
Gündəm / Siyasət
3.10.2026, 22:55
Azər Badamov: 3 Oktiyabrda xalqımız Heydər Əliyevə göstərdiyi etimadla ölkəmizin gələcək inkişaf yolunu müəyyənləşdirdi

"3 oktyabr Azərbaycan xalqının və müstəqil dövlətçiliyimizin tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. 1993-cü il oktyabrın 3-də keçirilmiş ümumxalq səsverməsi nəticəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin taleyində mühüm dönüş nöqtəsi oldu".
Millixeber.az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.
Suverenliyinin tam bərpa olunması ilə xalqımız çoxəsrlik tariximizin ən mühüm Zəfərlərindən birini qazandı.
Bu gün keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işlərinin aparılması müstəqil Azərbaycanın qarşısında yeni imkanlar açır. Təbii ki, bu nailiyyətlər müxtəlif dövrlərdə həyata keçirilmiş məqsədyönlü dövlət siyasətinin nəticəsidir.
Ona görə də 3 oktyabr tarixinə yalnız keçmişin bir hadisəsi kimi baxmaq olmaz. Bu tarix Azərbaycan xalqının dövlətçilik iradəsinin, müstəqilliyə bağlılığının və düzgün siyasi seçim etmək bacarığının ifadəsidir.
Ulu Öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri də odur ki, o, Azərbaycanın müstəqilliyinin sadəcə formal xarakter daşımaması, real və güclü dövlətçiliyə çevrilməsi üçün möhkəm əsaslar yaratdı. O, dövlət idarəçiliyinin bütün sahələrində ardıcıl siyasət formalaşdırdı və müstəqil Azərbaycanın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirdi.
Bu gün bizim üzərimizə düşən əsas vəzifələrdən biri həmin dövlətçilik irsini qorumaq, Azərbaycanın müstəqilliyini və suverenliyini daha da möhkəmləndirmək, ölkəmizin inkişafına öz töhfəmizi verməkdir.
İnanıram ki, Azərbaycan xalqı bundan sonra da Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına əsaslanaraq qarşıya qoyulan yeni hədəflərə nail olacaq. Çünki bu gün müstəqil, güclü və suveren Azərbaycan məhz Ulu Öndərin müəyyən etdiyi möhkəm dövlətçilik təməlləri üzərində inkişaf edir.
3 oktyabr həm də bizə bir həqiqəti xatırladır: dövlətçiliyin qorunması yalnız bir şəxsin və ya bir siyasi institutun deyil, bütün xalqın məsuliyyətidir. Azərbaycan xalqı 1993-cü ildə bu məsuliyyəti öz üzərinə götürdü və Heydər Əliyevə göstərdiyi etimadla ölkəmizin gələcək inkişaf yolunu müəyyənləşdirdi.
Bu gün də həmin tarixi qərarın nəticələrini müstəqil, suveren və sürətlə inkişaf edən Azərbaycanımızın timsalında görürük".
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











