşdə məğlub olaraq bürünc medal qazanıb. Fələstin, Kosta-Rika, Avstriya və Niderland Krallığı idmançılarını məğlub edən Heydərov yarımfinalda Yaponiya cüdoçusu Masaya Asariyə uduzub. Üçüncü yer uğrunda görüşdə kolumbiyalı Xuan Telyoya qalib gələn Hidayət mundialın bürünc medalına sahib çıxıb. Eyni ilin noyabr ayında Slovakiyanın Bratislava şəhərində keçirilən 23 yaşadək cüdoçular arasında Avropa birinciliyində bürünc medal qazanıb. 73 kq çəki dərəcəsində yarışan cüdoçu ilk görüşdə Moldova təmsilçisi George Blanarunu məğlub edib. Növbəti mərhələlərdə rusiyalı Arbi Xamxoyev, ukraynalı Artyom Xomulaya qalib gələn Hidayət yarımfinalda İtaliya cüdoçusu Antonio Espozitoya uduzub. Üçüncü yer uğrunda görüşdə Monteneqro nümayəndəsi Nikola Qusiç üzərində qələbə qazanan Hidayət Avropa birinciliyinin bürünc medalına sahib olub.
Hidayət Heydərov 2016-cı ildə İspaniyanın Malaqa şəhərində gənclər arasında təşkil olunan cüdo üzrə Avropa birinciliyində iştirak edib. 73 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu rumıniyalı Aleksandru Rayku, Polşa idmançısı Tomaş Çernyavski, böyük britaniyalı Daniel Pauell və kosovalı Akil Qyakova üzərində qələbə qazanaraq finala vəsiqəni təmin edib. Həlledici mərhələdə gürcüstanlı Giorgi Katsiaşvilini də məğlub edən Hidayət Heydərov Avropa çempionu tituluna yiyələnib.[8] Hidayət eyni ilin noyabr ayında İsrailin paytaxtı Təl-Əviv şəhərində təşkil olunmuş 23 yaşadək cüdoçular arasında Avropa birinciliyində iştirak edib. 73 kq çəki dərəcəsində yarışan Hidayət Heydərov finala gedən yolda Kipr, Belçika, Kosovo və Rusiya idmançılarını məğlub edib. Həlledici görüşdə tatami sahibi Tohar Butbuka qalib gələn Hidayət Heydərov Avropa çempionu olub.
2017-ci ildə Polşanın paytaxtı Varşava şəhərində keçirilən Avropa çempionatında iştirak edən Hidayət Heydərov mübarizəyə 1/16 final mərhələsindən başlayıb. O, ispaniyalı Xavyer Ramires, türkiyəli Həsən Vanlıoğlu, isveçli Tommi Masyak və macarıstanlı Mikloş Unqvarini yendikdən sonra finala çıxıb. Həlledici görüşdə o, rusiyalı Musa Moquşkova qızıl xalla qalib gələrək, Avropa çempionu olub.[10] 23 aprel 2017-ci ildə Avropanın "Ən yaxşı gənc cüdoçu"su mükafatına layiq görülüb.[11] 13 may 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov finalda azərbaycanlı Rüstəm Orucovu üstələyərək qızıl medala yiyələnib.
2018-ci ildə İsrailin paytaxtı Təl-Əvivdə baş tutan Avropa çempionatında 2-ci yeri tutan Heydərov, həmin il Azərbaycan paytaxtı Bakının tarixdə ilk dəfə ev sahibliyi dünya çempionatında bürünc medal qazanır.
2019-cu ildə Minsk-2019 II Avropa Oyunlarında və Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında bürünc medal qazanır. İtaliyanın Napoli şəhərində keçirilən Yay Universiadasından qazancı isə gümüş medal olur.
Sonradan 81 kiloqram çəki dərəcəsində mübarizə aparmağa başlayan Hidayət, bir sıra yarışlarda qüvvəsini sınayır. Bu çəkidə 2019-cu ilin oktyabr ayında Çinin Vuhan şəhərində keçirilən Hərbçilərin Dünya Oyunlarında bürünc medal qazanır. Hərbçilərin Dünya Oyunlarından bir həftə sonra Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilən Böyük Dəbilqəyə qatılan Heydərov, həmin yarışda 81 kq çəkidə sonuncu olimpiya çempionu, rusiyalı Xasan Xalmurzayevi məğlub etməklə diqqətləri üzərinə çəkir. Lakin yekun nəticədə yeddinci yerlə kifayətlənir.
İki ilə yaxın aradan sonra o, yenidən 73 kiloqram çəki dərəcəsinə qayıdır. 2021-ci ilin iyun ayında Budapeştdə (Macarıstan) keçirilən dünya çempionatında 5-ci yeri tutur.
Həmin il 23 iyul-8 avqustda Tokioda təşkil olunan XXXII Yay Olimpiya Oyunlarına lisenziya qazansa da, federasiya rəhbərliyi reytinq siyahısında daha yuxarıda olan, 2017 və 2019-cu illərdə dünya çempionatının gümüş mükafatçısı olmuş Rüstəm Orucovun Olimpiadada iştirakını məqbul sayır. Nəticədə, Orucov Olimpiadanı 5-ci sırada tamamlayır.
Olimpiadadan sonra keçirilən ilk Dünya Turu seriyalı turnir olan Zaqreb Qran-Prisində bütün rəqiblərini məğlub edən Hidayət, həmin qələbədən sonra mətbuata müsahibəsində maraqlı açıqlama ilə diqqət çəkir: "Olimpiadanı ilk dəfə yaxından izlədim. Hamı çox böyüdürdü ki, Olimpiya Oyunlarının ab-havası başqa olur. Gördüm ki, adi bir yarışdır. Sadəcə, həmin gün hamıdan güclü olmaq lazımdır. Bəli, düşündüm ki, Olimpiadada güləşsəydim, medalçılar arasında olacaqdım. Gümüş medal qazanan gürcüstanlı Laşa Şavdatuaşvilini sonuncu dəfə 1 dəqiqə ərzində udmuşdum. Bürünc medal qazanan monqolustanlı idmançını iki dəfə məğlub etmişəm. Olimpiya çempionu Şohey Ono ilə buna qədər yalnız bir dəfə qarşı-qarşıya gəlmişəm. Uduzsam da, qələbə ona asan başa gəlməyib".
O, sonrakı nəticələri ilə ambisiyasının əbəs olmadığını yetərincə sübuta yetirir. Zaqreb turnirindən 20 gün sonra Paris "Böyük Dəbilqə"sində bürünc medal qazanan Hidayət, bu nəticəni noyabrda Bakıda təşkil olunan analoji yarışda da təkrarlayır.
2022-ci ilin fevralında Təl-Əviv Böyük Dəbilqəsinin qalibi olur. Həmin ilin aprelində beş illik aradan sonra Bolqarıstanın paytaxtı Sofiyada ikinci dəfə Avropa çempionatının qızıl medalını qazanır. Üç ay sonra Budapeştdə keçirilən Böyük Dəbilqə turnirinin finalında gürcüstanlı olimpiya, dünya və Avropa çempionu, Rio-2016 Olimpiya Oyunlarının bürünc, Tokio-2020-nin isə gümüş mükafatçısı Laşa Şavdatuaşvilini yenərək aktivinə növbəti qızıl medalı yazdırır. Həmin ilin oktyabrında Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında isə üç illik aradan sonra yenidən fəxri kürsünün üçüncü pilləsinə qalxır. Noyabrda isə o, Bakı Böyük Dəbilqə turnirinin baş mükafatına sahib çıxır. Beləcə, o, yenidən dünya reytinqinin liderlər qrupunda yer almağa başlayır.
2023-cü ilin may ayında Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında beşinci yeri tutur. Həmin ilin sentyabrında Bakı Böyük Dəbilqəsində və noyabrda Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanır. Dekabrda isə Tokio Böyük Dəbilqəsində özünü ən yaxşı tərəfdən göstərir. Startda neytral statusla çıxış edən rusiyalı Maxmadbek Maxmadbekovu, ardınca bolqarıstanlı Mark Xristovu, daha sonra cənubi koreyalı Eunkyul Lini məğlub edən Hidayət, yarımfinalda əzəli rəqiblərindən olan, buna qədər üç dəfə uduzduğu italiyalı Manuel Lombardoya qalib gələrək finala vəsiqə qazanır. Həlledici dueldə həmin yarışa qədər yeddi dəfə üz-üzə gəldiyi və hamısında məğlub olduğu yaponiyalı dünya çempionu Soiçi Haşimoto ilə qarşılaşan Hidayət gərgin keçən qarşılaşmanın yekununda, nəhayət, tilsimi qırmağı bacarır. Bu, Azərbaycan cüdoçularının Yaponiyada təşkil olunan Böyük Dəbilqə turnirlərində ilk qələbəsi kimi tarixə düşür.
2024-cü ilin ilk yarışı Bakı Böyük Dəbilqəsi olur. Fevralda keçirilən yarışda yenidən zirvəyə yüksələn Heydərov, iki ay sonra Xorvatiyanın paytaxtı Zaqrebdə dördüncü dəfə Avropa çempionu olaraq, ən çox qitə çempionu olmuş azərbaycanlı cüdoçu kimi yeni rekorda imza atır.
Mayda Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında isə Hidayət Heydərov karyerasının ən böyük uğurunu qazanır. İlk görüşdə sabiq Avropa çempionu və ötən il öz ölkəsində təşkil olunan Açıq Avropa çempionatının qalibi, bunadək dəfələrlə üz-üzə gəldiyi Akil Cakovanı (Kosovo), ardınca daha bir köhnə tanışı Salvador Kases Roxanı (İspaniya) yenən 27 yaşlı Heydərov, 1/4 finalda 66 kq-da Tokio-2020-nin bürünc medalçısı Daniel Karqninə (Braziliya) heç bir şans vermədi. Yarımfinalda eyni uğuru Olimpiadanın qarışıq komanda yarışında qazanmış 34 yaşlı təcrübəli İqor Vandtkeni (Almaniya) məğlub edən Hidayət çempionluğun son addımında yaponiyalı son Asiya çempionu və ötən il ölkəsinin çempionu olmuş Tatsuki İşiharaya gərgin, hesabda geri düşdüyü qarşılaşmanın yekununda — finişə 10 saniyə qalmış "ippon" xalı ilə qalib gəldi. Beləliklə, mundialda debüt etdiyi 2017-ci ildən bu yana qatıldığı 6 dünya çempionatının hamısında mükafatlar uğrunda həlledici görüşə kimi irəliləyən, bunun üçündə bürünc mükafat qazanan Hidayət, yeddinci cəhdində çoxdan arzuladığı dünya çempionu tituluna sahib çıxdı. İdmançının dramatik görüşdən sonra olduqca emosional halları — hayqırtı və gözyaşları da onun bu çempionluğu nə qədər çox istədiyini, uğrunda çəkdiyi əziyyətləri bütün gerçəkliyi ilə hamının gözləri önünə sərdi.
Beynəlxalq Cüdo Federasiyasına (IJF) müsahibə verən Heydərov çempionluğunu belə şərh edir:
"Hələ şokundan ayıla bilmirəm ki, mən dünya çempionuyam. Həm Avropa, həm dünya çempionuyam. Düzdür, çempionluğu gözləyirdim. Dünya çempionatlarında hər dəfə yarımfinal görüşlərində uduzurdum. Finala çıxanda gözlərim doldu, finalda isə artıq özümü saxlaya bilmədim. Dəhşətli hisslərdir, sözlə ifadə edə bilmirəm. Əbu-Dabiyə gələndə çempionluğu fikirləşirdim, düşünürdüm, nəyin bahasına olur-olsun çempion olmalıyam. Yıxılanda da elə hiss edirdim yıxılmamışam, durub atmalıyam. Elə də oldu. Belə final gözləyirdim. Finalda yaponiyalı idmançını məğlub etməklə dünya çempionu olmaq istəyirdim. O fəndi həmişə kritik anlarda istifadə edirəm. Bilirdim ki, o fəndi atacağam. Bu tarixi tək mən yazmadım. Mənim arxamda duran Elnur Məmmədli də sağ olsun ki, həmişə buna inandı. Həmişə mənə dedi ki, sən dünya çempionu olacaqsan. Mən Dohadakı dünya çempionatında uduzandan sonra ağlayanda o gəldi mənə dəstək oldu. Dedi ki, biz birlikdə dünya çempionu olacağıq. Finalı udandan sonra mən ağlaya-ağlaya ona yaxınlaşıb dedim ki, biz dünya çempionu olduq. O isə dedi ki, biz bunu bacardıq. Mən bu yola çıxanda demişəm ki, həm olimpiya, həm dünya, həm Avropa çempionu olub Azərbaycan cüdo tarixinə 1 nömrə kimi düşəcəyəm. Qaldı olimpiya çempionluğu".
Bütün bu nailiyyətlərin nəticəsi olaraq Hidayət Heydərov həm dünya, həm olimpiya reytinqində aşkar liderdir. O, ən yaxın izləyicisi, yaponiyalı Soiçi Haşimotonu 3608 xal qabaqlayır. O, həmçinin bütün çəki dərəcələri üzrə reytinq xalına görə birinci yerdə qərarlaşıb. İdmançı karyerasında ilk dəfə iştirak etdiyi Yay Olimpiya Oyunlarına — "Paris 2024"-ə dünyanın "1 nömrə"si kimi qatılıb.
Ümumilikdə Hidayət bu vaxta qədər Beynəlxalq Cüdo Federasiyasının Dünya Turu (Masters, Böyük Dəbilqə və Qran-Pri) seriyasından olan turnirlərdə ümumilikdə 16 mükafat qazanıb. Onlardan 9-u qızıl, 7-si bürüncdür. Başqa sözlə, o bu yarışların finalında heç vaxt rəqibinə məğlub olmayıb. Həmin qələbələrdən 4-ü Bakı Böyük Dəbilqəsinə təsadüf edir (2019, 2022, 2023, 2024).
Hidayət Heydərov beynəlxalq karyerası ərzində 38 finalın 36-da tatamini qalib tərk edib.
Hidayət Heydərov Azərbaycan İdman Akademiyasının ( keçmiş Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) 2018-ci ilin məzunudur.
Dilqəm Quliyev,
Pedaqogika üzrə elmlər doktoru, professor
Nicat Abbas
Daha çox xəbər
Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.