Gündəm / Siyasət / Ölkə / Elm və təhsil

Akademik İradə Hüseynova: Milli dirçəlişin əsas dayaqlarından biri elmin və təhsilin inkişafıdır

17.11.2026 11:18 36
Akademik İradə Hüseynova: Milli dirçəlişin əsas dayaqlarından biri elmin və təhsilin inkişafıdır


Milli dirçəliş anlayışı dövlətçilik ənənələrinin və milli-mənəvi dəyərlərin qorunması, cəmiyyətin elmi-intellektual potensialının gücləndirilməsi, yeni biliklərin yaradılması və innovasiyaların inkişafı ilə sıx bağlıdır. Müasir dünyada ölkələrin rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdən biri elmi nailiyyətlər, texnoloji yeniliklər və insan kapitalıdır.

Millixeber.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya İnstitutunun direktoru akademik İradə Hüseynova söyləyib.

Akademik qeyd edib ki, müstəqil Azərbaycanın davamlı inkişafı, beynəlxalq elmi məkanda mövqeyinin möhkəmləndirilməsi və innovativ iqtisadiyyatın formalaşdırılması üçün fundamental elmlərin inkişafı strateji əhəmiyyət daşıyır. Elmi tədqiqatlara diqqətin artırılması, müasir laboratoriya infrastrukturunun yaradılması, qabaqcıl texnologiyaların tətbiqi və elmi kadr potensialının gücləndirilməsi bu istiqamətdə mühüm vəzifələrdəndir.

Onun sözlərinə görə, xüsusilə molekulyar biologiya, genetika, biotexnologiya, biokimya və bioinformatika kimi sürətlə inkişaf edən elm sahələri müasir dünyanın qarşısında duran qlobal problemlərin həllində mühüm rol oynayır. Bu sahələrdə əldə olunan nəticələr səhiyyə, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, biomüxtəlifliyin qorunması və ətraf mühitin mühafizəsi baxımından yeni imkanlar yaradır.

Akademik vurğulayıb ki, elmi inkişafın əsas şərtlərindən biri gənc nəslin tədqiqatçılıq fəaliyyətinə cəlb edilməsi, onlarda elmi təfəkkürün, araşdırma bacarıqlarının və innovativ yanaşmanın formalaşdırılmasıdır. Gənclərin müasir elmi metodlara yiyələnməsi, beynəlxalq tədqiqat layihələrində iştirakı və dünya elminə inteqrasiyası ölkənin gələcək elmi potensialının təmin olunmasında mühüm əhəmiyyət kəsb edir.

Alim diqqətə çatdırıb ki, milli elmin inkişafında beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qabaqcıl tədqiqat mərkəzləri ilə əlaqələrin möhkəmləndirilməsi və Azərbaycan alimlərinin qlobal elmi proseslərdə fəal iştirakının təmin edilməsi də mühüm istiqamətlərdəndir. Elmi nəticələrin beynəlxalq jurnallarda dərc olunması, birgə tədqiqatların aparılması və innovativ layihələrin həyata keçirilməsi ölkəmizin elmi potensialının dünyada tanıdılmasına, eləcə də milli elmin yeni inkişaf mərhələsinə yüksəlməsinə xidmət edir.

Akademik bildirib ki, Milli Dirçəliş Günü cəmiyyətin inkişafında biliyin, elmin və intellektual gücün rolunu bir daha diqqətə çatdırmaq baxımından da əlamətdardır. Güclü dövlətin formalaşması və inkişafı üçün milli sərvətlərlə yanaşı, elmi biliklərə, müasir texnologiyalara və yaradıcı insan kapitalına əsaslanan inkişaf modeli vacibdir.

“Milli dirçəlişin müasir mərhələsini elmin inkişafı, yeni biliklərin yaradılması, gənc alimlərin yetişdirilməsi və Azərbaycanın dünya elminə inteqrasiyası ilə sıx bağlı görürəm. Elmi potensialımızın gücləndirilməsi, tədqiqat nəticələrinin praktikaya tətbiqi və gənc nəslin elmə marağının artırılması Azərbaycanın gələcək inkişafına mühüm töhfə verəcək. Çünki elmi düşüncəsi, biliyi və intellektual gücü yüksək olan cəmiyyət hər zaman tərəqqiyə doğru inamla irəliləyir”, – deyə akademik İradə Hüseynova qeyd edib.